BU FİLMLƏRDƏN DƏRS ALMAQ OLAR




İqlim böhranı və onun real nəticələrinin planetin gələcəyinə təsiri ilə bağlı bir çox sənədli filmlər çəkilib.

Bu mövzuların azyaşlılara çatdırılmasına müxtəlif ölkələrin təhsil sistemində xüsusi diqqət yetirilir. Bəzi ölkələrdə bu məsələlər  xüsusi fənlər, bəzi ölkələrdə isə dərsdənkənar fəaliyyətlərlə uşaqlara ötürülür.

Ekoloqların fikrincə, iqlim dəyişikliyinin səbəb olduğu böyük tufanlar, daşqın, quraqlıq, yanğın və ərzaq qıtlığı haqqında məlumatların uşaqlara  çatdırılması çox vacibdir. Planetin varlığına və gələcəyinə real təhlükələr haqqında onun kiçik sakinləri indidən məlumatlı olmalıdır. Hazırda kino və sənədli filmlər sənayesi də problemin həllinə öz töhfəsini vermək üçün axına qoşulub. Belə sənədli filmlərin əsas leytmotivi uşaqlarda gündəlik hərəkətlərinin onların və planetin gələcəyinə necə təsir edə biləcəyini göstərmək və onları planetin qayğısına qalmağa ruhlandırmaqdır.

Övladlarımıza təbiəti qorumaq şüurunun aşılanmasında iqlim böhranının təsirini asan dillə izah edən maarifləndirici və ibrətamiz hekayələr və təsirli kadrlar təqdim edən  sənədli filmlərin böyük əhəmiyyəti var. “Azərbaycan məktəbi” jurnalı ardıcıl olaraq azyaşlıların dünyagörüşünün formalaşmasına təsir edən filmlər, ədəbiyyat siyahısı, teatr tamaşalarının afişaları təqdim edir. Bu dəfə isə valideynlərlə övladlarının birlikdə baxa biləcəyi 3 sənədli film tövsiyəmiz var – “Arktikaya”,  “Planetimizdə həyat” və  “Mərcanları təqib etmək”.

“Arktikaya” (To The Arctic) filmi öz mesajını uşaqların asanlıqla anlaya bilməsi üçün sadə və effektiv şəkildə çatdırır. Burada Arktikanın təbiət mənzərələri, əriyən buzlaqları, isinən suları və buna uyğunlaşmaqda çətinlik çəkən heyvanların 3D təsvirlərindən istifadə olunur. Filmin hədəf auditoriyası kiçik və orta yaşlı məktəblilərdir. Sənədli film qəhrəman qütb ayısının və onun iki balasının hekayəsi üzərində qurulub. Bununla belə, sənədli filmdə dəniz quşları, morjlar və şimal maralları kimi başqa heyvanlar da yer alır. Daha uzun sürən yay fəsli, buzlaqların əriməsi və iqlim dəyişikliyi ilə ayı balalarını hədəf alan başqa ayılar ananın işini xeyli çətinləşdirir.

“Arktikaya” sənədli filmi, yeni doğulmuş şimal maral balaları da daxil olmaqla, yay mövsümündə bir çox heyvan qrupunun üzləşdiyi problemləri həssaslıqla göstərir.

“Planetimizdə həyat”  (A life on our planet) meşələrin qırılması, həddini aşmış balıq ovu, artan əhali sayının yaratdığı ekoloji problemlər haqqında maarifləndirici filmdir. 8 hissədən ibarət olan sənədli film serialının əksər epizodları meşələr, çəmənliklər və donmuş tundra kimi ərazilərin problemlərinə diqqət çəkir. Hər bölüm təbiəti mənfi təsirlərdən qorumağın bir yolunu tapa biləcəyiniz ümidi ilə başlayır. Film fərqli çəkiliş texnikası və möhtəşəm görüntüləri ilə tamaşaçını təəccübləndirir, onda maraq və heyranlıq oyadır. “Planetimizdə həyat”ın məqsədi  təkcə Yer kürəsinin gözəlliyini və əsrarəngliyini xatırlatmaq deyil, həm də onun kömək çağırışlarını, həyəcan siqnalını çatdırmaqdır.

“Mərcanları təqib etmək”  (Chasing Coral) filmi də iqlim böhranının nəticələrini açıqlayır. Sənədli filmdə alimlərlə yanaşı, böyük və dəstəkləyici aktyor heyəti də iştirak edir. Burada okean mühafizəsi üzrə ekspert kimi tanınan alim Riçard Veversin rəhbərlik etdiyi komandanın işi təsvir olunur.

Rejissor iqlim dəyişikliyinin yaratdığı reallığı statistika və ya mücərrədliklə deyil, canlı əyani sübutlarla çatdırmağa çalışır. Film sizi Florida Keysdən keçməklə Amerika Samoası və Avstraliyanın mərcan adalarına, maral buynuzlarının və parlaq rəngli mərcanların əzəmətli dünyasına aparır.

Bir çox canlı orqanizmin  qida və mühafizəsini təmin edən mərcan qayaları, iqlim dəyişikliyi, dəniz suyunun yüksələn temperaturu səbəbindən yox olmaqdadır. “Mərcanları təqib etmək” filmi bəşəriyyəti nəsli kəsilmək təhlükəsi yaranmış bu canlılara biganə qalmamağa çağırır. 

Filmə baxarkən filmin əsas personajlarının, xüsusən də bir vaxtlar mövcud olmuş zəngin mərcan ekosistemlərinin məhvini izləyən dalğıc Zakeri Raqonun ağrısını hiss edirsən.

Adı çəkilən sənədli  filmlərdən başqa  “Gözəl planet”, “Şübhəli tacirlər”,  “Yenilənmə” kimi  filmlər də təbiətin mühafizəsi və uşaqların ekoloji  maarifləndirilməsi ilə bağlı maraqlı köməkçi vəsaitlər ola bilər. Bu faydalı filmləri övladlarınızla birlikdə izləyə, onları təbiətə və canlılara qarşı şüurlu davranmağa sövq edə  bilərsiniz.