TƏBİƏTİ EKRANDAN SEVMƏYƏK




Texnoloji yeniliklər təkcə məişətimizi, davranışlarımızı, dil qəliblərimizi deyil, hətta giley və şikayət obyektlərimizi də dəyişib.  25 il əvvəl valideynlərin şikayət mövzuları fərqli idi. Ötən əsrin valideyni övladını “küçədən evə yığa bilməməkdən” şikayətçi idi. Hazırda ata-analar övladlarını kompüter və ya başqa texnoloji avadanlığın ekranından uzaqlaşdırmağa çalışır. “Ekrana çox baxdın”, “çox oyun oynadın, bir az ara ver” iradlarının hər gün hər evdə səslənməsi çox adiləşib.  Bir sözlə, həyatımızda “rəqəmsal şikayətlər” də  çoxalmaqdadır. Bəzən bu şikayət və giley valideynlərlə övladlar arasında ciddi münaqişəyə belə çevrilir.

Ciddi elmi tədqiqatların dərc edildiyi “PLOS One” jurnalının “Ekran vaxtının və açıq havanın uşaq və yeniyetmələrə psixoloji təsiri” başlıqlı hesabatında göstərilir ki, ekran qarşısında keçirdikləri vaxtla uşaqların psixi sağlamlığı arasında birbaşa əlaqə mövcuddur.

Valideynlərin 24-36 aylıq övladının Youtube və ya başqa platformadan videoları sərbəst şəkildə tapıb baxdığını fəxrlə söyləməsinə yəqin ki, siz də rast gəlmisiniz. Halbuki, uşaq inkişafını araşdıran və izləyən beynəlxalq təşkilatlar  36 ayı – yəni 3 yaşı tamam olanadək uşaqların telefon və ya başqa bir ağıllı cihazla ünsiyyətinin yolverilməz olduğunu vurğulayırlar. Uşaqlarda erkən yaşlardan ekran aludəçiliyinin yaranması onlarda nitq, ünsiyyət və fiziki  inkişafın ləngiməsinə səbəb ola bilər.

Uşaq böyüdükcə sosial, akademik, fiziki və bədii bacarıqlar da inkişaf edir. Onun ekranla birlikdə keçirdiyi vaxt nə qədər uzun olsa, bu bacarıqlar bir o qədər ləng inkişaf edəcək.

Sosial media trendlərini araşdıran “We are social” platformasının 2022-ci il üzrə hesabatına görə,  yeniyetmələr sosial mediada hər gün təxminən 7 saatdan çox vaxt keçirirlər.

Mütəxəssislər deyir ki, ekran qarşısında həddindən artıq vaxt keçirmək böyüməkdə olan uşaqlar üçün arzuolunmaz psixoloji nəticələr verir:

  • Gecikmiş zehni inkişaf
  • Sosial bacarıqların inkişafının ləngiməsi;
  • Yuxu keyfiyyətinin azalması;
  • Yaşıdlarından geri qalma;
  • Aqressiv davranış;
  • Narahatlıq və qeyri-adekvatlıq hissi;

Onların fikrincə, bunun qarşısını almaq üçün uşaqların açıq havada oynamasını təmin etmək vacibdir.

Bu günün azyaşlılarının ən böyük problemlərindən biri açıq havada az vaxt keçirmələridir. Təbii ki, yaşadığımız ərazilərdə yaşıllıqların azalması, müvafiq oyun meydançalarının olmaması, təhlükəsizlik problemləri uşaqların açıq havada olduqları vaxtın azalmasına təsir edən amillərdir. Bununla belə, açıq havada olmağın bir sıra üstünlüklərini  nəzərə çatdırmaq istərdik:

  • Göz sağlamlığı
  • Zehni inkişaf
  • Bədənin fiziki inkişafı
  • Keyfiyyətli yuxu

Artıq bir çox araşdırmalar günün çox hissəsini təbiətdə keçirən uşaqların zehni və fiziki inkişafının, gününü ekran qarşısında keçirən uşaqlardan qat-qat üstün olduğunu təsdiqləyir. Texnoloji vasitələr uşaqların bilikləri mənimsəməsi prosesində yaxşı bir vasitə olsa da, açıq havada oynamaq onların inkişafı üçün daha vacibdir.

Odur ki, imkan düşdükcə uşaqları açıq havaya çıxarmalı, onları qapalı oyun zallarından, əyləncə mərkəzlərindən uzaq tutmağa çalışmalıyıq.  Xüsusi bir yer tapmayanda belə, övladınızla bərabər dəniz və ya çay qırağında qumsallıqda gəzmək, ya da parkdakı çəmənlikdə oyun oynamaq daha faydalıdır. Ailə üzvlərilə birlikdə  görülən fəaliyyətlər uşaqların emosional inkişafına xüsusilə yaxşı təsir edir və onları həyata hazırlayır.