SAĞLAM QİDALANMA MƏDƏNİYYƏTİ




Dərslərin başlaması ilə valideynlərin artan qayğılarına məktəbə adaptasiya, təhsilə və davranışa nəzarətlə yanaşı, uşağın qidalanması da daxildir. Uşaqların gün ərzində necə qidalanacağı valideynləri narahat edən əsas problemlərdəndir.

Səhər yeməyi və məktəb tənəffüslərində qəbul edilən qəlyanaltılar uşaqların enerjisini təmin edən əsas mənbələrdir. Mütəxəssislər uşaqların dərs prosesində aktiv və diqqətli ola bilməsi, sağlam böyüməsinə onların düzgün və balanslı qidalanmasının birbaşa təsirini vurğulayırlar. ABŞ-dəki “Food Research and Action Center”in apardığı araşdırmalar göstərir ki, məktəb qəlyanaltılarının tərkibi və keyfiyyəti uşaqların həm fiziki, həm də koqnitiv inkişafına ciddi təsir göstərir. Uşaqlar günün ən azı 6-7 saatını sinifdə keçirirlər. Bu müddət ərzində qidalanma yalnız səhər yeməyi ilə məhdudlaşmır; tənəffüslərdə qəbul edilən qəlyanaltılar da gündəlik enerji balansında mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, qəlyanaltılar uşaqların gündəlik kalori, karbohidrat, şəkər, yağ və lif qəbulunun əhəmiyyətli hissəsini təşkil edir. Deməli, məktəb çantasına qoyulan hər bir yemək sadəcə “qəlyanaltı” deyil, əslində uşağın sağlamlığı və inkişafı üçün strateji əhəmiyyətli qidadır.

Portuqaliyanın Sintra bölgəsində aparılan “Sintra Grows Healthy” layihəsi məktəblərdə sağlam qidalanma siyasətinin həyata keçirilmə yollarını göstərib. Bu layihədə valideynlər, müəllimlər və şagirdlər birlikdə sağlam qəlyanaltı siyasəti hazırlayıb və tətbiq ediblər. Layihənin tətbiqindən sonra əldə olunan nəticələr uşaqların məktəbə daha çox meyvə, tərəvəz və tam taxıllı məhsullar gətirməyə başladığını, şirin qazlı içkilər və “fast-food” tipli qidaların istifadəsinin isə azaldığını göstərib. Bu göstərir ki, icma əsaslı yanaşma məktəb mühitində əhəmiyyətli davranış dəyişikliyi yarada bilər.

İtaliyanın Belluno bölgəsində aparılan “Hard to Eat Healthily?” (Sağlam qidalanmaq çətindirmi?) layihəsi isə uşaqlara sağlam qidalanma mövzusunda biliklərin öyrədilməsinin praktik nəticələrini ortaya qoyub. Bu layihədə şagirdlərə qidaların tərkibi, balanslı menyunun qurulması və sağlam qəlyanaltıların seçilməsi haqqında məlumatlar verilib. Nəticədə, uşaqların seçimlərində nəzərəçarpacaq dəyişiklik müşahidə olunub. Bu fakt göstərir ki, sadəcə valideynlərin deyil, uşaqların özlərinin də qidalanma ilə bağlı məlumatlı olması vacibdir.

Araşdırmalar göstərir ki, uşaqların qəlyanaltı seçimlərinə yalnız onların fərdi zövqləri deyil, həm də sosial və mühit faktorları təsir edir. Valideynlərin davranışı, müəllimlərin münasibəti, dostların seçimi və hətta məktəb bufetində satılan məhsullar uşağın qəlyanaltı seçimində həlledici ola bilər. Bu səbəbdən, sağlam qidalanmanı təşviq etmək üçün təkcə valideynin məsuliyyəti və öhdəliyi kifayət etmir; məktəbin və cəmiyyətin dəstəyi də vacibdir. Kanadalı dietoloqların bu mövzuda hazırladığı bələdçidə vurğulanır ki, məktəb qəlyanaltılarının əsas məqsədi uşağa əlavə enerji vermək deyil, qida balansını təmin etmək olmalıdır. Bu baxımdan, şirniyyat və qazlı içkilər qəlyanaltı kimi tamamilə yararsızdır.

Elmi tədqiqatlar səhər yeməyi və sağlam qəlyanaltıların uşaqların psixoloji vəziyyətinə də mühüm təsirini təsdiqləyib. Qida qəbulunun gecikməsi və ya qeyri-sağlam seçimlər (şəkərli içkilər, şirniyyatlar) uşaqlarda hiperaktivlik, əsəbilik və diqqət dağınıqlığına səbəb ola bilər.

ABŞ-də aparılan bir araşdırmada səhər yeməyi yeməyən şagirdlərin dərslərdə iştirak səviyyəsi və qiymətlərinin digərlərinə nisbətən aşağı olduğu müəyyən edilib. Bunun əksinə olaraq, balanslı səhər yeməyi və tənəffüslərdə sağlam qəlyanaltılar qəbul edən uşaqların həm diqqət, həm də sosial ünsiyyət qabiliyyətlərində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. Bu fakt valideynlər və müəllimlər üçün aydın işarə verir: sağlam qidalanma yalnız fiziki inkişafın deyil, həm də öyrənməyin uğuru deməkdir.

Valideynlər uşaqların qidalanma davranışının formalaşmasında həlledici rola malikdirlər. Onlar həm qida seçimlərini təmin edir, həm də nümunə rolunu oynayırlar. Araşdırmalar göstərir ki, evdə sağlam qidalanma ənənəsi olan uşaqlar məktəbdə də oxşar seçimlər edirlər. Bu səbəbdən valideynlər evdə müxtəlif sağlam qəlyanaltılar hazırlamalı, uşaqları da bu prosesə cəlb etməlidirlər.

Məktəb rəhbərlikləri və dövlət siyasətləri də uşaqların qidalanmasında mühüm təsirə malikdir. Məktəb bufetlərinin menyusu, dərslərarası fasilələrdə təklif olunan içkilər və valideynlərə yönəlmiş maarifləndirici proqramlar sağlam qidalanma mədəniyyətini formalaşdıra bilər. Sintra nümunəsi göstərir ki, məktəb-icma əməkdaşlığı uğurlu model ola bilər.

Məktəb qəlyanaltıları məsələsi sadəcə “uşaq məktəbə ac getməsin” düşüncəsi ilə məhdudlaşmamalıdır. Bu, həm qısa müddətli - dərsdə diqqət, aktivlik və öyrənmə qabiliyyəti, həm də uzunmüddətli - sağlam böyümə və xroniki xəstəliklərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Elmi araşdırmalar göstərir ki, sağlam qəlyanaltı siyasəti, uşaqların maarifləndirilməsi və valideyn-məktəb əməkdaşlığı nəticəsində müsbət dəyişikliklər mümkündür.

Beləliklə, məktəb qəlyanaltılarının keyfiyyəti yalnız fərdi ailə məsələsi deyil, ictimai sağlamlıq məsələsidir. Sağlam seçimlər həm də sağlam gələcək deməkdir.

Dünyanın müxtəlif ölkələri məktəb qidalanması məsələsinə fərqli yanaşır. Məsələn, Yaponiyada “kyuşoku” adlı məktəb naharı sistemi mövcuddur və uşaqlar hər gün məktəbdə balanslı yeməklə təmin olunurlar. Bu proqram uşaqlarda qida mədəniyyətinin formalaşmasına böyük təsir göstərir. Skandinaviya ölkələrində məktəblər uşaqlara ödənişsiz süd, meyvə və tərəvəz paylayır, bu da həm sağlamlıq, həm də sosial bərabərlik baxımından müsbət nəticələr verir. Bu təcrübələr göstərir ki, dövlət səviyyəsində qidalanma proqramları uşaqların sağlam gələcəyinə investisiya kimi dəyərləndirilir.

Müasir dövrdə bu məsələdə valideynlərə kömək etmək üçün müxtəlif texnoloji həllər də mövcuddur. Mobil tətbiqlər və onlayn platformalar vasitəsilə ailələr həftəlik menyu planı qura, sağlam qəlyanaltı reseptləri əldə edə bilərlər. Bu cür həllər xüsusilə məşğul valideynlər üçün faydalıdır və uşaqları müxtəlif, balanslı qidalanma ilə təmin etməyə imkan yaradır.

Zemfira Məmmədqızı