12000 YAŞLI EV HEYVANI
Planetmizin iki qədim sakini - insan və heyvan arasındakı əlaqənin on minilliklərlə tarixi var.
Qədim dövrlərdə heyvanlar məişətin bir çox sahələrində insanlara etibarlı yoldaş və köməkçi kimi xidmət ediblər. Heyvanlar ovda, döyüşdə, kənd təsərrüfatının müxtəlif sahələrində sahiblərinə kömək edib, onları qoruyub və onlara sədəqətli dost olublar. Bununla bağlı həm folklorumuzda, həm də yazılı ədəbiyyatda kifayət qədər nümunələr var. Ancaq bu iki varlıq arasındakı əlaqə təkcə insanın heyvandan praktiki istifadəsi ilə yekunlaşmır. İnsan və heyvan arasındakı münasibət mənəvi boşluğu doldurmağa, sevinc və xoşbəxtlik gətirə bilən qarşılıqlı anlaşma və sevgiyə əsaslanır.
Tarixi məlumatlara inansaq “ev heyvanı” anlayışının 12000 ildən çox yaşı var. Bizim bugünkü mövzumuz da evimizdəki heyvanların uşaq tərbiyəsinə və psixologiyasına təsiri ilə bağlıdır. “Kiçik dostlarımız” adlandırılan heyvanlarla uşaqların münasibəti çox kiçik yaşlarda başlayır. Psixoloqların dediyinə görə, ev heyvanı ilə kiçik yaşdan tanış olan və ona sevgi ilə böyüyən uşaq digər canlıları da sevməyi öyrənir.
Uşağın bir canlıya sevgi və diqqəti onu tanımaqdan başlayır. Ona görə də uşaqlara heyvanlara toxunmağı qadağan etmək, onları heyvanlarla qorxutmaq lazım deyil. Bu hal uşaqlarda "heyvan fobiyası"nın yaranmasına və güclənməsinə səbəb ola bilər. Heyvan sevgisinin uşaqların psixoloji inkişafına töhfə verməsi təsdiqlənmiş faktdır. Sevgisiz və qorxu ilə böyüyən uşaqlar yeniyetməlik və yetkinlik dövründə sosiallaşa bilməyən, dostluq etməyi bacarmayan, hisslərini paylaşa bilməyən, məsuliyyət hissi olmayan fərdlər kimi böyüyürlər. Belə yetişdirilən insanların ətraf mühitə və təbiətdə yaşayan başqa canlılara zərər verdiyi ilə bağlı sosial mediada da tez-tez paylaşmalar görürük.
Heyvan sevgisi ilə böyüyən uşaqların ortaq xüsusiyyətləri bunlardır:
- Sevgi, şəfqət və mərhəmət göstərməyi, üzərinə məsuliyyət götürməyi bacarırlar.
- Daha çox fiziki fəaliyyətlə məşğul olurlar. Bu da onları zərərli vərdişlərdən uzaqlaşdırır.
- Doğuş, çoxalma və ölüm kimi anlayışları anlayırlar.
- Yeni insanlarla sirdaş ola bilirlər. Mühakimə etmədən, qınamadan və tənqid etmədən dinləmək və özlərini rahat ifadə etmək bacarığı qazanırlar.
- Heyvanları ilə danışdıqca dil və ünsiyyət qabiliyyətləri inkişaf edir.
- Qorxularına qalib gəlməyi öyrənirlər.
- Empatiya bacarıqlarını təkmilləşdirirlər.
- Səbirli olmağı öyrənir və istəklərinə çatmaq üçün səy göstərirlər.
- Qəzəblərini cilovlamağı bacarırlar.
Bu qədər faydasını sadaladıqdan sonra ondan danışaq ki, uşaqlarda artıq mövcud olan heyvan qorxusuna necə qalib gəlmək olar?
Psixoloqların rəyinə görə, buradakı əsas yanaşma valideynin özünün heyvana münasibəti olmalıdır. Əgər heyvanları sevmir və ya onlardan qorxursunuzsa, bunu uşaqlarınıza hiss etdirməyin.
- Heyvanların əl-ayağınızı cızmasına və dişləməsinə sərt reaksiya verməyin.
- Uşaqlarınızla bərabər zoomağaza və ya zooparka getməyə çalışın. Birlikdə heyvanlar haqqında filmlərə baxmaq, kitablar və jurnallar oxumaq da çox faydalıdır.
- Əgər uşağınız heyvanlara toxuna bilmirsə, quşlar, balıqlar və tısbağalar kimi xüsusi qapalı şəraitdə yaşaya bilən heyvanları seçə bilərsiniz.
Bəzən valideynləri ən çox narahat edən məqam odur ki, “uşağın ev heyvanı öləndə nə etmək lazımdır?”
Bir çox valideynlər bunu düşünüb övladlarının kədərlənməməsi üçün onlara heyvan almaq istəmirlər. Halbuki, uşağın erkən yaşda belə problemlərlə üzləşməsi onun sonrakı həyatında başqa itkilərin öhdəsindən gəlmək qabiliyyətini artırır. Bu halda övladınızın kədərini və duyğularını bölüşməyə çalışın. Unutmayın ki, itirdiyi sevimli dostundan sonra yaranan boşluğu sizin şəfqətiniz və onunla quracağınız empatiya doldura bilər.
Ev heyvanı saxlamaq övladınızın kompüter və telefonlarla çox vaxt keçirməsinin qarşısını almaq üçün də bir vasitə ola bilər.