HAZIRLAŞMA, GERÇƏKLƏŞDİR




Hazırda geniş tətbiq olunan öyrənmə metodları içərisində Layihə Əsaslı Öyrənmənin (Project Based Learning- PBL) xüsusi çəkisi var. Tarixi Sokrat dövrünə gedib çıxan bu öyrənmə metodunun əsas prinsipləri XX əsrin əvvəllərində ABŞ təhsil islahatçısı Con Dyuinin pedaqoji ideyaları əsasında formalaşıb. C.Dyuinin tələbəsi Uilyam Kilpatrik 1918-ci ildə çap etdirdiyi kitabının adını “Layihə metodu” qoymaqla termini məşhurlaşdırıb.

Con Dyuinin prinsiplərinə görə, təhsil prosesinin mərkəzində şagird, onun maraqları və ehtiyacları dayanmalıdır. Amerikalı pedaqoq hesab edirdi ki, “ən yaxşı pedaqoji yanaşma” “tətbiq etməklə öyrənməkdir” və təlim tapşırıqları təhsilalanın real dünyasından olmalı, ona həyat problemlərinin həllində kömək etməlidir. C.Dyui şagirdlərin əməkdaşlıq bacarıqlarına, məktəblilərin cəmiyyətin həyatında fəal iştirakına, onların düşüncə və tənqidi təfəkkürünün inkişafına böyük diqqət yetirirdi. Layihə metodunun tətbiqində bu ideyalar mühüm rol oynayır.

Metod ötən əsrin əvvəllərində dünyada geniş şəkildə tətbiq olunmağa başladı. 1920-ci illərdə SSRİ-də pedaqoji eksperimentlər zamanı layihə əsaslı təlim geniş yayılmışdı. Ancaq 1931-ci ildə bu yanaşmanın tərəfdarları “məktəbi məhv etməkdə” günahlandırıldı və pedaqoji təcrübə yarımçıq qaldı.

Eyni proseslər Azərbaycan təhsil sistemində də gedirdi. Bu il 100 illiyini qeyd edən “Azərbaycan məktəbi” jurnalının arxivini araşdırarkən məlum olur ki, 1930-cu illərdə jurnalda layihə əsaslı öyrənməyə 40-a yaxın məqalə həsr olunub. SSRİ-nin başqa respublikalarında olduğu kimi, bu qərbpərəst və novator yanaşmanın ölkəmizdəki tərəfdarları da repressiyaya məruz qalıblar.

Bəs layihə əsaslı öyrənmə nədir?

Layihə əsaslı öyrənmə təhsilalanların müəyyən problem və ya tapşırığı müstəqil şəkildə planlaşdırma, həll yollarını araşdırma prosesi ilə öyrəndikləri bir təlim metodudur. Belə bir fəaliyyət təhsil layihəsinə çevrilməli və bunun nəticəsində təhsilalanlar praktiki əhəmiyyətli nəticə əldə etməli və son məhsul yaratmalıdırlar. “Məhsul” layihənin mövzusundan asılı olaraq tədbir planı, rəsm, video, jurnal, istixanada yetişdirilən məhsul, otaq dizaynı, vebsayt, biznes-plan və s. ola bilər

Hollandiyanın Maastrixt Universiteti layihə əsaslı öyrənmənin dörd əsas prinsipini formalaşdırıb:

  • Konstruktivist yanaşma. Öyrənmə şagirdin ətraf mühitlə qarşılıqlı əlaqədə bilik əldə etdiyi fəal proses olmalıdır. Bu prinsip bildikləri və bilmədikləri haqqında düşünmək bacarığını, yeni və mövcud təcrübənin inteqrasiyasını təşviq edir.
  • Müvafiq kontekst. Təhsilalanlar real həyat üçün əhəmiyyətli olan problemləri həll etməyi öyrənirlər - onlar peşəkar təcrübə, elmi məsələlər və sosial problemləri əhatə edən layihələr üzərində işləyirlər.
  • Birgə öyrənmə. Şagird təhsil prosesində təkbaşına buraxılmamalıdır. Ümumi nəticə, fikir mübadiləsi və qarşılıqlı rəy üçün əməkdaşlıq və məsuliyyəti təşviq etmək vacibdir.
  • Müstəqillik. Müəllimlər təhsilalanlara məsləhət verməyə, layihələr üzərində iş zamanı onlara yardıma hazır olsalar da, burada əsas rol şagirdə məxsusdur. Şagirdlər öz fəaliyyətlərini planlaşdırmağı və nəzarət etməyi, onların səmərəliliyini qiymətləndirməyi öyrənirlər. Bu bacarıqlar təhsil prosesinə kənar nəzarətin minimuma endirildiyi öyrənmə konsepsiyasına aiddir.

PBL harada və hansı məqsədlə istifadə olunur?

Bu metod təhsilin bütün seqmentlərində - məktəbəqədər təhsildən tutmuş iş yerində təlimə, şəxsi özünüinkişafa qədər bir çox sahədə istifadə olunur. Təhsilalanların yaşından və səriştəsindən asılı olaraq fəaliyyətlərin təşkili fərqlənə bilər. Layihə əsaslı təlimin məqsədi də bu amillərdən asılıdır. Rusiyalı mütəxəssislər qeyd edir ki, orta məktəb təhsilində layihə metodu ilk növbədə ümumi təhsil bacarıqlarının inkişafı üçün istifadə olunur. Bunlara tədqiqat, idarəetmə, ünsiyyət və təqdimat bacarıqları daxildir. Layihə metodu fənnə marağı stimullaşdırır, uşaqlara müxtəlif fənlər üzrə bilikləri inteqrasiya etməyi öyrədir və öyrənməni həyatla əlaqələndirir.

Orta və ali təhsildə layihə əsaslı təlim tələbələrin səlahiyyətlərini işəgötürənlərin tələbləri ilə əlaqələndirməyə kömək edir. Layihələr üzərində işləyərkən tələbələr fənn sahəsinə daha dərindən daxil olur, lazım olan yumşaq bacarıq və problemlərin həllində təcrübə qazanır, mahiyyət etibarilə gələcək karyeraya hazırlaşırlar. Layihə əsaslı öyrənmənin həllinə kömək edən digər problem tələbə təcrübəsinin fərdiləşdirilməsidir. Müxtəlif layihələr arasından sırf tətbiqi və ya fundamental elmi problemlərə diqqəti yönəltmək, seçilmiş bir istiqamətdə peşəkar bacarıqları inkişaf etdirmək və ya fərqli olanları sınamaq istəklərini özləri müəyyənləşdirirlər.

Təlim layihələri fərdi və ya qrup şəklində ola bilər. Bunların hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Məsələn, fərdi layihələr tələbəyə işin bütün mərhələlərində fərqli təcrübələr verir. Bundan əlavə, təhsilalan öz maraqlarına görə layihə seçə bilər. Ancaq bu vəziyyətdə kommunikativ aspekt - qrupla əlaqə olmur.

Qrup layihəsi əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə, iştirakçıların güclü tərəflərinin, onların ideya və baxışlarının komandada birləşməsinə imkan yaradır.

Təhsil layihəsi üzərində işləyərkən aşağıdakılara diqqət yetirilməlidir:

  • Problem. Layihə üzərində bütün işlər əhəmiyyətli bir problemin (məsələn, tədqiqat və ya tətbiqi) formalaşdırılması ilə başlayır. Problem müəllim (layihə rəhbəri) və ya təhsilalanların özləri tərəfindən təklif oluna bilər.
  • Planlaşdırma. Bu mərhələdə problemin necə həll olunacağı, onun təqdimat forması müəyyənləşdirilir.
  • Məlumat axtarışı. Bu, məhsulun hazırlanması üçün zəruri olan məlumatların axtarışı, təhlili və sintezi ilə bağlı mərhələdir.
  • Məhsul. Bu addım məhsulun və onun dizaynının yaradılması üzərində işdir.
  • Təqdimat. Təhsilalanlar bu formatı seçməli, hazırlamalı və reallaşdırmalı, sonra isə nəticəni təhlil edib qiymətləndirməlidirlər.
  • Portfolio. Bu, artıq bir mərhələ deyil, layihənin bütün işçi materiallarının (eskizlər, toplanmış məlumatlar, tədqiqat nəticələri və s.) toplandığı ayrıca qovluqdur. Bu materiallar həm də əlaqəli mövzular üzrə gələcək layihələrin hazırlanması üçün faydalı mənbə kimi xidmət edə bilər.

PBL-də müəllimin rolu aşağıdakı kimi müəyyənləşib:

  • həvəsləndirici – təhsilalanları məqsədlərinə çatmaq üçün dəstəkləmək, həvəsləndirmək və yönləndirməklə şagirdlərin motivasiyasını artırmaq;
  • mütəxəssis - bir neçə sahədə bilik və bacarıqları şagirdlərlə bölüşmək;
  • məsləhətçi - resurslara çıxışı təşkil etmək;
  • menecer – zamanın planlaşdırılması məsələlərində yardım etmək;
  • müzakirəni təşkil edən və rəy bildirən;
  • bütün prosesin koordinatoru;
  • ekspert - tamamlanmış layihənin nəticələrinin təhlil edən.

Belə bir metodda müəllim sadəcə məlumat ötürən deyil, kurator və vasitəçidir. Onun vəzifəsi təhsilalanlara ən perspektivli mövzuları seçməyə və müstəqil məhsuldar fəaliyyətin təşkilində kömək etməkdir. Bu, müəllimdən idarəetmə, yaradıcılıq və ünsiyyət bacarıqlarının inkişafını tələb edir.

Müəllimlərin layihə əsaslı öyrənmədə istər şagird, istər tələbə, istərsə də onlayn kursların dinləyicilərinin fəaliyyətində böyük rolu var. Xüsusilə, onlar bu fəaliyyətə ilk dəfə başlayırlarsa, layihə rəhbərinin daha çox təşkilati dəstəyinə ehtiyacları var.

Stanford və Vanderbilt Universitetlərində aparılan araşdırmalar göstərib ki, layihə əsaslı təlimdən istifadə edən məktəblərin şagirdləri riyaziyyat, problem həll etmə və planlaşdırmada ənənəvi məktəblərin şagirdlərindən daha uğurludur.

Hələ ki dünyada az sayda məktəb layihə əsaslı öyrənməni tam tətbiq etsə də, mütəxəssislər bu metodun genişlənəcəyinə və bütün məktəbləri əhatə edəcəyinə inanırlar. Azərbaycanın bir neçə ali məktəbinin magistr pilləsində də layihə əsaslı öyrənmədən istifadə olunur.