ÖZÜNÜ NECƏ MÜƏYYƏN EDİRSƏN?




Müasir təhsil sistemində öyrənənlərin motivasiyası, akademik uğuru və psixoloji rifahı əsas müzakirə mövzularından biridir. Ənənəvi tədris modelləri uzun müddət xarici motivasiya vasitələrinə - qiymətlərə, cəzalara və mükafatlara əsaslansa da, son onilliklərdə psixoloji yanaşmalar daha çox ön plana çıxıb. Bu yanaşmalar arasında özünü müəyyənetmə nəzəriyyəsi (Self-Determination Theory) təhsildə motivasiyanı anlamaq və inkişaf etdirmək üçün ən təsirli nəzəri çərçivələrdən biri sayılır. Özünü müəyyənetmə nəzəriyyəsi fərdin sosial mühitlə qarşılıqlı əlaqəsini, daxili və xarici motivasiyanın növlərini və əsas psixoloji ehtiyacların öyrənmə prosesində rolunu izah edir.

Bu nəzəriyyənin mərkəzində üç əsas psixoloji ehtiyac dayanır: muxtariyyət, səriştəlilik və bağlılıq. Muxtariyyət fərdin öz davranışlarını sərbəst və öz iradəsi ilə həyata keçirdiyini hiss etməsi, səriştəlilik özünü bacarıqlı və effektiv hiss etməsi, bağlılıq isə başqaları ilə mənalı və yaxın münasibətlər qurmaq ehtiyacıdır. Nəzəriyyəyə görə, bu ehtiyaclar ödənildikdə insanlar daha yüksək motivasiya, psixoloji rifah və davamlı inkişaf nümayiş etdirirlər.

Təhsil kontekstində bu ehtiyacların təmin olunması təhsilalanların dərsə marağını, öyrənməyə cəlb olunmasını və akademik davamlılığını artırır. Nəzarətə köklənən və məhdudlaşdırıcı tədris mühitləri isə bu ehtiyacları zəiflədir və motivasiyanın azalmasına səbəb olur.

Nəzəriyyə daxili və xarici motivasiyanı fərqli formalarda izah edir. Daxili motivasiya insanın fəaliyyəti maraq və zövq üçün yerinə yetirməsi ilə xarakterizə olunur. Məsələn, şagird bir mövzunu sadəcə maraqlı olduğu üçün araşdırırsa, bu daxili motivasiyanın göstəricisidir. Xarici motivasiya isə qiymət almaq, müəllimi razı salmaq və ya cəzadan qaçmaq kimi davranışdan kənar nəticələrlə əlaqəlidir.

Roçester Universitetinin tədqiqatçıları Edvard Deci və Riçard Ryan təhsildə motivasiya ilə bağlı apardıqları araşdırmalarda qeyd edirlər ki, təhsil sistemində tez-tez xarici motivasiya vasitələrinə üstünlük verilsə də, davamlı və dərin öyrənmə, əsasən, daxili motivasiya hesabına mümkün olur. Onların özünü müəyyənetmə nəzəriyyəsi çərçivəsində apardıqları tədqiqatlar göstərir ki, yalnız qiymət, mükafat və ya cəza kimi xarici amillərə əsaslanan tədris uzunmüddətli öyrənmə və akademik inkişaf üçün kifayət etmir. Bu alimlərin apardıqları uzunmüddətli araşdırmalar göstərir ki:

  • Təhsil mühitində davamlı və dərin öyrənmə, əsasən, şagirdlərin daxili motivasiyası ilə əlaqəlidir; yalnız xarici amillərə əsaslanan tədris uzunmüddətli effekt vermir.
  • Xarici motivasiya uyğun pedaqoji şəraitdə mərhələli şəkildə özününküləşdirilə bilər; təhsilalanlar tapşırıqların məqsədini anladıqda davranışlarını şəxsi dəyərləri ilə uyğunlaşdırırlar.
  • Müəllimin muxtariyyəti dəstəkləyən yanaşması (seçim imkanı verməsi, səbəbləri izah etməsi) təsilalanların öyrənməyə cəlb olunmasını artırır.
  • Məlumatverici və dəstəkləyici rəylər təsilalanların səriştəlilik hissini gücləndirir, təzyiqedici və nəzarətedici rəylər isə daxili motivasiyanı zəiflədir.
  • Muxtariyyət, səriştəlilik və bağlılıq ehtiyacları ödənmədikdə şagirdlərin motivasiyasının azalması və məktəbdən uzaqlaşması riski artır.
  • Müəllimin “Bunu etməlisən” əvəzinə, “Bunu etsən, bu bacarığını inkişaf etdirə bilərsən” kimi ifadələrdən istifadə etməsi, həmçinin səhvləri cəza obyekti deyil, öyrənmə üçün fürsət kimi təqdim etməsi şagirdlərin motivasiyasını və öyrənməyə müsbət münasibətini gücləndirir.

Bununla yanaşı, Deci və Ryan Orqanizmlərin İnteqrasiya Nəzəriyyəsi (Organismic Integration Theory) komponentinə əsaslanaraq vurğulayırlar ki, xarici motivasiya tamamilə qeyri-effektiv hesab edilə bilməz. Əksinə, uyğun sosial və pedaqoji şəraitdə xarici motivasiya müxtəlif səviyyələrdə özününküləşdirilə bilər. Məsələn, şagird ilkin mərhələdə tapşırığı yalnız qiymət almaq məqsədilə yerinə yetirsə də, zaman keçdikcə bu fəaliyyətin şəxsi inkişaf və öyrənmə baxımından faydasını dərk edərək, davranışı öz dəyərləri və məqsədləri ilə uyğunlaşdıra bilər.

Tədqiqatçılar bildirirlər ki, özünü müəyyənetmə nəzəriyyəsinin mini nəzəriyyələrindən biri olan koqnitiv qiymətləndirmə nəzəriyyəsinə görə, daxili motivasiya böyük miqyasda sosial və pedaqoji mühitdən asılıdır. Onların fikrincə, müəllimin rəyləri, istifadə etdiyi kommunikasiya dili və sinifdə formalaşdırdığı psixoloji iqlim şagirdlərin muxtariyyət və səriştəlilik hissini ya gücləndirə, ya da zəiflədə bilər. Xüsusilə, dəstəkləyici və məlumatverici rəylər daxili motivasiyanı artırdığı halda, təzyiq və nəzarət yanaşmaları bu motivasiyanın azalmasına səbəb ola bilər. Bu səbəbdən özünü müəyyənetmə nəzəriyyəsinə əsaslanan tədris modelləri müəllimlərdən daha çox muxtariyyəti dəstəkləyən yanaşma tələb edir.

Özünü müəyyənetmə nəzəriyyəsinə görə, təhsil yalnız biliyin ötürülməsi deyil, həm də sosial münasibətlər sistemidir. Bağlılıq ehtiyacı xüsusilə məktəb və universitet mühitində mühüm rol oynayır. Təhsilverən-təhsilalan münasibətlərinin müsbət və dəstəkləyici olması, yaşıdlar arasında əməkdaşlıq və hörmət mühitinin yaradılması öyrənmə prosesini gücləndirir.

Araşdırmalar göstərir ki, şagird özünü sinifdə qəbul olunmuş və dəyərli hiss etdikdə dərslərə marağı artır və məktəbdən uzaqlaşma riski azalır. Məsələn, müəllimin şagirdin fikrini dinləməsi, səylərini qiymətləndirməsi və onu sinifdə aktiv iştirakçı kimi görməsi şagirdin motivasiyasını gücləndirir. Bu nəticələr özünü müəyyənetmə nəzəriyyəsinin sosial mühitin motivasiya üzərində mühüm rol oynadığını vurğulayan əsas fikirləri ilə üst-üstə düşür.

Nəzəriyyənin prinsipləri müasir təhsil metodları ilə də sıx bağlıdır. Xüsusilə oyun əsaslı təlim, layihə əsaslı öyrənmə və şagirdyönlü pedaqogika bu yanaşmanı praktikada uğurla tətbiq edir. Məsələn, şagirdə mövzu seçimi verildikdə onun muxtariyyət hissi artır; tapşırıqlar nə çox asan, nə də həddindən artıq çətin olduqda şagird özünü bacarıqlı hiss edir; qrup işləri və birgə layihələr isə şagirdlər arasında bağlılığı və əməkdaşlığı gücləndirir.

Ümumilikdə, özünü müəyyənetmə nəzəriyyəsi təhsildə motivasiyanı anlamaq üçün hərtərəfli və dərin psixoloji yanaşma təklif edir. Muxtariyyət, səriştəlilik və bağlılıq ehtiyacları ödənildikdə təhsilalanlar dərslərə daha həvəslə yanaşır, daha yaxşı nəticələr göstərir və özlərini psixoloji cəhətdən daha yaxşı hiss edirlər. Bu ehtiyacları nəzərə alan təhsil mühitinin yaradılması müasir və effektiv təhsilin əsas şərtlərindən biri hesab olunur. Məhz buna görə də bu nəzəriyyə təhsil sahəsində keyfiyyətli və davamlı öyrənmə üçün etibarlı yol xəritəsi təqdim edir.

Ağca Talıbova