AZƏRBAYCAN RESPUBLİKASINDA VƏ RUSİYA FEDERASİYASINDA ƏLAVƏ TƏHSİLİN MÜQAYİSƏLİ TƏHLİLİ




Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişdiyindən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl təhsil sistemində belə əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktuallığını itirir. Müasir dövrdə elm və texnologiya elə sürətlə inkişaf edir ki, biliklərin hər il orta hesabla 30 faizi “köhnəlir”, bir neçə il sonra peşə və ixtisasların məzmunu inkişafla uzlaşmır, onun yeniləşməsinə zərurət yaranır. Cəmiyyətin sosial, iqtisadi, siyasi, mədəni həyatında fəal iştirak etmək üçün hər bir şəxsin peşə bacarıqlarını, şəxsi keyfiyyətlərini həm kəmiyyət, həm də keyfiyyət baxımından yeniləşdirməsi, zənginləşdirməsi və zamanın tələblərinə uyğunlaşdırması zəruri tələbata çevrilir. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf etdikcə təhsilə olan tələbat da artır və belə şəraitdə əlavə təhsil bir tərəfdən məqsəd, digər tərəfdən fəaliyyət obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Məqalə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında əlavə təhsilin tarixinin öyrənilməsi, təhsildə fasiləsizlik prinsipi əsasında əlavə təhsilin yeni modellərlə daha səmərəli şəkildə təşkili, müasir baxış və inkişaf konsepsiyası formalaşdırılması üçün əhəmiyyətlidir. 

GİRİŞ

Müasir təhsil çağdaş informasiya cəmiyyətindəki mövcud innovasiyalara adaptasiyanı təmin edən fasiləsiz proses kimi insan  həyatının mühüm bir hissəsini təşkil edir. Qloballaşma çərçivəsində ölkənin iqtisadiyyatı və ictimai həyatında baş verən intensiv dəyişikliklər, yeni və mürəkkəb texnologiyaların yaranması müxtəlif sahələrdə çalışan ixtisaslı kadrların təkmilləşməsini tələb edir ki, bu da əlavə təhsilin rolunu və əhəmiyyətini bir o qədər artırır. İnsanın yaşamaq uğrunda mübarizədən məğlub ayrılmamaq üçün bilik və bacarıqlar əldə etməyə, əldə etdiklərini zənginləşdirməyə can atması – ömürboyu təhsil almaq istəyi onun hüququ olmaqla yanaşı, həm də yaşamaq uğrundakı təbii ehtiyaclarından biridir. Buna görə də insan ömürboyu “öyrənən” mövqeyində olmalıdır. 

Yerli və xarici alimlər tərəfindən bu mövzuda yazılan elmi tədqiqatların təhlilindən məlum olur ki, “əlavə təhsil” anlayışı birmənalı və vahid formada qəbul olunmur. Tədqiqatçıların bu mövzuya fərqli yanaşmaları əlavə təhsilin ömürboyu təhsil kontekstində hələ inkişaf mərhələsində olduğunu sübut edir. Bu isə onu göstərir ki, dünyada ixtisaslı və intellektual kadrlara olan ehtiyacı təkcə baza təhsili ödəyə bilmir. Əhalinin məşğulluq dinamikasını artırmaq və işsizlik səviyyəsini minimuma endirmək üçün əlavə təhsil əlverişli vasitələrdən biri kimi pedaqoji problem olmaqla yanaşı, həm də hər bir dövlət üçün sosial-iqtisadi əhəmiyyətə malik strateji sahədir.

İnsan kapitalının əhəmiyyətinin artması, gənc nəslin formalaşmasında şəxsiyyətin hərtərəfli inkişafını müasir dövrün ən aktual məsələlərindən biri kimi diqqət mərkəzinə gətirmişdir. Müasir dünyada rəqabətədavamlı istehsal sahələrinin yaranması və yeni nəsil ağıllı texnologiyaların sürətli inkişafı intellektual insan resurslarına olan ehtiyacı durmadan artırmaqdadır. Bazar iqtisadiyyatı şəraitində təhsilin modernləşməsi və müasir iqtisadi mexanizmlərə uyğunlaşması xüsusi aktuallıq kəsb edir və karyera mobilliyi çərçivəsində yeni sosial sifarişlər yaradır.

ƏLAVƏ TƏHSİL PEDAQOJİ KADR HAZIRLIĞI SİYASƏTİNİN MÜHÜM HİSSƏSİ KİMİ

Fasiləsiz təhsil, yaxud təhsilin fasiləsizliyi – şəxsiyyətin formalaşması prosesinin mühüm prinsipidir. Bu terminlə, ilk növbədə əldə olunan biliklərin funksionallığı vurğulanır. 1972-ci ildə Fransanın o zamankı baş naziri E.Forun rəhbərliyi altında fəaliyyət göstərən komissiyanın dərc etdiyi məruzədə təhsildə fasiləsizlik əsas prinsip kimi müəyyən edildiyi üçün “fasiləsiz təhsil” termin kimi təsbit olunub (Zaytseva, 2009).

Bu prinsip əlavə təhsil vasitəsi ilə insanı bütün həyatı boyu müşayiət edən, onu zəruri kompetensiyalara yiyələnmək üçün davamlı prosesə cəlb etməklə daim özünütəhsilə təşviq edən tənzimləyici alət kimi sosial rifahın əsas hərəkətverici qüvvəsidir. YUNESKO-nun 35-сi sessiyasının təhsil məsələlərinə dair beynəlxalq konfransda bu da xüsusilə vurğulanıb ki, müasir şəraitdə ənənəvi təhsil sistemi əsasında müvafiq bilik və bacarıqlarla silahlanmış müəllimə verilən birdəfəlik ilkin pedaqoji təhsil həyatı boyunca peşə fəaliyyətinə kifayət etmədiyi üçün artıq pedaqoji təhsilə onun humanistləşdirilməsi, demokratikləşdirilməsi, fərdiləşdirilməsi, diferensiallaşdırılması və humanitarlaşdırılması şərtləri çərçivəsində, fasiləsiz proses kimi yenidən baxmaq, onu müasir yanaşmalar əsasında təşkil etmək lazım gəlir.

Fasiləsiz təhsil konsepsiyasının nəzəri əsasını üç prinsip təşkil edir: davamlılıq, demokratiklik, funksionallıq. Təhsilin, həqiqətən, demokratik olması üçün o, dünya ölkələrinin hamısında, əhalinin bütün təbəqələri üçün əlçatan olmalı, bütün yaş qruplarını əhatə etməli və davamlı olmalıdır. Təhsilin tam səmərəli olması üçün o, müəyyən məqsədlərin və real problemlərin həllinə yönəldilməlidir.

Təhsil fəaliyyətinin sosial nəticələrini bir neçə qrupa bölmək olar. Bu bölgünün əsasında şəxsiyyətin cəmiyyətdə yeniləşmiş sosial-iqtisadi münasibətlərdə öz yerini tapması durur. Belə qrupların sosial nəticələrinin istiqaməti təhsil fəaliyyəti nəticəsində şəxsiyyətdə baş verən sosial yeniləşmələr və şəxsiyyətin dəyişilməsidir. Bu dəyişikliklər də aşağıdakılardan ibarətdir:

  • şəxsiyyətin hüquqi şüurluluğu;
  • vətəndaşın sosial statusu;
  • ətraf mühitə şəxsi münasibətləri;
  • sosial problemlərin həllində şəxsi iştiraka münasibəti;
  • təhsil fəaliyyətində yeni əmtəə-maliyyə münasibətlərinin təsiri altında onun sosial əxlaqının dəyişilməsi.

Sosial nəticələrin birinci qrupuna şəxsiyyətin təhsili, ixtisasının artırılması, yenidən hazırlanması hüququnun həyata keçirilməsi üçün
şəraitin yaradılması aiddir. İkinci qrup təhsil vasitəsilə vətəndaşın sosial statusunun dəyişilməsi ilə xarakterizə olunur. Bu da onun cəmiyyətdə yerini müəyyənləşdirir və sosial müdafiəsini təmin edir. Üçüncü qrupa insanın ümumbəşəri problemlərinin (təbiətin mühafizəsi, yaşayış mühitinin yaxşılaşması, sülh və əmin-amanlıq şəraitində yaşamaq, sosial rifahın yüksəldilməsi, ehtiyacı olanlara yardım və s.) həllinə şəxsiyyətin münasibətinin dəyişilməsini və onların həllində iştirakını aid etmək olar. Dördüncü qrup təhsil fəaliyyətində əmtəəmaliyyə münasibətlərinin təsiri altında təhsil xidmətlərinin “qiymətinin” insanların sosial əxlaqına təsiri ilə xarakterizə olunur. Sosial nəticələrin növbəti bir qrupu şəxsiyyətin siyasi dünya– görüşünün, mənəvi keyfiyyətlərinin təhsil fəaliyyəti prosesində formalaşması və bütövlükdə ictimai həyat şəraitinə uyğunlaşmasıdır. Açıqlanan bu sosial nəticələrin əsasında yaşlıların təhsilinin idarə edilməsinin sosial-pedaqoji məzmunu formalaşır, onun strategiyası isə təhsil sisteminin xidmət funksiyalarına əsaslanır. Belə olduqda sosial, şəxsi tələbatların və sosial-pedaqoji proseslərin təbii qanunauyğunluqları əsasında sistem inkişaf edir.

Bu sistemdə həyata keçirilən pedaqoji proses faktiki olaraq şəxsiyyətin inkişafına rəhbərlik edir. Ona görə də təhsil sisteminin idarə olunması xüsusiyyətlərindən biri məhz onun fəaliyyət obyektinin (şəxsiyyətin inkişaf prosesinin) mürəkkəbliyi ilə şərtlənir. Çünki bu prosesə bir sıra sosial sistemlər (ailə, cəmiyyət, iqtisadiyyat, mədəni-kütləvi tədbirlər, kütləvi informasiya vasitələri və s.) təsir göstərir. Bunun nəticəsində təhsil fəaliyyətində yeni keyfiyyət formalaşır ki, bu zaman şəxsiyyət sosiallaşır, yeni biliklər, dəyərlər, əxlaq qaydaları, mənəvi mədəniyyət əldə edir və onu inkişaf etdirir. 

Sosial institut kimi yaşlıların təhsil sisteminin fəaliyyətinin nəticələrini, şərti olaraq pedaqoji və sosial istiqamətlərə bölmək olar. Belə olduqda “...pedaqoji nəticələr adı altında tədris prosesinin və təhsil fəaliyyətinin təsiri ilə fərdin şəxsiyyətində dəyişikliklər baş verir. Bu dəyişikliklər isə onun sosial əxlaqına təsir göstərir. Bu mənada, pedaqoji nəticələr sosial əhəmiyyət kəsb edir. Ona görə də təhsil fəaliyyətinin sosial nəticələri sosial yeniləşmə kimi qəbul edilir” (Lebedev, 1996).

Təhsil sistemi ömür boyu davam edən proses kimi cəmiyyətin istehsal qüvvələrinin tərəqqisinə səbəb olub, vətəndaşların şəxsi tələbatlarına, bir şəxsiyyət kimi hərtərəfli, harmonik inkişafına tam uyğun modelə çevrilib. Lakin sosial sifarişin ödənilməsi, təhsil ehtiyaclarının qarşılanması fonunda fasiləsiz təhsil sistemi üçün bu amillər hələ kifayət deyildi və beynəlxalq sosial-pedaqoji tədqiqatların prioritet istiqamətlərdə əsas mövzusunu (davamlı peşə təhsili, əlavə təhsil, yaşlıların təhsili, əhalinin sosial cəhətdən həssas təbəqələrinin təhsili, təhsil sisteminə davamlı çıxışı təmin edən iqtisadi modellər və s.) təşkil edirdi (Anoshkina, 2001). Beləliklə də, vaxt ötdükcə təhsil müəssisələri təhsilin davamlılığını təmin etmək problemlərindən davamlı təhsil (ömür boyu təhsil) problemlərinə doğru meyillənməyə başladı. Bu, beynəlxalq təşkilatların, xüsusilə YUNESKO-nun bir sıra normativ, istinad və hesabat materiallarının, ömür boyu öyrənmə məsələlərinin əks olunduğu jurnalların məzmununu təhlil edərkən daha aydın görünür (UNESCO materials, 1995–2012).

Azərbaycan Respublikasının 1992-ci ildə qəbul olunan təhsil qanununda bu xidməti sosioloq-pedaqoqların həyata keçirməsi nəzərdə
tutulurdu. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında qarşılıqlı əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirdilər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedaqoji işçiyə bərabər tutulur. Həmin qanuna əsasən pedaqoji işçilər sırasına sosioloq-pedaqoqlarla yanaşı, məktəbdənkənar müəssisələrin pedaqoji işçiləri, elmi işçilər, mühəndis-texniki işçilər, tədris-köməkçi heyət, kitabxana işçiləri, pedaqoji mətbuatın əməkdaşları, təhsil orqanlarının işçiləri, təlim-tərbiyə müəssisələrinin başçıları və digər kadrlar da aid edilir.

Buna görə də fasiləsiz pedaqoji təhsilə, əlavə təhsilə və sosial-pedaqoji kadr hazırlığı üzrə uzunmüddətli strateji fəaliyyət proqramlarına ehtiyac yaranır ki, bu da onların təhsilin müasir tələblərinə uyğun sosial sifarişin yeni modelləri əsasında hazırlanmasını zəruri edir.

Beləliklə, əlavə təhsil sosial-mədəni qurum kimi təhsil sisteminin inkişaf qanunauyğunluqlarını və funksiyalarını, onun cəmiyyətlə qarşılıqlı təsir prosesini öyrəndiyinə görə sosial peşə sahiblərinin də inkişafında xüsusi yer tutur. Bu prosesə həm də sosial siyasət kimi yanaşaraq qiymətləndirmək lazımdır ki, həmin sahədə aparılan islahatların miqyasını və dərinliyini həm təhsil, həm də sosial istiqamətdə şərh etmək mümkün olsun.

Azərbaycan Respublikasında fasiləsiz təhsil sistemində əlavə təhsilin yeni modellər əsasında təşkili 2000-ci ildə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” imzaladığı 13 iyun tarixli, 349 nömrəli Fərmanı ilə genişmiqyaslı təhsil islahatları çərçivəsində başladı.

İslahat Proqramı çərçivəsindəki fəaliyyət 2000-ci il 13 iyun tarixli Prezident Fərmanı ilə daha da dərinləşdirilib, diplomdansonrakı təhsildə aparılan islahatlar öz məntiqi davamı üçün bir növ əlavə dəstək alıb. Məhz bu Fərmana uyğun olaraq Azərbaycanın təhsil sistemində müəllim hazırlığının dünya ölkələrindəki təcrübəyə əsaslanan konseptual strategiyası müəyyənləşdirilib, ilkin və diplomdansonrakı müəllim hazırlığı pillələri beynəlxalq modellərə uyğunlaşdırılaraq, onlara bir-birini tamamlayan proseslər kimi baxılıb, fasiləsiz təhsil kontekstində ilk dəfə olaraq həmin pillənin yeni şəbəkəsi yaradılıb. Bütün bunların nəticəsində müəllim hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilib, həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilib. Belə ki, “Fasiləsiz təhsil hamı üçündür” konsepsiyası verilib, ilk dəfə olaraq ixtisasartırma, yenidənhazırlanma təhsili, stajkeçmə və təkmilləşdirmə proseslərinin dəqiq çərçivələri müəyyənləşdirilib, müasir tələblərə tam cavab verən dayaq məntəqələri mexanizmi hazırlanıb, burada təhsil prosesinin təşkili modeli formalaşdırılıb, məntəqələrin dislokasiyası müəyyən edilib, cəlb olunan kontingent bazası barədə geniş informasiya bankı yaradılıb.

Rusiya Federasiyasında qəbul olunan rəsmi sənədlərdə isə fasiləsiz təhsilin birmənalı şəkildə anlaşılması fərqli olub və tənzimləyici tərif yalnız 2005-ci ilin sentyabrında Rusiya Federasiyası hökumətinin Sərəncamı ilə təsdiq edilmiş “2006-2010-cu illər üçün təhsilin inkişafı üzrə Federal proqram” konsepsiyası çərçivəsində yaranıb. Bu sənədə əsasən fasiləsiz təhsil dövlət və ictimai institutlar sisteminin istifadəsi əsasında, şəxsiyyətin və cəmiyyətin tələbatlarına uyğun olaraq bütün ömür boyu şəxsiyyətin təhsil (peşə və ümumi) potensialının artması prosesi kimi müəyyən edilir.

Azərbayсan Respublikasında 2007-ci ilədək pedaqoji kadr hazırlığındakı nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • əlavə təhsilin və onun istiqamətləri arasında sərhədlərin qeyri-müəyyən olması (məsələn, ixtisasartırma, yenidənhazırlanma və təkmilləşdirmə təhsili anlayışları bəzi pedaqoji ədəbiyyatda və dövri mətbuatda ümumiləşdirilmiş şəkildə nəzərdən keçirilirdi);
  • orta ixtisas, ali, diplomdansonrakı və əlavə pedaqoji təhsil müəssisələrində, o сümlədən ümumtəhsil məktəblərində təhsilin varislik prinsipinə uyğun forma və üsullarının mexanizminin pozulması;
  • variativ təhsil proqramları və dərsliklərə uyğun işləyə biləcək pedaqoji kadrların hazırlığına kifayət qədər diqqət yetirilməməsi;
  • pedaqoji təhsilin varislik prinsipinə əsaslanan standartların və proqramların yaradılması üçün elmi əsaslandırılmış yanaşmaların olmaması;
  • azkomplektli kənd məktəblərində işləmək üçün müəllim hazırlığında nəzəri, elmi-metodik və praktik yanaşmaların olmaması;
  • şəxsiyyətin və сəmiyyətin sifarişlərinə uyğun pedaqoji xidmət bazarının tələbatlarının elmi cəhətdən düzgün proqnozlaşdırılmaması;
  • fasiləsiz pedaqoji təhsil sisteminin informasiyalaşdırılması problemlərinə kifayət qədər diqqət verilməməsi, pedaqoji kadr hazırlığında müasir informasiya və kommunikasiya texnologiyalarının, fəal və interaktiv təlim metodlarının tətbiq edilməməsi və ya az tətbiq edilməsi;
  • fasiləsiz pedaqoji təhsil sisteminin sosialiqtisadi bazasının aşağı səviyyədə olması və ya normativ-hüquqi bazanın işlənməməsi;
  • fasiləsiz pedaqoji təhsil sisteminin ayrı-ayrı pillələri arasındakı əlaqələrin çox zəif olması;
  • fasiləsiz müəllim hazırlığında əlavə təhsilin digər modellərindən, o сümlədən distant təhsil texnologiyalarından istifadə edilməməsi;
  • fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin səmərəli idarə edilməməsi;
  • təhsil meneсerləri hazırlığının aparılmaması;
  • müəllimlərin əməkhaqlarının aşağı olması; bununla əlaqədar müəllimin əlavə vəsait əldə etmək məqsədi ilə digər fəaliyyətlərlə
    məşğul olması və peşəsinə tam bağlanmaması;
  • ilkin müəllim hazırlığı proqramları və ixtisasartırma təhsili proqramları arasında bağlılığın olmaması;
  • subbakalavrların bakalavr səviyyəsinə qaldırılması üçün qısamüddətli hazırlıq proqramlarının olmaması;
  • müəllim hazırlığı müəssisələrinin çoxunda keyfiyyətin təminatı sisteminin olmaması və onların fəaliyyətində şəffaflıq prinsipinin
    tam gözlənilməməsi;
  • ayrı-ayrı müəssisələr arasında əlaqələrin və birgə proqramların yerinə yetirilməsinin zəif olması;
  • müəllimlərin attestasiyası və sertifikatlaşdırılması sisteminin olmaması;
  • ilkin müəllim hazırlığında tələbələrin daha çox nəzəri hazırlığının yoxlanılması;
  • universitet-məktəb əlaqələrinin qurulması və onların birgə fəaliyyəti üçün təkmil mexanizmin yoxluğu;
  • yalnız ixtisasartırma təhsili pilləsində müəyyən kateqoriyalı rəhbər pedaqoji kadrlar üçün nəzərdə tutulmuş ixtisasartırma kurslarının təşkil edilməsi;
  • ilkin pedaqoji təhsil proqramlarında təhsilin idarə edilməsinə dair fənlərin olmaması;
  • təhsilin idarə edilməsinə dair bakalavr və magistr hazırlığının həyata keçirilməməsi.

Bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə 2007-ci il iyunun 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” nı təsdiq etdi. Strategiya Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemini bütün tiplərdən olan ümumtəhsil məktəbləri, orta ixtisas, ali, diplomdansonrakı və əlavə təhsil üzrə pedaqoji təhsil proqramlarını həyata keçirən tədris müəssisələrini əhatə edirdi. Həmin sənəddə Dünya Bankı, habelə digər beynəlxalq və yerli qurumlar tərəfindən tərtib olunmuş əvvəlki hesabatlara və monitorinq nəticəsində əldə edilmiş məlumatlara əsaslanaraq, dünya standartlarına uyğun gələn, yüksək keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin uğurla formalaşdırılması üçün vacib olan strateji fəaliyyət istiqamətləri müəyyən edilir:

1) müəllim hazırlığı kurikulumunun keyfiyyəti;
2) müəllimlərin hazırlanması və təhsil sisteminin müəllimlərlə təmin edilməsi;
3) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları;
4) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı;
5) müəllimlərin hazırlanmasının və təkmilləşdirilməsinin həyata keçirilməsi modelləri;
6) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin idarə olunması və meneсer hazırlığı.

Azərbaycan Respublikasının qəbul etdiyi 2009-cu il 19 iyun tarixli 833 IIIQ nömrəli Təhsil Qanununda təhsil formaları və təhsilalma formaları, təhsilin səviyyələri və pillələri, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri daha konkret sərhədlərlə ifadə olundu, təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər qəti olaraq müəyyənləşdi. Təhsil haqqında Qanunun 24-cü maddəsi əlavə təhsil sisteminin inkişafı üçün geniş perspektivlər müəyyən etdi. Qanunda qeyd olunur ki, əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Bu qanuna görə, əlavə təhsil anlayışı özündə aşağıdakı istiqamətləri birləşdirir:

  • iхtisasartırma;
  • kadrların yenidən hazırlanması;
  • stajkeçmə və kadrların təkmilləşdirilməsi;
  • təkrar ali təhsil və оrta iхtisas təhsili;
  • dərəcələrin yüksəldilməsi;
  • yaşlıların təhsili (Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, 2009).

“Rusiya Federasiyasının 2012-ci ildə qəbul etdiyi “Təhsil haqqında” qanunun 76-cı maddəsinə əsasən əlavə peşə hazırlığı təhsil və peşə ehtiyaclarının ödənilməsinə, insanın peşəkar inkişafına, onun ixtisasının peşəkar fəaliyyət şərtlərinə və sosial mühitə uyğunluğunun təmin edilməsinə yönəlib (Federalnyy zakon “Ob obrazovanii v Rossiyskoy Federatsii”, 2012). 

Rusiya Federasiyasında 2008-2020-ci illər üçün təhsilin yeni modelində də fasiləsiz təhsilə xüsusi əhəmiyyət verilir. Burada həm qeyri-formal təhsil (kurslar, təlimlər, yay məktəbləri, təhsilin istənilən mərhələsində və ya karyera peşəkarlığında təklif oluna biləcək qısamüddətli tədris proqramları və s.), həm də vətəndaşların özünütəhsil yolu ilə həyata keçirilən əlavə təhsil daha böyük rol oynayır.

Azərbaycan Respublikasında əlavə təhsil sisteminin təkmilləşdirilməsi çərçivəsində qəbul edilən qanunvericilik aktlarının məzmunu fasiləsiz pedaqoji təhsil sistemində əlavə təhsilin bütün istiqamətləri üzrə aparılan dövlət siyasətini və dəstəyini vətəndaşların şəxsi və peşəkar inkişafı üçün əlçatan edib, əlavə təhsilin bütün istiqamətləri üzrə təşkili modellərini və işlək mexanizminin səmərəliliyini ortaya qoyub.

NƏTİCƏ

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları çərçivəsində Azərbaycanda əlavə təhsil tarixində ilk dəfə olaraq ali təhsildən sonrakı pedaqoji təhsil anlayışı rəsmiləşdirildi. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsilin bir pilləsi olmaqla, ali təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz pedaqoji təhsil almaq imkanları sistemi kimi başa düşüldü. Bu pillə bir tərəfdən müəllimin yaradıсı potensialının inkişaf etdirilməsinə və onun peşə şəxsiyyətinin özünütəsdiqinə, digər tərəfdən təhsilin, onun idarə edilməsinin müasirləşdirilməsi məqsədi ilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin, peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsini özündə ehtiva etdi. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, сəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədi ilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilməsi prosesinə töhfə verdi. Fasiləsiz pedaqoji təhsilin hər bir mərhələsində əlavə pedaqoji təhsilin əsas məqsədinin şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından fasiləsiz təkmilləşdirilməsindən ibarət olduğu müəyyən edildi. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsinə, eyni zamanda fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin digər pillələri ilə uyğunlaşdırılmasına başlandı. Bununla da postsovet ölkələri arasında əlavə təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericilik bazasının möhkəmliyi və dayanıqlılığı təmin edildi.

Bir çox MDB ölkələrində əlavə təhsil anlayışı yaşlılarla yanaşı həm də uşaqları əhatə edir. Xüsusilə Rusiya Federasiyasının federal subyektlərində bu proses bir qədər fərqli və mərhələli şəkildə həyata keçirilir. Mahiyyət etibarilə məktəbdənkənar və dərsdənkənar məşğələlərin (sinifdənxaric, məktəb, həmçinin əsas təhsil və onun pillələrinin tədris proqramlarında mövcud olmayan əlavə bilik, təcrübə və məlumatlara yiyələnmək prosesinin) konkretləşmiş nəticəsi kimi çıxış edir. Əlavə təhsil sahəsində qəbul edilən bir sıra dövlət proqramları təhsilalanların və məzunların səriştəliliyinə və peşəkarlığına daim artmaqda olan tələblərin, o cümlədən ali məktəbin elmi-pedaqoji işçilərinin əlavə professional təhsilinin təkmilləşdirilməsi məqsədilə əmək bazarında rəqabət mühitinin yaradılmasına, insan kapitalına olan keyfiyyət təminatının yüksəlməsinə xidmət edir. Hər bir insana tədrisin qısa müddətdə, mövcud təhsil əsasında yeni ixtisas almaq, öz ixtisasını artırmaq, özünü təkmilləşdirməyə və sürətlə dəyişən həyat şəraitinə adaptasiya tələbatını həyata keçirmək imkanı verir.

Müasir dövrdə əlavə təhsilin səmərəliliyini artırmaq və effektivliyini yüksəltmək üçün onun ən məqbul modelini – distant təhsil texnologiyaları ilə tədrisin təşkilini təklif edirik. Çünki bu təhsilalma forması pedaqoji kadrlarla yanaşı müxtəlif sahələrdə çalışanların kütləvi əlavə təhsil almaq ehtiyaclarını çevik ödəyə bilmək qabiliyyətinə mailk olmaqla bərabər, təhsil xərclərini də minimallaşdırmağa imkan yaradır. Bu isə əlavə təhsilin “hamı üçün təhsil” və “ömürboyu təhsil” prinsipləri çərçivəsində əlçatanlığını təmin edir.

Rəqəmsal texnologiyaların spesifikliyi ilə müəyyən olunan təhsil mühiti fərdin yaradıcılıq qabiliyyətlərinin və potensial imkanlarının inkişaf etdirilməsi, müəyyən şəxsi keyfiyyətlərin formalaşdırılması və təhsilalanların müstəqil dərketmə fəaliyyəti üçün münbit şəraitin yaradılmasından ibarətdir. Tədris prosesinin rəqəmsal təhsil mühiti vasitəsilə reallaşdırılması prosesində təhsilalanların təhsil mühitinin elementləri ilə müxtəlif növ informasiya məzmunlu qarşılıqlı fəaliyyəti nəzərdə tutulur. Qarşılıqlı fəaliyyət kommunikasiyası təkcə məlumat mübadiləsini deyil, birgə fəaliyyətin təşkilini də əhatə edir. Ənənəvi didaktikada müəllim və tələbə arasında qarşılıqlı əlaqə diskret, xətti xarakter daşıyırsa, rəqəmsal təhsil mühitində təhsilalan birbaşa mövcud vəziyyətə daxil olur və onu transformasiya etmək imkanı qazanır. Rəqəmsal mühitə, ilk növbədə professional elektron tədris platformaları (Moodle, Mooc, MS Teams, BlackBoard, Google Classroom, Openmeetings, VoiceThread), e-kitabxanalar, elektron poçtlar, çatlar, vebinarlar, forumlar, elektron jurnallar, TV və radio dalğaları, telekörpülər, videokonfranslar və s. müxtəlif rəqəmsal alətlərə aiddir.

Apardığımız müşahidə və təhlillərə əsasən distant təhsil texnologiyaları ilə əlavə təhsilin həyata keçirilməsi aşağıdakı sosial əhəmiyyətli məsələlərin həllinə kömək göstərə bilər:

  • cəmiyyətin təhsil səviyyəsi və təhsilin keyfiyyətinin yüksəldilməsi;
  • əhalinin təhsil xidmətlərinə olan real və əlavə tələbatının ödənilməsi;
  • dövlətin yüksəkixtisaslı mütəxəssislərə olan tələbatının ödənilməsi;
  • əhalinin sosial və peşəkar fəaliyyətinin, görüş dairəsinin və özünüdüşünmə keyfiyyətinin artırılması;
  • mütəxəssislərin keyfiyyət dinamikasının daim – fasiləsiz yüksəldilməsi;
  • tədris müəssisəsinin real bilik, kadr və maddi-texniki potensialının stabil saxlanılması və genişləndirilməsi;
  • Azərbaycanda fasiləsiz təhsil məkanının yaradılması və inkişafı.

Düşünürük ki, distant təhsil sisteminin inkişafı üçün müasir texnologiyaların nailiyyətlərinə əsaslanan tədris metodlarından istifadə olunması ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirə bilər. Bu məqamın gələcəkdə həm “Yaşlıların təhsil konsepsiyası”nda, həm də “Ali təhsil haqqında” qanun layihəsində də öz əksini tapması məqsədəuyğun olar.

İstifadə edilmiş ədəbiyyat

1 Zaytseva, O.V. (2009). Nepreryivnoe obrazovanie: osnovnyie ponyatiya i opredeleniya. // Vestnik Tomskogo Gosudarstvennogo Pedagogicheskogo Universiteta. Vyipusk #7, s.109
2 Lebedev, O.E. (1996). Obrazovatelnaya sistema kak ob’ekt upravleniya. Nauchnoe rukovodstvo razvitiem obrazovatelnyih sistem: materialyi konferentsii, 16 yanvarya 1996 g. SPb. RGPU imeni A.I. Gertsena, p. 3-7
3 Anoshkina, V.L., Rezvanov, S.V. (2021). Obrazovanie. Innovatsiya. Buduschee. Razdel. 3. Stadii stanovleniya kontseptsii nepreryivnogo obrazovaniya. URL: sbiblio.com/biblio/archive/resvanov_obrasovanie/ 
4 YUNESKO-nun fasiləsiz təhsillə bağlı materialları: 1995–2012-ci illər. URL: http://www.unesco.org/new/en/education/
5 Prikaz Minobrnauki #63 “Poryadok razrabotki i ispolzovaniya distantsionnyih obrazovatelnyih tehnologiy” URL: http://edu.ru/index.php?page_id=196&op= doDocData&dnews_id=77
6 http://www.e-qanun.az/framework/18343,2009
7 Buylova, L.N., Klenova, N.V. (2005). Kak organizovat dopolnitelnoe obrazovanie detey v shkole? Prakticheskoe posobie. M.: ARKTI, s.7-9