ÖZÜNƏ HÖRMƏT ET!




Bu fikri çox müxtəlif situasiyalarda fərqli intonasiyalarla eşitmək mümkündür. Sinifdə müəllimlər, evdə valideynlər, bəzən heç tanımadığı insanlar belə uşaqlara irad bildirərkən “özünə hörmət et” deyir. Bəs özünə hörmət nədir və necə qazanılır?

Pedaqoqların fikrincə, özünə hörmət fərdin özünü, insani keyfiyyətlərini, hisslərini, bacarıqlarını, onun müsbət və mənfi tərəflərini aydın dərk etməsi və obyektiv qiymətləndirməsidir.

Əslində, uşaqda özünə hörmət hissinin yaranmasında ailə, dostlar, sinif yoldaşları, müəllimlərin böyük rolu var.

Bəzən valideynlər özünə hörmətlə özünəinamı qarışdırırlar. Uşaqda özünəinam hissinin olması arzuolunandır. Amma onun öz imkanlarını həddən artıq qiymətləndirməsi və başqalarına aşağılayıcı münasibəti təkəbbür sayılır.

Uşaqda özünə hörmətin aşağı olması onun fərdi imkan və bacarıqlarına qarşı tənqidi və şübhə ilə yanaşmasında, utancaqlıqda, ünsiyyət qabiliyyətinin aşağı olmasında özünü göstərir. Odur ki, belə uşaqlar ünsiyyətdən qaçır, çox vaxt təkliyə və depressiyaya meyilli olurlar.

Uşaqlarda özünə hörmətin  aşağı olduğunu göstərən bir neçə klassik əlamətlər var:

  • Daimi narahatlıq və səhv etmək qorxusu, buna görə bütün vacib məsələlərin “sonraya” təxirə salınması;
  • Özünə həddən artıq tənqidi yanaşmaq, özünü başqaları ilə müqayisə etmək;
  • Daim başqalarını razı salmaq və məmnun etmək istəyi;
  • Daha uğurlu olan yaşıdlarına qarşı paxıllıq hissi;
  • Başqalarının obyektiv qiymətləndirməsini qəbul etməmək;
  • Bədbinlik, ətrafa mənfi münasibət;
  • Qısqanclıq;
  • Özünə acımaq, özünü qurban kimi göstərmək;
  • Ünsiyyətdə problemlər, yeni tanışlıq qorxusu;

 Psixoloqların fikrincə, uşaqlarda özünə hörmətin yaranmamasına bir neçə amil təsir edə bilər: valideynlərin ona münasibəti, başqalarının qiymətləndirməsi, müəyyən bir uğursuzluğun təsirindən çıxa bilməmək.

Çox vaxt valideynlər uşağın səhv addım atacağından, yıxılacağından və ya özünə zərər verəcəyindən qorxaraq ona qarşı həddindən artıq “qoruyucu” roluna girirlər.  Bu təsir uşaqda acizlik və bacarıqsızlıq hissi yaradır, onu tamamilə valideyndən asılı vəziyyətə salır. Bu cür tərbiyənin nəticəsidir ki, yetkin həyatda gəncin özbaşına qərar qəbul etməsi və nəyəsə nail olması çətinləşir.

Uşaq valideynlərindən də nümunə götürür: əgər ana və ya ata özlərindən əmin deyilsə, uşaqlar gələcəkdə bu davranışı təkrarlayacaqlar. Məsələn, valideynlərin bir-birinə qarşı hörmətsiz davranışı, lazım gələndə bir-birini müdafiə etməməsi uşaqda da eyni davranışları ortaya çıxara bilər.

Valideynlərin uşağa sevgi göstərə bilməməsi, və ya onun hərəkətlərini daima kimlərləsə müqayisə etməsi onun xeyrinə olmayan bir davranışdır. Burada uşağa diqqət yetirilməməsi bir yana, hətta ona qarşı  mənəvi zorakılığa da yol verilir. Nəticədə o öz bacarıq və qabiliyyətlərinə inamını itirir.

Uşaqlarda özünü qiymətləndirmə və özünə hörmət nə üçün vacibdir?

  • Fərdin müstəqil qərarlar qəbul etməsinə imkan verir.
  • İnkişafa sövq edir.
  • Öz bacarıq və qabiliyyətini obyektiv qiymətləndirməyi bacarır.
  • Olduğu mühitə rahatlıqla uyğunlaşır.
  • Öz fəaliyyətini və davranışını tənzimləyir.

Xarici pedaqoqlar uşaqlarda özünə hörməti artırmaq üçün müxtəlif üsullar təklif edirlər:

  • Uğurları qeyd etmək. Bu addım maliyyə və ya xüsusi vaxt tələb etmir. Hər axşam 10-15 dəqiqə ayırmaqla böyük və kiçik olmasından asılı olmayaraq, bütün uğurlarınızı qeyd edin.

Bəlkə kitab oxumusunuz, ya da yuxudan  həmişəkindən bir saat tez oyanmısınız? Özünüzü tərifləmək üçün bir səbəb tapa bilərsiniz. Bu sizdə hər gün müsbət düşüncə tərzini inkişaf etdirməyə və baxışınızı şəxsi uğura yönəltməyə kömək edəcək. Qeydlərinizi hər gün yenidən oxumaq vacibdir.

  • Ətrafınızı dəyişdirin. Ən çox ünsiyyətdə olduğunuz insanları yenidən dəyərləndirin. Ətrafınızda mənfi düşüncəli insanlar varsa, onlarla ünsiyyətdən uzaqlaşın. Özünüzü daha özünəinamlı, pozitiv və uğurlu insanlarla əhatə etməyə çalışın.
  • İdmana bədəninizi və düşüncələrinizi təmizləməyin ən yaxşı yolu kimi baxın. İdman sizə həm fiziki forma almağa, həm də bədəni xoşbəxtlik hormonu – dofaminlə təmin etməyə imkan yaradır.
  • Özünüzü tənqid etməkdən əl çəkin. Hər şeyə görə özünüzü danlasanız, görünüş və qabiliyyətlərinizdən narazılığınızı bildirsəniz, özünüzə hörmətinizi artıra bilməyəcəksiniz. Gördüyünüz işlərə görə özünüzü tərifləməyə, müsbət fikirlər söyləməyə çalışın.
  • Müqayisələrdən çəkinin. Unutmayaq ki, hər birimiz öz fərdi keyfiyyətlərimiz, güclü və zəif tərəflərimizlə unikal bir insanıq. Təbii ki, həyatda həmişə bizdən daha böyük uğur qazananlar olacaq. Bu halda onlardan nümunə götürmək məyus olmaqdan daha yaxşıdır.
  • Rahatlıq zonanızdan çıxın, probleminizlə üzləşin. Yeni bir mühitə düşəndə ünsiyyətcil olmağa çalışın.
  • Özünüzü bağışlayın. Qeyri-müəyyənlik çox vaxt özünü günahkar hiss etməyin nəticəsidir. Unutmayın ki, heç birimiz səhvlərdən sığortalanmamışıq və səhvlərimizə görə özümüzü bağışlamağı bacarmalıyıq.
  • Meditasiya edin. Meditasiya fiziki olaraq rahatlamağa və sizi narahat edən düşüncələrdən uzaqlaşmağa kömək edən vasitələrdəndir.

Valideynlər unutmamalıdır ki, özünəinam anadangəlmə deyil, həyat prosesində formalaşan keyfiyyətdir. Övladınızın sağlam “özünəhörmət”inin formalaşmasında əsas vəzifəniz ona sevgi göstərmək, özünün güclü tərəflərinə inanmağı öyrətməkdir.