EMPATİYA DƏRSLƏRİ

Empatiya - yəni başqa insanların duyğu və düşüncələrinə hörmətlə yanaşmaq, onları anlamağa çalışmaq - müasir dövrdə həm psixoloji, həm də sosial baxımdan çox vacib bir bacarıq hesab edilir. Sürətlə dəyişən dünyada insanlar arasında əlaqələr çoxşaxəlidir və qarşılıqlı anlaşmaq, qərar vermək, əməkdaşlıq etmək qabiliyyəti əvvəlkindən daha çox tələb olunur. Bu baxımdan empatiyanın uşaq və gənc yaşdan sistemli şəkildə öyrədilməsi ideyası dünyada müxtəlif təhsil sistemlərində müzakirə olunur.
Danimarka isə empatiya dərslərini məktəb proqramına daxil etməklə bu ideyanı uzun illərdir təcrübədə həyata keçirir. Bu konsepsiya daha çox “Klassens tid” (sinif vaxtı) adı ilə tanınır və 6 yaşdan 16 yaşadək bütün şagirdlər üçün həftədə bir saat tətbiq olunur.
Empatiya dərsləri Danimarka məktəblərinin proqramına 1993-cü ildən daxil edilib. “Klassens tid” rəsmi fənn, yəni riyaziyyat, dil və ya təbiət elmləri kimi fənn kateqoriyasına daxil edilməsə də, məktəb proqramında yer alır və icrası məcburidir. Bu dərs Danimarkanın təhsil sistemində “şagirdin rifahı” konsepsiyasını ön plana qoyur. Dərsin əsas məqsədləri aşağıdakı kimi qruplaşdırılıb:
- Emosional bacarıqların inkişafı
Uşaqlar duyğularını müəyyənləşdirməyi, ifadə və idarə etməyi, başqalarının hisslərini anlamağı öyrənirlər.
- Sinif icmasının gücləndirilməsi
“Klassens tid” zamanı sinifdə yaranan sosial ayrı-seçkiliklər müzakirə olunur, uşaqlar arasında qarşılıqlı anlaşma və dəstək ruhu formalaşdırılır.
- Mobbinq və zorakılığın qarşısının alınması
Uşaqlar arasında hörmət, açıqlıq və həssaslıq təşviq edilir ki, kobud davranışlara və zorakılığa yer qalmasın.
- Əməkdaşlıq və özünüinkişaf
Məqsəd rəqabət mədəniyyətini aradan qaldırmaq, “özünlə yarış” modelini önə çəkməkdir. Uşaqlara demək istəyirlər ki, ən böyük rəqibiniz öz keçmiş halınız olsun.
- Sinif daxilində açıq dialoq və dinləmə mədəniyyəti
Hər bir şagirdin fikri eşidilməli, şərtlər müzakirə edilməli, kompromis yolları axtarılmalıdır.
Bu mövzuda araşdırma aparan “Education Week” portalı qeyd edir ki, empatiya dərsi bəzən “sinif terapiyası” kimi də işlədilir: problemlər açıq müzakirə edilir, müəllim moderator rolunda çıxış edir.
Dərs zamanı müxtəlif metodlardan istifadə edilir:
- Müzakirələrdə şagirdlər ətrafda oturur, duyğularını, sinif daxilindəki problemləri və təklifləri sərbəst danışırlar. Müəllim moderatorluq edir.
- Hekayə və rollu oyunlarda konkret vəziyyətlər üzərində “başqasının yerinə qoyulma” bacarığı artırılır.
- Uşaqlara duyğuların təsvir olunduğu vizual kartlar verilir, onların özlərinin və başqalarının necə hiss edə biləcəyi müzakirə edilir. Bu üsul həm ibtidai, həm də yuxarı siniflərdə istifadə edilir.
- “Hygge” zamanı - bəzən sinifdə heç bir konkret problem olmayanda uşaqlar sadəcə birlikdə oturur, söhbət edir, dincəlirlər. Danimarkada mehribanlıq, yaxınlıq mənasında işlədilən “hygge”, əsasən, rahat sosial mühit üçün istifadə edilir.
- “Klassens tid cake (sinif tortu) - bəzi siniflər bu zaman birlikdə kiçik şirniyyatlar bişirir, paylaşır; bu, sosial və emosional bağlılığı gücləndirir.
- “Köməkçi qrupu” metodunda bilik və bacarıqları müxtəlif olan şagirdlər birlikdə işləyir, biri digərinə dəstək verir. Bu, həm akademik əməkdaşlığı, həm də empatiya bacarığını gücləndirir.

Empatiya dərslərində müəllim həm iştirakçı, həm də moderator rolunu daşıyır. O hər bir uşağın fikrini dinləməli, dialoqu yönləndirməli, müdaxilə edərkən neytral qalmalıdır. ResearchGate-də dərc olunan məqalədə bu prosesə qoşulan müəllimlərdən öz emosional bacarıqlarını artırmaq, planlaşdırma, metodik qaynaqlardan səmərəli istifadə tələb olunur.
Bu mövzunu araşdıran tədqiqatçıların Education Week-dəki məqalələrində empatiya dərslərinin Danimarkada da müsbət təsirlərini qeyd ediblər:
- Zorakılığın və qısnamanın azalması
Empatiya və sosial-emosional bacarıqların möhkəmləndirilməsi məktəbdə zorakılığın qarşısını almağa kömək edir.
- Akademik və sosial göstəricilərdə yüksəliş
Bəzi təhlillər göstərir ki, empatiya bacarıqları güclü olan uşaqlar daha yaxşı sosial münasibətlər qurur, sinifdə əməkdaşlığa daha meyilli olurlar və bu, akademik nəticələrə müsbət təsir edir.
- Rahat və mehriban sinif mühiti
“Klassens tid” vasitəsilə şagirdlər öz problemlərini açıq ifadə edə bilir, daha rahat, etibarlı sinif mühiti yaranır.
- Emosional rifahın güclənməsi
Empatiya dərsləri uşaqların öz duyğularını tanımasına, onları idarə etməsinə və psixoloji rifahlarının artmasına kömək edir.
- Cəmiyyətdə empatiya mədəniyyətinin formalaşması
Uzun müddətli tətbiqdən sonra görünür ki, bu dərs vasitəsilə insanlar arasında qarşılıqlı anlayışın artması, sosial əlaqələrin möhkəmlənməsi mümkündür. Bu, Danimarkanın ümumi “xoşbəxt ölkə” imicinə də müsbət təsir göstərir.
“Klassens tid” konsepsiyası Danimarkanın unikal modeli olsa da, digər ölkələr də təhsil sistemlərinə sosial-emosional öyrənmə (Social-Emotional Learning, SEL) proqramlarını daxil etməyə çalışırlar. Müxtəlif ölkələrdə bu yanaşmalar fərqli formalarda - modul dərslər, klub fəaliyyətləri, inteqrativ metodologiyalar - həyata keçirilir.
Məsələn, ABŞ, Kanada və Böyük Britaniyada SEL proqramları məktəblərdə, dərsdənkənar fəaliyyətlər çərçivəsində geniş tətbiq olunur. Lakin bu proqramların “mükəmməl model”i yoxdur və Danimarkanın təcrübəsi digər ölkələr üçün faydalı nümunə ola bilər.
Empatiya sistemli şəkildə artırıla bilən və inkişaf etdirilə bilən bacarıqdır. Danimarkanın təcrübəsi bunun bariz nümunəsidir.
Bu yanaşmanın əlbəttə ki, çətinlikləri və məhdudiyyətləri də var: ölçmə problemləri, müəllim dəstəyi, motivasiya və digər sosial-mədəni faktorlar. Lakin empatiyanın məktəb mühitində öyrədilməsi ideyası çox perspektivlidir və dünyadakı təhsil sistemləri üçün ilhamverici ola bilər.

