SABAHIN ALİMİ İLƏ SÖHBƏT




Bakıdakı Namiq Həmzəyev adına 238 saylı məktəbin 11-ci sinif şagirdi Gülarə Həsənovanın “Genetik xəstəliklərin tapılmasına kömək edən aparat” ideyası tibb və genetika sahəsində maraqla qarşılanıb və beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edib. “Sabahın alimləri” Respublika müsabiqəsində bürünc medal qazanan Gülarə Həsənova 2024-cü ildə Praqada keçirilən Global Evidence Summit-də Azərbaycanı təmsil edib.

Gülarə Həsənova aparıcı universitetlərin mütəxəssisləri, alimlər və professorlar ilə robotexnika, kiber təhlükəsizlik və genetika mövzularında müzakirələr aparıb.

Gənc yaşında səmərəli fəaliyyəti və uğurları ilə seçilən Gülarə Həsənovayla söhbətimizi sizə təqdim edirik.

- Gülarə, necə oldu ki, müsabiqə və yarışlara maraq göstərməyə başladınız?

- Sinif rəhbərim Gülbəniz Valehova və biologiya müəllimim Afət Həsənova daim bizi müxtəlif müsabiqələrlə tanış edir və həvəsləndirirlər. Məktəbimizin direktoru Xuraman Osmanovanın əvəzsiz dəstəyi, hər zaman mənə inanması və cəsarətləndirməsi isə elmi tədbirlərdə iştirakımın uğurla nəticələnməsində mühüm rol oynayıb.

- Təhsilinizi harada davam etdirməyi düşünürsünüz?

- Məktəbi bitirdikdən sonra genetika ilə bağlı ideyalarımı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə təhsilimi ali məktəbdə davam etdirəcəyəm. Hazırda elmi biliklərimi genişləndirirəm və hədəfim biotibbi mühəndislik ixtisasında təhsil almaqdır. Qeyd edim ki, orta məktəbdə təhsil aldığım müddətdə ATU, Fizika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və bir neçə tibbi poliklinikada elmi tədqiqatlar aparmış, mütəxəssislərin təqdirini qazanmışam.

- “Genetik xəstəliklərin tapılmasına kömək edən aparat” ideyası necə yarandı? Aparatın hazırlanması və tətbiqi hansı mərhələdədir?

- 8-ci sinifdə oxuyarkən Tetra-Ameliya sindromundan əziyyət çəkən Nik Vujiçiçin həyat hekayəsini oxumuşdum. O zamanlar genlər haqqında anlayışım yox idi, amma bəzən insanlar həyatda gözlənilməz təsadüflərlə qarşılaşır və onları məqsədlərinə tətbiq edə bilir. Mənim üçün belə bir təsadüf məhz həmin gün biologiya müəllimimin genlər haqqında verdiyi qısa məlumat oldu. Müəllimim “Gen DNT-nin bir hissəsidir və irsi məlumatları daşıyır” dedikdə, məndə belə bir sual yarandı: bəlkə Nikin də genlərində hər hansısa məlumat çatışmazlığı var idi və onun dünyaya əzaları olmadan gəlməsinə bu, səbəb olmuşdu?

O dövrdə kompüterimin olmamasına və internetə çıxışımın məhdud olmasına baxmayaraq, informatika dərslərində genlər haqqında araşdırmalar aparmağa başladım. Nəticədə, 9-cu sinifdə təhsil alanda anatomiya, genetika və zoologiyanı inteqrasiya edərək, embrion dövrdə genetik xəstəliklərin aşkar edilməsinə və problemin aradan qaldırılmasına kömək edə bilən cihazın modelini hazırladım. Daha sonra genetika ilə bağlı ensiklopediyalar oxuyaraq bu ideyanı xeyli təkmilləşdirdim. Bu layihəmə görə “Sabahın alimləri” Respublika müsabiqəsində fərqlənmə sertifikatı qazandım.

Bundan əlavə, genetik aparat ideyamla yanaşı, tələbələrə anatomiyanı səsli və interaktiv şəkildə öyrədə bilən anatomik robot ixtiram da var. Məsələn, bu robotun ürəyinə toxunduqda, o, həm səsli şəkildə öz quruluşu və funksiyaları haqqında məlumat verir, həm də prosesləri vizual olaraq izah edir. Bu ixtiramla isə “Sabahın alimləri” Respublika müsabiqəsində bürünc medala layiq görüldüm.

- Sizcə, ixtiralarınız Azərbaycanda genetika və tibbi tədqiqatların inkişafına töhfə verəcəkmi?

- İlk olaraq qeyd edim ki, tibb və genetika bəşəriyyət üçün ən vacib sahələrdən biridir. İnsanların həyat keyfiyyəti, sağlamlığı və ümumi rifahı məhz bu sahələrin inkişafından asılıdır. Qlobal miqyasda böyük əhəmiyyət kəsb edən tibb və genetika sahələrində beynəlxalq araşdırmalar aparmalı, alimlərdən öyrəndiyimiz bilikləri real praktikaya tətbiq etməliyik. Eyni zamanda, tibbi problemləri dərindən araşdıraraq onların həlli üçün effektiv müalicə üsulları inkişaf etdirməli və innovativ tibbi cihazların hazırlanmasına xüsusi önəm verməliyik. Mən də bu istiqamətdə səylərimi davam etdirəcəyəm.

- Gələcəkdə hansı tibbi texnologiyalara üstünlük veriləcəyini düşünürsünüz?

- Hazırda əksər insanlar onkoloji xəstəliklərdən əziyyət çəkir. Təbii ki, heç bir xəstəlik anidən yaranmır. Düzgün qidalanmama, stress və gərginlik, yuxu rejiminin pozulması kimi faktorlar sağlamlığa zərər verir və xəstəliklərin yaranmasına səbəb olur. Daha sadə desəm, insan sağlam həyat tərzindən uzaqlaşdıqda bu cür xəstəliklər meydana çıxmağa başlayır.

Bu proseslər genlərimizə də təsir göstərir. Düşünürəm ki, problemlərin gözlə görünən tərəflərini aradan qaldırmaqla yanaşı, onlara daha dərin səviyyədə nəzarət edə bilən genetik aparatların ixtira edilməsi insanlıq üçün son dərəcə faydalı olardı.

- Beynəlxalq elmi tədbirlərdə iştirak gənc alimlər üçün nə qədər faydalıdır? Belə tədbirlərin sizin inkişafınıza təsiri varmı?

- Beynəlxalq elmi tədbirlərdə iştirak gənc alimlər üçün son dərəcə vacibdir. Bu cür tədbirlər öz sahəniz üzrə aparıcı mütəxəssislərlə elmi debatlar aparmaq, yeni biliklər və təcrübələr qazanmaq imkanı yaradır. İştirak etdiyim GES (The Global Evidence Summit) tədbiri mənə elmi fikirlərimi bölüşmək, dünyanın aparıcı universitetlərinin professorları və tələbələri ilə yüksək səviyyəli ünsiyyət qurmaq şansı qazandırdı. Orada əldə etdiyim dəyərli bilikləri gələcək ixtisasıma tətbiq etməyi səbirsizliklə gözləyirəm.

- Gələcək hədəfləriniz nədir? Hansı yeni tədqiqat layihələri üzərində işləməyi planlaşdırırsınız?

- Gələcək hədəflərimdən ən mühümü odur ki, faydalı bir mütəxəssis kimi formalaşmaq istəyirəm. Seçdiyim sahədə elmi kəşflər edərək insanlara dəstək olmaq və onların sağlam həyatına töhfə vermək istəyirəm.

Sağlam həyat tərzinə olan marağım və həvəsim nəticəsində bu məqsədlə “Motivasiya bu günümüz, bu günümüz isə gələcəyimizdir” adlı kitab yazmışam. Bu kitab sağlam qidalanma, yuxu rejimi, depressiya, stress və onların sinir sisteminə, digər orqanlara təsiri, ruh yüksəkliyi yaradan hormonlar və onları aktivləşdirmə üsulları, eləcə də motivasiyanı artıran mənəvi fikirləri özündə əks etdirir. Məqsədlərimdən biri də bu kitabı nəşr etdirərək gənclərə ruh yüksəkliyi və ilham verməkdir.

Digər böyük məqsədim isə genetik xəstəliklərdən əziyyət çəkən insanlara kömək etməkdir. Bu istiqamətdə ideyalarımı gerçəkləşdirərək kistik fibroz, tetra-ameliya kimi genetik xəstəliklərin müalicəsini tapmaq və tibb sahəsində bir çox yeni ixtiralara imza atmaq istəyirəm.