İDMAN DƏRSİ XARAKTER FORMALAŞDIRIR
2015-ci ildə Estoniya, Finlandiya və Almaniyanın birlikdə istehsal etdiyi “Qılıncoynadan” filmində bir müəllimin yaşadığı daxili gərginlik fonunda şagirdləri üçün həm müəllim, həm də valideyn rolu oynamasından bəhs edir. Baş qəhrəman Endel Nelis 1950-ci illər Sovet Rusiyasında təqibə məruz qalan və Leninqraddan (indiki Sankt-Peterburq -red.) qaçaraq Estoniyaya gələn keçmiş qılıncoynadandır. O, gizlənmək üçün gəldiyi Haupsa Lu şəhərində kiçik bir məktəbdə idman müəllimi olaraq işləməyə başlayır və filmin əsas motivini təşkil edən hadisələr də bundan sonra cərəyan edir. Filmdə qarşılıqlı əlaqədə bir neçə mövzu əks olunur:
- Müəllimin uşaqlar üçün “ideal ata” obrazı yerini tutması;
- İnanmaq və inandırmağın uşaqlara təsiri;
- Təhsildə yanlış və doğru idarə edən şəxslərin fərqi;
- Birlikdə idman etmək və uşaq xarakterinin formalaşması;
- Müəllimin uşaqları yetişdirərkən uğur qazanmasında valideynlərin dəstəyinin rolu;
- Müəllimin daxili gərginliyinə səbəb olan qorxu və bunun uşaqlarda əks olunması.
Filmi müəllim Endel, məktəb direktoru, şagirdlər Marta və Yaanın xarakteristik xüsusiyyətləri və davranışları əsasında təhlil etmək olar. Filmdəki emosional gərginlik, qarışıqlıq və xaos da təhlilə sirayət edə bilər.
Filmin əsas sualı ilə başlayaq, müəllim Endelin qarşısına həyat əhəmiyyətli seçim olaraq çıxan sual budur: qaçmaq, yoxsa üzləşmək?
O, repressiya qurbanı olmamaq üçün sovetlərdən qaça bilir, lakin məktəbdə uşaqlarla müəllim-şagird, ata-övlad kimi ünsiyyətə girməsi və sonra həmkarı Kadri ilə emosional yaxınlığı onun qaçmaqla bağlı fikirlərini dəyişir. Kadri ilə ilk dəfə qarşılaşdıqları epizodlarda Endelin mimikası və bədən dili onun ünsiyyətdən qaçdığını hiss etdirir. Zaman keçdikcə şagirdləri və Kadri ilə olan yaxınlıq onu geri dönüşü olmayan bir situasiyaya salır, artıq Endel üçün qərar zamanıdır.
Marta və Yaan Endelin ən çox simpatiyasını qazanan şagirdlərdir. Onların ikisi də müharibədən sonra ölkələrində yaranmış xaotik vəziyyətdən narahatdır. Xüsusilə Yaan atasının yoxluğu və evlərindəki tək kişi olan babasının polis tərəfindən tutulmasından sonra daxili sarsıntı yaşadığı dövrdə müəllimini özünə ata əvəzi kimi hiss edir. Şagirdlərin əksəriyyəti üçün belədir. Uşaqların gələcəyə ümidlərinin olmadığı, monoton həyat yaşadığı bir mühitdə Endel onlar üçün ümid işığı olmağa başlayır və bu, şagirdləri hərəkətə keçirən qığılcım olur.
Ümidsizlik məktəb direktorunun aurasında belə hiss edilir. Endelin dərslərə başladığı və get-gedə daha da uğurlu olduğu vaxtlarda o, qısqanclıq hissini əvəz çıxmaqla ifadə edir. Demək olar ki, bütün mümkün hallarda Endelə əngəl olmağa çalışan direktor yanlış idarəçinin uşaqların yetişməsinə nə dərəcədə mənfi təsir göstərdiyinin nümunəsidir. Filmin sonuna yaxın direktorun “acıq çıxma” səyləri də öz “bəhrəsini” verir.
Endel də hiss edir ki, onun istədiyi rahat və sadə həyat üçün problemlərlə üzləşməkdən başqa çıxış yolu yoxdur. Həm də o artıq sadəcə özü üçün deyil, başqaları üçün də məsuliyyət daşıyır. Şagirdlərinin onu öz ataları kimi sevdiyini başa düşən müəllim kiçik bir şəhər məktəbində idman dərsi keçən insandan şagirdlərin həyatını formalaşdıran rol modelə çevrilir. Leninqradda qılıncoynatma turnirinin keçiriləcəyi haqqında elan isə hadisələrin kuliminasiya nöqtəsi olur və Endelin orada iştirak etmək qərarı alana kimi keçirdiyi gərginlik şagirdlərinə də təsir edir. Uşaqlar üçün bu, adi bir yarışdan daha çox özünü gerçəkləşdirmə məsələsidir. Sadəcə müəllim Endel deyil, şagirdlər də bir qərar verməlidirlər. Ya müəllimləri ilə birlikdə yarışa qatılacaq və mübarizəni davam etdirəcəklər, ya da hamısı birlikdə çıxan qığılcımın yox olmasını qəbul edəcəklər. Maraqlı məqam Kadrinin Endelin yarışa qatılmaqdan çəkinməyinin səbəbini bilməsi, uşaqların isə bundan bixəbər olmasıdır. Rejissor bununla bir növ ailədaxili vəziyyətə bənzətmə edir. Təhlükədən xəbərdar olan ata və ana, dünyaya hələ yeni addım atan təcrübəsiz uşaqlar. Övladlar valideynlərin çətinliyini anlamır, valideynlər isə övladları üçün hər şeyə hazırdırlar. Burada rejissorun vurğulamağa çalışdığı ən önəmli məsələ valideynlərin etdiyi fədakarlığı uşaqların üzünə vurmamasıdır. Bu yarış uşaqlar üçün özlərini formalaşdırmaq, Endel üçün qorxuları ilə üzləşmək, Kadri üçün səbr və ümidin kölgəsində dözüm, direktor üçün isə onu bu sistemə salan şəraitdən intiqam almaq imkanıdır.
Filmdə müəllim-şagird-valideyn üçbucağında valideynlərin yeri məsələsinə də toxunulur. Direktor ilə müəllimin üz-üzə gəldikləri səhnələrin ən önəmlisi - valideyn iclasında valideynlər idman müəlliminin tərəfindədir. Məhz onların bu dəstəyindən sonra qılıncoynatma dərslərinə davam etmək mümkün olur. Bu epizod müasir dövrdə də valideyn və müəllim arasında olan dəstəyin önəminə işarə edir. Bütün film boyu bir epizodda belə, hətta vəziyyətin ən gərgin və çıxılmaz olduğu anlarda da şagirdlər müəllimlərinə qarşı hörmətsizliyə yol vermir. Bu həm müəllim obrazına verilən dəyəri, həm də ailələrinin örnək olmasını əks etdirir. Valideyn iclasında direktorla müzakirə və hətta mübahisə zamanı belə valideynlər bir qayda olaraq əl qaldıraraq icazə istəyir, eyni zamanda danışmaq növbəsini və üslubunu pozmur. Buradan görünür ki, valideynlər övladlarına ən çətin zamanlarda belə düzgün davranış qaydalarını öz nümunələrində aşılaya bilib.
Endelin əsas rolu isə nə yaxşı qılıncoynadan, nə yaxşı müəllim olması, nə də uşaqları çempion etməsidir. Onu fərqli edən əsas amil uşaqlarda özlərinə və bir-birlərinə, gələcəyə inam aşılamasıdır. Uşaqlar məhz yarış səhnəsində onu daim öz yanlarında görmək istədiklərini deyərkən şüuraltında inam, arxa və ümidi ifadə edirlər.
Filmdən çıxarıla bilən ən gözəl dərs isə idman dərslərinin uşaq təbiətinin formalaşmasındakı roludur. Bu, idman dərslərinin bədənin fiziki tərbiyəsindən daha çox nəticələr verdiyinin təzahürüdür. İdman həm intizam, həm inam, həm hörmət, həm də birlikdə çalışmaq və paylaşmağı ifadə edir. İdman fiziki inkişafla yanaşı, uşaqların əqli keyfiyyətlərinin və xarakterinin yetişməsində rol oynayır. Endelin uşaqlara yanaşması onların özlərini tapmasına, ifadə etməsinə şərait yaradır.
Real hadisələr əsasında çəkildiyi qeyd olunan bu filmi izləməyə və dərslər çıxarmağa dəyər.
Qasım Qurbanov