“BİLİK İLLÜZİYASI” NƏDİR?




Belə bir halı siz də müşahidə etmisinizmi? Bir məqalə oxumusunuz, maraqlı bir mühazirəyə qulaq asmısınız və hər şey son dərəcə aydın görünür. Mövzu “oturdu”, anlayışlar yerinə düşdü, hətta öz-özünüzə “bunu artıq bilirəm” deyə düşünürsünüz. Amma bir-iki gün keçir. Kimsə sizdən həmin mövzunu izah etməyi xahiş edəndə çaşqınlıq yaranır: beyninizdə yalnız qırıq-qırıq cümlələr, yarımçıq anlayışlar və qeyri-müəyyən bir “sanki bunu haradasa eşitmişəm” hissi qalır. Psixologiyada bu fenomen bilik illüziyası (ing. illusion of knowledge və ya daha dəqiq desək, illusion of explanatory depth) adlanır.

Bu hiss, əslində, müasir insanın öyrənmə tərzinin gizli zəifliyini üzə çıxarır. Sürətli informasiya axını şəraitində bilmək və bildiyini sanmaq arasındakı sərhəd getdikcə daha da bulanıqlaşır.

Bilik illüziyası anlayışı

“Bilik illüziyası” terminini elmi ədəbiyyatda ilk dəfə geniş şəkildə 2002-ci ildə amerikalı psixoloqlar Leonid Rozenblit və Frank Keil işlədib. Onlar apardıqları məşhur tədqiqatda göstəriblər ki, insanlar bir çox gündəlik mexanizmləri (məsələn, velosipedin necə işlədiyini, tualet çəninin mexanizmini və ya zəncirbəndin quruluşunu) bildiklərini zənn edirlər. Lakin həmin insanlardan bu mexanizmləri ətraflı izah etmələri xahiş edildikdə, öz biliklərini kəskin şəkildə şişirtdiklərini anlayırlar (Rozenblit & Keil, 2002).

Yəni insanın beynində “mən bunu bilirəm” hissi ilə real bilik səviyyəsi arasında ciddi uçurum yarana bilir. Bu uçurum isə məhz bilik illüziyasıdır.

Niyə biz bildiyimizi sanırıq?

Bilik illüziyası təsadüfi deyil və insan beyninin işləmə mexanizmləri ilə sıx bağlıdır. Bunun bir neçə əsas səbəbi var:

  1. Tanışlıq anlayışla səhv salınır.

Psixoloqlar bunu “tanışlıq effekti” adlandırırlar. Mövzu bizə tanış görünəndə onu dərindən bildiyimizi zənn edirik. Halbuki tanış olmaq hələ bilmək demək deyil. Daniel Kahneman bu prosesi “idrak asanlığı” (cognitive ease) anlayışı ilə izah edir: beyin tanış informasiyanı daha rahat emal etdiyinə görə onu avtomatik olaraq “doğru və məlum” kimi qəbul edir.

  1. Passiv öyrənmə yanlış inam yaradır.

Oxumaq, dinləmək, videoya baxmaq passiv öyrənmə formalarıdır. Bu zaman məlumat bizə hazır şəkildə təqdim olunur və beynimiz sanki işi görmüş kimi hiss edir. Halbuki real öyrənmə yalnız aktiv fəaliyyət - izah etmək, yazmaq, suallara cavab vermək zamanı baş verir. Robert Bjork bu fərqi “öyrənmək ilə fəaliyyətin qarışdırılması” kimi izah edir.

  1. Beynin “boşluqları doldurmaq” vərdişi

İnsan beyni natamam informasiyanı belə bütöv hekayə kimi qavramağa meyillidir. Biz bilmədiyimiz detalları özümüz də bilmədən təxminlərlə doldururuq. Bu isə bizdə mövzunu tam bildiyimiz təəssüratını yaradır.

Bilik illüziyası ilə əlaqəli digər psixoloji effektlər də mövcuddur. Bu effekt təkbaşına mövcud deyil, bir sıra digər idrak səhvləri ilə sıx bağlıdır.

Dunning–Kruger effekti

Bu effektə görə, bilik və bacarığı az olan insanlar özlərini olduğundan daha bilikli hesab edirlər. Çünki bilik çatışmazlığı onlara həmin çatışmazlığı dərk etməyə imkan vermir. Bilik illüziyası bu effektin gündəlik öyrənmə səviyyəsində təzahürüdür.

Metabiliyin zəifliyi

İnsanın metabilik (metakoqnitiv) bacarığı zəif olduqda, yəni öz bilik səviyyəsini adekvat qiymətləndirə bilmədikdə, bilik illüziyası daha güclü şəkildə formalaşır. Şagird və tələbələr arasında “oxudum, deməli bilirəm” düşüncəsi məhz buradan qaynaqlanır.

Bilik illüziyası, xüsusilə təhsil sahəsində ciddi problemlər yaradır. Şagird mövzunu oxuyur, müəllimi dinləyir və özünü hazır hesab edir. Amma imtahan zamanı suallar bir az fərqli formada veriləndə məlum olur ki, anlayış dərinliyi yoxdur. Bu, yalnız bilik yox, öyrənmə strategiyasının yanlış seçilməsi problemidir.

Eyni hal peşə həyatında da müşahidə olunur. İnsanlar müəyyən mövzular barədə səthi məlumatlara sahib olduqları halda, özlərini ekspert kimi hiss edə bilirlər. Bu isə yanlış qərarlara, qeyri-dəqiq analizlərə və bəzən təhlükəli nəticələrə səbəb olur.

Bilik illüziyasını necə aşmaq olar?

Psixoloji tədqiqatlar bu illüziyanı azaltmaq üçün bir neçə effektiv üsul təklif edir:

  1. İzah etməyə çalışın.

Richard Feynman sayəsində məşhurlaşdırılan “Feynman texnikası”na görə, hər hansı mövzunu sadə dildə başqasına izah edə bilmirsinizsə, deməli onu hələ bilmirsiniz. İzah prosesi bilik boşluqlarını dərhal üzə çıxarır.

  1. Aktiv xatırlama tətbiq edin.

Mətnə baxmadan mövzunu xatırlamağa çalışmaq (retrieval practice) bilik illüziyasını azaldır və real öyrənməni gücləndirir.

  1. Özünüzə suallar verin.

“Mən bunu niyə belə düşünürəm?”, “Bu nəticəyə necə gəldim?”, “Əks arqument nə ola bilər?” kimi suallar biliyin dərinliyini yoxlamağa kömək edir.

  1. Çətinlikdən qorxmayın.

Bjork-un “arzuolunan çətinliklər” (desirable difficulties) anlayışına görə, öyrənmə prosesi bir az çətin və narahat olduqda daha qalıcı olur. Asanlıq hissi çox vaxt bilik illüziyasının əlamətidir.

Bilik illüziyası insanın zəifliyi deyil, beynin təbii işləmə xüsusiyyətidir. Problem ondadır ki, biz bu illüziyanın fərqinə varmadan qərarlar qəbul edir, öyrəndiyimizi zənn edir və inkişaf etdiyimizi düşünürük. Halbuki real bilik özünü rahatlıqda deyil, izah edə bilməkdə, tətbiqdə və sual qarşısında dayanmaqda göstərir. Bu illüziyanı tanımaq və onunla mübarizə aparmaq daha dərin öyrənmənin, sağlam düşüncənin və intellektual təvazökarlığın əsas şərtidir.

Bu səbəbdən bilik yalnız yadda saxlanan məlumat deyil, düşünülən, sorğulanan və başqasına ötürülə bilən anlayışdır. Əks halda, biz beynimizdə öyrəndiyimizi deyil, sadəcə öyrəndiyimizi zənn etdiyimizi daşıyırıq.

Zemfira Məmmədqızı