MÜƏLLİMLƏRİN PEŞƏKAR İNKİŞAF SƏVİYYƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI




Elm və texnikanın inkişaf etdiyi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin sürətləndiyi müasir dövrdə müəllim  peşəsinin qarşısında yeni vəzifələr qoyulur. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin bu tələblərə uyğunlaşdırılması üçün müəllim hazırlığına diqqətin artırılması xüsusi əhəmiyyət kəsb edir. Məqalədə müəllim peşəkarlığı, səriştəliliyi, onların peşəkar inkişafında hansı cəhətlərə diqqət yetirilməsinin vacibliyi, bacarmalı və bilməli olduqları məsələlər əksini tapır. İngilis dili müəllimlərinin peşəkar hazırlığının dilin tədrisində əsas rol oynadığı açıqlanır. Qeyd olunur ki, Azərbaycanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimləri dilin effektiv tədrisinə, səriştə əsaslı təhsilə diqqət yetirməli, bilik və bacarıqlarını inkişaf etdirməlidirlər.

GİRİŞ

Elm və texnikanın inkişaf etdiyi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin sürətləndiyi müasir dövrdə müəllim peşəsinin qarşısında yeni vəzifələr qoyulur. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin bu tələblərə uyğunlaşdırılması üçün müəllim hazırlığına diqqətin artırılması xüsusi əhəmiyyət kəsb edir.

“Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur” (Abbasov, Hacıyev və b. 2012). Bu məsələ 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb.

Müasir təhsilə yeni yanaşmalar tədris materiallarının, proqramlarının, metodlarının, yanaşmalarının, texnologiyaların modernləşdirilməsi ənənəvi “peşəkarlığın” da dəyişməsini, müasir tələblərə cavab verməsini tələb edir. Bunun üçün isə hər bir müəllimə özünü inkişaf etdirmək üçün şərait yaradılmalı və dəstək olunmalıdır.

Dünyada baş verən davamlı dəyişikliklər fonunda ölkəmizin təhsil sektoru da dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Bu proses ingilis dilinin tədrisinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Aydındır ki, dərsin XXI əsrin tələblərinə uyğun təşkilində, şagirdlərdə tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət, özünü təkmilləşdirmə və özünü inkişaf kimi bacarıqların inkişaf etdirilməsində xarici dil müəllimlərinin rolu danılmazdır. Aparılan elmi araşdırmalara, müşahidələrə əsasən müəllimlərin peşəkar inkişafının daim həyata keçirilməli və davamlı olaraq nəzarət edilməli bir proses olduğu aydın görülür. Bu əsasda Fullan (2007) müəllimlərin peşəkar inkişafını ilkin pedaqoji təhsildən tutmuş bütün karyera boyu formal və qeyri-formal təlim təcrübəsinin ümumi dövrü hesab edir. 

Tədrisdə peşəkar inkişaf müəllimlərin pedaqoji bilik və bacarıqlarını inkişaf etdirmək, keyfiyyətini artırmaqdır. Tədris metodunu təkmilləşdirmək, keçdiyi mövzulara dair sorğu-sual etmək, özünə inam qazanmaq, öyrənməyi öyrətməyə cəlb etmək, bölüşmək, təsir göstərmək, əməkdaşlıq etmək həm müəllimin, həm də şagirdin fəaliyyətini təkmilləşdirmək və yeni trendlərdən xəbərdar olmaqdır.

MÜƏLLİM PEŞƏKARLIĞI VƏ ŞƏRİŞTƏLİLİK

Müəllimin peşəkar hazırlığının və fəaliyyətinin əsas göstəricisi təhsilə səriştəli yanaşmadır. Səriştəli müəllim şagirdə hazır biliklər verməməli, çalışmalıdır ki, şagird üçün problem sayılan məsələlərlə bağlı onlarda fikir formalaşsın, problemi həll etməyə səy göstərsinlər. Bu cür yanaşma modelinin dörd komponentini göstərmək olar: məntiqi, funksional, semantik, texnoloji. Qarşılıqlı əlaqədə, vəhdətdə götürülən bu komponentlər pedaqoji səriştəliliyin artırılmasına və pedaqoji problemlərin həll edilməsinə şərait yaradır.

Bir-biri ilə sıx əlaqədə olan “Peşəkarlıq və səriştəlilik” arasındakı ardıcıllığı bilmək lazımdır. Müəllimin pedaqoji-psixoloji, metodiki biliyə və bacarığa malik olması, pedaqoji prosesdə yaradıcı fəaliyyəti, təlimin bütün mərhələlərinin incəliklərini bilməsi peşəkarlıqdan irəli gəlir. Səriştəlilik isə müəllimin pedaqoji prosesi ustalıqla, səmərəli və inkişafetdirici metodlarla həyata keçirməsidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nda da qeyd olunduğu kimi “səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir” (Abbasov, Hacıyev və b. 2012).

Müəllim hazırlığında pedaqoji səriştəliliyin bir neçə növünü qeyd edə bilərik:

  • qarşıya aydın məqsədlər qoymaq və onlara çatmaq üçün nəzəri biliklərə, praktik vərdişlərə yiyələnmək;
  • psixoloji bacarıqlara sahib olmaq: buraya özünənəzarət, özünəəminlik, şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinə bələdlilik bacarığı, düşünmə, adaptasiya, mücərrədləşdirmə, təfəkkür və təxəyyülün sərbəstliliyi, aydınlığı, orjinallığı kimi keyfiyyətlər daxildir;
  • pedaqoji prosesi nəzarətdə saxlamaq, obyektiv analiz və sintez etmək, qiymətləndirmək;
  • öz üzərində fasiləsiz işləmək, yerli və xarici müvafiq ədəbiyyatlarla mütəmadi tanışlıq, təhsil sahəsində meydana çıxan yeni texnologiyaları mənimsəmək, qabaqcıl təcrübələrə istinad etmək;
  • tədris prosesində şagirdlərin həm marağını, həm də fəallığını təmin etmək, bunun üçün ənənəvi və müasir metodların qarşılıqlı, inteqrativ formada təqdim olunması;
  • yerli və dünyəvi dəyərlərin vəhdətdə tərbiyə olunması;
  • təlim prosesində əks-əlaqənin təmin olunması;
  • şagirdlərdə özünəəminlik, inamlılıq, problemli vəziyyətdə obyektiv çevik qərarların verilməsi, sağlam rəqabətə girmək, tənqidi
    mühakimə yürütmək, fikirlərini əsaslandırmaq, qərar qəbul etmək, fikir müxtəlifliyinə hörmətlə yanaşmaq, fərdi və kollektiv əmək mühitinə uyğunlaşmaq kimi bacarıq və vərdişlərin formalaşdırılması;
  • yarana biləcək hər hansı anlaşılmaz şəraitdən, mübahisəli və narahatlıq yarada biləcək vəziyyətlərdən çevik, sürətli qərarlar qəbul edərək çıxmaq;
  • məqsədə çatmaq üçün yeni innovasiyalardan səmərəli istifadə;
  • ictimai-sosial həyatda müəllim şəxsiyyətini, nüfuzunu, amalını qoruyub saxlamaq;
  • fəaliyyət göstərdiyi kollektivdə və şagirdlər arasında özünə inam, etibar, etimad qazanmaq;
  • şəxsi məsuliyyət, dinləmək və anlayışla qəbul etmək bacarığı.

Müasir təlimin tələblərinə cavab vermək üçün təhsilin əsas aparıcı siması olan müəllimin bir sıra vəzifələri yerinə yetirməsi  məqsədəuyğun hesab edilir:

  • pedaqoji prosesin tələblərinə cavab vermək və peşə funksiyalarını yerinə yetirmək üçün müəllimə xas bütün bacarıqlara sahib olmaq;
  • pedaqoji fəaliyyəti dövründə zəruri bacarıq və vərdişlərə yiyələnmək, onlardan məqsədyönlü istifadə etmək;
  • təlim-tərbiyə prosesində uğur qazanmaq, bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün yeni pedaqoji təfəkkürə sahib  olmaq;
  • tədris prosesinə tədqiqatçı mövqeyindən yanaşaraq, fəndaxili və fənlərarası inteqrasiyanı təmin etmək və nəzəri biliklərin  təcrübəyə əsaslanmasını həyata keçirmək;
  • özünütəhsillə, peşəkarlıq səviyyəsini inkişaf etdirməklə yanaşı, sosial nüfuzunu qoruyub saxlamaq.

Müəllimin peşəkarlığı müasir dərsə verilən əsas tələblərdən biri kimi də aktuallıq kəsb edir. Deməli, peşəkarlıq tədris materialının
şagirdlər üçün əlçatan, anlaşıqlı edilməsi, təhsilalanlara pedaqoji-psixoloji kömək göstərilməsi və dərs prosesinə yaradıcı yanaşmaqla mümkündür.

Bu da həqiqətdir ki, təhsil və təlimdə yeni çağırışlardan faydalanmaq müəllimlərə lazımi bacarıqlara yiyələnməkdə kömək edir. Ona görə də müəllimlər təhsil sahəsində baş verən davamlı dəyişikliklərlə ayaqlaşmalıdırlar. Davidson (2012) bunu nəzərə alaraq ingilis dili müəllimləri üçün davamlı peşəkar inkişaf çərçivəsi təklif edib. Xarici dilin tədrisi üzrə müəllim peşəkarlığının hansı səviyyədə  olduğunu asanlıqla müəyyən etməyə imkan verən bu çərçivə altı mərhələdən ibarətdir (Cədvəl 1). 

Cədvəl 1 Davamlı Peşəkar İnkişaf çərçivəsinin Mərhələləri (Davidson & et al., 2012)

Cədvəldən aydın olur ki, dördüncü səviyyədən etibarən müəllimlər tədris müəssisəsinin direktoru, müəllimlərin təlimçisi, müfəttiş kimi
aparıcı, məsləhətçi vəzifələri yerinə yetirə bilən ixtisaslı və yüksək səviyyəli mütəxəssislər hesab olunurlar.

Cədvəl 2-də təcrübəli müəllimin xüsusiyyətləri haqqında ətraflı məlumat təqdim edilir.

Cədvəl 2 British Council-ın Davamlı Peşəkar İnkişaf çərçivəsi (Davidson & et al., 2012)

Bu cədvəldə təcrübəli müəllimin peşə xüsusiyyətləri, ehtiyacları və məqsədləri, onun necə irəliləyəcəyi, davamlı peşəkar inkişaf üçün
prioritetləri, gördüyü fəaliyyətlər haqqında ətraflı məlumat verilir. 
Müasir müəllim pedaqoji-psixoloji təcrübəsini, peşəkarlığını aşağıda qeyd olunan istiqamətlərdə artıra bilər:

1) tədris etdiyi fənnini daha dərindən bilməsində, bu sahədə biliklərini artırmasında, bu istiqamətdə mövcud ədəbiyyatları, yeni yanaşmaları araşdırmaqda, bir sözlə, peşə sahəsində;

2) yeni pedaqoji texnologiyaları, təlim metodlarını, müasir təlimin məzmununda öz əksini tapan yeni formaları mənimsəməklə və bunları tədris prosesində səmərəli tətbiq etməklə, tədris metodikası sahəsində;

3) tədris etdiyi mövzunu, fənni, materialı sinifin və şagirdlərin psixoloji səviyyəsinə, pedaqoji prosesin tələblərinə uyğunlaşdırmaqla,
pedaqogika və psixologiya sahəsində.

Müasir müəllim peşəkarlığının artırılmasında fəaliyyətini planlı şəkildə həyata keçirməlidir. O, aşağıda qeyd olunan istiqamətlər üzrə peşəkar inkişaf planını hazırlaya bilər:

  • fasiləsiz olaraq özünü və dünyagörüşünü təkmilləşdirmək üçün pedaqoji, psixoloji və metodiki ədəbiyyatların, təcrübələrin öyrənilməsi;
  • təlim, tərbiyə və tədris prosesinin səmərəliliyinin təmin olunması üçün proqram, metodik vəsaitlərin işlənib hazırlanması;
  • fəaliyyət göstərdiyi məktəbin pedaqoji, metodiki iş sistemində iştirak etmək və digər qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsinə səy göstərilməsi.

İngilis dilinin tədrisində peşəkar inkişaf prosedurları:

Dil tədrisində müəllimlərin peşəkar inkişafını asanlaşdırmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Bu əsasda Burns and Richards
(2009) peşəkar inkişaf fəaliyyətlərini əməkdaşlıq, tədqiqat və təcrübə yolu ilə təsnif edir. Richards and Farrell (2005) isə bu fəaliyyətləri necə həyata keçirildiyinə uyğun olmaqla fərdi, birəbir, qrup əsaslı, müəssisə çərçivəsi şəklində kateqoriyalara bölür və hər kateqoriya üzrə inkişaf bacarıqlarını ümumiləşdirir. Bu fəaliyyətlərə konfranslar, seminarlar, özünə nəzarət, həmkarları tərəfindən müşahidə, müəllimlərin portfeli, kritik hadisələrin təhlili, refleksiv təcrübə və fəaliyyət tədqiqatı daxildir.

Təhsildə xarici dil müəllimlərinin peşəkar inkişafını təkmilləşdirmək üçün ilk olaraq mühüm problemlər və ehtiyaclar araşdırılıb tapılmalıdır. Müəllimlərin peşəkar inkişafı ilə əlaqəli qarşılaşdıqları çətinlikləri, ehtiyacları daha dərindən öyrənməyə kömək edəcək araşdırmalara da ehtiyac vardır. Bu əsasda Özbilgin (2016), xarici dil müəllimlərinin peşəkar inkişafla bağlı ehtiyaclarını araşdıraraq aşağıdakı təklifləri irəli sürür:

  1. Xarici dil müəllimlərinin öz inkişafları üçün elmi konfransların, beynəlxalq və yerli təhsil layihələrin iştirakçısı olması.
  2. Müəllimlər üçün uzunmüddətli seminar və praktikaların təşkilinin məqsədəuyğun hesab olunması.
  3. İxtisasartırma üçün daha praktik tədbirlərin həyata keçirilməsi.
  4. Öyrənmənin təşviqi üçün məktəblərarası əməkdaşlıq tədbirlərinin görülməsi.
  5. Peşəkar inkişaf tədbirlərinin onların tədris kontekstinə uyğunluğunun nəzərə alınması.
  6. Müəllimlər qərar qəbuletmə prosesində, tədbirlərdə fəal iştirak etmək istəyirlər. Belə olduqda, müəllimlər daha çox əməkdaşlığa, təcrübə mübadiləsinə ehtiyac və maraq duyurlar. Bu da müəllimlərin peşəkarlığını zənginləşdirir və öyrənməyə, öyrətməyə marağı artırır.
  7. Müəllimlərin başqa məktəblərlə, həmkarları ilə qarşılıqlı əlaqə şəbəkəsi formalaşdırması.

Özünütəhsil, öz biliklərini təkmilləşdirmək, pedaqoji, elmi şuralarda, seminarlarda, konfranslarda, müsabiqələrdə, layihələrdə iştirak, müasir təlim texnologiyalarını, metodlarını mənimsəmək, yeni biliklərə-bacarıqlara yiyələnmək, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, innovativ fəaliyyət, təqdimatların hazırlanması və təqdim olunmasında iştirak yuxarıda qeyd olunan fəaliyyət planının həyata keçirilməsi və reallaşdırılması yolları hesab oluna bilər. 

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, “Nobel” mükafatı laureatı Əziz Sancar Bakıda Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə 12 iyun 2017-ci ildə tələbələrlə görüş zamanı dediyi kimi: “Özünüzə yaxşı müəllim seçin. Elə bir müəllim ki, peşəsinin şərəfli olduğunu anlamaqla yanaşı, onun məsuliyyətli, çətin və mürəkkəb bir iş olduğunu qəbul etsin” (Həsənova, 2018). 

NƏTİCƏ

Müəllim pedaqoji fəaliyyət müddətində bir sıra məqamlara diqqət yetirməlidir. Onun bilməli və bacarmalı olduğu məqamları Müseyib İlyasov “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri” adlı monoqrafiyada aşağıdakı kimi qruplaşdırır:

Müəllim bilməlidir:

  • dövlətin və hökumətin məktəb, müəllim və təhsil haqqında olan rəhbər qərar və göstərişlərini;
  • yiyələndiyi elm sahəsini və öz ixtisasını;
  • uşaqların yaş və fərdi xüsusiyyətlərini;
  • pedaqogika və psixologiya elmini;
  • müasir pedaqoji texnologiyaların əsaslarını;
  • fəndaxili və fənlərarası inteqrasiyanı; – uşaq ədəbiyyatını.

Müəllim bacarmalıdır:

  • öyrədə bilməyi və düşündüklərini aydın şərh etməyi;
  • sinfi idarə etməyi;
  • uşaq şəxsiyyətinə hörmət etməyi;
  • təlimin tərbiyələndirici funksiyasından məharətlə istifadə etməyi;
  • sözdə doğruçuluğu və davranışda düzgünlüyü;
  • tərbiyə etməyi;
  • uşaqların maraq və fəallığını inkişaf etdirməyi;
  • öz peşəsini və uşaqları sevməyi. 

Müəllim yiyələnməlidir:

  • təsirli, ifadəli nitqə və yaradıcı düşüncə tərzinə;
  • ixtisasına və pedaqoji elmlərə dair nəzəri və praktik hazırlığa;
  • müasir təlim texnologiyalarına dair bilik və bacarıqlara;
  • milli və ümumbəşəri dəyərlərə;
  • pedaqoji takta və texnikaya;
  • təşkilatçılıq və digər bir sıra pedaqoji bacarıqlara (İlyasov, 2018). 

Müəllim peşəkarlığının artırılmasında və inkişafında qabaqcıl təcrübənin təhlil olunması, öyrənilməsi ilə yanaşı, şəxsi təcrübənin də
yayılması əsas amildir. Belə ki, müəllim məqalələr hazırlayıb, nəşr etdirməli, müasir informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə, internet resursları vasitəsilə peşə saytı və proqramları yaradaraq şəxsi təcrübəsini bölüşməlidir. Bunu reallaşdırmaq üçün təhsilverənlərə əlverişli şərait yaradılmalı, məsələn, distant və ya ənənəvi kurslar, təlimlər, konfranslar, seminarlar, müzakirələr, müsabiqələr, olimpiadalar, layihələr, treninqlər təşkil edilməlidir. Belə tədbirlərdə müəllimlərin iştirakı peşəkarlığın artırılmasına xidmət edir. 

İstifadə edilmiş ədəbiyyat

1 http://old.tpdc.ge/uploads/pdf_documents/Book-AZER.pdf
2 Abbasov, A.N., Hacıyev, A.X. və b. (2012). Müəllim hazırlığına yeni yanaşmalar. Bakı: Mütərcim, 324 s.
3 https://azertag.az/xeber/Bir_elm_fedaisinin_heyat_hekayesi___Aziz_Sancar-1069642

4 Armstrong, S.W., & Frith, G.H. (Eds.). (1984). Practical self-monitoring for classroom use. Springfield, IL: Charles C Thomas.
5 Avalos, B. (2011). Teacher Professional Development in Teaching and Teacher Education over Ten Years. Teaching and Teacher
Education, 27, 10-20. https://doi.org/10.1016/j.tate.2010.08.007
6 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Bakı: 2013.
7 Barrett, H. (2000). Create your own electronic portfolio. Learning 6’ Leading with Technology (27)7, 14-21.
8 Burns, & Richards, J.C. (2009). The Cambridge guide to second language teacher education. Cambridge University Press.
9 Davidson, G., Dunlop, F., Soriano, D.H., Kennedy, L., & Phillips, T. (2012). Going forward: Continuing Professional Development for English Language Teachers in the UK. British Council.
10 Day, C. (1999). Developing Teachers: The Challenges of Lifelong Learning. London: Falmer Press.
11 Əliyeva, A., Talıbova, X., Qasımov,V. (2016). Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə. Bakı: “Şahin-MB” MMC, 250 s.
12 Fullan, M. (2007). The new meaning of educational change. New York: Teachers College Press.
13 Həsənova, İ. (2018). Müəllimin peşəkarlığının artırılmasında metodiki işin rolu. Azərbaycan müəllimi. 2 noyabr. s.7.
14 İlyasov, M.İ. (2013). Müəllimin pedaqoji ustalığı. Bakı: Elm və təhsil.
15 İlyasov, M.İ. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Monoqrafiya. Bakı: Elm və təhsil, 208 s.
16 Mahmudov, M.C., Hüseynzadə, R.L., və b. (2015). Müəllim hazırlığının aktual problemləri və modernləşdirilməsi. Bakı: Mütərcim, 216 s.
17 Molçanov, S.G. (2003). Qabaqcıl təlim sistemində peşəkar səriştəsi // metodik (elmi və metodiki) iş və personalın təlim sisteminin inteqrasiyası. Chelyabinsk.
18 Müəllimlərin etik davranış qaydaları. Bakı, 2014.
19 Özbilgin, A., Erkmen, B., & Karaman, A.C. (2016). English language teacher professional development: When institutional frameworks fall short, The Inonu University Journal of the Faculty of Education, 17(1), 55-65. DOI: 10.17679/iuefd.17152899
20 Panova, N.V. (2007). Müəllimin peşəkar həyatı: monoqrafiya. SanktPeterburq: İKKSPO. 244 s.