ERASMUS-çu tələbələr Azərbaycanda




Avropa Komissiyasının “ERASMUS+” Proqramı çərçivəsində maliyyələşdirilən sağlam həyat tərzinin təbliği və mədəniyyətlərarası əlaqələrin qurulması fəaliyyətlərilə bağlı bir qrup belçikalı tələbə Azərbaycanda səfərdədir. Layihə çərçivəsində tələbələr üçün müxtəlif mövzularda təlimlərlə yanaşı, Azərbaycanın ayrı-ayrı bölgələri ilə tanışlıq turları da keçirilir. Layihənin icraçıları “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Belçika Türk Dərnəkləri Birliyidir.

Məqsəd iki ölkə tələbələri arasında kommunikasiya, mədəni irslə tanışlıq, sağlam həyat tərzi ilə bağlı maarifləndirmə, fikir və təcrübə mübadiləsi aparmaqdır.  Azərbaycanı bu proqramda ADNSU, ATMU, UNEC, Xəzər, Odlar Yurdu, Belçikanı isə Gent, Antverpen, Hollandiyanın Ütrext universitetlərinin tələbələri təmsil edib.

Gənclər Bakı, Ağsu və Gəncə şəhərlərinin görməli yerləri, tarixi və təbiət abidələrini ziyarət edib, qədim adət-anənələrlə, milli oyunlarla tanış olublar.

Layihədə tələbələrlə yanaşı, hər iki tərəfdən müəllimlər də iştirak edir. İki ölkənin gənclərinin bir-birinin təhsil sistemi, mədəniyyəti, məişəti ilə bağlı təəssüratlarını öyrənmək üçün  ADNSU-nun "Neft-qaz geologiyası" kafedrasının müəllimi, geoloq Allahverdi Tağıyevin fikirlərini öyrəndik.

Söhbətə hər iki ölkənin təhsil sistemində gəncləri təəccübləndirən məqamlarla başladıq.

  • Belçikanın təhsil sistemi ilə bağlı tələbələrdən aldığımız məlumat bizim üçün yenilik oldu. Dediklərinə görə, bu ölkənin təhsil proqramı mürəkkəbliyi və ağırlığına görə Avropanın bir çox ölkələrindən fərqlənir. Tələbələr imtahanlara hazırlaşmaq üçün bizim  düşündüyümüzdən də çox vaxt ayırmağa məcburdurlar. Mənim fikrimcə, bunun səbəblərindən biri də  Belçikada bakalavr təhsilinin 3 illik olmasıdır. Yəni başqa universitetlərin 4 ilə verdiyi təhsilə burada 3 il ayrılır. Maraqlıdır ki, onlar təhsillərini əlavə 1 il də davam etdirib magistr dərəcəsi alırlar. Yəni 3+1 ilə artıq magistr təhsilli mütəxəssis olmaq mümkündür. Təbii ki, bunun da öz çətinlikləri var.  Azərbaycanlı tələbələr bu sistemlə bağlı məlumatları çox maraqla qarşıladılar. Artıq bizim tələbələr də 4 il bakalavriat, 2 il magistr oxumağın zaman itkisi olduğu haqqında danışmağa başlayıblar. Eyni zamanda, bizdəki təhsil müddətinin də belçikalılara çox uzun  göründüyünü deməliyəm.
  • Bu qısa müddətli müşahidələrinizə əsasən azərbaycanlı və belçikalı tələbələrin ortaq və fərqli xüsusiyyətləri haqqında nə deyə bilərsiniz?
  • Hər iki ölkənin tələbələrini birləşdirən ümumi xüsusiyyət onların çalışqan, təhsilə, öyrənməyə və inkişafa böyük həvəslərinin olmasıdır. Fərqli xüsusiyyətlər isə məncə olduğumuz coğrafiyalardan gəlir. Şərqli və qafqazlı olaraq biz ünsiyyətə, kommunikasiya yaratmağa,  sosiallaşmağa daha çox meyilliyik. Müşahidələrimə əsasən deyə bilərəm ki, belçikalı tələbələrdə sosiallaşma həvəsi elə də böyük deyil.
  • Gənclərin sağlam həyat tərzinə baxışı necədir? Azərbaycanlı və avropalı gənclərin həyat tərzi və sağlamlığa münasibəti nə qədər oxşardır?
  • Apardığımız müzakirələrdə bütün tələbələrin sağlam həyat tərzinə yanaşmasının eyni olduğunu gördük. Onların hər biri zərərli vərdişlərə, asılılıqlara qarşı çıxır. Amma reallıqda bəzən buna əməl etməyin çətin olduğu müşahidə olunur. Söhbət zamanı hamı fast food-un ziyanından danışsa da, naharda seçim yenə tez hazırlanan yeməklər olur. Onlarla apardığımız müzakirələrdə belçikalı gənclər arasında artıq çəki probleminin geniş yayıldığını dedilər.  Bizim gənc nəsildə belə tendensiya müşahidə olunmur.
  • Tələbələrin Azərbaycanla bağlı ilkin təsəvvürləri və təəssüratları üst-üstə düşürmü?
  • Layihə çərçivəsində ölkənin fərqli regionlarında olduq. Gənclər Azərbaycanın qədim milli oyunları, mədəni və təbiət abidələri ilə tanış oldular. Hər iki tərəfin böyük marağına səbəb olan səfər müddətində qonaqlar Azərbaycanın təbiətini, mətbəxini çox bəyəndiklərini vurğuladılar. Bu onların təsəvvür etdiklərindən də artıq idi. Ümid edirəm ki, Bakı onların təkrar qayıtmaq istədiyi şəhərlər siyahısında olacaq.