ÜÇÜNCÜ OLA BİLDİMMİ?
Növbəti seansımız İran istehsalı olan “Cənnətin uşaqları” filminə həsr olunub. Ssenarist və rejissor Məcid Məsidi filmdə bir neçə nüansa toxunur:
- Maddi çətinlik və düzgün əqli yetişdirilmə arasındakı balans;
- Təhsildə fərdi və ümumi yanaşma;
- Cəmiyyət və ailə daxilindəki məsələlərin uşaqlarda təzahürü;
- Uşaq psixologiyasındakı “qalibiyyət” faktoru;
- Kiçik görünən detalların formalaşdırdığı böyük dəyərlər.
Ailənin maddi vəziyyətinin ağırlığından Zəhra və Əli adlı bacı-qardaş bir cüt ayaqqabını növbə ilə geyinib məktəbə getməli olur. Süjet xətti Zəhranın pinəçidən götürdüyü ayaqqabıları itirməsi və bu ayaqqabıların yoxluğu üzərində qurulub. Bu kiçik ailənin maddi çətinlikləri onların bir-birlərinə qarşı olan davranışlarındakı hörmət və nəzakətə əngəl olmur. Bunun təməli iki amilə söykənir:
- Cəmiyyətdəki sosial statuslar;
- Ailədəki rol bölgüsünün uğurlu olması.
Rejissor filmdə cəmiyyət normalarına diqqət çəkir. Böyüklər böyüklüyünü, uşaqlar uşaqlığını bilir. Zəhranın ayaqqabısının tayını kanala saldığı səhnədə kənar şəxslər ona diqqət və nəvazişlə yanaşır, ayaqqabının tayını axar sudan çıxarmaq mümkün olur.
Əlinin dərsə gecikdiyi səhnələrdə məktəb müdiri ilə olan dialoqları da uşaqların aldığı tərbiyənin önəmini göstərir.
Ailədəki rol bölgüsünə nəzər salanda bütün maddi, fiziki, sağlamlıq problemlərinə baxmayaraq ata və ana obrazları mükəmməl görünür. Ata maddi çatışmazlıqların təsiri ilə sərt adam təsiri bağışlasa da, həyat yoldaşına və övladlarına olan sevgisi epizodlarda nəzərə çarpır. Onu laqeydlikdən, biganəlikdən, əxlaqa zidd hərəkətlərdən uzaq bir insan kimi tanıyırıq. Bu da övladlarının atalarına qarşı böyük məhəbbət və hörmət bəsləməsinin təməlidir. Epizodlardan birində Əli ilə Zəhra “ayaqqabıya görə” mübahisə edərkən Zəhra ayaqqabısının itdiyini atasına deyəcəyini bildirir. Əli cavab verir ki, “döyülməyə də hazıram, amma atamız ayaqqabının itdiyini bilsə, kədərlənəcək və bəlkə də borca girməli olacaq”. Bununla da mübahisə sakitləşir. Bu səhnədən görünür ki, Əli və Zəhra atalarını həm çox sevir, həm də onun kədərlənməsini istəmirlər. Uşaqlar əmindirlər ki, ata nə yolla olursa-olsun ayaqqabı alacaq. Ata obrazı ilə bağlı əsas nüanslar bir neçə epizodda qabardılır:
- Zəhmətkeş insandır və ailəsinin ehtiyaclarını ödəmək üçün əlavə iş, qazanc yeri axtarır;
- Davranışları ilə uşaqlar üçün doğru nümunə olur;
- Sözləri və hərəkətləri arasında təzad yoxdur;
- Vəziyyətdən asılı olmayaraq övladlarına güvən hissi verir;
- Həyat yoldaşını sevir və bunu açıq bir üslub ilə ifadə edir.
Bunları kiçik epizodlardakı detallarda sezmək olur. “Zəhranın əlindən içdiyim çaydan daha ləzzətlisini heç yerdə içməmişəm” – deyən ata əsəbi olsa belə, qızının əməyini dəyərləndirməyə və ucaltmağa macal tapır. Həmin səhnədə ata məscidə məxsus qəndi doğrayır. Çayla içməyə isə öz evlərindəki qənddən istəyir və bunu niyə belə etdiyini uşaqlara izah edir. Doğrunun nə olduğunu sadəcə sözlə deyil, hərəkətləri ilə də göstərir. Ata və oğul işi axtarmağa getdikləri səhnədə ata ev sahibləri ilə danışarkən həyəcanlansa da, Əli səlis nitqi və ünsiyyəti ilə atasını qürurlandırır. O, bu hissi ataya məxsus bir nəvazişlə oğluna çatdıra bilir.
Filmdə bir başqa məqam isə ananın sanki az görünən rolu ilə bağlıdır. O, həyat yoldaşından çox böyük sevgi və diqqət görür. Hiss etdiyi bu sevgi onun fiziki əziyyətinə, səhhətindəki problemdən doğan ağrılara, maddi çatışmazlıqlara da üstün gəlməyə kömək edir. Müxtəlif epizodlarda onun uşaqların atalarına məhəbbətlə bağlanmağına və hörmət bəsləməyinə necə zəmin hazırladığına, hadisələrə yön verdiyinə şahid oluruq. O, nə olursa-olsun həyat yoldaşına dəstəyini nümayiş etdirir və bunu övladlarına da aşılayır.
Bəs filmdə müəllim-şagird münasibətləri necə əks olunub? Filmdə 4 müəllim obrazı ilə tanış oluruq – Zəhranın müəllimi, Əlinin sinif rəhbəri, Əlinin idman müəllimi və məktəb müdiri. Zəhra ilə müəllimi arasında diqqət çəkən bir epizod var. Qardaşının ayaqqabılarını geyinərək məktəbə getdiyi üçün utanan Zəhraya ümumi tövsiyə ilə yaxınlaşan müəllimin yoxsul ailələrdən gələn uşaqlarının psixologiyasına bələd olmadığı özünü göstərir. Əlinin sinif rəhbəri isə uşaqlara fərdi yanaşmağa çalışsa da, bunu sadəcə nəticələrə fokuslanaraq edir. Sinifdə yalnız 3 şagird öz nəticələri ilə seçilə bilir. Bu da mədrəsə təhsil sisteminin bir əksikliyi kimi qarşımıza çıxır. Sinifdə şagird sayının çoxluğu və müəllim azlığı tədris prosesinə mane olur. Lakin yenə də bu, nəticəyə təsir etmir. Müdirin Əlini məktəbdən qovmaq istədiyi epizodda sinif rəhbəri təsadüfən onlarla qarşılaşır və müdirdən şagirdinə daha bir fürsət verməsini xahiş edir. Həmin vaxt Əli məktəbdən uzaqlaşdırılsaydı, nə olardı? Eyni zamanda, bir uşağın təhsil ocağından belə asanlıqla uzaqlaşdırıla bilmə ehtimalı da sual doğuran məqamdır.
Müdir obrazı isə tünd xasiyyətli və ön mühakimələrlə hərəkət edən bir insan kimi təqdim olunur. Əlinin dərsə gecikməsinin səbəbi ilə daha çox ittiham formasında maraqlanır və gerçək səbəbin üzərində dayanmır.
İdman müəllimi isə sərt adam kimi təqdim edilsə belə, Əlinin qaçış yarışına qatılması üçün israr etdiyi epizodda onu ötəri və ya candərdi deyil, soyuqqanlı görünən dəstəkçi tərzi ilə müdafiə edir. Əli atasından da gördüyü üçün nəvazişin bu üslubunu hiss edir. Kiçik bir yoxlamadan sonra Əli yarışda iştirak etmək haqqı qazanır.
Filmin son epizodu isə yarış və “qalibiyyət” ilə bağlıdır. Əslində bu epizod uşaqların nə istədiyinin bariz nümunəsidir. Yarışda üçüncü olana “bir cüt idman ayaqqabısı” hədiyyə ediləcək. Əli də məhz üçüncü olmaq istəyir. Yarış nə qədər ağır olsa da, o, sonda qalib gəlir və birinci olur. Yarışın finiş xəttini keçdikdən dərhal sonra ona yaxınlaşan müəlliminə ilk sualı isə məhz belə olur: “Üçüncü ola bildimmi?”. Birinci və ya qalib olmaq yox, məhz üçüncü yeri tutmaq. Bu, uşaq psixologiyası və düşüncəsinin səmimi, məsum və sadəliyini ortaya qoyur: sadəcə lazım olan qədərini istəmək, onunla kifayətlənmək, hədəf və məqsədi istəyə və ehtiyaca görə formalaşdırmaq.
Filmin ən vacib tərəflərindən biri isə obrazlar arasındakı ünsiyyət və onun formaları ilə bağlıdır. Valideynlər uşaqların ilk müəllimləridir. Onlar həyat dərslərinin təməlini qoyurlar. Məktəb müəllimləri isə bu təməl üzərində gələcəyin sütunlarını formalaşdırır. Bu həyat müəssisəsinin uğurlu olmasının açarı da uşaqlarla qurulan ünsiyyət və onun formalarında gizlənir. Yəni, gələcəyi elə inşa edək ki, zəlzələlərdə zədə alsa belə, dağılmasın, təmiri mümkün olsun.
Qasım Qurbanov