MÜASİR ALİ TƏHSİL SİSTEMİNDƏ TƏDQİQAT UNİVERSİTETLƏRİNİN ƏHƏMİYYƏTİ




Müasir dövrdə elmi və texnoloji tərəqqi prosesi ali təhsil kontekstində islahatların aparılmasını və qlobal elmə çıxışı, fundamental və tətbiqi araşdırmaların həyata keçirilməsini, habelə insan kapitalı bazasının inkişafını təmin edə biləcək tədqiqat universitetlərinin  yaradılmasını zəruri edir. Xüsusilə də, bilik iqtisadiyyatının inkişaf etdirilməsi, yeni biliklərin əldə olunması yollarının araşdırılması  kontekstində müasir tədqiqat universiteti konsepsiyasının aktuallığı daha da artmaqdadır. Məqalədə elm dünyasında tədqiqat  universitetlərinin rolu və əhəmiyyətindən bəhs edilməklə, bu cür təhsil müəssisələrinin qarşısında duran bəzi çağırışlar nəzərdən keçirilir.

GİRİŞ

Müasir dövrdə innovasiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan, elm, texnologiya, innovasiya və digər sahələrdə insan kapitalı bazasının inkişafının birbaşa iştirakçısı qismində çıxış edən ali təhsil müəssisələrinin bu məqsədə nail olunmasındakı rolu genişlənməkdədir. Hazırkı qloballaşma dövrünün biliyə əsaslanan qlobal iqtisadiyyat mərhələsində ali təhsil iqtisadi rəqabət qabiliyyətinin əsas hərəkətverici qüvvəsi hesab edilir (Zapp, 2022). Bu yanaşma keyfiyyətli ali təhsilin əvvəlki dövrlərlə müqayisədə daha da aktuallıq qazanması ilə nəticələnib. Belə ki, müasir dövrdə yüksək səviyyəli məşğulluq bacarıqlarının artırılması, qlobal miqyasda rəqabətədavamlı tədqiqat bazasının formalaşdırılması və cəmiyyətin xeyrinə biliklərin yayılmasının təmin edilməsi zərurəti yaranıb.

Bununla yanaşı, sürətlə inkişaf edən rəqəmsal texnologiyaların imkanlarının, kütləvi şəbəkələşmə və rəqəmsal əlaqələrin genişləndiyi bir dövrdə biliyin transfer olunmasının üsul və mexanizmlərinə yenidən nəzər salınması zərurətə çevrilib. Eyni zamanda, COVID-19 pandemiyası dövrünün xüsusiyyətlərinə nəzər salarkən aydın olur ki, informasiya və kommunikasiya texnologiyalarının geniş imkanları fonunda gələcəklə bağlı yeni risklərə və qeyrimüəyyənliklərə daha hazırlıqlı olmaq üçün kütləvi məlumatların düzgün qiymətləndirilməsi, o cümlədən sürətlə dəyişən əmək bazarında rəqəmsallaşan iqtisadiyyatın faydalarından səmərəli istifadə edilməsi kimi bacarıqlar hər zaman aktual olacaqdır. Belə ki, cari dövrdə informasiya və biliyin effektiv şəkildə idarə edilməsi həm fərdlər, həm də cəmiyyət üçün əsas prioritetlər sırasındadır. Beləliklə, adı çəkilən bacarıqların formalaşdığı ali təhsil sferasında diqqəti cəlb edən əsas məsələlər sırasına XXI əsrdə savadlılığın dəyişən konsepsiyası, daha açıq innovasiya mühitində tədqiqatların aparılması və idarə olunması, qlobal və rəqəmsal dünyada insanların vətəndaşlıq və demokratiyaya hazırlanması kimi məsələlər də daxildir (OECD, 2022).

Göründüyü kimi, keyfiyyətli ali təhsilin əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət daşıması, həmçinin ali təhsil sektorunun sosial və iqtisadi inkişafa olan potensial töhfəsi yenidən nəzərdən keçirilməlidir. Ali təhsil sektoru sosial və iqtisadi inkişafa dörd əsas istiqamətdə töhfə verir: insan kapitalının formalaşdırılması (tədris vasitəsilə); bilik bazalarının yaradılması (tədqiqat və biliklərin inkişafı vasitəsilə); biliyin yayılması və istifadəsi (bilik istifadəçiləri ilə qarşılıqlı əlaqə yolu ilə); biliklərin saxlanması (biliklərin nəsillərarası saxlanması və ötürülməsi, və ya varislik) (Henard, 2010). Beləliklə, tədqiqat komponenti həm insan kapitalının yetişdirilməsi və dissiplinar yeniliklərin əldə olunması, həm də ali təhsilin səmərəli idarə edilməsi baxımından bu sektorun mühüm tərkib hissəsi kimi qəbul edilir. Bu baxımdan, ali təhsil müəssisələrində tədqiqatın həyata keçirilməsi, səmərəli idarə olunması, həmçinin tədqiqat nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir. 

TƏDQİQAT UNİVERSİTETLƏRİNİN ƏHƏMİYYƏTİ

Bir sıra ölkələrdə ali təhsildə tədqiqatın əhəmiyyəti “tədqiqat universitetləri”nin yaradılmasını şərtləndirir. Ümumilikdə, tədqiqat universiteti yüksək keyfiyyətli təhsilin həyata keçirilməsi üçün tədqiqat missiyasının güclü şəkildə vurğulandığı, dəstəkləndiyi, təşviq edildiyi, bunun üçün daxili sistemlərə və idarəetməyə malik ali təhsil müəssisəsidir (Owen, 2018). Bu universitetlərdə tədqiqata sistemli şəkildə yanaşılır (yüksək keyfiyyətli təhsil təmin edilməklə yanaşı), habelə tədqiqat nəticələri keyfiyyətli, geniş əhatəli doktorantura proqramlarında və tədqiqat nəticələrində əks etdirilir. Bundan əlavə, tədqiqat universiteti texnoloji və intellektual liderlik üçün lazım olan yeni nəsil kadrların yetişdirilməsini və müasir elm üçün zəruri olan biliklərin inkişaf etdirilməsini təmin etməklə qlobal ünsiyyət və əməkdaşlığın mühüm komponentlərindən biri kimi çıxış edir.

Tədqiqat universiteti konsepsiyasına həm tədris, həm də tədqiqat komponenti daxil edilir. Belə ki, tədrisin daim yenilənməsində və əmək bazarının tələblərinə uyğun şəkildə qurulmasında ali təhsil müəssisəsinin tədqiqat potensialı əsas rollardan birinə malikdir. Təhsil proqramının bilik bazasının dinamikliyi və tələbə-müəllim birgə əməyinin bu biliyin aktiv emalçısı olması tədqiqat-əsaslı tədrisin əsas ideyasını təşkil edir (Zeichner, 1983). Tədqiqatəsaslı tədrisin əsas məqsədi isə təhsil zamanı nəzəri aspektlərin təcrübə və günün tələbləri ilə inteqrasiya edilməsidir. Tədqiqat universitetlərinin əsas keyfiyyət göstəricilərinə tədris və tədqiqatın vəhdəti, onlar arasında sinergik əlaqənin mövcud olması daxildir. Bu yanaşmaya əsaslanan tədqiqat universitetlərinin yaradılmasına ilk dəfə Avropa və ABŞ-da başlanılıb, son iki onillikdə isə başqa bir sıra ölkələr də (xüsusilə də, Çin) bu istiqamətdə addımlar atıb.

Qeyd olunmalıdır ki, universitetlər (orta əsrlər dövründə Avropada yarandığı gündən etibarən) ilkin mərhələdə, əsasən, yeni biliklərin yaradılması ilə deyil, onun ötürülməsi, qorunması və şərh edilməsi ilə məşğul olub. Universitet kontekstinə tədqiqat konsepsiyası ilk dəfə XIX əsrin əvvəllərində Vilhelm fon Humboldtun təşəbbüsü ilə əlavə edilib (Altbach, 2007). Vilhelm fon Humboldtun yanaşmasına əsasən universitet bilavasitə Almaniyanın milli və elmi inkişafına təkan verməli idi. Humboldtun inqilabi konsepsiyası yeni alman universitetlərində (həmçinin yeni modelə uyğunlaşdırılmış digər universitetlərin) müxtəlif tədqiqatların həyata keçirilməsinə və elm adamlarının yetişdirilməsinə güclü təkan verməklə Almaniyanın müasir ölkə kimi formalaşmasına geniş töhfə verib (Altbach, 2007). 1862-ci ildən sonra ABŞ, bir neçə onilliklər sonra isə Yaponiya alman modelinin bir neçə meyarına müraciət etməklə yerli ehtiyaclara uyğun universitet modeli tətbiq edib (Altbach, 2007). Ümumilikdə, əsasən, Almaniya, Yaponiya və ABŞ-ın tədqiqat universiteti konsepsiyasının variasiyaları müasir tədqiqat universitetlərini xarakterizə edir. Hindistanda da ali təhsilin keyfiyyətinin yüksəldilməsində tədqiqatın əhəmiyyəti (həm də ölkənin iqtisadi inkişafındakı roluna görə) xüsusi vurğulanır və tədqiqat komponentinə xüsusi diqqət ayrılır (Pankaj, 2021).

Göründüyü kimi, dünyanın müxtəlif ölkələrində mövcud tədqiqat universitetlərinin standartlarının saxlanılması və ya tədqiqat universiteti statusuna nail olunması üçün keyfiyyətin artırılması istiqamətində müxtəlif addımlar atılır.

TƏDQİQAT UNİVERSİTETLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Professor Con Teylora görə uğurlu tədqiqat universitetlərinə bu əsas xüsusiyyətlər aiddir:

  • baza və tətbiqi tədqiqatın həyata keçirilməsi;
  • tədqiqat-əsaslı tədris;
  • akademik fənlərin genişliyi;
  • magistratura və doktorantura tədqiqat proqramlarının yüksək nisbəti;
  • yüksək xarici mənbələrdən maliyyələşmə səviyyəsi;
  • beynəlxalq baxış (Taylor, 2006).

Qeyd olunan xüsusiyyətlər tədqiqat universitetlərinin fəaliyyəti haqqında aydın təsəvvürün yaradılmasına səmərəli zəmin yaradır. Buna baxmayaraq, bu amillərin mövcud olması tədqiqat universiteti statusunun əldə olunmasının şərti kimi qəbul edilə bilməz. Tədqiqat universitetinin əsas mahiyyətini dərindən başa düşmək üçün onu digər universitetlərdən fərqləndirən xüsusiyyətləri üzə çıxarmaq lazımdır. Bu məqsədlə, professor Filip Altbakın tədqiqat universitetlərinə aid etdiyi əsas xüsusiyyətləri nəzərdən keçirmək məqsədəuyğun hesab edilir. Filip Altbaka görə uğurlu tədqiqat universitetlərini şərtləndirən amillər bunlardır:

  • tədqiqat universiteti ali təhsil sistemində akademik iyerarxiyanın ən yüksək pilləsində yer alır və müvafiq dəstəkdən bəhrələnir;
  • dövlət maraqlarına xidmət edir;
  • ən yaxşı işçi heyətin və tələbələrin cəlb edilməsi, tədqiqat infrastrukturunun dəstəklənməsi üçün digər universitetlərdən daha çox maliyyə dəstəyi alır;
  • əqli mülkiyyətdən gəlir əldə etmək potensialına sahibdir;
  • muxtariyyət statusludur;
  • akademik azadlığa sahibdir (Altbach, 2013).

Beləliklə, tədqiqat universiteti kompleks struktura malik, özünəməxsus missiya və strateji əhəmiyyətə malik təhsil müəssisəsidir.  Qeyd olunan xüsusiyyətlərin hər biri milli reallıqlara uyğunluğu baxımından ayrı-ayrılıqda dərindən araşdırılmalı və əsaslandırılmalıdır.

Cari əsrdə dünya universitetlərinin diqqətini cəlb edən qlobal reytinqlərin də özünəməxsus qiymətləndirmə meyarları nəzərdən keçirilməlidir. Məsələn, ən çox istinad edilən “Times Higher Education” reytinqi 99 ölkədən 1600 ali təhsil müəssisəsini 4 əsas istiqamət üzrə (tədris, tədqiqat, bilik transferi və beynəlxalq baxış) qiymətləndirərək cədvəl tərtib edir1. Geniş izləyici kütləsinə malik digər reytinq, “Shanghai Ranking”də hər il 1800 ali təhsil müəssisəsi xüsusi meyarlar (“Nobel” mükafatı və ya “Fields” medalı qazanan məzunların və əməkdaşların sayı, “Clarivate Analytics” tərəfindən seçilmiş yüksək istinad edilən tədqiqatçıların sayı, elm və təbiət sahəsində jurnallarda dərc olunan məqalələrin sayı, “Science Citation Index”də indeksləşdirilmiş məqalələrin sayı və universitetin adambaşına performans göstəriciləri) üzrə qiymətləndirilərək yekunda 1000 universitet seçilir və sıralanır2. Bu reytinqlər, əsasən, tədqiqat gücü və tədqiqat nəticələrinə əsaslandığından müxtəlif qurumların, təşkilatların və subyektlərin tədqiqata
olan diqqətinin artmasına gətirib çıxarır. Qeyd olunmalıdır ki, qlobal universitet reytinqləri yalnız tədqiqat universitetlərini əhatə etməsə də, qiymətləndirmənin nəticəsinin ifadə olunduğu reytinq cədvəlində ön yerlərdə, əsasən, tədqiqat universitetlərinin yer alması tədqiqat potensialının əhəmiyyətini və gücünü nümayiş etdirir. 

AZƏRBAYCANDA TƏDQİQAT UNİVERSİTETLƏRİNİN YARADILMASI İLƏ BAĞLI REALLIQLAR

Azərbaycan Respublikasında insan kapitalının inkişaf etdirilməsi prosesində ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlılığının əhəmiyyəti 2021-ci ildə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində xüsusi vurğulanıb3. Beləliklə, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə rəqabətə davamlılığının təmin edilməsi və XXI əsrin tələblərinə uyğunlaşdırılması strateji əhəmiyyətli prioritet məsələ hesab edilir.

2017-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 610 nömrəli Qərarı ilə “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsinə baxmayaraq, hər hansı bir ali təhsil müəssisəsinin statusunda dəyişiklik həyata keçirilməyib. Bununla yanaşı, Azərbaycan universitetlərinin mövqeyinin qlobal reytinqlərdə zəif olması və ya bir sıra universitetlərin, ümumiyyətlə, reytinq cədvəlinə daxil olmaması bu sahədə ciddi islahatların aparılmasını və tədqiqat potensialının gücləndirilməsinin imkan və yollarının əsaslı araşdırılmasını zəruri edir.

Qeyd olunmalıdır ki, tədqiqat universitetinin yaranması, ilk növbədə universitetin tədqiqat potensialının gücləndirilməsini şərtləndirir. Bu baxımdan, Azərbaycan universitetlərinin tədqiqat potensialının ölçülməsi, mövcud vəziyyəti və təhlili xüsusi önəm kəsb edir. Dünya Bankının 2017-2018-ci illərdə apardığı tədqiqatın nəticələrini əks etdirən hesabatına görə Azərbaycanda təhsil və elm arasında bölgü güclü olaraq qalır (World Bank, 2018). Belə ki, Sovet dönəminin ənənələrindən irəli gələrək universitetlər, əsasən, ali təhsil verilməsi üzrə ixtisaslaşıb, tədqiqatın təşkili və həyata keçirilməsi üzrə əsas səlahiyyətlər isə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsusdur. AMEA-nın təhsil və tədqiqatı bir araya gətirmək sahəsindəki cəhdləri müsbət tendensiyanın əlamətləri kimi qiymətləndirilsə də, ali məktəblərlə daha sıx əməkdaşlığa nail olunması üçün kifayət deyil. Hesabatda qeyd olunduğu kimi, universitetlərin tədqiqat potensialının artırılmasını şərtləndirən əsas amillərdən biri olan tədqiqat maliyyəsi ali təhsil müəssisələrinin üzləşdiyi əsas problemlərdəndir. Bu baxımdan, hesabatda səmərəli maliyyələşdirmə, eləcə də qiymətləndirmə və keyfiyyət təminatı mexanizmlərinin düzgün qurulması ilə yanaşı, beynəlxalq tədqiqat proqramları və şəbəkələrində daha aktiv iştirak edilməsi, universitet-sənaye əlaqələrin gücləndirilməsi kimi tövsiyələr irəli sürülür (World Bank, 2018). UNESCO tərəfindən 2021-ci ildə təqdim olunan hesabata əsasən Azərbaycanda qeyri-neft sektorunda ciddi canlanma müşahidə olunmayıb, o cümlədən texnologiya və innovasiyaya əsaslanan iqtisadiyyata yönəlmə sahəsində kifayət qədər tədbirlər həyata keçirilməyib (UNESCO, 2021). Qeyd olunan problemlərin aradan qaldırılması üçün Azərbaycan universitetlərində doktorantura təhsili üzrə yerlərin sayının artırılması və elmi nəticələrin əhəmiyyətli dərəcədə genişləndirilməsi prioritet hesab olunur. Beləliklə, yeni biliklərin yaradılmasını təşviq etməklə sosial-iqtisadi vəziyyətə töhfə vermək üçün bu sahədə əsaslı araşdırmaların aparılması məqsədəuyğun hesab edilir.

DÜNYA PRAKTİKASINDA TƏDQİQAT UNİVERSİTETLƏRİNİN ƏHƏMİYYƏTİ

Tədqiqat universitetlərinin xüsusiyyətlərini araşdırarkən müxtəlif ölkələrin təcrübələrinin nəzərdən keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Tədqiqat universiteti və ya hər hansı bir akademik institut milli reallıqları nəzərə almaqla yanaşı, bu tipdən olan ali təhsil müəssisələrinin baza modelində mütləq şəkildə qlobal miqyasda ən yaxşı universitetlərin təcrübəsini əks etdirməlidir.

ABŞ-da təhsil sahəsində tədqiqat universitetlərinin xüsusi əhəmiyyət kəsb etməsi diqqəti cəlb edir. Bu universitetlər müasir ABŞ cəmiyyətinin və dünya vətəndaşlarının sağlamlığına, sosial rifahına əhəmiyyətli dərəcədə töhfə verən biliklərin inkişaf etdirilməsinə dəstək verir (Owen, 2018). Universitet tədqiqatlarının dəyərinin izah edilməsi üçün edilən səylərin əksəriyyətinin nəşrlərə və ya patentləşdirməyə, lisenziyalaşdırmaya yönəlməsinə baxmayaraq, ABŞ-da bir sıra alimlər daha çox tədqiqatçıların və tədqiqat şəbəkələrinin işini vurğulamağa üstünlük verir. Belə ki, universitet kampuslarında aparılan tədqiqatların müxtəlif və kompleks əməkdaşlıq şəbəkələrini yaratması və ya yaranmış əlaqələri inkişaf etdirməsi müşahidə olunub. Həmin şəbəkələr həm yeni biliklər və davamlı təlimlər üçün sosial zəmin, həm də universitetlərdə bilik və bacarıq mənbəyi olmağa imkan verən əsas qüvvə rolunu oynayır.

İnkişaf etmiş ölkələrin dövlət siyasətində tədqiqat universitetlərinə verilən önəm maliyyə məsələlərinin nəzərdən keçirilməsi zamanı daha da aydın olur. Məsələn, ABŞ-da dövlət tərəfindən maliyyələşdirilən fundamental tədqiqatların əksəriyyəti universitet kampuslarında konseptuallaşdırılır və araşdırılır (Owen, 2018). Burada federal qrantlar və dövlət büdcəsindən ayırmalar kimi dövlət investisiyaları universitet kampusunda müxtəlif məqsədli tədqiqat işlərinin həyata keçirilməsinə zəmin yaradır.

AKADEMİK SİSTEMDƏ TƏDQİQAT UNİVERSİTETLƏRİNİN YERİ

Qeyd olunmalıdır ki, qabaqcıl ölkələrin ali təhsil sistemləri geniş çeşidli və əmək bazarının tələb etdiyi müxtəlif sahələrə aid işçi qüvvəsi yetişdirən ali təhsil müəssisə modellərini əhatə edir (təkcə tədqiqat universitetləri deyil, həm də politexnik institutlar, kolleclər, texniki institutlar, çoxprofilli universitetlər və s.) (World Bank, 2002). İnkişaf etmiş ölkələrin ali təhsil sisteminə daxil olan ali təhsil müəssisələri bir neçə kateqoriyaya ayrılır. Məsələn, ABŞ-da bu cür təsnifatlaşdırılmış təhsil sistemini özündə ehtiva edən və uğurlu hesab olunan “Kaliforniya” modelinə əsasən 3 növ ali təhsil müəssisəsi mövcuddur: peşəyönlü kolleclər, çoxməqsədli dövlət universitetləri və tədqiqatyönlü universitetlər (Geiger, 2004). Qeyd olunan hər bir ali təhsil müəssisəsi fərqli missiyaya, özünəməxsus maliyyələşdirmə və dəstək mexanizmlərinə malikdir. Buna oxşar təcrübə digər ölkələrdə də izlənə bilər. Belə ki, Böyük Britaniyada 1970-ci illərdən başlayaraq, ən yüksək pillələrdə mövqe tutan universitetlərə (Oksford, Kembric və s.) tədqiqatı stimullaşdırmaq və genişləndirmək məqsədilə daha çox maliyyə vəsaitləri ayrılır (Altbach, 2007).

Beləliklə, tədqiqat universitetlərinin inkişafına dəstək vermək üçün onları digər tipli ali təhsil müəssisələrindən fərqləndirmək, daha yüksək səviyyədə maliyyə vəsaitilə təmin etmək və bu təhsil müəssisələrinin cəmiyyətdə həlledici rola malik olması ideyasını dəstəkləmək məqsədəuyğun hesab edilir. Hazırda tədqiqat universitetlərinin sayı çox olmasa da, onlar ən nüfuzlu universitetlər hesab edilir. Bu təhsil müəssisələrində əmək haqları, adətən, daha yüksək, professor-müəllim heyətinin tədris üzrə öhdəlikləri daha az, kitabxana və laboratoriya imkanları isə ölkə üzrə orta göstəricidən yuxarıdır. Onu da qeyd etmək lazımdır ki, mövcud resursların məhdudluğu və tədqiqat universitetinə aid xərclərin yüksək olması ilə əlaqədar olaraq, bir sıra ölkələrdə cəmi bir-iki tədqiqat universiteti fəaliyyət göstərir. Halbuki tədqiqat universitetləri və tədqiqat potensialı yüksək olan ali təhsil müəssisələri qloballaşan dünyada xüsusi əhəmiyyət kəsb edir. Yüksək tədqiqat potensialına malik universitetlər rəqabətqabiliyyətliliyini təmin edərək, həm sosial-iqtisadi inkişafı təşviq edir, həm də qlobal bilik şəbəkəsində öz töhfəsini verərək, ölkənin nüfuzunu artırır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələrdə milli səviyyədə ali təhsil sektorunun tədqiqat infrastrukturuna investisiyaların artırılması və bu məqsədlə müvafiq insan kapitalı bazasının formalaşdırılması məqsədəuyğun hesab edilir. Ona görə də tədqiqat universiteti adını qazanmaq istəyən universitetlər beynəlxalq elmi şəbəkədə iştirak etməli, dünya miqyasında rəqabət aparmaq imkanlarına malik olmalıdır.

Hesab edilir ki, qabaqcıl elmi inkişafın mənimsənilməsi və bu inkişafda iştirakın təmin olunması üçün hər bir ölkənin qlobal elm və akademik araşdırma şəbəkəsi ilə əlaqəli akademik institutlara ehtiyacı var (Altbach, 2007). Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin akademik institutları ilə sənayeləşmiş ölkələrin universitetlərinin (məsələn, Oksford və ya Harvard) imkanları arasında böyük fərqlərə baxmayaraq, milli inkişafın dəstəklənməsi məqsədilə tədqiqatların aparılması üçün əksər ölkələrdə ən azı bir müvafiq universitetin olması vacibdir. 

NƏTİCƏ

Göründüyü kimi, dünyanın müxtəlif ölkələrində mövcud tədqiqat universitetlərinin standartlarının saxlanılması və ya tədqiqat universiteti statusuna nail olunması üçün keyfiyyətin artırılması istiqamətində müxtəlif addımlar atılır. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə rəqabətə davamlılığının təmin edilməsi və XXI əsrin tələblərinə uyğunlaşdırılması strateji əhəmiyyətli prioritet məsələ hesab edilir. Buna görə də Azərbaycan Respublikasının ali təhsil sistemində səmərəli maliyyələşdirmə, qiymətləndirmə və keyfiyyət təminatı mexanizmlərinin düzgün müəyyənləşdirilməli, beynəlxalq tədqiqat proqramlarında daha intensiv iştiraka nail olunmalı, tədqiqat şəbəkələrinə qoşulmaq, universitet-sənaye əlaqələrin gücləndirilməsi məqsədilə əsaslı araşdırmalar davam etdirilməlidir.

İstifadə edilmiş ədəbiyyat

1 Altbach, Ph.G. (2007). Peripheries and Centres: Research Universities in Developing Countries. Higher Education Management and Policy, Vol 19/2;
2 Altbach, Ph.G. (2013). “Advancing the national and global knowledge economy”. Studies in Higher Education, 38 (3): 316–330;
3 Geiger, R. (2004). Research and Relevant Knowledge: American Research Universities Since World War II;

4 Henard, F. (2010). Learning our lesson: review of quality teaching in higher education. Paris, OECD. http://site.ebrary.com/id/10381416;
5 https://e-qanun.az/framework/37540 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında qərarı.
6 https://president.az Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər;
7 https://www.shanghairanking.com/methodology/arwu/2021;
8 https://www.timeshighereducation.com/world-university-rankings; 
9 OECD. (2022), Trends Shaping Education 2022, OECD Publishing, Paris, https://doi.org/10.1787/6ae8771a-en.
10 Owen, S.J. (2018). Research Universities and the Public Good. Stanford University Press;
11 Pankaj, J. (2021). Building Research Univ ersities in India (SAGE Studies in Higher Education). SAGE Publications, 2021, 415 pp., ISBN: 9789353885021;

12 Taylor, J. (2006). “Managing the Unmanageable: The Management of Research in Research-Intensive Universities”. Higher Education Management and Policy. OECD. 18 (2);
13 UNESCO (2021) UNESCO Science Report: the ace Against Time for Smarter Development. S. Schneegans, T. Straza and J. Lewis (eds). UNESCO Publishing: Paris;
14 World Bank. (2002). Constructing Knowledge Societies: New Challenges for Tertiary Education. Washington DC: The World Bank;
15 World Bank. (2018). Azerbaijan: The Role of Higher Education in Innovation. © World Bank;
16 Zapp, M. (2022). Revisiting the Global Knowledge Economy: The Worldwide Expansion of Research and Development Personnel, 1980–2015. Minerva (2022).https://doi.org/10.1007/s11024-021-09455-4;
17 Zeichner, K.M. (1983). Alternative Paradigms of Teacher Education. Journal of Teacher Education, 34(3), pp3-9. doi:10.1177/002248718303400302