PEDAQOJİ DİZAYN NƏDİR?




Tədris prosesində məlumatın qavranması yolları artıq uzun müddətdir ki, dəyişib. İndi müəllimlər yeni situasiyaya adaptasiya olmağa çalışırlar. Mövzunu necə izah etmək lazımdır ki, uşaqlar başa düşsünlər? Bir məktəblini, yeniyetməni təhsilə həvəsləndirmək üçün nə etmək lazımdır? Müəllim və valideynlərin əksəriyyəti bu və buna bənzər suallara cavab axtarışındadır.

Valideynləri daha çox tərbiyə ilə bağlı sualların cavabı maraqlandırırsa, müəllimlər uşaqlara müəyyən bilikləri çatdırmağa və bu biliklərdən istifadəni öyrətməyə səy göstərirlər. İndi tədris dizaynerlərini düşündürən əsas məsələ ətrafda məktəblilərin diqqətini yayındıran o qədər maraqlı şeylər olduğu halda, bilikləri gənc nəslin şüuruna necə “yerləşdirməkdir”.

Bütün bu suallar “pedaqoji dizayn” anlayışına daxildir. Bu anlayışın məqsədi qəliz mövzuları başa düşülən, mürəkkəbləri sadə, maraqsızları daha maraqlı etməklə təhsilalanlarda biliyə həvəsi stimullaşdırmaqdır.

Pedaqoji və ya tədris dizaynı nədir?

Anlayışın bir neçə müasir tərifi var. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədris materialının tam mənimsənilməsinə yönəlmiş müxtəlif təhsil texnologiyalarının yaradılmasına sistemli yanaşma kimi başa düşülə bilər. Təhsil dizaynı müasir texnologiyalardan istifadə etməklə effektiv tədris metodlarını inkişaf etdirən elmdir.

Pedaqoji universitet və ya kollec məzunlarının bu biliklərə çox ehtiyacı var: müəllim pedaqoji proqramların tərtibatı ilə hər gün məşğul olur.

On illər boyu təhsil prosesində praktiki olaraq böyük dəyişikliklər olmadığı halda, indi adi sinif-dərs sistemində “uzaqdan təhsil” və ya sadəcə internet əlçatanlığı ilə inqilab baş verib.

Pedaqogika tarixini araşdıranlar təhsil dizaynının əsaslarının İkinci Dünya Müharibəsi illərində qoyulduğunu bildirir. Tanınmış amerikalı alim Burres Frederik Skinner (1904-1990) hərbi qulluqdakı əsgərlərin hazırlığı metodlarının təkmilləşdirilməsi ilə bağlı araşdırmaların müəllifi olub. Onun “Tədris texnologiyası” kitabı tədqiqatlara və onların nəticələrinə həsr olunub. Müəllif bu gün də aktual olan təhsil dizaynının prinsiplərini aşağıdakı kimi müəyyən edib:

  • informasiyanın məzmunu;
  • təlim prosesində aktiv fəaliyyət prinsipi;
  • əlaqə prinsipi;
  • təchiz edilən materialın mərhələli təqdim olunması.

O bu prinsiplərə əsaslanan Skinner “addım-addım” tədris metodologiyasını işləyib hazırlayıb. Bu metodologiyada müəllim:

  • təhsilalanın nəyi bilməli və ya bacarmalı olduğunu müəyyənləşdirməli;
  • bilik və ya bacarıqları sadədən mürəkkəbə doğru kiçik hissə və ya addımlara bölməli;
  • tədris prosesi elə qurulmalıdır ki, şagird hər mərhələdə materialı tam mənimsəsin, bilik və bacarıqlarda boşluq olmasın;
  • vaxtaşırı öyrənilən materialın möhkəmləndirilməsi təmin edilməlidir.

Tədris dizayn texnologiyaları fasiləsiz olaraq yenilənir, tamamlanır və yeni platformalara uyğunlaşırlar.

Beləliklə, coğrafiya kabinetindəki qlobus və dünya xəritəsi ölkələr və qitələr haqqında biliklərin mənimsənilməsinə yönəlmiş pedaqoji dizaynın elementləridir. Biologiya kabinetində insan skeletini və daxili orqanları nümayiş etdirən əyani vəsaitlər insan anatomiyası və fiziologiyası haqqında məlumatların daha rahat öyrənilməsi məqsədi ilə hazırlanan pedaqoji dizayn elementləridir.

XXI əsrin müasir pedaqoji kurikulumun tərtibatı isə daha çox rəqəmsal texnologiyalardan istifadəyə yönəlib. Hazırkı 3D görüntüləri şagirdə insan bədəninin quruluşu barədə kifayət qədər fikir formalaşdırmağa imkan verir. Google xəritələri fiziki coğrafiya kursunda öyrənilən ərazinin daha ətraflı təsvirini verə bilər. Ancaq bu o demək deyil ki, ənənəvi coğrafi xəritələrə artıq ehtiyac yoxdur. Çünki materialın öyrənilməsinin ilkin mərhələsində həddindən artıq təfərrüat şagirdlərin diqqətini yayındıra bilər.

Mütəxəssislər bildirir ki, pedaqoji dizayn texnologiyasında aşağıdakı alqoritmə əməl olunmalıdır:

  • auditoriyanın tələbinin, onun səriştə və tələb olunan təlim nəticələrinin təhlili;
  • hər bir dərsin məqsəd və vəzifələrinin müəyyən edilməsi;
  • tədris vasitələri, metod və üsullarının seçilməsi;
  • fənnin məzmununun, praktiki tapşırıqların, qiymətləndirmə testlərinin və biliklərin qiymətləndirilməsi sisteminin işlənib hazırlanması;
  • dərs komponentlərinin dizaynı (mətn, şəkillər, audio, video);
  • əlaqə və fəaliyyətin qiymətləndirilməsi formalarının hazırlanması.

Müasir pedaqoji dizayn texnologiyalarını necə tətbiq etmək olar? Gənc nəsildə artıq formalaşmış “klip təfəkkürü” və informasiyanı kompüter ekranı vasitəsilə qəbul edib qavramaq vərdişi rəqəmsal texnologiyalarla işləməyi bacaran hər kəsin şüur və əhvalına təsir etmək üçün sonsuz imkanlar açır.

Bu gün tədris dizaynının çox yayılmış bir neçə modeli mövcuddur: ADDIE, SAM, ALD və s. Onların hər biri haqqında qısaca danışaq.

ADDIE (Analyze, Design, Develop, Implement, Evalute) modelinin adı onun həyata keçirilməsinin əsas mərhələlərini göstərən sözlərin ilk hərflərindən ibarətdir. Bu addımlara nəzər salaq:

  • təhlil (Analyze) - məqsədin, auditoriyanın tələbatının, təklif olunan təlim vasitələrinin, nəzarət formalarının və effektivliyin müəyyən edilməsi üçün hazırlıq mərhələsidir.
  • dizayn – kursun bütün elementləri ilə dizaynı: plan, proqram, dərsliklər, təlim materialları toplusu, onların təqdimatı üçün formatları nəzərdə tutur.
  • inkişaf (Develope) – layihənin həyata keçirilməsi: video və audio dərslər, təqdimatlar, interaktiv sorğular, praktiki tapşırıqlar.
  • icra – (Implement) hazır kursun təlim platformasına köçürülməsi, onun bütün elementlərinin təcrübədə sınaqdan keçirilməsi.
  • qiymətləndirmə (Evalute) – başa düşmək üçün əlçatanlıq, effektivlik, rahatlıq, məqsədlərə nail olmaq, təkmilləşdirmə ehtiyacı parametrlərinə görə qiymətləndirilmə.

ADDIE əsas və ən çox istifadə olunan tədris dizayn modeli hesab olunur. Bununla belə, daha kiçik miqyaslı vəzifələr üçün digər modellər də istifadə olunur.

SAM (Successive Approximation Model) Ardıcıl Yaxınlaşma Modeli kimi tərcümə olunan bu yanaşma bəzi hallarda ADDIE-nin əksi olaraq qəbul edilir. SAM-a görə kurs başdan sona bir xətt olaraq deyil, yaranan ehtiyaclara uyğun olaraq təkmilləşdirməklə inkişaf etdirilir.

SAM qısamüddətli kursların layihələndirilməsi üçün ən uyğun yanaşma sayılır.

ALD (Agile Learning Design) Çevik Öyrənmə Dizaynı məqsəd və ehtiyacları müəyyənləşdirməklə, zəruri və mövcud resursları qiymətləndirir.

Göründüyü kimi, modellərdə bir çox oxşarlıqlar var. Çünki bütün pedaqoji dizayn modelləri bir məqsədə - təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədris materialının tam mənimsənilməsinə çalışır. Bu pedaqoji təhsil alan, müəllim kimi çalışan hər kəsin bilməli olduğu yanaşmadır. Xüsusilə də informasiyanın qavranması yollarının sürətlə dəyişdiyi bir zamanda təhsildə dizayn getdikcə daha çox əhəmiyyət kəsb edir.