İNKLÜZİV TƏHSİLDƏ TƏLİMİN TƏŞKİLİ PRİNSİPLƏRİ: PERSPEKTİVLƏR VƏ NƏTİCƏLƏR
Məqalədə Azərbaycanda inklüziv təhsildə təlimin təşkili prosesi, bu sahədə qəbul olunan qanunların reallaşdırılması, həyata keçirilən dövlət proqramlarının nəticələri, eləcə də rast gəlinən çətinliklərin aradan qaldırılması yolları araşdırılır. Ölkəmizdə inklüziv təhsilin tətbiq
olunduğu məktəbəqədər müəssisələr və ümumtəhsil məktəblərinin sağlamlıq imkanları məhdud uşaqların sayına nisbətdə azlıq təşkil etməsi, xüsusilə regionlarda bu kateqoriyadan olan uşaqların belə müəssisələrə cəlb olunmasındakı ciddi problemlər, valideynlərin evdə
təhsili üstün tutmasının səbəbləri təhlil olunur. Məqalədə inklüziv təhsillə bağlı digər problemlərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram, dərslik və qiymətləndirmə metodları ilə bağlı çatışmazlıq, dərsdənkənar fəaliyyət növlərini əhatə
edən dövlət hesablı mərkəzlərin sayının, habelə bu sahədə layihələrin, proqramların az olması kimi məsələlərə də diqqət yetirilir. İnklüziv təhsildə təlimin təşkili zamanı yaranacaq maneələrin ləğvi üçün xüsusi pedaqoji kollektivin fəaliyyət planları hazırlaması və ali təhsil müəssisələrinin də bu prosesə cəlb olunması tövsiyə olunur.
GİRİŞ
İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların ehtiyaclarına uyğun həyata keçirilən təhsil prosesidir. Bu proses sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edən ən etibarlı vasitədir. İnklüziv təhsil hər bir uşağın təhsil zamanı ortaya çıxan bütün ehtiyaclarının ödənilməsini təmin edən metodologiyaları inkişaf etdirməyə yönəlib. Onun başlıca məqsədi tədris zamanı uşaqların təhsil və təlim ehtiyaclarının ödənilməsini reallaşdırmaqdır. Onu ənənəvi təhsildən fərqləndirən ən başlıca cəhət isə istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin etməklə cəmiyyətdə sosial bərabərliyin qorunması, bu uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə
nail olunmasıdır.
2016-cı ilin statistikasına görə Azərbaycanda sağlamlıq imkanları məhdud olan 65 minə yaxın uşaqdan yalnız 12 mini təhsilə cəlb olunub, onların 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır1.
İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını özündə ehtiva edən, bütün uşaqların müxtəlif ehtiyaclarının uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi, habelə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsinin təminatçısıdır. Prosesi mütəşəkkil şəkildə həyata keçirmək üçün inklüziv təhsilin daha sadə və asan formada təşkilinə nail olmaq bu sahədə xidmət göstərən insanların birgə fəaliyyətindən asılıdır. İnklüziv təhsil sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnun təminatına, eyni zamanda cəmiyyətə sağlam düşüncə ilə inteqrasiyasına şərait yaradan və dünyada geniş yayılan bir təhsil təcrübəsidir. Azərbaycan Respublikasında da sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşın təhsil almasına bərabər şərait yaradılmışdır.
İNKLÜZİV TƏHSİLDƏ TƏLİMİN TƏŞKİLİ PRİNSİPLƏRİ
İnklüziv təhsildə təlimin təşkili prinsiplərinin əsas məqsədi xüsusi pedaqoji-psixoloji üsullarla sağlamlıq imkanları məhdud şəxslərdə kommunikativ bacarıq və vərdişləri inkişaf etdirməklə, müvafiq biliklərə yiyələnməsinə nail olmaq və onları müstəqil həyata hazırlamaqla cəmiyyətin bərabərhüquqlu vətəndaşına çevirməkdir. Təlim prosesinin uğurla həyata keçirilməsində əsas problem isə bu cür uşaqların sağlam düşüncəli vətəndaş kimi cəmiyyətə adaptasiyasıdır. Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədinə əsasən bu problemin tədricən aradan qaldırılması, həssas qrupa daxil olan uşaqların erkən yaşlardan aşkar edilməsi və təlim-təhsil prosesinə cəlb olunması qarşıya qoyulan əsas hədəflərdəndir (Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədi, 2018).
İnklüziv təhsil prosesində təlimin təşkili prinsipləri, ilk növbədə pedaqoji prinsiplərə əsaslanır. Pedaqoji optimizm, diferensiallaşdırma,
fərdi yanaşma, erkən pedaqoji yardım, sosial-adaptasiyaedici və xüsusi pedaqoji rəhbərliyin vacibliyi kimi prinsiplərin tələb və şərtlərinə əməl etməklə inklüziv təhsildə arzu olunan nəticə əldə etmək mümkündür. Bu prosesdə ilk addım sağlamlıq imkanları məhdud olan bütün şagirdləri təlim prosesində bilikləri hamı kimi mənimsəyə biləcəkləri fikrinə inandırmaqdır. L.S.Vıqotskinin fərdi inkişaf proqramında olduğu kimi təlim prosesinin başlanğıcı, gedişi və nəticəsini mütəmadi şəkildə təhlil etməklə və sağlamlıq imkanları məhdud şəxslərin müvəffəqiyyət göstəricilərini izləməklə inklüziv təhsil prosesində müsbət nəticə əldə etmək olar (İnklüziv siniflərdə təlimin təşkili, 2018).
İnklüziv təhsilin digər məqsədi hamı ilə birlikdə, cəmiyyətdən təcrid olunmadan, amma ehtiyaclara uyğun təşkil olunmuş fərdi inkişaf və təhsil proqramını tətbiq etmək, həssas qrupa daxil olan uşaqları sağlam düşüncəli uşaqlar kimi sosial həyata inteqrasiya etməkdir. Bu uşaqlarda sağlam düşüncə formalaşdırılarsa, onlar sosial həyata daha çox meyilli olar, rastlaşdıqları çətinliklər onlar üçün maneə deyil, irəli getmək üçün bir stimul yaradar. Bu uşaqların inkişafı, özünütəsdiqi və gələcəyi üçün təşkil olunan hər bir dövlət proqramı çox əhəmiyyətli məsələ olduğundan, bu sahəyə aid Dövlət Proqramı hazırlayanların və layihə icraçılarının qətiyyətliliyi müsbət nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayır.
Diferensiallaşdırma və fərdi yanaşma prinsipləri əsasında təhsilverənlər şagirdin fərdi xüsusiyyətlərini, onların inkişaf pozğunluğunun
spesifik özəlliklərini nəzərə alaraq müvafiq təlim şərtləri əsasında pozitiv təlim mühiti yaratmalıdırlar. Bu məqsədlə təlim prosesinin təşkilində iştirak edən şəxslər (pedaqoqlar, psixoloqlar, valideynlər) sağlamlıq imkanları məhdud olan uşaqların xarakteristikasını və
təhsil ehtiyaclarını dərindən öyrənməlidirlər. Onlar əqli gerilik, psixi inkişafın ləngiməsi, daun sindromu, autizm sindromu, hiperaktivlik və diqqət əksikliyi sindromu, serebral iflic, nitq inkişafının ləngiməsi kimi hallarda necə davranmalı olduqlarına diqqət yetirməli, psixi inkişafa təsir edən bioloji, ətraf mühit, tərbiyə və şəxsi fəallığın rolu kimi amilləri nəzərə almaqla təlim prosesini reallaşdırmalıdırlar.
Erkən pedaqoji yardım prinsipinə əsaslanaraq pedaqoqlar şagirdlərə psixoloji-pedaqoji dəstək verməklə onların fərdi təhsil ehtiyaclarını müəyyənləşdirə, inkişafındakı ləngimələri aşkarlaya və onları psixoloji dəstəklə təmin etməklə inklüziv təhsili reallaşdırmağa nail ola bilərlər.
Təlimin sosial-adaptasiyaedici prinsipi sosial bacarıqları və şagirdin sosial-mədəni mühitə psixoloji hazırlığını təmin edir. Sağlamlıq imkanları məhdud olan şagirdlər üçün ümumi təhsil ehtiyacı nitqin, təfəkkürün və ünsiyyətin inkişafına korreksiyaedici-pedaqoji köməyin göstərilməsidir. Bu məqsədlə bütün təhsilalanlar arasında müvafiq tədbirlərin təşkili sağlamlıq imkanları məhdud şagirdlərin sosial adaptasiyasına, onlarda təfəkkürün və ünsiyyətin inkişafına təkanverici amil rolunu oynaya bilər. Belə tədbirlərin təşkili zamanı ümumtəhsil məktəblərinin şagirdləri ilə maarifləndirici söhbətlər aparmaqla, onlara həssas qrupa daxil olan şagirdlərlə ünsiyyətin mahiyyətini və əhəmiyyətini izah etməklə bu prosesin effektivliyinə zəmin yaratmaq olar.
Xüsusi pedaqoji rəhbərliyin vacibliyi prinsipi sağlamlıq imkanları məhdud olan şagirdlərin öyrənmə potensialını nəzərə alaraq təlim-təhsil prosesinin planlaşdırılması, sadədən mürəkkəbə metodu əsasında dərsin mənimsənilməsi, illüstrasiyalar, şəkillər, sxemlər, rəmzlər əsasında prosesin təşkili işinin təminatıdır. Belə ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mahiyyətcə eyni, lakin sadələşdirilmiş tapşırıqlar verilməsi, bu tapşırıqların fərdi şəkildə yerinə yetirilməsi təlim prosesinə müsbət təsir edir. Bu prosesdə həssas qrupdan olan uşaqlar üçün xüsusi ixtisaslaşmış müəllimlərin seçilməsi də vacib məsələlərdəndir.
Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əsas problem qanunvericilik bazasının yetərsizliyidir. İnklüziv təhsillə bağlı bir sıra müddəaların müvafiq qanunlarda öz əksini tapmasına baxmayaraq, onların həyata keçirilməsi tam reallaşdırılmayıb. Bunun əsas səbəbləri kimi valideynlərlə müəllimlərin sıx əməkdaşlıq etməməsini, sağlamlıq imkanları məhdud uşaqların tədris prosesinə cəlb olunması üçün inklüziv təhsildə təlimin təşkili prinsiplərinə düzgün əməl olunmamasını göstərmək olar.
İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT PROQRAMLARI
1924-cü ildə ilk dəfə olaraq uşaqların əqli və fiziki zəifliyinə görə xüsusi müdafiəyə ehtiyacı olması Millətlər Liqasının Uşaq Hüquqlarının bəyannaməsində (Cenevrə Bəyannaməsi) öz əksini tapmışdır. 1947-1948-ci illərdə isə BMTdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində hər bir insanın irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan bütün hüquqlara və azadlıqlara malik olması qeyd olunmuşdur.
1989-cu ildə BMT-də Uşaq Hüquqları Konvensiyasında (Uşaq Hüquqları Bəyannaməsi) əqli və ya fiziki çatışmazlığı olan uşaqların ləyaqətini təmin edən, özünə inamını artıran və cəmiyyət həyatında fəal iştirakını asanlaşdıran şəraitdə tam dəyərli və ləyaqətli həyat sürməsi qeyd edilir.
1993-cü ildə BMT-nin qəbul etdiyi əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarda təhsil məcburi olan ölkələrdə onu ən ağır forma da daxil olmaqla, bütün əlillik formalarına malik olan uşaqlar üçün təmin etməyin gərəkliliyi vurğulanır.
2001-ci ildə “Təhsil hüququna dair Salamanka Bəyanatı”nda hər bir uşağın təhsil almaq kimi fundamental hüquqa malik olduğu və xüsusi təhsil ehtiyaclarının əlillik və öyrənmə ilə bağlı çətinliklərdən qaynaqlandığı bəyan edilir, onların sırf uşaqyönlü təlim metodu ilə təmin edilmələri tövsiyə olunur, məktəbə hazırlığın gücləndirilməsində əlilliyi olan uşaqlar üçün davamlı inklüziv təhsil imkanları və erkən təhsilin əhəmiyyətinin xüsusi olaraq nəzərə alınması zəruri hesab edilir.
2006-cı ildə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 1-ci maddəsində əlilliyi olan uşaqlar başqa uşaqlarla bərabər səviyyədə bütün insan hüquqları və fundamental azadlıqlardan tam şəkildə istifadə etməsi, ictimai həyatda hamının bərabər qaydada iştirakına diqqət yetirilməsi və əlilliyi olan uşaqların oynamaq, idman tədbirlərində və mədəni həyatda digərləri ilə birgə iştirak etməsinin əhəmiyyəti vurğulanır.
Beynəlxalq səviyyəli bu və ya digər tədbirlərlə yanaşı, Azərbaycanda da bir sıra işlər görülmüşdür. 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əsasən belə uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarını təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları” təsdiq olunmuşdur. Bu qanunda inklüziv təhsilin təşkili məsələlərinin öz əksini tapmaması təəssüf doğurur.
Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən 2005–2009-cu illərdə “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı” həyata keçirilmiş, bu kateqoriyadan olan uşaqların təhsil hüququnun tam şəkildə təminatı, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Bu proqrama əsasən, 2005-ci ildən etibarən Təhsil Nazirliyi və UNİCEF tərəfindən Azərbaycanda birgə inklüziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır.
Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlarla bağlı həyata keçirdiyi işlər də təqdirəlayiqdir. Proqram çərçivəsində 17 ümumtəhsil məktəbində və 13 uşaq bağçasında 200-dən çox sağlamlıq imkanları məhdud uşağın inklüziv təhsilə cəlb olunması, məktəbəqədər təhsil pilləsində və ibtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi üçün metodik vəsaitlər hazırlanması, pedaqoji kadrların peşə hazırlığının təkmilləşdirilməsi üçün təlimlərin təşkili, Pedaqogika dərsliklərində “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili” adlı xüsusi bölmə ayrılması kimi məsələlər də bu sahədə atılan addımlardandır (Hüseynzadə, 2013).
2008-ci il 2 oktyabr tarixli müvafiq qanunla Azərbaycan Respublikası “Əlillərin hüquqları haqqında” Konvensiyanı ratifikasiya etmiş, sənəd 28 yanvar 2009-cu ildən qüvvəyə minmişdir. Bu konvensiyanın məqsədi, onun 1-ci maddəsində göstərildiyi kimi, “bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarından tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir”. Hazırda əlilliyi olan şəxslərin hüquqi statusu Azərbaycan Respublikası Konstitusiyası və “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir, cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən,sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və inklüziv siniflərdə təlimin təşkilində ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülmüş işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Təhsil Nazirinin 18 mart 2015-ci il tarixli, 311 nömrəli əmrinə əsasən, “İbtidai təhsil
səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihədə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması qaydalarının yenilənməsi, xüsusi təhsil sahəsində yeni metodikaların tətbiqi və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması nəzərdə tutulub. Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə başlanılıb, fəaliyyət planı və yol xəritəsi tərtib edilib.
2017-ci ildə isə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı
üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu proqramın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Sağlamlıq imkanları məhdud uşaqların təsnifatlaşdırılması işindəki sistemsizlik inklüziv təhsildə təlimin təşkili prosesini ləngidir. Bunun baş verməməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası məqsədilə müəllim-valideyn əməkdaşlığı təmin olunmalı, ilk növbədə valideynlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Dünya praktikasında sağlamlıq imkanları məhdud uşaqların problemləri erkən yaşlarda aşkar edildiyindən, onların məktəb dövründə öz problemlərinə uyğun təhsil müəssisəsində oxuması təmin edilir. Bu isə uşaqların öz bilik və bacarıqlarını daha yaxşı inkişaf etdirməsinə, gələcəkdə ali təhsil müəssisələrində təhsillərini davam etdirməsinə imkan verir və onların cəmiyyətin önəmli fərdinə çevrilməsinə şərait yaradır. Məsələn, Finlandiyada, İsveç, Norveç və Danimarkanın bu sahədəki təcrübəsi təqdirəlayiqdir (Qaraxanlı, 2018).
“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkəmizdə inklüziv təhsildə təlimin təşkili məsələlərinə daha ciddi və fərqli şəkildə yanaşılmağa başlanılmışdır. Buna sağlamlıq imkanları məhdud şəxslər üçün təşkil olunmuş dərnəkləri nümunə göstərmək olar. Bu Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- Təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılmasının təmin edilməsi;
- İnformasiya texnologiyalarını tətbiq etməklə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə olunması imkanlarının genişləndirilməsi;
- Məktəbəqədər, ümumi və peşə təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklərin olunması;
- İnklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydaların tətbiq olunması;
- Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsinin artması2.
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məktəbəqədər dövrdə görülən işlər də qənaətbəxş deyil. Bunu həmin sahədə maarifləndirmə işinin zəif olması, televiziyada, radioda, mətbuatda inklüziv təhsillə bağlı zəruri məlumatlara geniş yer verilməməsi ilə izah etmək olar.
İNKLÜZİV TƏHSİLİN REALLAŞDIRILMASI ÜÇÜN GÖRÜLƏN İŞLƏR
Ümumi təhsil pilləsində inklüziv təhsilin təşkilindən sonra, sağlamlıq imkanları məhdud olan uşaqların əksər hallarda digər həmyaşıdları ilə birgə eyni siniflərdə milli kurikulum üzrə təhsil alması, fikrimizcə, belə şəxslərin sağlam düşüncəli şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə adaptasiyasına kömək edəcək. Zaman keçdikcə, inklüziv təhsilin təşkil olunduğu məktəblərdə sağlamlıq imkanları məhdud olan uşaqların sayını artırmaqla, onların da həmyaşıdları kimi eyni hüquq və vəzifələrdən yararlanmasını təmin etməklə bu sahədə yüksək keyfiyyətli təhsilin təminatı mümkündür. İnklüziv təhsildə təlim prosesinin təşkili zamanı peşəkar pedaqoqların təcrübəsindən, biliyindən, onların metod və strategiyalarından yararlanmaq da daha səmərəli nəticələrin əldə edilməsinə imkan verə bilər.
2015/2016-cı tədris ilindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycanda “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır. İnklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə uğurla sınaqdan keçirilir.
İNKLÜZİV TƏHSİLDƏ TƏLİMİN TƏŞKİLİ ZAMANI RAST GƏLİNƏN ÇƏTİNLİKLƏR
İnklüziv təhsildə təlimin təşkili zamanı sağlamlıq imkanları məhdud uşaqları təhsilə cəlb etməzdən əvvəl, mövcud fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərini nəzərə almaqla, hər uşağa ümumi təhsil və tərbiyə prosesinə daxil olmaq imkanı yaratmaq daha doğru yanaşmadır. Sonra isə onları müvafiq biliklər qazanmağa və cəmiyyətdən təcridolunma riskini tədricən aradan qaldırmağa çalışmaq, sağlamlıq imkanları məhdud uşaqlara qarşı hər hansı bir qabiliyyəti çatışmayan şəxslər kimi deyil, əksinə onlarda olan istedadların üzə çıxarılmasının mümkün olduğuna inanmaq və cəmiyyəti inandırmaq lazımdır.
Ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və tərbiyəsi üçün xüsusi şəraitin yaradılmasından öncə, onların sağlam yaşıdları ilə, eləcə də bu tədris prosesinə cəlb olunmuş müəllimlərlə mütəmadi aparılan söhbətlər qarşılıqlı anlaşmanın təminatı ola bilər. İnklüziv təhsillə məşğul olan müəllimlər qiymətləndirmə strategiyalarına müntəzəm dəyişikliklər etməklə yanaşı, formativ qiymətləndirmə kimi daha ənənəvi formanı innovativ qiymətləndirmə strategiyaları ilə birləşdirə və ya şagirdləri motivasiya etmək üçün özünəməxsus qiymətləndirmə metodundan istifadə edə bilərlər.
İnklüziv təhsil prosesində təlimin təşkili zamanı bir sıra nəzəri əsasları və praktik mexanizmləri bilməklə yanaşı, başlıca məsələlərdən
biri də sağlamlıq imkanları məhdud uşağın, onun ailəsinin qarşılaşdığı problemlərin (məsələn, uşaqların cəmiyyət tərəfindən qəbul olunmaması) həllini təmin edən səriştələr formalaşdırmaqdır. Digər əsas məsələ tapşırıqların dəyişkənliyi, təşkili formaları və metodları nəzərə alınmaqla təhsilalanların praktik biliklərə yiyələnməsini təmin etməkdir.
Sağlamlıq imkanları məhdud şagirdlərin təhsildə mükəmməl nəticə əldə etməsi üçün müəllimlərlə yanaşı, valideynlərin bu prosesə cəlb olunması inklüziv təhsildə təlimin başlıca prinsiplərindəndir. Dövlət, eləcə də təhsil müəssisələri siyasi və hüquqi yollarla inklüziv təhsilə dəstək verərkən valideynlərin onlarla birgə əməkdaşlığı müsbət nəticələrə daha tez nail olmaq imkanı verir. Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşağın birbaşa kütləvi təhsil müəssisəsində təlimə cəlb olunması məqsədəuyğun deyil. Onları ümumi təhsilə hazırlamaq üçün öyrənmə prosesini asanlaşdırmaq, defektoloji, psixoloji və pedaqoji yardımlardan istifadə etməklə bu prosesə hazırlamaq lazımdır. Bunun üçün ümumtəhsil məktəblərində inklüziv siniflərin təşkili bu işin müsbət həlli yollarından biri kimi qiymətləndirilə bilər (İnklüziv siniflərdə təlimin təşkili, 2018). XXI əsrdə, elm və texnologiyanın yüksək şəkildə inkişaf etdiyi bir dövrdə, xüsusi ehtiyacı olan hər bir fərdin bütün sosial proseslərdə, təhsilin bütün səviyyələrində məhdudiyyətsiz iştirakının həyata keçirilməsi təmin edilməli, adi insanlarla əlillər eynihüquqlu subyektlər kimi dərk edilməli, istər iş yerlərində,istərsə də müxtəlif sosial məkanlarda onların bütün hüquqları qorunmalıdır.
Sağlamlıq imkanları məhdud şəxslərin gələcəkdə hər hansı bir peşəyə yiyələnməsinin həyatının valideynlərsiz dövründə də müstəqil
şəkildə yaşamasına kömək etdiyini nəzərə alsaq, ali təhsil müəssisələrinə onların cəlb olunması daha vacib və təxirəsalınmaz məsələdir. Belə şəxslər ali təhsil pilləsində təlim-təhsil prosesinə cəlb olunmaqla təkcə müvafiq bir peşəyə yiyələnmir, həm də onların intellektual səviyyəsi artır, iradəli, sağlam düşüncəli, dünyagörüşlü, həyatda öz məqsəd və məramını bilən şəxsiyyətə çevrilirlər. İnklüziv təhsildə asudə vaxtın düzgün təşkili məqsədilə kompüter texnologiyalarından və internetdən məqsədyönlü istifadənin əhəmiyyətini bildirməklə, sağlamlıq imkanları məhdud şəxslərə öyrədici video-çarxlar göstərməklə, dünyanın müxtəlif yerlərində həyatı örnək olan bu cür insanları tanıtmaqla belə şəxslərin özlərinə inamını artırmaq, onların karyera qurmaq planlarını gerçəkləşdirməsinə nail olmaq mümkündür.
Xüsusi pedaqoji rəhbərliyin vacibliyi prinsipində “səriştəlilik” konsepsiyasına diqqət yetirək: bildiyimiz kimi, səriştəlilik insanın yaxşı bildiyi bir sıra məsələləri daha effektiv şəkildə yerinə yetirməyə sövq edir. Təhsilin inkişafının son hədəfi “bilik” dən “səriştəyə” əsaslandığından təcrübəli pedaqoji rəhbərlik inklüziv təhsildə təlim prosesinin təşkilində əsas və aparıcı rol oynayır.
İnklüziv təhsil prosesində erkən pedaqoji yardım prinsipinə əməl edilərsə, sağlamlıq imkanları məhdud şəxslərin mənəvi və əxlaqi dəyərlərini nəzərə almaqla onların sosiallaşmasını reallaşdırmaq mümkün olar. Buraya planlaşdırma, təhlil, düşüncə, təhsil və idrak fəaliyyətində özünü qiymətləndirmənin təşkili məsələləri də daxildir. Fikrimizcə, inklüziv təhsildə gənclər arasında populyar olan sosial şəbəkələrdən məqsədəmüvafiq istifadə etməklə də bu cür şəxsləri erkən pedaqoji dəstəklə təmin etmək olar. Həmin vasitələr sağlamlıq imkanları məhdud şəxslərin sosial adaptasiyasına da kömək edə bilər. O.S.Kuzminaya görə, inklü-ziv təhsil, əlil bir uşağın sağlam yaşıdları ilə birlikdə öyrəndiyi, xüsusi təhsil ehtiyaclarının ödənilməsi ilə əlaqəli spesifik pedaqoji dəstək və islah yardımı aldığı bir təhsil prosesinin qurulmasından ibarət olan sosial və pedaqoji fenomendir3.
Bu gün Azərbaycan cəmiyyəti sağlamlıq imkanları məhdud şəxslərin diskriminasiya (ayrı-seçkilik), seqreqasiya (əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması) mərhələlərini dəf etsə də, belə şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziya (əlilliyi olan insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması) mərhələsinə keçidlə bağlı görüləsi işlər çoxdur. Çünki iqtisadi, hüquqi inkişaf baxımından müəyyən uğurlara nail olmuş bir cəmiyyətdə sağlamlıq imkanları məhdud şəxslərə qarşı münasibət dövlətin sosial tələbi kimi müəyyənləşdirilməli, təhsil də daxil olmaqla, bütün sahələrdə onlara digər insanlarla bərabər imkanlar yaradılmalıdır.
Qeyd edək ki, inklüziv təhsildə təlimin təşkili prinsiplərini həyata keçirərkən “tibbi model” → seqreqasiya, “normallaşdırma modeli” →
inteqrasiya modelindən istifadə artıq səmərəli nəticə vermədiyindən “sosial model”in tətbiqi daha faydalı ola bilər. Çünki bu model hər bir uşağın dəyərli olmasını və olduğu kimi qəbul edilməsini, onun özü və ətrafı tərəfindən müəyyənləşdirilməmiş güclü xüsusiyyətlərinin və ehtiyaclarının olmasını şərtləndirir. Əlavə resurslardan istifadə vasitəsilə standart xidmətlərin əlçatanlığı, uşaqlararası ünsiyyətin yaradılması və hər bir uşağa inklüziv yanaşma bu modelin əsasını təşkil edir. Sosial və emosional dəstək, informasiya mübadiləsi, valideynlərin uşaqlarının təlimində iştirak etməyə həvəsləndirilməsi, uşaq və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması kimi məsələlərdə təhsil işçiləri valideynlərin ən böyük yardımçısıdır.
İNKLÜZİV TƏHSİL PROSESİNDƏ YERİNƏ YETİRİLƏN İŞLƏRİN TƏHLİLİ
2018-ci ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədində qeyd edilir ki, dövlətin hesabatlarında müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı fərqli göstərilib. Dövlət Statistika Komitəsi 2017-ci ilin əvvəlində belə uşaqların sayının 71934, Təhsil Nazirliyi isə 65482 nəfər olduğunu deyir. 2005-2009-cu illərdə 268 nəfər, 2015-2017-ci illərdə isə 40 nəfər şagird pilot məktəblərdə eksperimental siniflərdə inklüziv təhsilə cəlb edilib4.
IDI bildirir ki, sağlamlıq imkanları məhdud uşaqların 77 faizinin nəinki inklüziv təhsilə, ümumiyyətlə, təhsilə cəlb olunmaması həmin uşaqların təhsil hüququnun birbaşa pozulmasıdır. İnklüziv təhsilin tətbiq olunduğu təhsil müəssisələrinin sayının uşaqların sayına nisbətən az olması, regionlarda isə bu tipli müəssisələrin olmaması, evdə təhsilin seçilməsi, həssas qrupa daxil olan uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodlarının yetərsizliyi bu sahəyə diqqətin artırılmasını tələb edir.
Demokratik Təşəbbüslər İnstitutunun araşdırmasında qeyd olunur ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların əsas ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası valideynlərin üzərinə düşür. Halbuki, bu sahədə qanunvericiliyə görə, əsas işi dövlət görməlidir. Məsələn, Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi və onun yerli şöbələri 2006-cı ildə qəbul edilmiş Xüsusi Təhsil Xidmətlərinə dair qanuna əsasən, doğulduğu andan əlillik dərəcəsi müəyyən edildiyi təqdirdə, uşağı 6 il ərzində izləyir, onun uyğun təhsil proqramı ilə təmin olunması üçün çalışır. Burada da əsas məqsəd şagirdi inklüziv təhsil ilə təmin etməkdir ki, bunun üçün də mümkün qədər həmin şagirdlərin sağlamlıq problemi olmayan həmyaşıdları ilə birlikdə təhsil alması üçün işlər görülür.
NƏTİCƏ
İnklüziv təhsildə təlimin səmərəli təşkili bu nəticəyə gəlməyə əsas verir ki, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı olmamalıdır, çünki hər bir kəs hiss etmək, düşünmək qabiliyyətinə və ünsiyyət hüququna malikdir. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Cəmiyyət dərk etməlidir ki, bütün insanların öz həmyaşıdlarının dəstək və dostluğuna ehtiyacı vardır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirməyə kömək etməli, bu onlar üçün maneə deyil, mövcud maneələri dəfetmə vasitəsi olmalıdır. İnklüziv təhsilin də əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin davamlı təhsilinin və inkişafının təmin olunmasına xidmət etməkdir.
Nəticə olaraq qeyd etmək olar ki, müasir cəmiyyətdə sağlamlıq imkanları məhdud şəxsləri effektiv tədris-təlim prosesinə cəlb etmək üçün ictimai səviyyədə maarifləndirici, məlumatlandırıcı işlərin görülməsi, ictimai şüurun formalaşdırılması, əlilliyi olanlara münasibətdə birmənalı şəkildə müsbət yöndə ictimai fikir dəyişikliyi, həmçinin əlverişli və təhlükəsiz mühit yaradılması prioritet hədəflərdəndir. Bunun üçün, ilk növbədə cəmiyyətin ziyalı təbəqəsi əlilliyi olan şəxslərin assimilyasiyasına neytral və ya passiv mövqe nümayiş etdirməməlidir. Sağlamlıq imkanları məhdud şəxslərin problemi ətrafdakılar tərəfindən cəmiyyətin öhdəliyi kimi qəbul edilməli, insanlar onlara qarşı passiv tolerantlıq göstərməməli və ayrıseçkilik aradan qaldırılmalıdır. Yuxarıda bəhs etdiyimiz prinsiplərə əməl edilərsə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və cəmiyyətə adaptasiyasına asanlıqla nail olmaq mümkündür. Müəllimlərin valideynlərlə birgə səyi və əməkdaşlığı sayəsində yaradılan təlim-tədris mühiti sağlamlıq imkanları məhdud şəxsləri kifayət qədər dəstəklə əhatə edə, bu istiqamətdə yeni tədris strategiyalarının təcrübədən keçirilməsi təhsilin səmərəliliyini artıra, öyrənmə prosesini daha da təkmilləşdirə, bununla da təhsilalanların təlim nəticələri yaxşılaşa bilər. Tədris müəssisələrində müəllimlərin təlim icmalarının yaradılması, qrup məşğələlərinin işinin nizamlı təşkili isə sağlamlıq imkanları məhdud şəxslərlə əməkdaşlıq və kommunikativ bacarıqların daha effektiv şəkildə təşkilinə zəmin yaradar.
Fikrimi Demokratiya Təşəbbüslər İnstitutunun hesabat müəlliflərinin tövsiyələri ilə yekunlaşdırıram:
- İnklüziv təhsil üzrə qanunvericilik, əlilliyin sosial modelini təsbit edən hüquqi baza yaradılmalı və intensiv fəaliyyət planı hazırlanmalıdır.
- Təhsilə cəlb olunmuş və təhsildən kənarda qalan sağlamlıq imkanları məhdud uşaqları müəyyən edə bilmək üçün vahid məlumat bazası yaradılmalı, onların sağlamlıq və reabilitasiya, təhsil inkişafı müvafiq qaydada izlənilməli, zaman keçdikcə proqramın uşağa uyğun olmadığı müəyyən edilərsə, müdaxilə edilməlidir.
- Ölkə ərazisində regionlar da daxil olmaqla ərazi vahidləri üzrə sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərə alınmaqla inklüziv məktəbəqədər tərbiyə müəssisələri və məktəblər müəyyən edilməli, həmin bağça və məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi şərait yaradılmalıdır (pandusların qoyulması, ayaqyolunda və idman zalında müvafiq dəyişikliklər edilməsi). Həmin inklüziv bağça və məktəblər haqqında məlumatlar ictimaiyyətə açıq olmalıdır;
- Maddi çətinlikləri olan valideynlərin uşaqlarını məktəbə aparıb-gətirmək üçün inklüziv məktəblərə nəqliyyat vasitəsi təyin olunmalıdır.
- Uşaqlarda əlilliyin qarşısının alınması üçün pulsuz erkən müdaxilə proqramları həyata keçirilməlidir.
- Sağlamlıq imkanları məhdud uşaqlar üçün dərsdənkənar fəaliyyət növlərini əhatə edən dövlət hesablı mərkəzlərin sayı artırılmalıdır.
- Sağlamlıq imkanları məhdud inklüziv təhsilalan uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları müəyyən edilməlidir.
- İnklüziv təhsil ölkəmizdə illərdir hələ də təhsilin ibtidai pilləsini əhatə etdiyi üçün, əsas təhsil pilləsinə keçməli olan sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı layihələr və proqramlar həyata keçirilməlidir.
- Sağlamlıq imkanları məhdud uşaqların yuxarı təhsil pillələrində inklüziv təhsilə cəlb edilməsi ilə bağlı tədbirlər planı hazırlanmalıdır.
- Sağlamlıq imkanları məhdud uşaqlarla işləyə bilən yetərli sayda kadr hazırlanmalı, artıq onlarla işləyən müəllimlər əlavə ixtisasartırma kurslarına cəlb olunmalı və onların maddi cəhətdən həvəsləndirilməsi məsələsi nəzərə alınmalıdır.
- İnklüziv təhsilə cəlb edilən xarici qrantların qeydiyyatsız (sadəcə məlumatlandırmaqla) fəaliyyətinə icazə verilməsi bu sahənin daha intensiv inkişafına kömək edər.
- İctimaiyyəti inklüziv təhsil barədə məlumatlandırmaq üçün ictimai vəkillik kampaniyaları, valideynlərin inklüziv təhsil, proqram və qiymətləndirmə metodları haqqında maariflənməsi üçün təlimlər keçirilməlidir5.
Nəhayət, inklüziya sahəsində aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, biz cəmiyyət olaraq sağlamlıq imkanları məhdud şəxslərin təhsilə adaptasiyasına neytral və ya passiv-mərhəmət mövqeyi nümayiş etdirməməli, onların cəmiyyətə, təhsilə tam inteqrasiyası hər bir pedaqoqun, psixoloqun, bir sözlə, hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməlidir.
Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.
İstifadə edilmiş ədəbiyyat
1 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. (2009).
2 Ağayev, Ş., Məmmədova, E., Əliyeva, X. (2012). “İnklüziv təhsil günün tələbidir”. “Azərbaycan məktəbi” jurnalı, №4.
3 Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu. (2012).
4 Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədi. (2018).
5 BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrasına dair Azərbaycan Respublikasının ilk hesabatı. Yanvar, 2011-ci il.
6 Hüseynzadə, R.L. (2013). Pedaqogika. Dərslik. Bakı, Mütərcim, 708 s.
7 İnklüziv siniflərdə təlimin təşkili. (2018). Bakı. Oxu materialı. http://www.tipii.edu.az.
8 Kathy, C. (2014). Inclusive Education in the Early Years: Right from the Start.
9 Qaraxanlı, R. (2018). “İnklüziv təhsilin Skandinaviya modeli”. Azərbaycan müəllimi, 20 aprel.
10 Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu. (2001).