ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNƏ NİYƏ EHTİYAC VAR?




Alternativ enerjinin tətbiqi planetin ekoloji problemlərinin həll yollarından biri hesab olunur.

Alternativ enerji texnologiyalarını inkişaf etdirərkən bəşəriyyətin qarşısına qoyduğu əsas məqsəd istehlak olunan resursların miqdarını azaltmaqdır. Yer kürəsindəki neft, kömür və başqa faydalı qazıntı ehtiyatları sonsuz deyil. Qeyri-rasional istifadə planetin bütün yanacağını tükətmək və nəticədə əbədi olaraq elektriksiz qalmaq riski yarada bilər. Bu problemlər inkişaf etmiş ölkələrin infrastrukturlarının və iqtisadi dayaqlarının məhvinə səbəb ola bilər. Odur ki alternativ enerji mənbələri tapmağa ehtiyac yaranır.

Alternativ enerji dedikdə təbii qaynaqlardan istifadə etməklə əldə olunan enerji növləri nəzərdə tutulur:

  • Günəş istiliyinin elektrik enerjisinə çevrilməsi binaların damında və ya açıq ərazilərdə quraşdırılan modullardan istifadə etməklə əldə edilir. Bu yolla binaların istilik sistemləri, suyun isidilməsi, kondisionerlərin çalışdırılması və digər məqsədlər üçün enerji əldə oluna bilər. Günəş panelləri qar yağanda və buludlu havada belə enerji istehsal etmək qabiliyyətinə malikdir;
  • Külək enerjisi - külək dəyirmanları hələ qədim zamanlarda buğda üyüdülməsində istifadə olunub. Müasir külək elektrik stansiyaları da həmin dəyirmanlara bənzəyir - nəhəng pərlərin köməyi ilə küləyin enerjisi elektrik enerjisinə çevrilir. Bu gün o, alternativ enerjinin ən perspektivli və sürətlə inkişaf edən növlərindən biri sayılır;
  • Su enerjisinin məişət ehtiyacları üçün istifadəsi Qədim Misir və Roma İmperiyası dövründən məlumdur. XIX əsrin sonundan bəri su elektrik enerjisi istehsalında əsas qaynaqlardan sayılıb.
  • Gelgit enerjisi - mahiyyətcə su elektrik stansiyası olsa da, çaylarda deyil, dənizdə qurulur.
  • Qradient temperatur enerjisi - bu tip elektrik stansiyası dənizlərin və okeanların dərinliyindəki temperatur dəyişikliklərini enerjiyə çevirir. Dünya okeanları Yerə çatan günəş işığının yarısından çoxunu udur və isti səth suları ilə soyuq dərin sular arasındakı temperatur fərqinin potensial olaraq 20-40 min vattlıq enerji mənbəyi olduğu təxmin edilir;
  • Geotermal enerji yeraltı sulardan, geyzer və qaynar suların buxarından əldə olunur;
  • Bioenerji - yüksək metan tərkibli bitki və heyvan mənşəli bioqazdan istifadəni nəzərdə tutur. Peyin, eləcə də heyvan və bitki qalıqlarının çürüməsi zamanı əmələ gəlir. Bəzi təsərrüfatlarda peyin kütlələri xüsusi çənlərə tökülür, orada çürüyür və ayrılan qazdan müəssisənin qızdırılması və elektrikləşdirilməsi üçün istifadə olunur.

Bərpa olunan enerjiyə tam keçid dünyanın bir çox ölkələrinin qarşısına qoyduğu hədəfdir. Paris Sazişinə əsasən, 2030-cu ilə qədər iqtisadiyyatın ən çox çirkləndirici sektorlarında alternativ enerji ənənəvi qaynaqları üstələməlidir. Bu hədəflərə çatmaq üçün təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Dünyanın bir çox ölkələrində şagirdlərin ekoloji savadlılığını yüksəltmək, onlara yeni biliklər vermək üçün fərqli layihələr həyata keçirilir. Avropada alternativ enerji təhsili sahəsində təşəbbüslər 2000-ci illərdən başlayaraq reallaşdırılır. Deutche Wellenin yazdığına görə, Niderlandda yerləşən ekoloji tamayüllü Green Free School-da (Yaşıl Azad Məktəb) tədrisin əsas məqsədi şagirdlərdə dayanıqlı həyat tərzi vərdişləri formalaşdırmaqdır. Bu məktəbdə uşaqlar təbii materiallardan istifadə etməklə yeni əşyalar yaratmağı, məişət tullantılarını kompostlamağı, velosipedləri təmir etməyi və yağış sularını toplamağı öyrənirlər. Onlar həmçinin, açıq havada bitki yetişdirmək, iqlim şəraitləri, alternativ enerji qaynaqlarının yaradılması ilə bağlı praktiki biliklər qazanırlar​.

Rotterdamdakı Erasmus Universiteti alternativ enerjiyə keçid mövzusunda yeni tədris proqramları hazırlayıb. Bu proqramlar tələbələrə texnoloji yeniliklərdən tutmuş qanunvericilik, maliyyə, geosiyasət və iqtisadi modellər kimi müxtəlif sahələrdə biliklər vermək məqsədi daşıyır. Məqsəd enerji keçidinin uğurla reallaşdırılması üçün lazım olan liderlik bacarıqlarını inkişaf etdirməkdir.

Hanze Universiteti də bərpa olunan enerji sahəsində proqramlar təklif edir. Tələbələr burada enerji sənayesi ilə bağlı tədqiqat layihələri üzərində çalışaraq, bilik və bacarıqlarını artıra bilərlər.

Azərbaycanda da 2009-cu ildə Dövlət Bərpaolunan və Alternativ Enerji Agentliyi yaradılıb. 2012-ci ildə isə ilk alternativ enerji stansiyası fəaliyyətə başlayıb. Artıq ölkədə bu sahə üzrə kadrların hazırlığı məsələsinə də diqqət yetirilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mətbuata açıqlamasında deyib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni tədris ilindən alternativ enerji sahəsində ixtisasların tədrisinə başlanacaq.

Bu ildən başlayaraq ilk dəfə günəş panellərinin, külək durbinlərinin təmiri üzrə texnik, alternativ enerji sistemlərinin idarə edilməsi üzrə mütəxəssis ixtisaslarının tədrisi planlaşdırılır. Onun sözlərinə görə, yeni tədris ilindən hibrid və elektrik avtomobillərinin təmiri üzrə kadrların hazırlığı da nəzərdə tutulub.

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində ali təhsilli kadrlara olan ehtiyacı ödəmək üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”ında yer ayrılıb. Elm və Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, hazırda 7 tələbə xarici universitetlərdə bərpa olunan enerji ixtisası üzrə təhsil alır.

Zemfira Məmmədqızı