İLİN SÖZÜ EKRAN VAXTININ AZALDILMASINI TƏLƏB EDİR




Oxford Languages ənənəvi olaraq 2024-cü ildə ən çox işlənən sözü müəyyənləşdirib. Bu ilin sözü kimi “brain rot” (“beyin çürüməsi”) kəlməsi seçilib. Bu ifadə rəqəmsal dövrdə insan beyninə və şüuruna ardıcıl daxil olan məlumat axınının mənfi təsirlərini təsvir etmək üçün işlədilib. "Beyin çürüməsi" ifadəsi metaforik olaraq istifadə edilir və adətən insanın intellektual və ya zehni fəaliyyətlərdən uzaqlaşıb vaxtını mənasız, təkrarlanan və ya intellektual stimullaşdırma çatışmazlığı olan işlərlə keçirməsi halını ifadə edir. Bu termin, xüsusilə sosial media, video oyunlar və ya məzmunsuz televiziya proqramlarının həddindən artıq istifadəsi ilə əlaqələndirilir.

Oksford internetdə əhəmiyyətsiz məzmunun çox istifadəsinə görə beyində çaşqınlıq, diqqətin azalması və idrakın zəifləməsi prosesini “beyin çürüməsi” adlandırıb.

“Oksford”un dil mütəxəssisləri ötən ilin obrazını formalaşdırmağa kömək edən, əhval-ruhiyyəni və ünsiyyəti əks etdirmək üçün altı sözdən ibarət qısa siyahı yaradıblar. İki həftəlik ictimai səsvermədən sonra ekspertlər altı söz arasından “beyin çürüməsi”ni 2024-cü il üçün “ilin sözü” elan etməzdən əvvəl ictimaiyyətin rəyini, səsvermə nəticələrini və dil məlumatlarını nəzərdən keçiriblər.

Bu söz 37 000-dən çox insanın iştirak etdiyi ictimai səsvermədən sonra açıqlanıb.

Oksfordun izahında göstərilir ki, “beyin çürüməsi” “insanların əqli və ya intellektual vəziyyətinin ehtimal olunan pisləşməsi, xüsusilə əhəmiyyətsiz və ya mübahisəsiz hesab edilən materialın (indi xüsusilə onlayn məzmunun) hədsiz istehlakının nəticəsi kimi müəyyən edilir”.

Mütəxəssislər qeyd ediblər ki, bu il xüsusilə sosial mediada çox miqdarda keyfiyyətsiz onlayn məzmunun istehlakının təsiri ilə bağlı narahatlıqları müşahidə etdikdən sonra “beyin çürüməsi” ifadəsi termin kimi yeni bir əhəmiyyət qazanıb. Terminin 2023-2024-cü illər arasında istifadə tezliyi 230 faiz artıb.

“Beyin çürüməsi” ifadəsi ilk dəfə 1854-cü ildə Henry David Toronun “Walden” kitabında istifadə olunub. Bu kitabda o, təbiətdə və cəmiyyətdə baş verənlər arasında paralellər apararaq qeyd edir ki, “İngiltərə kartofun çürüməsinin qarşısını almaq üçün heç nə edə bilmədiyi kimi, beyin çürüməsini də müalicə etməyə çalışmayacaq - bu daha geniş yayılıb və ölümcüldür...”

Onlayn məzmunun həddindən artıq istehlakının, xüsusən də uşaqlar və gənclərin psixi sağlamlığına göstərdiyi potensial mənfi təsirlər haqqında daha geniş və ciddi müzakirələr getdikcə çoxalır. Bu ilin əvvəlində ABŞ-də bir psixi sağlamlıq mərkəzi “beyin çürüməsi”ni müəyyənləşdirmək və qarşısını necə almaq barədə onlayn məsləhətlər dərc edib.

Həmin yazıda qeyd olunur ki, “beyin çürüməsi”nin istinad etdiyi rəqəmsal məzmunun əsas istifadəçisi və yaradıcısı kimi böyük məsuliyyət daşıyan “Gen Z” və “Gen Alpha” da bu termini qəbul edib. Sözügedən icmalar “beyin çürüməsi”nə səbəb olduğu deyilən sosial media kanallarında ifadəni olduqca çox işlədiblər. Bu, gənc nəsillərdə sosial medianın onlara miras qalan zərərli təsiri ilə bağlı bir qədər riyakar özünüdərki nümayiş etdirir”.

“Beyin çürüməsi”nin düşünmə, diqqətin cəmlənməsinə və zehni qabiliyyətə mənfi təsiri ilə bağlı artıq araşdırmalara da başlanılıb. “Beyin çürüməsi” tibbi olaraq tanınan bir xəstəlik olmasa da, yeni nəsil üçün yaratdığı təsirlərə görə real bir problemdir.

Mütəxəssislər “beyin çürüməsi”nə səbəb olan əsas üç amili vurğulayırlar:

  • Sosial mediada ani paylaşımlar və vizual görüntülərlə beynin daimi stimullaşdırılması dərin düşünmə qabiliyyətini zəiflədir. Beləliklə, diqqəti cəmləmək çətinləşir və diqqət dağınıqlığı yaranır.
  • Rəqəmsal dünyada keçirilən vaxtın artması beynin məlumat emal qabiliyyətini gərginləşdirə bilər. Rəqəmsal stimullara ardıcıl məruz qalma insanların diqqət müddətini qısalda və məlumat üzərində cəmləşmə qabiliyyətini zəiflədə bilər. Bu, “beynin çürüməsi”nə səbəb olan başqa bir amildir.
  • Qısa videolar, ani məzmun və sosial mediada ünsiyyət uzunmüddətli və dərin düşünmə tələb edən fəaliyyətlərin qarşısını alır. Bu, insanların öyrənmə vərdişlərinə, oxuma tərzinə və hətta şəxsi münasibətlərinə mənfi təsir göstərir. İnsanlar informasiyaya daha səthi yanaşdıqca, bu, zaman keçdikcə “beyin çürüməsi”nə səbəb ola bilər.

“Beyin çürüməsi”nin simptomlarına aşağıdakılar daxildir:

  • Qarışıqlıq;
  • Diqqətin yayınması, diqqəti cəmləməkdə çətinlik;
  • Qərarsızlıq;
  • Zehni yorğunluq;
  • Motivasiyanın olmaması;
  • Məhsuldarlığın və enerjinin azalması;
  • Yalnızlıq, stress və narahatlıq hissləri;
  • İnternetdə mənfi və bədbin məzmuna baxmağa meyil;

“Beyin çürüməsi” əlamətlərinin arxasında beynin mənasız kontentlə həddindən artıq yorulması və buna görə də yetərincə fəaliyyət göstərə bilməməsi faktı var.

  • “Beyin çürüməsi”nə müxtəlif davranışlar səbəb ola bilər:
  • Uzun müddət kompüter oyunları oynamaq: bəzi insanlar üçün oyun oynamaq həyatda bir çox həyati proseslərin qarşısını alır. Bu zaman oyuna daxil olan dünyanın asılılıq effektləri insanın real həyatın digər sahələrindəki funksiyalarını pozur.
  • Ekranı sürüşdürmə vərdişi: sosial mediada yeni məzmunu görmək üçün hamımız telefon ekranımızı sürüşdürürük. Bəzi insanlar üçün bu, uzun müddət davam edən boş bir vərdişə çevrilir. Bu insanlar yeni məzmuna çatırlar, lakin ona baxmırlar.
  • Doomscrolling – (internetdə narahatedici məlumat və bədbin xəbərlər axtaran şəxslər) Sosial mediada fəlakət axtaran insanlar, hətta narahatedici olsa belə, ən son məlumatlardan xəbərdar olmaq arzusundadırlar.
  • Sosial media asılılığı - sosial mediaya tez-tez baxmağa can atanlar, bunu edə bilmədikdə isə ciddi narahatlıq keçirənlər. Bu istifadəçilər YouTube, Instagram və TikTok kimi platformaları tez-tez yoxlamasalar, rahat olmurlar.

“Beyin çürüməsi”nin zərərləri:

  • Ekranın durmadan sürüşdürülməsi beynin məlumatı kodlaşdırmaq və saxlamaq qabiliyyətini zəiflədə bilər. Bu da fərdlərin zehni qabiliyyətlərinə mənfi təsir göstərir.
  • Beynin həddən artıq stimulyasiyası o qədər mürəkkəbləşir ki, azyaşlı istifadəçi real faktı uydurmadan ayırmaqda çətinlik çəkir.
  • Stress, narahatlıq və depressiyaya səbəb ola bilər.

Mütəxəssislər qeyd edir ki, “beyin çürüməsi”nin qarşısının alınması media istehlakı ilə bağlı şüurluluq tələb edir. Psixi və emosional sağlamlığın güclənməsi üçün ekran vaxtının azaldılmasına ehtiyac var.