ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ KEYFİYYƏTİN TƏMİN OLUNMASINDA AKKREDİTASİYANIN ROLU




Qloballaşan və sürətlə dəyişən dünyada təhsil sahəsində keyfiyyətin milli, hətta beynəlxalq səviyyədə idarə olunması məsələsi xüsusi əhəmiyyət daşıyır. Akkreditasiya ali təhsil müəssisələrində keyfiyyət təminatına nail olmaq üçün istifadə olunan əsas vasitələrdən birinə
çevrilib. Ona görə də keyfiyyəti yüksəltmək və davamlılığını təmin etmək məqsədilə bir çox ölkələrin təhsil müəssisələrinin  akkreditasiyası həyata keçirilir. Keyfiyyətin idarə edilməsində istifadə olunan ən mühüm vasitələrdən birinin akkreditasiya olduğunu nəzərə alaraq, məqalədə ali təhsildə keyfiyyət, keyfiyyət təminatı və akkreditasiya anlayışları barədə məlumatlar verilib. Bundan başqa, keyfiyyətin idarə edilməsi çərçivəsində akkreditasiyanın əhəmiyyəti araşdırılıb, onun məqsədləri, növləri və faydaları barədə məlumatlar da öz əksini tapıb.

GİRİŞ

Son illərdə ali təhsil müəssisələrində keyfiyyət təminatı problemi önəmli məsələyə çevrilib. Bu təminat sistemi daxili və xarici qiymətləndirmə prosesləri ilə qurulur. Keyfiyyət təminatı daxili qiymətləndirmə zamanı tədris, elmitədqiqat, idarəetmə, beynəlmiləlləşmə kimi proseslər və bu proseslərdəki müvafiq qiymətləndirmə fəaliyyətləri ilə ölçüldüyü halda, xarici qiymətləndirmə prosesində ali təhsil müəssisələrinin strateji hədəflərinə nə dərəcədə nail olduğu və təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin effektivliyi (Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları, 2020) yerli və ya xarici keyfiyyət təminatı agentlikləri tərəfindən ölçülür.

Keyfiyyət təminatı – müvafiq standartların yerinə yetirildiyini müəyyən etmək üçün müəssisəni müxtəlif aspektlərdən qiymətləndirmək kimi izah edilə bilər. Keyfiyyətin təmin olunmasında və yüksəldilməsində istifadə olunan əsas üsullardan biri olan akkreditasiya vasitəsilə təhsil müəssisəsinin dövri özünüqiymətləndirməsi təmin olunur.

Ölkəmizdə bu sahədə aparılan işlərə nəzər yetirsək, görərik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək zərurətindən yaranan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) fəaliyyəti nəticəsində Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyətin təmin olunması ilə bağlı proseslər yeni mərhələyə qədəm qoyub. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar qurumdur (TKTA, 2021).

Agentliyin fəaliyyətinin məqsədi ölkəmizdə effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından ibarətdir. Təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması, müxtəlif təlimlərin, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət, metodiki dəstək xidmətlərinin təşkili, təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi agentliyin fəaliyyət istiqamətlərinə daxildir (Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi, 2019).

Agentlik həm yerli, həm də beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir. 2017-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (The European Association for Quality Assurance in Higher Education – ENQA) müşahidəçi üzv statusu əldə edib. Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq ölkəmizə Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştirak etməyə imkan yaradır. Bu da TKTA-ya Avropa ali təhsil məkanına daha da yaxınlaşmaq imkanı verir və keyfiyyətin təminatı üzrə Avropa standartları və təlimatlarına cavab verən keyfiyyət təminatı və akkreditasiya sistemini qurmağa şərait yaradır. Əlavə olaraq, Azərbaycan Respublikası ölkə olaraq 2015-ci ildən Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestrinə (The European Quality Assurance Register for Higher Education – EQAR) üzv seçilib. EQAR Bolonya prosesinə üzv ölkələrin mandatı ilə Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (The European University Association – EUA), Ali Təhsil Müəssisələrinin Avropa Assosiasiyasının (The European Association of Institutions in Higher Education – EURASHE) və Avropa Tələbələr Birliyinin (The European Students’ Union – ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılan ilk rəsmi qurumdur.

Ölkəmizdə akkreditasiya prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə bu sahədə əsas normativ-hüquqi sənəd sayılan “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar” sənədinin tələblərinə uyğun müvafiq dəyişikliklər edilərək 2020-ci ildə yeni redaksiyada təsdiq edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilən “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” da beynəlxalq standartlara uyğun formada hazırlanıb və beləliklə, 2022/23-cü tədris ilində ölkəmizdə ali təhsil müəssisələrinin akkreditasiya prosesi başlayıb.

ALİ TƏHSİLDƏ KEYFİYYƏT ANLAYIŞI

Keyfiyyət insanların və təşkilatların tarix boyu önəm verdiyi bir məsələdir. Bununla yanaşı, hazırda qlobal rəqabət mühitində keyfiyyət səviyyələrinin və standartlarının təkmilləşdirilməsini istər özəl, istərsə də dövlət təşkilatları diqqət mərkəzində saxlayır. Keyfiyyət anlayışına müxtəlif təriflər verilib. Məsələn, Crosby keyfiyyəti “ehtiyaclara uyğunluq” adlandırır, Demingə görə isə keyfiyyət “məqsədəuyğunluq və ən aşağı qiymətlə və bazara uyğun şəkildə proqnozlaşdırıla bilən, etibarlı sabitlik səviyyəsidir” (Özdemir, 2007). Başqa sözlə, keyfiyyət bir dəyər mühakiməsi və gözləntidir (Işık ve Beykoz, 2018). “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə (2018) isə keyfiyyət hər hansı bir obyektin (məhsulun və ya xidmətin) konkret müəyyən olunan və nəzərdə tutulan ehtiyaclara, standartlara cavab vermə qabiliyyətini özündə ehtiva edən xüsusiyyət və əlamətlərin cəmi kimi izah olunur.

Keyfiyyət təminatını bir məhsulun/xidmətin müəyyən edilən standartlara uyğunluğunu müəyyənləşdirən sistematik proses də adlandıra bilərik. O, universitetlərdə daxili və xarici qiymətləndirmələr vasitəsilə şəffaflıq və hesabatlılığı təmin edir (Samet & Beykoz, 2018). Keyfiyyət təminatı sisteminin yaradılması ali təhsil müəssisələrinin beynəlxalq reytinqinin formalaşmasında, qlobal və yerli səviyyədə eyni profildə rəqabət üstünlüyü əldə etməsində, yüksək “müştəri məmnuniyyəti”ndə mühüm rol oynayır (Muştaqov, 2021). Akkreditasiya vasitəsi ilə bu sistemin təmin edilməsi tələbələrə universitetləri seçməyə kömək edir və ali məktəblərin digərlərindən üstünlüyünü artırır. Keyfiyyət standartları təhsil prosesinin müxtəlif aspektlərini: akademik və inzibati heyət, tələbələr, işəgötürənlər və ictimaiyyət kimi müxtəlif maraqlı tərəflərin iştirakını əhatə edir. Bu istiqamətdə universitetlərin missiyası təkcə təhsil və təlimlə məhdudlaşmır, onlar həm də yerləşdikləri bölgəyə öz sosial töhfələrini verməlidir.

ALİ TƏHSİLDƏ AKKREDİTASİYA

Pinkhamın (1955) qeyd etdiyi kimi, akkreditasiya ən sadə formada təhsil müəssisələri üçün standartların müəyyən edilməsi, həmin müəssisələrin bu standartlar əsasında qiymətləndirilməsi, müəyyən edilən meyarlara uyğun hesab edilən qurum və proqramların siyahısının nəşr edilməsi prosesi kimi müəyyən edilir. Bu həm də ali təhsildə keyfiyyətin yaradılması və onun davamlılığını təmin edən əsas yanaşmalardan biridir. Təhsil sahəsində akkreditasiya ali təhsil müəssisələrində müvafiq xidmətlərin məqbul səviyyədə olduğunu, ölkədə və dünyada müəyyən edilən standartlara uyğunluğunu təsdiq edir.

Akkreditasiya bütün ali təhsil müəssisələrini, onların fakültələrini, struktur bölmələrini və təhsil proqramlarını əhatə etmək və qiymətləndirmək üçün tətbiq olunur. Onun məqsədlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Müəssisənin və ya proqramın (ixtisasın) müəyyən edilən standartlara və meyarlara uyğunluğunu təsdiq etməklə yekun sənədin, yəni şəhadətnamənin verilməsi;
  • Ali təhsil müəssisələrinin daxili və xarici maraqlı tərəflər qarşısında hesabatlılığının təmin edilməsi;
  • Milli və beynəlxalq səviyyədə təhsil müəssisələri arasında akademik heyətin, tələbələrin mübadiləsini asanlaşdırmaq; 
  • Akkreditasiya proseslərində iştirak edən və uğur qazanan ali təhsil müəssisələrinin müəyyən edilməsi, onların təcrübələrinin
    paylaşılmasının asanlaşdırılması;
  • Ali təhsil müəssisələrinin mütəxəssis hazırlığı üzrə fəaliyyətinin effektivliyinin və rəqabətədavamlılıq potensialının artırılmasına xidmət etmək və institusional fəaliyyətin dövlət standartlarına uyğunluğunu qiymətləndirmək.

Akkreditasiya prosesinin iştirakçıları aşağıdakılardır:

1. Təhsil müəssisələri;
2. Keyfiyyət təminatı agentlikləri;
3. Qiymətləndirməni aparacaq müstəqil ekspertlərdən ibarət komissiya;
4. Şikayətləri və ya müraciətləri qəbul edən komissiya.

Təhsil müəssisəsi akkreditasiya prosesi ilə bağlı daxili keyfiyyət təminatı sistemini, akkreditasiya proseslərinə məsul olan təşkilat komissiyasını yaratmalı, özünütəhlil hesabatı hazırlamalı və onu müstəqil ekspertlərin tanış olması üçün təqdim etməli, zərurət yaranarsa, müstəqil ekspertlər tərəfindən tələb olunan sənədləri hazırlamalıdır (Təhsil müəssisəsinin akkreditasiya qaydaları, 2020).

Agentlik akkreditasiya ilə bağlı qiymətləndirmə prosesində iştirak edəcək komissiyanın və şikayətləri qəbul edən Apellyasiya Komissiyasının Əsasnaməsini hazırlayır və təsdiq edir, Özünütəhlil hesabatının və Yekun Hesabatın vahid nümunəvi formasını hazırlayır, qiymətləndirmə bitdikdən sonra hər iki hesabatı ictimaiyyətə açıq şəkildə paylaşır, müstəqil ekspertlərin səriştələrinin artırılması üçün daxili və xarici keyfiyyət təminatı və akkreditasiya prosesi ilə bağlı təlimlər, seminarlar, konfranslar təşkil edir.

Beynəlxalq və milli səviyyədə təhsil müəssisələrinin akkreditasiyasının iki növü var: institusional akkreditasiya, proqram akkreditasiyası. Akkreditasiyada ali təhsil müəssisələrinin bütün fəaliyyətini əhatə etmək nəzərdə tutulursa, institusional akkreditasiya növünə üstünlük verilir. Bu akkreditasiya növü təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır (Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları, 2020). Bütöv bir fəaliyyətlə həyata keçirilən və bir çox meyara əsaslanan institusional akkreditasiya ali təhsil müəssisələrinin zəif və güclü tərəflərini müəyyən edərək, təhsil müəssisələrinə öz hədəflərini yenidən nəzərdən keçirmək imkanı verir.

Proqram akkreditasiyası isə müəssisədəki müəyyən proqram (ixtisas) üçün təşkil olunur. Bu akkreditasiya növünün məqsədi konkret ali təhsil proqramı əsasında verilən təhsilin müvafiq sahədə əmək bazarının tələb etdiyi gözləntilərə cavab verdiyini müəyyən etmək və onu sənədləşdirmək, təsdiq etməkdir (Hanh, Nga, Loan, & Viet, 2019). Təhsil proqramının icrasının səmərəliliyi ilə dövlət standartlarına uyğunluğu bu akkreditasiya növündə əsas yer tutur.

Proqram akkreditasiyası zamanı bu suallara cavab axtarılır:

  • Tədrisdə hansı innovativ yanaşmalar istifadə olunur?
  • Tədrisin məzmunu əmək bazarının tələblərinə nə dərəcədə uyğundur? 
  • Proqramların icrasının nəticəsi nə dərəcədə rəqabətədavamlıdır?

Akkreditasiya prosesi aşağıda göstərilən mərhələlərlə həyata keçirilir:

1. Özünüqiymətləndirmə əsasında hesabatın hazırlanması;
2. Sözügedən hesabatın akkreditasiya edən quruma (Keyfiyyət Təminatı Agentliyinə) və müstəqil ekspertlərə təqdim edilməsi;
3. Müstəqil ekspertlər tərəfindən təhsil müəssisəsinin özünütəhlil hesabatının nəzərdən keçirilməsi;
4. Ali təhsil müəssisələrinə səfərlərin təşkil olunması, ekspertləri maraqlandıran məqamlara yerində baxış keçirilməsi və maraqlı tərəflərlə görüşlərin təşkili;
5. Qiymətləndirmə hesabatının hazırlanması və yekun qərarın qəbul edilməsi.

Akkreditasiya həm də bu işi görən təşkilatlar qarşısında hesabatlılıq prosesi kimi fəaliyyət göstərir. Bu baxımdan, onun məqsədi ali təhsil müəssisəsinin və ya orada həyata keçirilən tədris prosesinin məqbul keyfiyyət səviyyəsində olduğunu təsdiq etməkdir.

KEYFİYYƏT TƏMİNATI VƏ AKKREDİTASİYA

Keyfiyyət təminatı ilə bağlı fəaliyyətin əsasını sistemləşdirilmiş və strateji planlaşdırma ilə bağlı proseslər, onların inteqrasiyası təşkil edir. Bu proseslərin icrası üçün yaxın və uzunmüddətli strategiyanın hazırlanması, səlahiyyət bölgüsünün, hədəflərin dəqiq müəyyən edilməsi və mütəmadi monitorinq və təkmilləşdirimə işlərinin aparılması zəruridir. Sözügedən prosesləri həyata keçirən müəssisələr yaratdıqları keyfiyyət təminatı sistemlərinin qiymətləndirilməsinə ehtiyac duyur, başqa sözlə, akkreditasiyadan keçirlər (Muştaqov, 2021).

Ölkəmizdə xarici keyfiyyət təminatına məsul qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2015-ci ildə dövrün tələblərinə uyğun təkmilləşdirilib və təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində əsas istiqamətverici sənəd olan “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ın (European Standards and Guidelines – ESG) tələblərinə uyğun “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” nın təsdiq olunmasından sonra ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirməyə başlayıb və 2022/23-cü tədris ilində 13 universitetin akkreditasiyasının həyata keçirilməsi nəzərdə tutulub (TKTA, 2022).

Ali təhsildə akkreditasiyanın keyfiyyət təminatında roluna nəzər salsaq, görərik ki, o, müvafiq ali təhsil müəssisəsi, tələbələr və bütün maraqlı tərəflər üçün üstünlüklərə malikdir. Belə ki, akkreditasiya edən qurumlar qiymətləndirmədən sonra qəbul etdikləri qərarlar barədə ictimaiyyətə məlumat verir ki, bu da qurumlar haqqında daha çox məlumat əldə etməyə imkan yaradır. Bununla da, ali təhsil
müəssisəsi və ya proqramı üçün akkreditasiyadan keçməyin nə demək olduğu daha aydın formada başa düşülür. İnternetdə axtarış etməklə ali təhsil müəssisələrinin özünü ictimaiyyətə necə təqdim etdiyini öyrənmək olar. Tələbələrin və ictimaiyyətin tələbatına uyğun olaraq həyata keçirilən informasiya fəaliyyətinin artırılması da şəffaflığı bərqərar edir.

Akkreditasiyanın ali təhsilə verdiyi töhfələr aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Bütün maraqlı tərəflər təhsil müəssisələrinin qoyulan standartlara uyğun olub-olmaması barədə məlumatlandırılır.
  • Ali təhsil müəssisələri arasında beynəlxalq və milli səviyyədə kredit transferi asanlaşır.
  • Ali təhsil müəssisələrinə rəhbərlik edənlərə gələcək barədə düşünmək imkanı verir.
  • Prioritetlərin müəyyən edilməsində top menecerlərə kömək olur.
  • Təhsil sistemləri və ölkələr arasında mobilliklə bağlı yaranan problemləri həll edir.

Beləliklə, akkreditasiya maraqlı tərəflərdə ali təhsil müəssisələrinə qarşı inam və etibar yaradır, ictimaiyyəti məlumatlandırır, seçim zamanı oxşar qurumları fərqləndirmək baxımından əlverişli rol oynayır. Odur ki, təhsil müəssisələrində tətbiq olunan akkreditasiya prosesləri özünütəhlil və kənar qiymətləndirmə vasitəsilə keyfiyyətin yüksəldilməsini, habelə davamlı inkişafa nail olmağı hədəfləyən sistemli bir prosesdir. Yerli, eləcə də beynəlxalq səviyyədə rəqabətqabiliyyətliliyi təmin etmək üçün təhsil müəssisələrinin akkreditasiya fəaliyyətlərini sürətləndirməsi və tez bir zamanda akkreditasiya şəhadətnaməsi əldə etməsi çox vacibdir.

Ali təhsil müəssisələrinə verilən muxtariyyət, dünyanın müxtəlif yerlərində təhsil alma imkanı, eləcə də təhsil müəssisələri arasında mübadilə kimi məsələlər akkreditasiya proseslərinin və keyfiyyətin idarə edilməsinin funksionallığını tələb edir. Akkreditasiyanın təhsil müəssisəsinin özünü qiymətləndirməsi və istəyindən asılı olaraq keçirilən kənar qiymətləndirmə olduğunu nəzərə alsaq, deyə bilərik ki, ali təhsildə keyfiyyət akkreditasiya ilə əldə edilə və artırıla bilər.

NƏTİCƏ

Ali təhsil müəssisələrində keyfiyyətin təmin olunması məqsədilə həm daxili, həm də xarici keyfiyyət təminatı sisteminin qurulması zəruridir. Ona görə ki, hər iki sistem tədrisin və idarəetmənin keyfiyyətinə, şəffaflığın, hesabatlılığın davamlılığına töhfə verir, müvafiq təhsil müəssisəsi və proqramın (ixtisasın) standartlara cavab verdiyinə təminat yaradır. Bu prosesin müsbət cəhətlərindən biri də ölkə daxilində, eləcə də xaricdə tanınmaqla ali təhsil müəssisəsinin və onun təklif etdiyi proqramın nüfuzuna töhfə verməsidir. Akkreditasiya tələbələrə, valideynlərə və bütün maraqlı tərəflərə təhsil müəssisələrinin qoyulan standartlara uyğunluğu ilə bağlı məlumat almaq, peşəkar kadrlar hazırlamaq, akademik mübadiləni asanlaşdırmaq, eyni zamanda təhsil müəssisəsi daxilində kommunikasiyanı artırmaq, prioritetlərin müəyyən edilməsində idarəçilərə bələdçilik etmək və ali təhsil müəssisələrinə prioritetləri düzgün müəyyənləşdirmək imkanı verir. Nəticə etibarilə akkreditasiya ali təhsildə keyfiyyətə zəmanət verən sistem kimi özünü doğruldur.

İstifadə edilmiş ədəbiyyat

1 311 – “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə (e-qanun.az).
2 493 – “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (e-qanun.az).
3 907 – Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət
orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə (e-qanun.az). 

4 Council For Higher Education Accreditation (Chea). (2006). Chea Survey of Recognized. Accrediting Organizations: Providing Information to the Public, Washington Dc.
5 Hanh, N.D., Nga, N.T.M., Loan, V.Q., & Viet, N.M. (2019). Role of quality assurance and quality accreditation in higher education in some developing countries and Vietnam. American Journal of Educational Research, 7(9), 649-653.
6 https://www.tkta.edu.az/p/news/c/tkta-carive-novbeti-ilde-akkreditasiyasi-planlasdirilan-ali-tehsil-muessiseleri-ucun-melumatlandirmagunu-teskil-edib
7 Işık, S., ve Beykoz, S.Y. (2018). Türk Yükseköğretiminde Yeni Bir Arayış: Kalite Güvence Sistemi. Kastamonu Üniversitesi İİBF Dergisi, 20 (3): 7-22.
8 Muştaqov, Ə. (2021). Yükseköğretim Kurumlarında Kalite Güvencesi Sistemi Ve Akreditasyon Faktörü. Turan-Sam, 13(Sp. Issue), 137-146.
9 Özdemir, S.M. (2007). Öğretim Süreçlerinde Toplam Kalite İlkelerinin Uygulanmasının Öğrencilerin Tutumlarına Ve Başarılarına Etkisi. Kastamonu Eğitim Dergisi, 15(2): 522.
10 Özer, M., Gür, B.S., & Küçükcan, T. (2011). Kalite güvencesi: Türkiye yükseköğretimi için stratejik tercihler. Journal of Higher Education & Science, 1(2), 59-65.
11 Pinkham, F.O. (1955). The accreditation problem. The ANNALS of the American Academy of Political and Social Science, 301(1), 65-74.
12 Samet, I., & Beykoz, S.Y. (2018). Türk Yükseköğretiminde yeni bir paradigma: Kalite güvence sistemi. Kastamonu Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi, 20(3), 7– 22.
13 Təhsildə Keyfiyyət Təminatı Agentliyi – TKTA | TKTA. (2022).