PEDAQOJİ PROSESDƏ STİMULLAŞDIRMANIN TƏHSİLİN KEYFİYYƏTİNƏ TƏSİRİ
Məqalədə təhsilin keyfiyyətinin yüksəldilməsində stimulların rolu araşdırılır, stimullaşdırılmanın növləri, formaları və üsulları təsnif edilir. Məlumdur ki, təhsilin keyfiyyəti idarəetmə fəaliyyətinin rasional, məqsədyönlü planlaşdırılmasından və yeni idarəetmə mexanizmlərinin səriştəsindən və məharətlə istifadə edilməsindən asılıdır. Məqalədə, həmçinin şagirdin tədris prosesində və sinifdənkənar fəaliyyətində sinif rəhbəri və müəllimin rolundan bəhs edilir. Müəllif məktəbdə şagirdlərin fəaliyyətinə dair faktlar və misallar gətirərək göstərir ki, orta məktəbdə müəllim biliyin ötürülməsinə, sosial və mədəni təcrübəyə birbaşa təsir göstərir. Müəllimin ixtisas səviyyəsi, səriştəsi, peşəkarlığı və səyi, şübhəsiz ki, təhsilin keyfiyyətinin səmərəliliyinə təsir edir.
GİRİŞ
Təhsil müəssisəsinin düzgün, məqsədyönlü, planlı idarə edilməsi, müəllimlərin akademik qabiliyyəti, onların daim özünü təkmilləşdirməsi və məktəbin maliyyə – təsərrüfat işi, madditexniki bazası da keyfiyyətli təhsildə əsas amillərdir. Bu deyilən fikirlər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərində ümumiləşdirilir. Bu mühüm dövlət sənədində deyilir: “Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.
İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Dördüncü strateji istiqamətdə müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasından.., beşinci strateji istiqamətdə isə Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasından bəhs olunur” (Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, 2013).
TƏHSİLİN KEYFİYYƏTİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR
Pedaqoji mənbələrdə, metodik kitablarda təhsilin keyfiyyəti əsas üç amillə ölçülür: “Kim öyrədir, nə öyrədir, necə öyrədir” (Hüseynzadə, 2013). Apardığımız tədqiqatlara və pedaqoji müşahidələrimizə əsasən deyə bilərik ki, təhsilin keyfiyyətinə aşağıdakı amillər ciddi təsir göstərir:
- Müəllimin səriştəliliyi və peşəkarlığı;
- Səmərəli tədris metodları və yeni pedaqoji texnologiyalar;
- Təhsilin məzmunu;
- Əlverişli tədris mühiti;
- Müasir idarəetmə mexanizmi;
- Məktəbin maddi-texniki bazası;
- Məktəb və ailənin qarşılıqlı əlaqəsi və birgə fəaliyyəti;
- Sinifdənxaric və məktəbdənkənar tədbirlərin səmərəli təşkili;
- Şagirdlər üçün əlverişli pedaqoji mühitin yaradılması;
- Pedaqoji prosesdə şagirdlərin motivasiyası və stimullaşdırılması.
Göstərilən amillərdən son üçü bilavasitə şagirdin yaxşı oxumasına, keyfiyyətli təhsil qazanmasına stimul verən amillər hesab olunsa
da, digər amillər də bu və ya digər şəkildə stimullaşdırmaya və ümumiyyətlə təhsilin keyfiyyətinə qüvvətli təsir göstərir.
TƏHSİLDƏ STİMULLAŞDIRMA
Ümumtəhsil məktəblərində şagirdlər akademik uğurlarına, təhsildə, yaradıcılıq yarışlarında, idmanda iştirakına və qələbələrinə, habelə təhsilalanların ictimai faydalı fəaliyyətinə, əla təhsilə, olimpiada, müsabiqə və yarışlardakı nailiyyətlərinə görə müxtəlif stimullaşdırıcı mükafatlar ala bilirlər. Bu mükafatlar təhsil, elm, bilik qazanmaq üçün müsbət motivasiya yaradır, qüvvətli stimullaşdırıcı təsir göstərir.
Motivasiyanın iki forması var: daxili motivasiya; xarici motivasiya. Əgər şagird təlim prosesinə özü maraq göstərirsə, bu müsbət haldır, əks halda, onu öyrənməyə sövq edəcək, motivasiya edəcək mühitin yaradılmasına ehtiyac duyulur.
Daxili motivasiyanın formalaşmasına bu amillər təsir göstərir:
- Maraq – şagirdlərdə tədris prosesinə motivasiyanın əsasını təşkil edir;
- Avtonom mühit – motivasiyanın formalaşması üçün vacibdir;
- Özünə inam – öz bacarıqlarını hiss etməyə kömək edir;
- Əməkdaşlıq – ətrafdakılarla qarşılıqlı anlaşma şəraiti yaradır;
- Öyrədici mühit – motivasiyanın yüksəldilməsinə müsbət təsir göstərir.
Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq üçün bütün pedaqoji taktikalardan, üsul və vasitələrdən mövcud şəraitə, reallığa uyğun
istifadə olunmalıdır. Çünki köməksiz qalmaq, daima kənardan ediləcək yardıma arxayın olmaq şagirdlərə öz bacarıqlarını üzə çıxarmağa imkan vermir. Ona görə də növbəti dəfə çətinliyə düşəndə şagird öz bacarığına arxalanmır və kənardan dəstək olacağını gözləyir. Deməli, şagirdlərin kiçik uğurlarını belə mütləq müsbət addım kimi qiymətləndirmək, onlara “çətin” məsələlərin həllində dəstək olmaq lazımdır. Bu zaman onlarda öyrənməyə maraq artacaq, yaradılan şərait ən gözəl motivasiya kimi öz bəhrəsini verəcək.
Məktəb mühitində təhsilalanlar üçün davamlı olaraq həvəsləndirmə, stimullaşdırıcı tədbirlər həyata keçirilir. Stimullaşdırıcı tədbirlər sistemi məktəblilər üçün əlverişli şəraiti təmin etmək, motivasiya səviyyəsini artırmaq və şagirdlər təlim prosesinə məsuliyyətli münasibət göstərmək üçün lazımdır. Məktəbdə bilik və bacarıqlarına, əldə etdikləri nailiyyətlərinə görə seçilən təhsilalanlara müxtəlif mükafat növləri təqdim edilir. Bu mükafat növlərinə fəxri diplomların, təşəkkürnamələrin, qızıl və ya gümüş medalların təqdim edilməsi, qiymətli hədiyyələrlə təltiflər, müxtəlif təqaüdlərin ödənişi, fərqlənmə attestatı və digər rəğbətləndirici vasitələr aiddir.
Məktəblərdə fənn olimpiadalarının, müsabiqə və yarışların keçirilməsi də təsirli motivasiya və stimullaşdırıcı tədbirlər sırasındadır. Məktəbimizdə keçirilən bələ müsabiqələrdən biri “Mən şəhər meri olsaydım, ekoloji problemləri necə həll edərdim?” adlanırdı. Məqsəd şagirdləri maarifləndirmək, onlara ekoloji tərbiyə və mədəniyyət aşılamaq, şəhərsalma texnologiyasında ekoloji tarazlığın qorunması, mühitin sağlamlığa təsiri məsələlərinin aktuallığına diqqəti cəlb etməkdir. Şagirdlər bu zaman öz kreativ düşüncələri, ideyaları əsasında hazırladıqları işləri təqdimatlar, maketlər və layihələr formasında müsabiqəyə təqdim edirlər. Müsabiqənin qalibləri diplomlar, fəxri fərmanlar, təşəkkürnamələr və digər stimullaşdırıcı vasitələrlə rəğbətləndirilir.
Məktəbdə keçirilən digər müsabiqələrdən biri də tematik divar qəzetlərinin hazırlanmasıdır. Bu müsabiqəyə məktəbin şagird kollektivi fəal şəkildə cəlb olunur. Buna misal olaraq 44 günlük Vətən müharibəsinə həsr edilmiş tematik divar qəzeti müsabiqəsini göstərə bilərik. Pandemiya şəraitinə və hibrid – distant təhsil şərtlərinə baxmayaraq, bu müsabiqədə məktəbin bütün sinifləri fəallıqla iştirak edir. Məktəbin foyesində asılmış divar qəzetlərinin şagirdlərdə vətənpərvərliyə, qəhrəmanlığa motivasiya yaradan başlıq və manşetləri diqqəti cəlb edir. Şagirdlər böyük sevgi və ehtiramla qəhrəmanlarımızın şücaətləri haqqında geniş və ətraflı məlumatlar hazırlayırlar. Vətənpərvərliyə yönəlmiş bu stimullaşdırıcı tədbirlərin şagirdlərdə motivasiyanın gücləndirilməsinə təsiri böyükdür.
Bütün bunlarla bərabər, şagirdlərin nailiyyətlərini, uğurlarını məktəb rəhbərliyinin və ya sinif rəhbərlərinin onların valideynlərinə məktub vasitəsilə çatdırması, məktəb mətbuatında, məktəbin veb saytında bu barədə xəbərlərin yayılması, habelə şagirdin ailəsinə və valideynlərinin iş yerinə rəğbətləndirici məktubların yazılması, onların uğur qazanmasında rolu olan müəllimlərə də təşəkkür elan edilməsi stimullaşdırıcı tədbirlərdən hesab oluna bilər.
Qeyd edək ki, təhsil prosesinin səmərəliliyinə və təhsilin keyfiyyətinin yüksəlməsinə məktəbin maddi-texniki bazası, mükəmməl tədris planı, proqram və dərsliklər, tədris prosesinin düzgün idarə edilməsi, tədris avadanlıqları, laboratoriya və fənn kabinetləri, yeni pedaqoji texnologiyalar, innovasiyalar və xüsusilə müəllimin ixtisas səviyyəsi, metodikası, hərtərəfli hazırlığı, onun səriştəliliyi və məktəbdə aparılan digər mühüm stimullaşdırıcı tədbirlər ciddi təsir göstərir.
İKT VƏ STİMULLAŞDIRMA
Hazırda məktəblərin kompüterləşdirilməsi, yeni pedaqoji texnologiyalardan istifadə tədrisin keyfiyyətinin yüksəldilməsində böyük rol oynadığı kimi, həm də əhəmiyyətli stimullaşdırıcı amildir. Belə ki, informasiya-kommunikasiya texnologiyaları şagirdlərin intellektual imkanlarının həyata keçirilməsinin həcmini və səmərəliliyini xeyli artırır. Müasir texnologiyalar isə məlumatın saxlanmasını və ötürülməsini təmin edə bilir, eyni zamanda məsafədən və zamandan asılı olmayaraq, açıq olan nəhəng məlumat mənbələrinə, kitabxanalara, elm mərkəzlərinə daxil olmağa əlverişli zəmin yaradır.
Kompüter proqramları həm də distant təhsil, aktiv öyrənmə, müstəqil axtarış və tədqiqat işi bacarıqlarının formalaşması imkanlarını təmin edir, şagirdləri həvəsləndirir və təlimə motivasiya yaradır.
Nəzərə almaq lazımdır ki, COVID-19 pandemiyası şəraitində təhsilin davamlılığını təmin etmək təhsilverənlərin əsas amalına çevrilib. Dünyada ümumi problemə çevrilən koronavirus pandemiyası ümumtəhsil sisteminin qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoyub. Müstəqil təhsilalma bacarığı, İKT bacarıqlarından istifadə, “Virtual məktəb” layihəsinin tətbiqi təhsilin təmin olunmasında praktik məsələlərə çevrilib. Tədris prosesinin davamlılığının təmin olunması üçün pedaqoji kadrların hazırlığı, onlayn dərslərin keçirilməsi məqsədilə müxtəlif internet resursları və vasitələrinin (ZOOM, Microsoft Teams, Youtube, Skipe və s.) istifadəsinə geniş yer verilir ki, bunlar da təhsilalanların və təhsilverənlərin pedaqoji prosesə cəlb olunmasına böyük stimul və motivasiya yaradır.
Tədris mühitində müəllim şəxsiyyəti əsas amildir. A.S.Makarenko yazır: “Müəllim özünü elə aparmalıdır ki, onun hər hərəkəti tərbiyəyə xidmət etsin. O hər zaman nə istədiyini və ya nə istəmədiyini bilməlidir. Bunu bilməyən müəllim necə tərbiyə işi ilə məşğul ola bilər?” (Makarenko, 1983).
Aparılan təcrübələrdən məlum olur ki, şagirdlərin fəaliyyətinin stimullaşdırılması və sağlam tədris mühitinin yaradılmasının müxtəlif aspektlərini üzə çıxarmaqla pedaqoji prosesin tamlığını təmin etmək olur. Professor Müseyib İlyasov bu barədə yazır: “Müşahidələr və həyati faktlar göstərir ki, şagirdlərin, xüsusilə ehtiyacı olan şagirdlərin müəllimlər, valideynlər və sinif rəhbərləri tərəfindən dəstəklənməsi, onlara pedaqoji dəstək verilməsi pedaqoji prosesdə həmişə öz müsbət nəticəsini göstərir” (İlyasov, 2018).
NƏTİCƏ
Müəllim şəxsiyyətinin, səriştə və peşəkarlığının tədris prosesinin səmərəliliyinə, təhsilin keyfiyyətinə, şagirdlərin təhsilə motivasiyasına və stimullaşdırılmasına təsiri böyükdür. Hazırda ümumtəhsil məktəblərində biliyin, sosial və mədəni təcrübənin ötürülməsində əsas rol bilavasitə müəllimə məxsusdur. Həqiqətən, müəllimin ixtisas səviyyəsi, onun əməksevərliyi, çalışqanlığı, səriştəliliyi və peşəkarlığı məktəbin maddi-texniki bazasının səviyyəsindən asılı olmayaraq, təhsil prosesinin səmərəliliyinə müsbət təsir göstərə bilər. Bundan əlavə, müəllimin işinə yaradıcı münasibəti təhsil prosesinin mövcud həqiqi şərtlərindən optimal istifadə etməyə kömək edə bilər.
Daxili motivasiya həmişə xarici amillərdən daha güclü təsir dairəsinə malik olur. Ona görə də təlimin məqsədini şagirdlərə açıqlayın və onlara öz gündəlik fəaliyyətini müstəqil şəkildə planlaşdırmağa şərait yaradın. Belə olduğu təqdirdə təhsilalanların tədrisə, təlim prosesinə marağı artar. Beləliklə, şagird fəaliyyətinin stimullaşdırılması, onların təhsilə, bilik qazanmağa motivasiya edilməsi, məktəbdə intellektual mühitin yaradılması ümumtəhsil müəssisəsinin əsas fəaliyyət sahələrindən biri olmalıdır.
İstifadə edilmiş ədəbiyyat
1 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı. Xalq qəz. 25 oktyabr, 2013-cü il.
2 Hüseynzadə, R.L. (2013). Məktəbdə pedaqoji prosesin təşkili. Bakı: Aktiv, 240 s.
3 İlyasov, M.İ. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Bakı: Elm və təhsil, 208 s.
4 Makarenko, A.S. (1983). Seçilmiş pedaqoji əsərləri. I cild. Bakı: Maarif, 384 s.