EV TAPŞIRIĞI SİNİFDƏ HƏLL EDİLİR




Orta və ali məktəblərdə getdikcə populyarlaşan pedaqoji yanaşmalardan biri də “çevrilmiş öyrənmə” (“Flipped Learning”) metodudur. Çevrilmiş sinif modelində təhsilalanlar dərsdən əvvəl rəqəmsal və ya onlayn mühazirələri izləyir, sinifdə isə aktiv öyrənmə fəaliyyətlərinə – müzakirələrə, təqdimatlara, layihələrə, problem həllinə, hesablamalara və qrup fəaliyyətlərinə cəlb olunurlar. Başqa sözlə, bu strategiya ənənəvi dərs modelini “tərsinə çevirir”. Əvvəllər sinifdə mühazirə və nümunə məsələlərinə vaxt ayrılır, ev tapşırıqlarının həlli üzərində müzakirələr aparılırdı. Çevrilmiş öyrənmədə isə dərs əvvəlcədən öyrənilir və öyrənənlər bu bilikləri sinifdə tətbiq edirlər. Müəllimlər ənənəvi dərs modellərində olduğu kimi mühazirə oxumaq əvəzinə, daha çox müəllim-şagird, müəllim-tələbə qarşılıqlı əlaqəsinə diqqət ayırırlar. Təhsilalanlara dərsləri əvvəlcədən oxumaq və məsələlər üzərində işləmək tapşırılır. Bu tədris üsulu zamanı qrup müzakirələrinə və tənqidi düşüncənin inkişafına daha çox vaxt ayrılır. Təhsilalanlar mövzunu əvvəlcədən, adətən, müəllim və ya digər mütəxəssislər tərəfindən hazırlanmış video-dərslər vasitəsilə müstəqil şəkildə öyrənirlər. Sinifdə isə əldə etdikləri biliklərin tətbiqi ilə problemləri həll edir və praktik tapşırıqları yerinə yetirirlər. Müəllimlər təhsilalanlara dərsi başdan-ayağa izah etmək əvəzinə, çətinlik çəkdikləri məqamlarda dəstək olurlar. Bundan əlavə, zəif nəticə göstərən şagird və tələbələr üçün fərdi dərslər də keçirilə bilər.

Müəllimlər çevrilmiş təlimin üstünlüklərini ənənəvi sinif mühazirələri ilə birləşdirərək EduCanon (İnteraktiv video dərslər yaratmaq üçün istifadə olunan platformadır. Müəllimlər bu alətdən istifadə edərək videolar, suallar, izahlar və digər interaktiv elementlər əlavə edə bilərlər.) kimi alətlərdən istifadə edirlər.

2012-ci ildən bəri çevrilmiş öyrənmənin effektivliyi ilə bağlı aparılan elmi araşdırmaların sayı artıb. Lakin bu tədqiqatlar fərqli kontekstlərdə aparıldığı və müxtəlif fənlər üzrə yayımlandığı üçün çevrilmiş siniflərin ənənəvi siniflərdən nə dərəcədə üstün olub-olmadığını dəqiq müəyyənləşdirmək çətindir. Təhsilalanlar yeni məzmunu onlayn olaraq, adətən, evdə video-mühazirələrə baxaraq öyrənirlər. Əvvəllər ev tapşırığı kimi verilən məsələlər indi sinifdə yerinə yetirilir. Bu zaman müəllimlər təhsilalanlara daha fərdi yanaşma və interaktiv dəstək göstərirlər. Həm də “əks sinif”, “çevrilmiş sinif”, “tərsinə tədris” metodu kimi tanınan bu model müəllimin vaxt bölgüsünü də dəyişir. Ənənəvi tədrisdə müəllim, əsasən, sual verənlərlə işləyir, əslində isə sual verməyənlər daha çox dəstəyə ehtiyac duyurlar.

Çevrilmiş model müəllimi “səhnədəki müdrik”dən “öyrənənin yanındakı bələdçi”yə çevirir. Beləliklə, müəllimlər dərs müddətində təhsilalanlarla fərdi və ya qrup şəklində işləyə bilirlər. Bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, müəllimlər sinifdə daha çox köməyə ehtiyacı olan şagird və tələbələrə vaxt ayırsın və təhsilalanlar bir-biri ilə işləyərək problemləri həll etsinlər. Bu da onların evdə təkbaşına anlamadıqları mövzular üzərində çətinlik çəkmələrinin qarşısını alır.

Tayvanda çevrilmiş öyrənmə ilə bağlı aparılan eksperimentə 386 orta məktəb şagirdi cəlb olunub və tədqiqatın nəticələri aşağıdakı kimi yekunlaşdırılıb:

  • Akademik nailiyyətləri artıb, çevrilmiş sinifdə oxuyan şagirdlər ənənəvi siniflərdə oxuyanlara nisbətən daha yaxşı nəticə göstərib;
  • Motivasiya səviyyəsi yüksəlib, şagirdlər dərslərə daha həvəslə yanaşıb;
  • Tənqidi düşünmə bacarıqları inkişaf edib, müstəqil öyrənmə qabiliyyətləri artıb;
  • Dərsə hazırlıq səviyyəsi yüksəlib, şagirdlər dərsdən əvvəl materialları oxuduqlarına görə mövzunu daha yaxşı mənimsəyiblər;
  • Müstəqil öyrənmə vərdişləri zəif olan bəzi şagirdlərin yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdiyi müşahidə olunub.

 Tədqiqatın nəticələri göstərir ki, çevrilmiş sinif modeli Tayvanda orta məktəb şagirdlərinin daha yaxşı təhsil almasına kömək edə bilər. Lakin bu modelin uğurla tətbiqi üçün müəllimlərin və şagirdlərin müvafiq hazırlığı vacibdir.

ABŞ-də Harvard, Stanford kimi məşhur universitetlərdə aparılan araşdırmalar göstərir ki, çevrilmiş öyrənmə modelindən istifadə edən tələbələr daha yaxşı akademik nəticələr göstərir və dərs materiallarını dərindən mənimsəyirlər. Yuta Dövlət Universitetinin (ABŞ) tədqiqatçıları Cakob Bişop və Metyü Verleger tərəfindən 2013-cü ildə aparılan araşdırmada müəyyən olunub ki, çevrilmiş öyrənmə tələbələrin aktiv iştirakını artırır və onların dərs materialını daha yaxşı qavramasına şərait yaradır. Tədqiqatçılar çevrilmiş öyrənmə modeli ilə bağlı bir sıra təkliflər də irəli sürüblər:

  • Təhsilalanlara verilən video, məqalə və ya digər materiallar məzmun baxımından yüksək keyfiyyətli, qısa, lakonik və məqsədəuyğun olmalıdır;
  • Sinifdə keçirilən dərslər interaktiv olmalıdır. Müəllimlər müzakirələr, qrup tapşırıqları və problem həlletmə fəaliyyətləri təşkil edərək təhsilalanların biliklərini tətbiq etmələrinə şərait yaratmalıdırlar;
  • Rəqəmsal platformalardan istifadə etməklə materialların əlçatanlığını və təhsilalanların fəaliyyətini izləmək mümkündür;
  • Çevrilmiş öyrənmənin məqsədləri və onlardan gözlənilənlər barədə təhsilalanlara aydın məlumat verilməlidir. Dərsdən əvvəl materiallardan nə dərəcədə yararlandıqlarını ölçmək üçün test və sorğulardan istifadə edilməlidir;
  • Təhsilalanların öyrənmə resurslarına asanlıqla çıxışı üçün uyğun texnoloji platformalardan istifadə edilməlidir;
  • Təhsilalanların marağını qorumaq üçün tapşırıqlar real həyatdan götürülmüş nümunələr əsasında qurulmalıdır.

Bundan əlavə, 2018-ci ildə “American Educational Research Journal” (“Amerika təhsil tədqiqatları jurnalı”) tərəfindən dərc olunmuş bir tədqiqatda çevrilmiş sinif modelinin tələbələrin dərsə marağını artırdığı və onların tənqidi düşünmə bacarıqlarını inkişaf etdirdiyi vurğulanıb. Xüsusilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrində bu metodun tətbiqinin daha effektiv olduğu müşahidə edilib.

Eyni zamanda, çevrilmiş öyrənmə modelinin tətbiqi zamanı bəzi çətinliklər üzə çıxır. Təhsilalanların öz üzərlərinə məsuliyyət götürməsi, vaxtın düzgün idarə olunması və texnoloji imkanlardan səmərəli istifadə edilməsi bu metodun uğurlu tətbiqi üçün vacib amillərdən biridir. Buna baxmayaraq, bu yanaşma müəllimlərin dərs prosesini daha interaktiv və məhsuldar etməsinə təsir göstərir.

Ümumiyyətlə, ABŞ-də aparılan araşdırmalar çevrilmiş öyrənmə modelinin təhsilalanların nəticələrinə və təhsilin keyfiyyətinə müsbət təsir etdiyini göstərir. Bu model ənənəvi təhsil metodlarından fərqli olaraq, təhsilalanların daha aktiv iştirakını və dərs materiallarını praktik şəkildə mənimsəməsini təmin edir. Bu da gələcək tədris modellərinin inkişafı üçün əhəmiyyətli yanaşma sayılır.

Yeri gəlmişkən qeyd edək ki, çevrilmiş öyrənmə metodu artıq Azərbaycanda da tətbiq olunmağa başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-ci ildən bu öyrənmə metodundan istifadə edilir. Təcrübə göstərir ki, metod tələbələrin mövzuları daha yaxşı mənimsəməsinə və ümumi nəticələrinin yüksəlməsinə kömək edir. Çevrilmiş öyrənmə metodunun tətbiqi təhsil prosesində innovativ yanaşmaların əhəmiyyətini göstərir və tələbələrin daha effektiv öyrənmə təcrübəsi əldə etməsinə şərait yaradır.

Ağca Talıbova