“AZƏRBAYCAN DİLİNDƏ ELMİ-NƏZƏRİ, PEDAQOJİ JURNALIN NƏŞRİ VACİBDİR”
Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki, nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkmək olub.
Jurnalın bir əsrlik möhtəşəm tarixi haqqında baş redaktor Arzu Soltan çıxış edib. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 100 il ərzində “Azərbaycan məktəbi” jurnalının əsas məqsədi müəllimə dəstək olmaq, təhsilə və cəmiyyətə töhfə vermək olub. Müxtəlif adlarla fəaliyyət göstərdiyi bu illər ərzində jurnal öz missiyasını şərəflə yerinə yetirib.
Baş redaktor sonda yubiley tədbirinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Tədbirdə Təhsil TV-nin hazırladığı, jurnalın 100 illik tarixinə işıq salan sənədli film nümayiş etdirilib.
Elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının təhsil sistemində cərəyan edən proseslərin, aparılan islahatların, tətbiq olunan yeniliklərin cəmiyyətə çatdırılmasında, maarifçilik missiyasında böyük rolunu vurğulayıb.
“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyinin "STEAM" İnnovasiyalar Mərkəzində qeyd edilməsinə diqqət çəkən nazir bunu “təhsilimizin keçmişi ilə gələcəyi arasında körpü” kimi simvolizə edib. Onun sözlərinə görə, “Azərbaycan təhsil sistemi ciddi islahatlardan keçib. Bir əsr ərzində bir neçə əlifba dəyişikliyi, təhsil sisteminin müxtəlif dövrlərdə müxtəlif təsirlərə məruz qalması, hər dəfə yeni dövrə keçid etməsi və uyğunlaşması asan məsələ deyil”...
Nazir Azərbaycan dilində elmi-nəzəri, pedaqoji jurnalın nəşrinin vacibliyini də xüsusi vurğulayıb. O bildirib ki, jurnalın Azərbaycan dilində fəaliyyətinə davam etməsi olduqca əhəmiyyətlidir: “Ucqar kəndlərdə işləyən müəllimlər üçün bu jurnaldan istifadə əlçatan olmalıdır. Çünki xarici dil bilən müəllimlərin beynəlxalq təcrübə, aparılan tədqiqatlarla tanış olma imkanları olur. Amma ucqar kəndlərdə yaşayan hər müəllimin xarici dildə olan mənbələrdən istifadə etmək imkanı yoxdur. Odur ki, “Azərbaycan məktəbi” həmin müəllimləri öz ətrafında birləşdirməyə davam etməlidir”.
Elm və təhsil naziri qeyd edib ki, “Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq elmi tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var. Bu sahədəki boşluqlar bir çox səbəblərdən, məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanması ilə bağlı ola bilər”. O vurğulayıb ki, “Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşa bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması həm təhsil siyasətini, həm də metodologiyanı daha səmərəli hala gətirə bilər”.
E.Əmrullayev bildirib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılan, yerli kontekstə uyğun olan tədris və tədqiqat əsərlərinin hazırlanması, eləcə də mövcud problemlərin praktik həlli yollarını təklif edən elmi işlərin artırılması vacibdir: “Bu problemlər üzrə müasir elmi trendləri və milli dəyərləri birləşdirən kompleks yanaşmalar tətbiq edilsə, həm təhsilin keyfiyyəti yüksələcək, həm də milli məkanın ehtiyaclarına cavab verən yeni tədris modelləri formalaşacaq. Bunun üçün həm dövlət, həm də müstəqil elmi qurumlar arasında əməkdaşlıq gücləndirilməlidir”.
“Azərbaycan məktəbi” jurnalının qazandığı uğurun həm də tarixi köklərə bağlı olduğunu söyləyən nazir jurnalın kollektivini təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, BSU rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü, əməkdar müəllim Ənvər Abbasov tədqiqatçılığın dəyərli bir fəaliyyət sahəsi olduğunu, onun nəticələrinin ictimaiyyətə çatdırılmasının vacibliyinə diqqət çəkib: “Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf amillərini nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var. “Azərbaycan məktəbi” jurnalının Azərbaycan pedaqogika elminin və təhsilinin inkişafında xüsusi rolu var”.
Elmlər doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və jurnalın redaksiya heyətinin üzvü, ADU-nun dekanı Hikmət Əlizadə bildirib ki, Azərbaycan təhsilində inkişafın davamlı olmasını təmin etmək üçün milli və beynəlxalq səviyyədə nəşr olunan materiallara, layihələrə və elmi işlərə xüsusi önəm verilməlidir:
“Bu nəşrlər təhsilin keyfiyyətini artırmaqla yanaşı, alimlərimizin dünya elmi arenasında tanınmasına da xidmət edir. Milli dildə yaradılan elmi-pedaqoji materiallar Azərbaycanın təhsil və mədəniyyət sahələrində özünəməxsus yerini qoruyub saxlayır və dəyərli miras kimi gələcək nəsillərə ötürülür”. H.Əlizadə bu prosesdə “Azərbaycan məktəbi”nin əvəzsiz rolunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar da öz növbələrində “Azərbaycan məktəbi” jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, müəllimlərə dəstək kimi mühüm vəzifələri barədə danışıblar.
Çıxışlardan sonra jurnal əməkdaşları Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman” və “Təşəkkürnamə”ləri ilə təltif olunublar.
Tədbirin ikinci hissəsində “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirələr keçirilib.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktor müavini, elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü İlham Cavadov, ADA Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və H.Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunu Natəvan Qocayeva spiker qismində iştirak ediblər. Müzakirələr zamanı elmi məqalələrin yazılması və nəşri, plagiatdan qorunma, magistr və gənc doktorantların jurnalla əməkdaşlığa cəlb edilməsi ilə bağlı əhəmiyyətli fikirlər səslənib.
Panel müzakirəsində iştirak edən alim və doktorantlar, təhsil ixtisasları üzrə Dövlət Proqramı məzunları da öz növbələrində Azərbaycanda elmi potensialın artırılması ilə bağlı öz təkliflərini bildiriblər.