ƏLİMİZİ TƏHLÜKƏ İLƏ SİLİRİK




Son onilliklərdə dünyaya gələn körpənin tanış olduğu ilk təmizlik vasitələrindən biri nəm salfetdir. Bu nəm salfetlər onları həyatlarının bütün mərhələsində və hər yerdə müşayiət edir. Valideynlər övladlarının çantasına yeməklə yanaşı qoyduqları və istifadə etməyi dönə-dönə tapşırdıqları nəm salfetlərin həm özləri, həm də bütövlükdə planetimiz üçün nə qədər böyük təhlükə olduğundan xəbərsizdirlər. Salfetlər həyatımızın hər sahəsinə o qədər daxil olub ki, olduğumuz məkanlarda su və sabun olanda da biz nəm salfetlərdən istifadə edirik.

İnsanlarda salfetlərin adi tualet kağızı ilə eyni materialdan - sellülozadan hazırlanması ilə bağlı yanlış təsəvvür var. Onlarda belə bir rəy formalaşıb ki, bu salfetin istifadəsində təbiət üçün təhlükəli heç nə yoxdur. Əslində, nəm salfet istehsalının ilkin mərhələsində həqiqətən təbiətə zərərli heç bir maddə yox idi. Lakin tədricən salfetin tərkibindəki sellüloz poliester və polipropilen liflərdən (başqa sözlə, plastik) hazırlanan materiallarla əvəz olundu. Salfetlər qablaşdırılarkən istehsalçılar, ümumiyyətlə, lifin dəqiq tərkibini yazmırlar. Bu toxunmamış liflər qələvi, turşu, duz və başqa kimyəvi maddələrin təsirlərinə davamlıdır və demək olar ki, təbiətdə parçalanmır.

 

Salfetləri nəmləndirmək üçün aşağıdakı kimyəvi maddələrdən istifadə olunur:

  • yuyucu və təmizləyici vasitələr;
  • losyonlar;
  • spirt (etil, izopropil);
  • ətir;
  • antiseptik əlavələr;
  • konservantlar;
  • ftal turşusu – (salfetlərə əlavə yumşaqlıq və elastiklik vermək üçün);
  • bitki mənşəli əlavələr, kremlər.

 

Yaş salfetlərdən istifadə edilən onilliklər ərzində aydın oldu ki, insanın rahatlıq axtarışı onun sağlamlığına ən böyük təhlükədir. Bu salfetlərin tərkibində olan süni konservantlar və ətirlər ciddi allergik reaksiyalara, müxtəlif qıcıqlanmalara və dermatitə səbəb olur. Nanə, mentol, qreypfrut və ya limon kimi qoxusu olanlar isə xüsusilə təhlükəlidir.

Salfetlərin yumşaqlığına xidmət edən ftal turşusunun siçanlar üzərindəki təcrübəsi zamanı onlarda ciddi hormonal dəyişikliklər müşahidə olunub. Ftalın insanlara zərəri tam təsdiqlənməsə də, alimlər bunun zaman məsələsi olduğunu deyir.

Şüurumuza yeridilən “antibakterial salfet” əslində əmtəənin “PR”-na xidmətdən başqa bir şey deyil. Alimlər bu salfetlərin bakteriyaları öldürməkdə gücsüzlüyünün sübut olunduğunu bildirirlər. Salfetlərin tərkibindəki bakteriyaları öldürən maddələr yalnız dərinin bir hissəsi ilə ən azı 10 saniyə təmasda olduqda arzuolunan təsiri göstərə bilər. Əgər salfetlə əllərinizi yalnız silsəniz, onda mövcud olan bakteriyaları daha geniş əraziyə yaymış və çoxaltmış olacaqsınız.

Salfetlərdə istifadə olunan etil və izobutil spirtləri dərinin təbii qoruyucu baryerini pozur, qıcıqlanmaya səbəb olur və onun bakteriyalarla mübarizədə təbii gücünü zəiflədir.

Salfetlərin insanlara “faydası” aydındır. Bir az da onun təbiət və ekologiyaya təsirindən danışaq.

“Qrinpis” (Greenpease) ekoloqlarının bununla bağlı rəy və prqonozları olduqca bədbindir. Onlar bildirir ki, nəm salfetlərin hazırlandığı polipropilen və poliester liflər torpaqda çürümür və atıldığı yerdə 500 ilə qədər yaşaya bilər. Bu halda salfetlərin tərkibindəki maddələr torpağı zəhərləyir, onun xassələrini dəyişir və bununla da bitki aləminə mənfi təsir göstərir. Təbiətdəki canlılar bu salfetləri öz yeməkləri kimi qəbul edir, mədə və bağırsaqlarına dolan plastiklər onların həyatına təhlükə yaradır.

Britaniyalı ekoloqlar deyir ki, ölkə çimərliklərində hər yüz kvadrat metrdən 30-35 , dəniz sularının hər metrindən təqribən 27 ədəd yaş salfet yığmaq olar. Dəniz tısbağaları, meduzalar və başqa su heyvanları bu salfetlərlə qidalandıqda zəhərlənir və ekosistemdə balans pozulur.

Rusiyalı ekoloqların Baykal gölü ətrafındakı tədqiqatları göstərib ki, bütövlükdə tullantıların içərisində birinci yerdə parçalanmayan liflərdən hazırlanan siqaret filtrləri, ikinci yerdə nəm salfetlər gəlir.

İstifadə olunmuş yaş salfetlər təkrar emal edilə bilərmi? Dünyada belə texnologiyalar mövcud olsa da, bunun effektli nəticəsinə böyük şübhələr var. Ekoloqların qənaətinə görə, bu, olduqca mürəkkəb prosesdir. Odur ki, tullantıların çeşidlənərək toplanması təşkil edilən ölkələrdə belə, birdəfəlik salfetlər çox vaxt təkrar emal olunmayan tullantılar kimi təsnifləşdirilir və poliqonlara göndərilir.

Özbəkistan Dövlət Ekologiya Komitəsi 2019-cu ildən ölkədə nəm salfetlərdən istifadənin azaldılması üçün maarifçilik işi aparır, ekoloqlar isə onun istehsalının dayandırılmasını tələb edirlər.

Nəm salfetlərin başqa bir mənfi təsiri böyük şəhərlərin büdcəsi və infrastrukturuna vurduğu zərərdir. Belə ki, kanalizasiya borusuna düşən salfetlər onun tıxanmasına və məişət tullantılarının təmizlənməsində problemlərə səbəb olur. Bunun ağırlığını ən çox Britaniya büdcəsi öz üzərində hiss edir. Hökumət nəm salfetlərin istifadəsinə qadağalar təklif edir. Statistikaya görə, ölkədə kanalizasiya tıxanmalarının təxminən 93%-i nəm salfetlərlə bağlıdır. Bu xətlərin açılması və təmizlənməsi üçün hökumət hər il büdcədən əlavə 100 milyon funt sterlinq xərcləməli olur. Parlamentdəki müzakirələr zamanı deyilib ki, "Londonun şərqindəki bir kanalizasiya stansiyası hər gün borularından 30 ton salfet çıxarır". Ölkə hakimiyyəti bu mövzuda ictimai məsləhətləşmələr keçirib və qadağaların gündəlikdə olduğunu açıqlayıb. Ətraf mühit naziri isə deyib ki, bütün yaş salfetlər deyil, yalnız tərkibində plastik olanların istehsalı və istifadəsi qadağan ediləcək. Bu son beş ildə Britaniyada nəm salfetlərin istehsalının və istehlakının qadağası üçün edilən üçüncü cəhddir.

 

Bəs alternativlər hansılardır?

 

Britaniya parlamentinin ekologiya komitəsi vətəndaşlara müraciətində bildirib ki, "Mümkün olduqca əllərinizi sabunla yuyun. Parça dəsmal və ya kağız salfetlər ilə birlikdə xüsusi sprey və ya şüşə qablardakı sudan istifadə edin. Düzdür onlar da birdəfəlik qablardır, lakin heç olmasa təbiətdə parçalanma xüsusiyyətinə malikdirlər".

Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində bununla bağlı bir yanaşma varmı? Təəssüf ki, bunu aydınlaşdıra bilmədik.

Ölkədə bu sahədə maarifçilik işləri aparılırmı? Bu sualımıza da müsbət cavab ala bilmədik. Müraciət etdiyimiz ekoloji təşkilatlar belə problemin mövcudluğundan xəbərsizdirlər. Rəyini soruşduğumuz ekspertlər “hələ ki, bu sahəyə heç kəs diqqət yetirmir” dedilər.

Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, AZMİU-nun dosenti, ekoloq Könül Qafarbəyli nəm salfetlərin hətta kosmosda da istifadə olunduğunu təəssüflə söylədi. “Kosmosdakı astronavtlar belə nəm salfetlərdən istifadə edirlər. Düzdür, onlar salfet qutularındakı mayenin günəş partlayışları nəticəsində yaranan radiasiyanın qarşısını aldığını deyiblər. Amma bu, salfetlərin artıq kainatın probleminə çevrildiyi həqiqətini dəyişmir. Nəm salfetlərin bu qədər yayılması planeti böyük bir çirklənmə dalğası ilə üz-üzə qoyub. Fikrimcə, problemin həlli yollarından birincisi, insanlara – xüsusilə məktəblilərə bununla bağlı düzgün məlumat ötürülməsi və genişmiqyaslı maarifləndirmə işinin aparılmasıdır”.