XARİCİ DİLDƏ VİDEOLARA BAXMAQ

Bu gün xarici dil bilmək məktəbli üçün artıq əlavə üstünlük deyil, demək olar ki, vacib bacarıqlardan biri sayılır. Xarici dil uşağa müxtəlif insanlarla ünsiyyət qurmaq imkanı verməklə yanaşı, yeni məlumatlara çıxış, başqa mədəniyyətləri tanımaq, gələcək təhsil və karyera imkanlarını genişləndirmək üçün mühüm vasitədir.
Amma məktəblilərin hamısı xarici dili eyni asanlıqla öyrənmir. Bəzi uşaqlar sözləri tez yadda saxlayır, bəziləri danışmaqdan çəkinir, başqaları isə qrammatika qaydalarını öyrənsələr də, real vəziyyətdə həmin dildən istifadə etməkdə çətinlik çəkirlər. Bəs xarici dil öyrənməyi uşaqlar üçün necə daha asan və maraqlı etmək olar?
Linqvistlər bildirir ki, xarici dilin öyrənilməsində ən böyük səhvlərdən biri onu yalnız qaydalar və sözlər toplusu kimi təqdim etməkdir. Uşaq dilin qaydalarını bilməklə yanaşı, həmin dildən istifadə etməyi də öyrənməlidir.
Şagirdə bir gündə çoxlu söz əzbərlətmək ilk baxışda yaxşı nəticə kimi görünə bilər. Amma əsas məsələ uşağın həmin sözləri bir həftə, bir ay və daha sonra da xatırlaya bilməsidir.
Kanadadakı Western University-nin tədqiqatçıları Su Kyunq Kim və Stuart Uebb 2022-ci ildə ikinci dilin öyrənilməsində fasiləli təkrarın təsirini araşdıran 48 eksperimentin nəticələrini birləşdirən meta-analiz aparıb. 3411 iştirakçının nəticələrini təhlil ediblər. Araşdırmalar göstərib ki, fasiləli təkrar, yəni materialı bir dəfəyə çox təkrarlamaq əvəzinə müəyyən fasilələrlə yenidən öyrənmək ikinci dilin mənimsənilməsinə müsbət təsir göstərir. Xüsusilə daha uzun fasilələrlə edilən təkrarın uzunmüddətli yaddaş üçün üstünlüyü müşahidə olunub.
Bunun məktəb üçün çox sadə nəticəsi var: uşağa bu gün 30 yeni söz verib sabah hamısını unutmasına imkan yaratmaqdansa, daha az sayda sözü müxtəlif günlərdə yenidən istifadə etdirmək daha faydalıdır. Məsələn, 1-ci gün hansısa mövzuda öyrənilən sözlərlə tanışlıq, 3-cü gün oyun vasitəsilə təkrar, 5-ci gün cümlə qurmaq, növbəti həftədə isə danışıq tapşırığında istifadə. Bu yanaşmada söz yalnız məlumat kimi deyil, müxtəlif yollarla yadda qalan anlayış kimi təqdim edilir.
Uşaqlar xarici dildə videolara baxmağı sevirlər. Lakin burada mühüm sual yaranır: video izləmək həqiqətən dil öyrənməyə kömək edirmi?
2026-cı ildə Cambridge University Pressin yayımladığı mühüm meta-analiz bu suala cavab axtarıb. Ümumi nəticə audiovizual materiallara baxmağın ikinci dil öyrənilməsinə müsbət təsir göstərə bildiyini göstərib. Araşdırmada söz ehtiyatı, qrammatika, tələffüz, danışıq və dinləmə kimi müxtəlif sahələr arasında əhəmiyyətli fərqlər də aşkar edilməyib.
Bu nəticə məktəblər üçün maraqlı imkan yaradır. Xarici dil dərsi yalnız kitab və dəftərlə məhdudlaşmamalıdır. Amma buradakı vacib məqam odur ki, bütün videolar eyni dərəcədə faydalı deyil. Filmə baxmaqla öyrədici videoya baxmaq eyni deyil.
Kembric araşdırmasının ən maraqlı nəticələrindən biri video növünün əhəmiyyətli olmasıdır. Tədqiqatda əyləncə məqsədli videolar - məsələn, filmlər və televiziya serialları - təhsil məqsədli videolardan daha aşağı nəticə göstərib. TED Talks, sənədli filmlər və birbaşa dil öyrənməyə yönələn videolar daha güclü nəticələrlə əlaqələndirilib.
Bu o demək deyil ki, uşaqlar filmə baxmamalıdır. Əksinə, film və seriallar motivasiya yarada bilər. Sadəcə onları xarici dil öyrənməyin yeganə vasitəsi kimi qəbul etmək düzgün deyil.
Məsələn, müəllim təbiət, kosmos, heyvanlar və ya texnologiya haqqında uşağın yaşına uyğun qısa xarici dilli video seçə bilər. Uşaq həm maraqlandığı mövzu haqqında məlumat alır, həm də dili real kontekstdə eşidir.

Kembric araşdırmasında videoya baxmaqla yanaşı əlavə fəaliyyətlərin olduğu vəziyyətlər daha böyük nəticə verib. Baxmayaraq ki, bu fərq statistik baxımdan əhəmiyyətli olmayıb.
Yəni əsas prinsip sadədir:
Videoya bax → anla → danış → istifadə et → bir neçə gün sonra yenidən xatırla.
Xarici dil öyrənən uşağın ən böyük problemlərindən biri səhv etmək qorxusudur. Əgər müəllim hər cümlədə səhv axtarırsa, şagird danışmamağı daha təhlükəsiz hesab edə bilər. Halbuki səhvlər etmədən dil öyrənmək mümkün deyil.
Danışıq tapşırıqlarında ilk məqsəd mükəmməl cümlə qurmaq deyil, fikri ifadə etmək olmalıdır. Müəllim uşağın səhvini dərhal düzəltmək əvəzinə düzgün formanı sonradan təbii şəkildə təkrarlaya bilər. Beləliklə, uşaq həm fikrinin qəbul edildiyini görür, həm də düzgün formanı eşidir.
Xarici dil dərsinin uşağın yaşına uyğun və əyləncəli olması da onun motivasiyanı artırır.
British Council uşaqlar üçün xarici dil öyrənilməsində mahnı, oyun və hekayələrdən istifadənin faydalı olduğunu vurğulayır. Mahnı və ritmik ifadələr təkrarı asanlaşdırır, oyunlar dili rahat şəraitdə istifadə etməyə imkan verir, hekayələr isə sözləri və ifadələri kontekst daxilində təqdim edir. Mütəxəssislər bildirir ki, xarici dil dərsinin uşağın yaşına uyğun və əyləncəli olması da onun motivasiyanı artırır. British Council-ın uşaqlar üçün hazırladığı LearnEnglish Kids resurslarında da oyunlar, mahnılar, hekayələr, danışıq və söz ehtiyatı üzrə tapşırıqlar bir-biri ilə əlaqələndirilir.
Bu yanaşma xüsusilə ibtidai və orta məktəbin aşağı siniflərində faydalıdır. Uşaq dili nə qədər çox hərəkət, səs, şəkil və real fəaliyyətlə əlaqələndirirsə, dərs onun üçün bir o qədər maraqlı olur.
Xarici dil tədrisini yaxşılaşdırmaq üçün bütün məsuliyyəti uşağın və ya müəllimin üzərinə qoymaq düzgün deyil. Məktəb də uyğun mühit yaratmalıdır.
Həftə ərzində qısa danışıq fəaliyyətləri, xarici dildə video saatları, oyun əsaslı tapşırıqlar, mütaliə guşələri və kiçik layihələr təşkil etmək mümkündür. Belə tapşırıqlar sayəsində dil yalnız dərs kitabında qalmır, real həyata vəsiqə qazanır. Bütün tərəflərin son məqsədi uşağın həmin dildə düşünməsinə, anlamasına, sual verməsinə və öz fikrini ifadə etməsinə imkan yaratmaqdır.
Bu prosesdə valideyn uşağın xarici dil müəllimi olmaq məcburiyyətində deyil. Onun ən böyük dəstəyi övladına “gəl, bu dili birlikdə kəşf edək” deməsidir.

