MÜƏLLİMİN XARAKTERİNİ ƏVVƏLCƏDƏN YOXLAMAQ MÜMKÜNDÜRMÜ?




Bu dəfə 2023-cü ildə Türkiyədə istehsal olunan, Nuri Bilge Ceylan imzalı bir film üzərində dayanacağıq. Filmin müddəti qədər müəllimlər və təhsil sistemi ilə bağlı ehtiva etdiyi suallar, tənqidlər, mübarizələrlə də ağırdır. “Qurumuş otlar haqqında” adlanan filmdə bütün bu məsələlərə mükəmməlliklə toxunulub. Filmi izləmək istəyənləri bəzi epizodlarda filmi dayandırıb personajların üz ifadələri və mimikalarına diqqətlə baxmağa çağırıram. Nə demək istədiyim yazının sonlarına doğru daha aydın olacaq.

Hadisələr Türkiyənin Anadolu bölgəsində, daha dəqiq desək, Şərq sərhədlərinə yaxın şəhərdə cərəyan edir. Bu seçim rejissorun soyuq qış, qar və bunlara görə yaranan təcrid olunmuşluq hissini daha effektiv istifadə etməsinə imkan verib. Elə film boyunca da hər tərəf dümağ rəngdədir, amma bu bəyazlıq məsumluğu deyil, boşluğu ifadə edir. Hara baxsan, qar, qış, boran, tufan və şəraitsizlik. Burada toxunulan əsas məsələləri bu şəkildə sadalamaq istərdim:

  • İnsan taleyinə coğrafiyanın təsiri varmı? Varsa, nə dərəcədədir?
  • Hər şey insanın öz əlindədirmi, elədirsə, bu nə dərəcədə realdır?
  • Çeşidli insan prototipləri müxtəlif şərt və şəraitlərdə təhsildə nə qədər rol oynayır?
  • Müəllim idealist yoxsa realist olmalıdır, yaxud realistlər ya idealistlər müəllim olmalıdırmı?
  • Müəllimləri fərd olaraq ayrı-ayrılıqda qınamaq doğrudurmu? Qınamaq özü-özlüyündə doğrudurmu? Qınanılması gərəkənlər kimlərdir?
  • Müəllimlər təhsil alarkən onların ixtisaslarına uyğun xarakterə malik olub-olmadıqlarını yoxlamaq necə olardı, bu mümkündürmü?
  • Təhsil idarəçilərinin bilik və bacarıqları şagirdlərə, müəllimlərə və ümumilikdə cəmiyyətə nə qədər təsir edir?
  • Şəraitin yüksək səviyyədə olmaması valideynlərin təhsilə yanaşmasına necə təsir edir?

Filmi təhlil edərkən, əsasən, 5 personaj və onlar arasındakı münasibətlər üzərində duracağıq:

  • Səməd – rəsm müəllimidir, Anadolu bölgəsinə təyinat aldıqdan sonra 4 ildir ki, eyni məktəbdə müəllimlik edir.
  • Sevim – Səmədin ən səmimi münasibəti olan, 12-13 yaşlarında şagirdidir.
  • Kənan – Səmədlə eyni məktəbdə müəllimdir, o da təyinatla 7 ildir çalışır. Səməddən fərqli olaraq həmin bölgəyə yad deyil.
  • Nuray – eyni bölgədə başqa bir məktəbdə ingilis dili müəllimidir, bir bomba hücumunda ayağını itirib və protez taxır.
  • Rayon təhsil şöbəsinin müdiri – digər müəllimlərə nisbətən daha uzun müddətdir buradadır, o da təyinatla çalışır.

Səməd baş qəhrəmandır və məncə, “quruyan ot” elə onun xarakteridir. O, hadisələrə ümidsiz və inamsız yanaşır. Təyinat müddəti bitən kimi yerini dəyişmək istəyir. Onun hərəkət və xarakter olaraq durğunluğu, demək olar ki, bütün epizodlarda hiss edilir. Rəsm müəllimidir, lakin fotoqrafiyaya daha çox meyillidir. Bu onun daxilindəki solmağa üz tutan hisslərin təcəssümüdür - canlı və dolğun hisslərdən daha çox ölü bir baxışa işarə edən fotolar. Fotoaparat onun üçün həyata baxış bucağıdır. Çəkdiyi şəkillərə diqqətlə baxdıqda bu ifadə sezilir. Eyni zamanda, o, olanlara sadəcə fotoaparat çərçivəsindən baxır, əslində isə heç nə görmür. Ətrafında və daxilində olanlar o qədər monotonlaşıb ki, hər kəsi və hər şeyi eyni görür. Bu vəziyyət onun dərslərinə də, şagirdləri ilə olan münasibətlərinə də təsirsiz ötüşmür. Aqressiv və danlamağa, alçaltmağa meyilli yanaşması şagirdlərinin öyrənmək imkan və həvəsinə mane olur. Epizodlardan birində onun işlətdiyi “onsuz da axırda kartof-soğan yetişdirəcək, heyvanlara baxacaqsınız” ifadəsi daxili tükənmişlik halının təzahürüdür. Kənan müəllimlə olan dialoqlarında isə “bu axmaq sənətə başlamaqdansa, heyvan otarsaydıq, daha yaxşı olardı” məzmunlu söhbət eşidirik. Bu fikirdə ortaq məxrəcdədirlər, fərq isə ondadır ki, heyvandarlıq Kənan müəllim üçün yad bir fəaliyyət deyil, hətta onun daxili aləminin, keçmişinin bir parçasıdır. Səməd üçünsə bu bir “özünü cəzalandırma” formasıdır.

Nuray müəllim isə nə olursa-olsun inamı itirməməyin simvoludur. O, ayağını itirməsinə baxmayaraq, yaşadığı bütün çətinliklərin öhdəsindən gəlməyə çalışır. Həm öz insani duyğularını, iradəsini, həm də qadın olaraq hissiyyatını və varlığını canlı tutmağa çalışır. Bu da onun ölüm-qalım mübarizəsidir. Kənan üçün Nuray həyat yoldaşı, Səməd üçün isə əldə etməyə çalışdığı bir zəfər kimi görünür. Səmədin Nurayla yaxınlaşması onun Kənandan almağa çalışdığı intiqamın üstüörtülü təsdiqidir. Əslində bu üçlük daxilində hər kəsin öz mübarizəsi var və hər biri sadəcə yaşamağa çalışır. İnsani baxımdan üçü də əziyyət çəkir. Təhsil tərəfinə nəzər saldıqda, heç biri özünü yaxşı müəllim kimi göstərə bilmir. Gözləntilərinin qarşılanmaması da onların hərəkətlərinə təsir edir. Nuray dövlətdən daha çox qayğı gözləyir, dəstək almasa da, tab gətirməyə çalışır. Kənan məktəb direktoru olacağını gözləyir, amma olmur, bununla belə davam etməyə çalışır. Səmədin isə gözləntisi şagirdi Sevim ilə bağlıdır. Onların münasibəti filmin süjet xəttində əsas yer tutur. Bunu “Leon” filmindəki Leon və Matildanın münasibətinə bənzətmək olar. Onu nə tam olaraq sevgi hissi kimi ifadə etmək mümkündür, nə dostluq, nə də müəllim-şagird münasibəti. Çingiz Aytmatov dediyi kimi, bəzi hissləri ifadə etməyə kifayət qədər söz yoxdur, buna heç gərək də yoxdur. Bəs onlar bir-birləri üçün nə ifadə edirlər? Bunun adı ümiddir, inanmaq istəyidir. Səməd Sevim üçün hər kəsdən fərqli bir müəllimdir və əslində özü üçün arzuladıqlarını onun timsalında görür. Səməd üçünsə Sevim bir dəyişikliyə son ümiddir. Filmin sonlarına doğru Sevim və Səmədin bir-birlərinə olan kin, nifrət və qəzəbə çevrilən hissləri isə bir çaşqınlıqdır. Onlar bir-birlərinin daxili aləminin digərlərindən çox fərqli olduğunu hiss edirlər. Sadəcə Sevim bu dağların, qarın, qış və yayın harmoniyasına aiddir, Səməd isə dənizə, mavi və yaşıla mənsubdur. Rejissor film boyu Səmədə tükənmişlik damğasını hiss etdirmədən vurmağa çalışır, özü də bundan əziyyət çəkir. Sanki rejissor təhsil şöbəsi müdirinin sözləri ilə Səmədə öz fikirlərini çatdırmağa çalışır. Başa düşülən isə odur ki, dənizin mavisindən, meşələrin yaşılından dağların bəyazına təyin edilən Səməd qurumuş otlara dönür, nə yaşaya, nə ölə, nə öyrənə, nə də öyrədə bilir.

Digər maraqlı fakt isə filmdə valideyn varlığı və fəaliyyətinin sıfıra bərabər olmasıdır. Valideynlərin varlığı sadəcə problem yarananda yaşana biləcək təzyiq və təhdidlərlə ölçülür. Başqa zamanda isə yox kimidirlər. Buna olanı qəbullanmaqmı, laqeyidlikmi, dünyagörüş əksikliyimi yoxsa başqa bir şeymi demək olar bilmirəm. Dəqiq olan odur ki, uşaqlar həyata yaşadıqları bölgə, oranın təbiəti, müəllimlərinin daxili təzadları, təminat və təchizatın zəifliyinə görə Egey dənizi sahillərində məktəbə gedən yaşıdlarından fərqli şərtlərdə başlayır və sözsüz ki, bu başlanğıc onların ömürlərinin sonuna kimi öz təsirini göstərəcək.

Qasım Qurbanov