TƏLİMDƏ PEDAQOJİ-PSİXOLOJİ TƏFƏKKÜRƏ ƏSASLANAN DEMOKRATİK ƏMƏKDAŞLIQ




Cəmiyyətin humanist prinsiplər əsasında inkişafı müasir dövrün əsas tələbatlarından biri kimi təzahür edir. Bu proses məktəblərin və
müəllimlərin fəaliyyətinin, şagirdlərlə münasibətlərinin yeni əsaslarda qurulmasını zərurətə çevirir. Azərbaycan Respublikasının müasir təhsil siyasəti bu sahədə olan yeniliklərin düşünülmüş və uyğunlaşdırılmış formada ölkəmizdə tətbiqini əsas məqsəd olaraq müəyyənləşdirir. Məlumdur ki, təlim-tədris prosesinin səmərəliliyi pedaqoqun şagirdlə ünsiyyət və əməkdaşlıq yaratmaq bacarıqlarından çox asılıdır. Bu gün təhsilin davamlı innovativ inkişafı müəllim-şagird münasibətlərində klassik pedaqogikanın tətbiqi imkanlarının zəif olduğunu göstərir. Müasir dövr yeni istiqamət olan əməkdaşlıq pedaqogikasının tətbiqini zərurətə çevirir. XX əsrin 80-ci illərindən inkişaf etməyə başlayan və hazırda daha da təkmilləşdirilərək tətbiq edilən əməkdaşlıq pedaqogikası müəllim-şagird münasibətlərinin demokratik təfəkkür əsasında qurulmasını, təhsilalanların müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsini, onların cəmiyyət üçün yararlı şəxsiyyət olaraq yetişdirilməsini ehtiva edir.

GİRİŞ

XXI əsrdə yüksək mənəvi keyfiyyətlərə və müasir biliklərə malik şəxsiyyətin formalaşdırılması təhsil sisteminin əsas vəzifələrindən biri kimi təzahür edir. Elm və texnikanın inkişafı insanlar, o cümlədən təhsilin obyekti ilə subyekti arasındakı ünsiyyətin mahiyyətinin dəyişməsinə, habelə klassik təlim formasının öz aktuallığını itirməsinə, yeni təlim metodlarının tətbiqinə səbəb olub. Bu günün təlim-tərbiyə prosesi müəllimin şagirdə pedaqoji-psixoloji yanaşmasını vacib amil olaraq qəbul edir və ilk növbədə pedaqoqun demokratik təfəkkürünün inkişafını zəruri amilə çevirir.

Təfəkkür nədir və demokratik təfəkkür nə ilə fərqlənir? Psixologiyada “təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi  olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirməsi” kimi izah edilir (Abramova, 1999). Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik əlamətlərə malikdir:

  • Təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır;
  • Təfəkkür real aləmin vasitəli inikasıdır.

Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə vəhdətdə olmasıdır. İnsan sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir. Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir (Rüstəmov, 2005).

TƏLİM PROSESİNİN MƏQSƏDİ

Təlim prosesində şagirdlərdə təfəkkür və nitqin inkişafı ən mühüm məqsəddir. Şagirdlər bu prosesdə yaşamağın ümumi obyektiv  qanunauyğunluqlarını dərk edirlər. Məktəblilərimizdə yaradıcı təfəkkürün inkişafı onlarda ictimai proseslərə obyektiv yanaşma, düzgün qiymət vermə, ibrət götürmə kimi müsbət keyfiyyətləri formalaşdırır. Təlim prosesində şagirdlərdə bilik, bacarıq və vərdişlərin formalaşdırılması müstəqil surətdə biliklərə yiyələnmək səriştələrini inkişaf etdirmək, öyrəndiyini sistemləşdirmək, təcrübədə tətbiq etməyi öyrətmək, təhsilalanlara keçmişin və müasir dövrün ictimai hadisələrinə obyektiv qiymət vermək bacarıqlarını aşılayır (Əmirov, 2011).

Pedaqoji-psixoloji təfəkkürün əsasında şagirdin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi ilə yanaşı, müəllimin şəxsiyyət və cəmiyyət qarşısındakı məsuliyyəti də dayanır. Gənc nəslin təlim və tərbiyəsi prosesinin əsasları məktəb və müəllimlə bağlıdır. Müəllimin şagirdə pedaqoji-psixoloji tələblərə uyğun yanaşması şagird şəxsiyyətinin sosiallaşmasının əsas meyarı kimi çıxış edir.

Pedaqoqun peşəkarlıq keyfiyyətləri onun psixoloji-pedaqoji fəaliyyətinin aşağıdakı əsas müddəaları ilə bağlı olmalıdır:

  • Təhsilverənlər şagird şəxsiyyətini düzgün qiymətləndirməyi bacarmalıdır;
  • Müəllim davamlı olaraq özünü təkmilləşdirməli və inkişaf etdirməlidir;
  • Müəllim şagirdə bilikləri elə ötürməlidir ki, o bu bilikləri mənimsəyə və müxtəlif şəraitlərdə onlardan istifadə edə bilsin (Ivanova, 2015).

ƏMƏKDAŞLIQ PEDAQOGİKASI

Əməkdaşlıq pedaqogikasında təfəkkürün inert (ətalətli) vəziyyətdən çıxaraq, keyfiyyətcə yeni, dinamik səviyyəyə yüksəlməsində təlim-tərbiyənin rolu böyükdür və bu, pedaqogikanın əsas məsələsidir. Bu vəzifəni yerinə yetirmək üçün pedaqoq yalnız standart metodlardan istifadə etməməli, təlim prosesini elə qurmalıdır ki, şagird dərsə maraq göstərsin. Əməkdaşlıq pedaqogikasının əsas alətlərindən biri kimi maraqlı hekayədən, açıq söhbətlərdən, sərbəst qiymətləndirmədən, yaradıcılıq uğurlarına təşviq tməkdən, öz şəxsi nümunəsindən, maraqlı insanlarla görüşlərdən, bu və ya digər məsələnin həllinin birgə axtarışlarından və s. istifadə edilə bilər. Bunun üçün pedaqoq özü, ilk növbədə kompleks düşünməyi bacarmalı, məqsədə çatmaq üçün mümkün vasitələrdən istifadə etməyə çalışmalıdır (Gorbovskaya, 1987).

Əməkdaşlıq pedaqogikasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:

  • təhsil prosesinin humanistləşdirilməsi prinsipi təhsilalanların daha səmərəli şəxsi özünüreallaşdırması, şagirdlər arasında  əməkdaşlıq və qarşılıqlı kömək üçün xüsusi şəraitin yaradılmasını ehtiva edir;
  • demokratikləşmə prinsipi kollektivdə qarşılıqlı hörmətə, müəllim və şagirdlərin hüquq və azadlıqlarına əməl edilməsinə,  agirdin özünü idarəetməsinə, şagirdlərdə demokratik iştirakçılıq təcrübəsinin yaradılmasına yönəlir;
  • şagirdlərin fərdi keyfiyyətlərinin tam nəzərə alınmasına, təlim-idraki fəaliyyətdə kollektiv və fərdi formaların məqsədyönlü  uyğunlaşdırılmasına yönələn təlim prosesində şəxsiyyətə yönəlmiş tələbləri ehtiva edir;
  • təlimin elmiliyi prinsipi şagirdlərin şəxsiyyətinin inkişafına, dünyagörüşünə, həmçinin onların idraki fəaliyyətinin xarakterinə əsaslı təsir edən elmi biliklər sisteminin formalaşdırılmasına yönəlir (Babkina, 1998).

Müasir təhsil sistemi şagirdlərə yalnız bilik vermək deyil, həm də onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini tələb edir. Müəllimin peşəkarlığının əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. Təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin:

  • biliklər daha müstəqil, sərbəst qavranılır və mənimsənilir;
  • məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalaşdırılır;
  • elmi-tədqiqat vərdişləri formalaşdırılır;
  • qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır (Abramova, 1999).

Peşəkar pedaqoqun uğurlu fəaliyyətinin, yəni savadlı, biliklərə yiyələnməyə həvəsli şagirdlərin tərbiyə olunmasının əsasında qarşılıqlı hörmət, anlaşma dayanır. Məlumdur ki, müəllim vəzifə və bilik səviyyəsinə, qərarvermə imkanlarına görə üstün mövqedədir,
lakin bu, şagirdə əmr etmək, onun fikir sərbəstliyini məhdudlaşdırmaq üçün istifadə edilməməlidir. Pedaqoji-psixoloji təfəkkür demokratik əməkdaşlığa üstünlük verir. Bu zaman əməkdaşlıq birgə fəaliyyətin əsası kimi uğurlu nəticənin – biliklərin həvəslə və fəal
şəkildə mənimsənilməsinin əldə edilməsinə gətirir, şagird – şagird, müəllim – şagird, şagird – sinif kollektivi, müəllim – sinif kollektivi arasındakı münasibətlərə təsir edir. Demokratik əməkdaşlıq bilavasitə demokratik mədəniyyətin formalaşdırılması ilə bağlıdır. Şagirdlərlə əməkdaşlıq əsasında münasibətlər qurmağa çalışan pedaqoq, ilk növbədə özündə, daha sonra şagirddə demokratik mədəniyyət formalaşdırmağa çalışmalıdır. Bunun əsasında aşağıdakı amillər dayanır:

  1. Dəyərlər – insan ləyaqətinə hörmət və insan hüquqlarına əməl edilməsi, mədəni müxtəlifliyin təşviq edilməsi, demokratiyanın, ədalətin, bərabərhüquqluluğun bərqərar olması və qanunlara əməl edilməsi;
  2. Davranış təmayülləri – başqa mədəniyyətlərə, dinlərə, dünyagörüşü və adətlərə hörmət etmək, vətəndaş özünüdərki, məsuliyyət hissi, öz dəyərliliyini hiss etmək, qeyri-müəyyənlik qarşısında dayanıqlı olmaq;
  3. Təcrübi biliklər – özünütəhsilləndirmə səriştəsi, analitik və tənqidi təfəkkür, dinləmək bacarığı, müşahidə qabiliyyəti, təəssüflənmək, çeviklik və adaptasiya, ünsiyyətcillik, başqa dillərdə danışa bilmək, əməkdaşlığa hazır olmaq, təşkilatçılıq və münaqişələri həll edə bilmək bacarıqları;
  4. Biliklər və onların tənqidi dərk edilməsi bacarığı – özünüdərk və özünə tənqidi yanaşma, ünsiyyətdə dil üslublarını bilmək və onlara tənqidi yanaşmaq, dünyanın dərk edilməsi və ona tənqidi yanaşma bacarıqları (Korotayeva, 2016).

Bu qeyd edilənlər cəmiyyətdə insanların şəxsi münasibətlərinin tənzimlənməsinə yönəlir. Əslində, bu amillər həm də müəyyən kollektivdə insanlar arasında, həmçinin məktəb mühitində münasibətlərin demokratik əsaslarda qurulmasında zəruridir. Demokratik mədəniyyətin formalaşdırılması insanlar arasında əməkdaşlığın yaradılmasının əsası kimi qəbul olunur. Bu mənada insanları əməkdaşlıq etməyə öyrətmək vacib məsələ kimi məktəbdən başlayır. Əməkdaşlıq özündə ünsiyyət qurmaq, birgə və hamının mənafeyini nəzərə alaraq, çətin vəziyyətlərdə bir-birinə kömək edərək fəaliyyət göstərə bilmək bacarıqlarını da ehtiva edir.

Əməkdaşlıq bir neçə mərhələdən keçir: qəbul etmək, başa düşməyə çalışmaq və birgə yaradıcılıq. Bir-birlərini qəbul etmə ünsiyyət qurmağa, birgə fəaliyyət göstərməyə razılıq əsasında mümkün olur. Qarşı tərəfi başa düşməyə cəhd onun imkanlarını, bacarıqlarını nəzərə almaq, ondan əlavə nələrsə gözləməmək və tələb etməmək deməkdir. Bu əsasda tərəflər arasında əməkdaşlıq və birgə yaradıcı fəaliyyət yaranır. Əməkdaşlıq birgə fəaliyyət prosesində birinin digərinə qalib gəlməsini deyil, qarşılıqlı kömək əsasında ümumi qalibiyyəti ehtiva edir. Çox zaman insanlara əməkdaşlıq etməyi öyrətmək lazım gəlir. Bu prosesin əsası məktəbdə qoyularsa, cəmiyyətdə əməkdaşlıq psixologiyasının formalaşmasına əsas ola bilər. Bu mənada tədris və təlim prosesində şagirdlərdə əməkdaşlıq təfəkkürünün inkişaf etməsi məqsədini daşıyan komanda ilə iş böyük əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, məhz əməkdaşlıq təfəkkürünə malik pedaqoq komanda ilə işləməyi bacarır, şagirdi şəxsiyyət olaraq qəbul edir, onun imkan və bacarıqlarını qiymətləndirir, onu motivasiya edir, onunla bərabər səviyyəli qarşılıqlı ünsiyyət qura bilir. Demokratik əməkdaşlıq həm də tərəflərin maraqlarının bərabər şəkildə nəzərə alınmasını ehtiva edir. Belə əməkdaşlıqda ümumi maraqlar şəxsi maraqlardan üstün tutulur. Demokratik əməkdaşlıq şagirdlərə birgə fəaliyyətdə qarşılıqlı güzəşt etmək bacarıqları aşılamaqla yanaşı, onlara sərbəst düşünmək və fikir irəli sürmək imkanları da yaradır. Bu qabiliyyətin inkişaf etdirilməsi bilavasitə pedaqoqdan asılıdır. Müasir dövrdə “şagirdlərin təlim boyu düşünmə bacarıqlarının inkişaf etdirilməsi müəllimin qarşısında duran ən mühüm məsələlərdən biri, bəlkə də birincisidir. Artıq insanın yalnız yadda saxlamaq funksiyası tələblərə cavab vermir, müasir cəmiyyət əldə edilmiş informasiyanı istehsal və istifadə edən insan tələb edir. Düşünmə vərdişləri iki hissəyə ayrılır: mikro-vərdişlər və makro-vərdişlər. Mikro-vərdişlərə tətbiq və təhlil, makro-vərdişlərə isə problemi həlletmə və qərarçıxarma aid edilir. Əgər şagird hər hansı bir problemi həll etmək üçün informasiyalardan istifadə etmək bacarığına yiyələnirsə, deməli, onda düşünmə vərdişləri formalaşmışdır” (Allahverdiyev, 2018).

Pedaqoq təlim prosesində mərhələli şəkildə şagirdin əqli imkanlarının inkişaf etdirilməsinə çalışır. Bu cür fəaliyyət dedikdə, bilavasitə alınan informasiyanın mənimsənilməsi, analiz və sintez edilərək çatdırılması nəzərdə tutulur. Əqli fəaliyyətin mərhələliyi haqqında nəzəriyyənin əsasında L.S.Vıqotskinin interiorizasiya psixoloji təlimi durur. Bu, xarici əşyavi davranışın daxili, psixi fəaliyyətə çevrilməsi, psixikanın daxili intellektual strukturunun formalaşmasını ehtiva edir. Buradan belə nəticə əldə etmək olar ki, tərbiyə və təlim interiorizasiya prosesidir. Əsas məsələ bu prosesin idarə edilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı L.S.Vıqotski, S.L.Rubinşteyn və A.N.Leontyev aşağıdakı müddəaları irəli sürmüşlər:

  • hər bir psixoloji funksiya əvvəlcə xarici, sonra isə daxili olur, yəni psixi olan hər şey dəyişir, interiorizasiya olunur;
  • psixika (təfəkkür) və fəaliyyət xüsusi vəhdət təşkil edir: psixi fəaliyyətə dönür, fəaliyyət isə psixika ilə idarə olunur;
  • daxili, psixi fəaliyyət xarici, əşyavi fəaliyyətlə eyni struktura malik olur (Abramova, 1999).

DEMOKRATİK ƏMƏKDAŞLIQ

Təlim prosesində dialoqa, yaradıcı fəaliyyətə əsaslanan interaktiv metodlardan istifadə etmək tələb olunur. Müəllim və şagirdlərin  əməkdaşlıq şəraitində qarşılıqlı əlaqəsi, fəaliyyət göstərmələri zəruri hesab edilir. Belə təlim şəraitində şagirdlər daha çox fəallıq  göstərir, təbiətdə, cəmiyyətdə baş verən hadisələri anlayır, təhlil edir, dəyərləndirir, onlara münasibət bildirir (Orucova, 2018).

Əməkdaşlıq pedaqogikasının əsas ideyaları məcburiyyətsiz təlim, seçim azadlığı, müəllim və şagirdlərin birgə fəaliyyəti, yaxın  gələcək zaman məkanında təlim, şagirdin yaradıcı imkanlarının və özünə hörmət hissinin inkişaf etdirilməsi ilə bağlıdır. Bu pedaqogika təlim-təhsil prosesində müəllimi və şagirdi bərabərhüquqlu tərəflər kimi qəbul edir. Bu zaman pedaqoqlar təcrübəli məsləhətçilər və yol göstərənlər qismində çıxış edirlər, şagirdlər isə zəruri bilik və təcrübələrin əldə edilməsi, şəxsi həyat mövqeyinin formalaşdırılması ilə bağlı sərbəstlik əldə edirlər (Gorbovskaya, 1987).

Təlim prosesində demokratik münasibətlərin qurulması dedikdə, aşağıdakılar nəzərdə tutulur: 

  • müəllim və şagirdin hüquq bərabərliyi;
  • şagirdin azad seçim edə bilmək hüququ;
  • səhv etmək hüququ;
  • şəxsi fikrə malik olmaq hüququ;
  • uşaq hüquqları ilə bağlı Bəyannaməyə əməl edilməsi.

Müəllim – şagird münasibətlərinin demokratik əməkdaşlıq əsasında qurulması aşağıdakıları ehtiva edir:

  • qadağan etməmək, yönəltmək;
  • idarə etməmək, əməkdaşlıq etmək;
  • məcbur etməmək, inandırmaq;
  • əmr etməmək, təşkil etmək;
  • məhdudlaşdırmamaq, seçim azadlığı təqdim etmək (Pedagogika i psikhologiya igry, 1985).

Şagirdlə demokratik əməkdaşlıq yarada bilən müəllimin qoyduğu tələblər daha məqsədəuyğun və anlaşıqlı olur. Məhz demokratik əməkdaşlıq prosesində müəllim şagirdlə səmimi münasibətlər qura və uğurlu nəticələr əldə edə bilər. 

Təlimdə demokratik əməkdaşlığa nail olunması dərs prosesində qrupla işin təşkilini zəruri edir. O.S.Qrebenyuka görə, qeyri-standart dərslər keçirən müəllim şagirdin həyatını rəngarəng etmək, idraki ünsiyyətə, dərsə, məktəbə maraq oyatmaq istəyir, şagirdin  intellektual, motivasiyalı, emosional və digər tələbatlarını inkişaf etdirməyə çalışır (Qrebenyuk, 1996). Bununla yanaşı, bütün dərs saatlarını eyni formada qurmaq düzgün olmaz. Dərs – gündəlik zəhmətdir, qeyri-ənənəvi tədris metodları şən ruhda, əyləncə xarakterli, həvəsləndirici mahiyyətlidir. Müəllim belə dərsləri təlim prosesi sisteminə daxil edərkən təfəkkürün inkişafında onların rolunu və yerini müəyyənləşdirir.

O.S.Qrebenyuk yeni tədris metodlarını aşağıdakı kimi sistemləşdirməyə cəhd edir:

  1. Yarış və oyun formalı dərslər: konkurs, turnir, estafet, duel, şən və hazırcavablar klubu, işgüzar oyun, rollu oyun, krossvord, viktorina.
  2. İctimai praktikada məlum olan forma, janr və metodlara əsaslanan dərslər: araşdırma, ilk mənbələrin, şərhlərin, müsahibə, reportaj və rəylərin təhlili.
  3. İctimai ünsiyyət formalarını xatırladan dərslər: press-konfrans, auksion, benefis, mitinq, reqlamentli diskussiya, icmal, televiziya proqramı, telekörpü, dialoq, şifahi jurnal.
  4. Fantaziya dərsləri: nağıl-dərs, sürpriz-dərs, XXI əsr dərsi və s.
  5. Müəssisə və təşkilatların fəaliyyətini yamsılayan dərs: məhkəmə, təhqiqat, tribunal, elmi şura və s. (Qrebenyuk, 1996).

Şagirdlərdə motivasiyanı gücləndirmək məqsədilə bu metodlardan istifadə olunması təqdirəlayiqdir və əməkdaşlıq mədəniyyətinin aşılanması baxımından daha səmərəli nəticələr əldə edilməsinə şərait yarada bilər. Bu təlim formalarının üstün tərəfləri çoxdur: şagirdləri sosial cəhətdən inkişaf etdirir, təşkil edilən kooperativlər (qruplar) şagirdlərin sosial formalaşmasında mühüm rol oynayır. Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış qaydaları ilə tənzimlənir. Belə qaydalar  şagirdlərin əxlaqi-mənəvi cəhətdən formalaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakılar üzərində qurulur:

  • qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək;
  • qrup liderini seçmək;
  • qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək;
  • hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;
  • problemin həlli üçün birgə yollar axtarmaq;
  • qrup işində fəallıq göstərmək;
  • artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ətrafında müzakirələrdə iştirak etmək;
  • söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;
  • digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək (İbrahimov, Hüseynzadə, 2012).

Bu metodu tətbiq edərkən hər bir qrup üzvünə mövzu ilə bağlı məlumatlar toplamaq, mövzuya tənqidi münasibət bildirmək həvalə olunur. Bu zaman şagirdlər həm mövzu ilə bağlı birgə, həm də ayrı-ayrılıqda məlumat toplamaqla qrupun qarşısında qoyulan vəzifəni yerinə yetirə bilərlər. Bu prosesdə müəllim onlara hansı ədəbiyyatlardan istifadə etməyi də tövsiyə edə bilər. Beləliklə, müəllim şagirdlər arasında yarana biləcək fikir ayrılıqları və mübahisələrin qarşısını almağa çalışır, onlara fərdin deyil, ümumi qrupun  mənafeyi naminə birgə çalışmaq, bir-birinin fikrinə hörmətlə yanaşmaq hissləri aşılayır. Bu prosesdə onun özü də şagirdlərə münasibətdə ayrı-seçkiliyə yol verməməli, qavrama və dərketmə imkanlarından asılı olmayaraq hər bir şagirdin ümumi mənafe üçün çalışmasını motivasiya etməli, qrup rəhbəri deyil,  yönləndirici rolunu yerinə yetirməlidir. 

NƏTİCƏ

Əməkdaşlıq pedaqogikası müəllim, valideyn və şagird münasibətlərinin qarşılıqlı anlaşma, inam, hörmət və güzəşt əsasında  qurulmasını ehtiva edir. Bu prosesdə öyrədənlə öyrənən arasındakı əməkdaşlıq münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Məktəbdə şagirdin şüurlu inkişafı dövründə aşılanan əməkdaşlıq mədəniyyəti onun cəmiyyətə asanlıqla adaptasiyasına, insanlarla uğurlu münasibətlər qurmasına, dağıdıcı deyil, qurucu-konstruktiv əlaqələr yarada bilməsinə əsas ola bilər.

İstifadə edilmiş ədəbiyyat

1 Abramova, G.S. (1999). Vozrastnaya psikhologiya. Uchebnik dlya studentov vysshikh uchebnykh zavedeniy. Yekaterinburg. 672 s.

2 Allahverdiyev, Ə. (2018). Azərbaycan tarixi fənninin tədrisində blum taksonomiyasının tətbiqinin şagirdlərdə bacarıq və vərdişlərin
formalaşmasında rolu və əhəmiyyəti. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, Cild 85, № 1, s.95-99.

3 Babkina, N.V. (1998). Ispolzovaniye razvivayushchikh igr i uprazhneniy v uchebnom protsesse // Naçalnaya şkola, 1998, № 4, s.75-84.

4 Əmirov, M.M. (2011). Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası. Bakı. 707 s.

5 Furmanov, I.A., Aladʹin, A.A., Amelishko, Y.M. (2000). Psikhologiya obshcheniya v uchebnopedagogicheskom protsesse. Metodicheskoye posobiye dlya uchiteley. Minsk: Tekhnologiya. 100 s.

6 Gorbovskaya, O.I. (1987). Problemnoye obucheniye na urokakh istorii. Saratov: Izd. Saratovskiy universitet. 191 s. 

7 Qrebenyuk, O.S. (1996). Obshaya pedaqogika. Kalininqrad. 252s. 

8 İbrahimov, F., Hüseynzadə, R. (2012). Pedaqogika: 2 cilddə. I cild. Bakı: Mütərcim. 548s.

9 Ivanova, M.A. (2015). Ponyatiye “obʺyekt obucheniya” v subʺyektno-predmetnoy modeli obrazovaniya. Pedagogika. Psikhologiya.
Sotsialʹnaya rabota. Yuvenologiya. Sotsiokinetika, № 47, s.23-31. 

10 Korotayeva, Y.V. (2016). Organizatsiya vzaimodeystviya v obrazovatelʹnom protsesse shkoly. Moskva: Natsionalʹnyy knizhnyy tsentr, IF “Sentyabrʹ”, 223 s. 

11 Oberman, V.Y. (1996). Spravochnyye konspekty i skhemy k urokam istorii // Prepodavaniye istorii v shkole. № 3. s.154-163. 

12 Orucova, L. (2018). Tarix dərslərində məntiqi təfəkkürün inkişaf etdirilməsi yolları. Azərbaycan Respublikasının Təhsil İnstitutunun
Elmi əsərləri, Cild 85, № 6. s.159-163.

13 Pedagogika i psikhologiya igry. Mezhvuzovskiy sbornik nauchnykh trudov. Novosibirsk: NGPI, 1985. 234 s.

14 Rüstəmov, F. (2005). Ən yeni dövrün pedaqogika tarixi (XX əsr – XXI əsrin əvvəlləri). Bakı: Nurlan.116 s.