OYUN DA ÖYRƏDİR




Modern cəmiyyətin mühüm problemlərindən biri də odur ki, texnologiyanın inkişafı, valideynlərin sıx iş qrafiki və dərslər uşaqların oyun oynaması üçün kifayət qədər vaxt qalmamasına gətirib çıxarır.

HealthyChildren.org saytı Amerika Pediatriya Assosiasiyasının (AAP) klinik hesabatına əsaslanaraq bildirir ki, oyun yalnız əyləncə deyil, uşağın sağlamlıq və inkişafı üçün təsirli vasitədir: oyun uşağın planlama, təşkilatçılıq, emosiyaların tənzimlənməsi, dil və riyaziyyat bacarıqları ilə yanaşı, stressə adaptasiya qabiliyyətini də gücləndirir.

Oyun növlərinin müxtəlifliyi - sərbəst oyun, sosial oyun, qurma, tikmə oyunları, təqlid-rol oyunu və s. - uşaqların yaradıcılıq, əməkdaşlıq, emosional intellekt və çevik düşünmək qabiliyyətlərini inkişaf etdirir.

Beləliklə, oyun uşaqların yalnız bədənlərini deyil, həm də sosial əlaqələrini, problem həll etmək bacarıqlarını və emosional dayanıqlılığını gücləndirir.

Məktəb fəaliyyətləri, ev tapşırıqları, əlavə dərslər, repetitorluq və başqa akademik yüklər uşaqların sərbəst oynamaq üçün vaxtını əhəmiyyətli dərəcədə azaldır. Uşaq günün əsas hissəsini “fəal rejim”də keçirir. Onun televizor, kompüter, planşet və telefon qarşısında keçirdiyi vaxt artıb. Bu, oyun vaxtını azaldır və uşaq passiv fəaliyyətlərə üstünlük verir. HealthyChildren.org saytının məqaləsində qeyd olunur ki, izafi ekran istifadəsi uşağın fiziki fəaliyyətini, sosial əlaqələrini və oyun imkanlarını azalda bilər.

Təəssüf ki, bir çox hallarda məktəbdə və cəmiyyətdə uğur yalnız akademik nailiyyətlərlə ölçülür. Valideynlər övladlarının oyuna sərf etdiyi zamanı “vaxt itkisi” kimi qəbul edir, əvəzində onun əlavə kurslara, repetitorlara yönəlməsini istəyirlər.

Halbuki müasir elmi tədqiqatlar göstərir ki, uşağın tam inkişafı üçün bu iki sahə bir-birini tamamlamalıdır. Məktəb uşağın biliklərini və akademik bacarıqlarını formalaşdırırsa, oyun onun yaradıcılığını, emosional sabitliyini və sosial bacarıqlarını inkişaf etdirir. Bu səbəbdən əsas məsələ hansının daha vacib olduğunu seçmək deyil, onların arasında sağlam tarazlıq yaratmaqdır.

Məktəb uşağa biliklərlə yanaşı, intizam və məsuliyyət də aşılayır. Müəllimlərin rəhbərliyi altında öyrənilən mövzular uşağın dünyagörüşünü genişləndirir, analitik düşünmək qabiliyyətini artırır. Dərsliklər, imtahanlar və ev tapşırıqları bəzən uşaqlar üçün yorucu görünə bilər, amma onlar gələcək həyat üçün zəruri bacarıqları formalaşdırır. Lakin burada diqqət yetirilməli məqam odur ki, yalnız məktəb təhsili uşağın bütün inkişaf ehtiyaclarını qarşılaya bilmir. Uşaqlar yalnız dərslərlə kifayətləndikdə sosial ünsiyyət, emosional idarəetmə və yaradıcılıq sahələrində boşluqlar yaranır. Məhz buna görə oyun məktəb həyatını tamamlayan vacib elementdir.

Uşaqların həyatında oyun vaxtının azaldılması və ya onun tamamilə arxa plana keçirilməsi bir sıra mənfi nəticələr doğurur:

  • Stress və təzyiq: uşaq davamlı dərs yükü altında yorulur, diqqətini toplamaq çətinləşir.
  • Sosial bacarıq çatışmazlığı: oyunun azalması ünsiyyət və əməkdaşlıq bacarıqlarını zəiflədir.
  • Yaradıcılığın məhdudlaşması: uşaq yalnız test və dərslərə fokuslandıqda yeni ideya yaratmaq bacarığı tədricən azalır.

Bu mənzərəni artıq məktəblərdə də görmək mümkündür: dərs nəticələri yüksək olan, amma sadə qrup işində çətinlik çəkən uşaqların sayı artır.

Oyun uşağın yalnız enerji sərf etməsi deyil, həm də düşünmək qabiliyyətini artıran təbii təcrübədir. Məsələn:

  • LEGO ilə ev tikmək ardıcıllıq və məntiq bacarığını inkişaf etdirir.
  • Futbol kimi komanda oyunları liderlik və əməkdaşlıq qabiliyyətini gücləndirir.
  • Rol oyunları (həkim, müəllim və s.) uşağın empatiya hissini və ünsiyyət bacarığını artırır.

Yəni oyun uşağın həm dərs, həm də həyat uğurları üçün vacib baza rolunu oynayır. Məktəblə oyun arasında balans yaratmaq üçün valideynlərin mürəkkəb qaydalara əl atmasına ehtiyacı yoxdur. Sadə, amma ardıcıl prinsiplər kifayətdir:

  1. Zaman bölgüsü edin - məktəb və ev tapşırığından sonra uşağın ən azı 1-1,5 saat sərbəst oyun vaxtı olsun.
  2. Açıq havaya üstünlük verin - fiziki oyunlar həm sağlamlıq, həm də psixoloji rahatlıq üçün vacibdir.
  3. Texnologiyanı məhdudlaşdırın - ekran vaxtını oyunun əvəzi kimi görməyin. Hərəkətli və yaradıcı fəaliyyətlər daha faydalıdır.
  4. Valideyn də oyuna qoşulsun - birlikdə oyun ailədaxili münasibətləri möhkəmləndirir.

Amerika Pediatriya Assosiasiyası bildirir ki, oyun vasitəsilə inkişaf edən bacarıqlar məktəb uğurlarına birbaşa təsir edir. Məsələn, riyaziyyatda öyrənilən toplama bacarıqları oyuncaqları paylaşarkən tətbiq olunur, dil dərsində öyrənilən sözlər oyun dialoqlarında sınanır. Beləcə, uşaq həm öyrənir, həm də öyrəndiyini real həyatda tətbiq edir. The Genius of Play təşəbbüsünün vurğuladığı kimi, oyun uşaqların sosial-emosional inkişafında da əvəzsizdir.

Valideynlərin əsas vəzifəsi bu iki sahəni qarşı-qarşıya qoymaq deyil, onların harmoniyasını qorumaqdır.

Dostluq münasibətləri, qaydalara əməl etmək, empatiya göstərmək kimi bacarıqlar ən çox oyun mühitində formalaşır və inkişaf edir. Bu bacarıqlar isə şagirdin həm məktəb, həm də sonrakı həyatında uğurun açarıdır.

Mütəxəssislər vurğulayır ki, uşaqlar üçün məktəb və oyun arasında tarazlıq yaradıldıqda həm akademik, həm də şəxsi inkişaf güclənir. Məktəb bilik və məsuliyyət öyrədirsə, oyun yaradıcılıq, sosial bacarıq və emosional sabitlik qazandırır.

Mütəxəssislər vurğulayır ki, uşaqlar böyüdükdə dərs kitablarını deyil, yaşıdları ilə oynadıqları oyunları daha çox xatırlayırlar. Bəzən həyatda ən vacib dərslər də məhz oyunun içində öyrənilir.