OYUNCAQ AZ OLANDA YARADICILIQ ÇOXALIR
Oyuncaq sadəcə zaman keçirmək üçün vasitə deyil, uşaqların dünyanı dərk etmək, özünüifadə və sosiallaşma alətidir. Xüsusilə məktəbəqədər və kiçik məktəbli yaş dövrlərində oyuncaq uşağın fiziki, əqli və şəxsi inkişafında mühüm rol oynayır – o, həm real həyatın simulyasiyası, həm də uşaq təxəyyülünün canlı təzahürüdür.
Pedaqoqların yanaşmasına görə, yaxşı seçilən oyuncaq uşaqda təkcə motor bacarıqlarını deyil, həm də emosional zənginliyi, nitq qabiliyyətini, estetik duyumu və sosial davranışları formalaşdırır. Bu səbəbdən oyuncaqlar tərbiyəçi və valideynlər tərəfindən təkcə əyləncə predmeti deyil, həm də pedaqoji və psixoloji məqsədlər üçün istifadə edilən güclü alətdir.
Valideynlər və ya ailə üzvləri oyuncağı çox vaxt hədiyyə kimi, uşağı sevindirmək, onu sakitləşdirmək və ya məşğul etmək üçün alırlar. Halbuki oyuncaqların uşaqların həyatındakı rolu və yeri daha əhəmiyyətlidir.
Pedaqoqların fikrincə, oyuncaq alarkən ilk növbədə uşağın yaşı, maraqları və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. 0-3 yaşlılar üçün təhlükəsiz, böyük ölçülü, rəngarəng, səsli və sadə formalı, 4-6 yaş qrupu üçün isə daha yaradıcı və rollu oyunlara uyğun vasitələr seçilməlidir.
Oyuncaqların əsas məqsədi yalnız müxtəlif oyun növlərinin inkişafına deyil, həm də uşaqların fərdi ehtiyac və maraqlarının ödənilməsinə, onların kollektiv oyunlara təşviq olunmasına xidmət etməkdir. Bu halda oyuncaqlar böyüməkdə olan uşağın fiziki, əqli, əxlaqi və estetik tərbiyəsinə kömək edəcək.
3-4 yaşlarında uşaqların motor inkişafı artdıqca onlar sürüşməkdən, velosiped sürməkdən, dırmaşmaqdan həzz alırlar. Bu dövrdə pedallı avtomobil, üçtəkərli velosiped, yük vaqonu və yelləncək dəsti ən uyğun oyun vasitələri sayılır.
4-6 yaş arası uşaqlar stolüstü fəaliyyətlərə də çox meyil edirlər. Onlar rəsm çəkməyi, kağız kəsməyi, yapışdırmağı, müxtəlif formalı fiqurlar düzəltməyi sevirlər. Bu dövrdə uşaqların qavrayışı, yadda saxlaması, hissələri ayırıb birləşdirməsi, səhv etmək, düzəltmək, yeni həll yolları tapmaq bacarıqları da inkişaf edir. Odur ki, rəngli karandaşlar, kağızlar, boyalar, fırçalar, yapışqan, qayçı, dominolar, kiçik yazı lövhələri bu yaşlarda olan uşaqlar üçün geniş yayılmış oyuncaqlardır.
Xəyali oyunlar 6 yaşında pik həddə olduğundan bu dövrə uyğun gəlinciklər, ev, həkim, təmizlik, mətbəx, heyvan dəstləri, dülgərlik və bağ alətləri uşaqların ən çox seçdikləri oyuncaqlardır.
Uşaqlarda koordinasiya bacarığı bu mərhələdə daha yaxşı formalaşdığından onlarda çeviklik, güc və məşq tələb edən oyunlara da ehtiyac və maraq artır. Odur ki, topla oynamaq, iplə tullanmaq, dırmaşmaq, üzmək kimi fiziki hərəkətlərdən, açıq hava oyunlarından istifadə etmək üçün ona imkan yaradılmalıdır. Bu oyunlarda ip, top, kəndirdən hazırlanmış nərdivan, xizək və konki kimi alətlərə üstünlük verilə bilər.
Alimlər uşaqlarda koqnitiv inkişafa təsir edən oyuncaqlar olaraq pazllar, bloklar, qurma dəstləri kimi struktura əsaslanan oyuncaqları almağı tövsiyə edirlər. Bu oyuncaqlar onlarda düşünmək, analiz, məntiq və yaradıcılıq bacarıqlarını inkişaf etdirir.
Bu yaş dövrünün başqa bir maraqlı elementi teatrla bağlı oyuncaqlardır. Bura səhnələşdirilmiş oyunlar və tamaşaların təşkili üçün lazım olan atributlar daxildir. Eynək, mikrofon, maska, kostyum və onların detalları unudulmamalıdır.
Rollu oyunlar üçün istifadə olunan oyuncaqlar (kuklalar, heyvan fiqurları, oyuncaq evlər və s.) uşağın sosial rolları və münasibətləri anlamasına, empatiya qurmasına kömək edir.
Yumşaq və sevimli bir heyvan obrazlı oyuncaq uşağın özünü təhlükəsizlikdə hiss etməsinə yardım edir, qorxu və stressi azaltmaq üçün “emosional körpü” rolunu oynayır.
Tədqiqatlarda göstərilir ki, oyuncaqlar uşaqlığın hər bir dövrü üçün nəzərdə tutulmalı, funksionallıq baxımından uşağın artıq əldə etdiyi inkişaf səviyyəsini bir qədər qabaqlamalı və uşağı növbəti inkişaf mərhələsinə aparmalıdır.
Bədii və təsviri üstünlüklərinə baxmayaraq, valideyn və ya tərbiyəçinin fəal iştirakı olmadan oyuncaq təkbaşına məktəbəqədər yaşlı uşağın tərbiyəsinə kifayət qədər təsir edə bilməz. Həm valideyn, həm də tərbiyəçi uşağı oyuncaqla tanış etmək üçün müxtəlif metodikalardan istifadə etməlidir. Onlar azyaşlıya obrazlı oyuncaq (insanı, heyvanı təsvir edən) təqdim edərkən ona müsbət münasibət göstərməli və uşaqda da belə münasibət formalaşdırmağa çalışmalıdırlar. Söhbət süjetli-motorik oyuncaqlardan gedirsə, bu zaman onların nə üçün lazım olduğunu, necə istifadə olunacağını izah etmək vacibdir. Uşaqları oyuncaqların mexanizmləri və kövrəkliyi haqqında xəbərdar etmək, onlarla necə davranmaq lazım olduğunu da göstərmək gərəkdir. Oyuncaqlar vasitəsilə aparılan tərbiyə uşaqlarda əşyalarla davranış üsullarını və onların təyinatı haqqında bilikləri də formalaşdırır.
Uşaqlara alınmalı olan əyləncə və öyrədici funksiyalı əşyalardan biri də şəkilli kitablardır. ABŞ-nin Santa Kruz (Kaliforniya) Universitetində aparılan tədqiqat göstərib ki, şəkilli kitablar azyaşlıların lüğət ehtiyatının zənginliyinə gündəlik ünsiyyətdən daha çox təsir edir.
Mütəxəssislərin tövsiyələrindən biri də uşaqlara çox sayda oyuncaq almamaqdır. ABŞ-nin Ohayo ştatında yerləşən Toledo Universitetinin alimləri sübut ediblər ki, az sayda oyuncağa malik olan uşaqların daha yaradıcı və çoxşaxəli şəxsiyyət kimi formalaşmaq şansları artır. Universitet tədqiqatçıları bununla bağlı eksperiment aparıblar: 1,5 yaşdan 2,5 yaşa qədər olan 36 uşaq iki qrupa bölünüb – birinci qrup dörd ədəd oyuncaq olan, ikinci qrup isə 16 ədəd oyuncaq olan otağa yerləşdirilib. Nəticədə birinci qrupa daxil olanların daha fəal, yaradıcı və sakit şəkildə oynadığı təsdiqlənib.
Sonda onu vurğulamaq lazımdır ki, oyuncaqlar uşağın inkişaf prosesində onun dostu, sirdaşı, müəllimi və bələdçisi ola bilər. Doğru seçilməyən və düzgün təqdim olunmayan oyuncaq isə ona zərər verə bilər.
Zemfira Məmmədqızı