AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN TƏHSİLALANLAR KONTEKSTİNDƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Hazırda texnologiya və elmin, buna paralel olaraq da sənayeləşmənin inkişaf etdiyi ölkələrdə yeni texnoloji sistemlərin kütləvi tətbiqi xüsusi keyfiyyətlərə malik insan kapitalının yetişdirilməsinə ehtiyac yaratmışdır. Keyfiyyətli insan yetişdirilməsi üçün həm də müasir tələblərə cavab verən, yeni məzmunlu texniki peşə təhsili qurulmalı və bu zaman təhsilalanlara müasir texnoloji metodların mənimsədilməsi əsas götürülməlidir. Sözsüz ki, texniki peşə məktəblərində verilən bu nəzəri və praktiki biliklər təkbaşına qənaətbəxş olmayacaqdır. Avropada ən güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərə kimi ölkələrin peşə təhsili modeli digər ölkələrinkindən kəskin surətdə fərqlənir. Bu modellər Azərbaycan peşə təhsili sisteminə uyğunlaşdırılaraq tətbiq olunur. Dünyadakı peşə təhsili modelləri əsasında formalaşan, inkişaf edən Azərbaycan peşə təhsili sistemində bəzi məqamlarda kökü müxtəlif səbəblərə dayanan problemlər meydana çıxır. Ona görə də, Azərbaycanda peşə təhsilinin gələcəkdə güclü modelə çevrilməsi üçün qabaqcadan yarana biləcək problemlər proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır. Bir sözlə, peşə təhsili peşəkar mütəxəssislər və tədqiqatçılar tərəfindən qiymətləndirilməli, məqsədyönlü, səmərəli təkliflər hazırlanmalıdır. Çünki Azərbaycanda praktiki tədqiqatların aparılmaması problemlərin həllini ləngidir. Məqalədə bütün bunlardan bəhs olunur və o da qeyd olunur ki, peşə təhsilində qiymətləndirmə müxtəlif faktorlar əsasında mümkündür və bu zaman onun yetişdirdiyi fərdlərin fikirlərinin də nəzərə alınması lazımdır. Bu məsələ tədqiqatın əsas predmetinə çevrilmişdir.
GİRİŞ
Bazarların liberallaşması, qloballaşma və texnoloji dəyişikliklər gün-gündən daha rəqabətli iqtisadi mühit yaradaraq, əmək və əməyin təşkilinin mahiyyətinə əsaslı şəkildə təsir göstərmişdir. Qlobal iqtisadiyyatın köklü dəyişməsi həm hökumətləri, həm də özəl sektorları öz inkişaf strategiyalarını təhlil etməyə və mövcud peşə təhsili sistemini yenidən nəzərdən keçirməyə vadar etmişdir. Ona görə də təəccüblü deyil ki, ən mühüm dəyişikliklər məhz təhsil sistemində, xüsusilə texniki peşə təhsilində olmuşdur. Dəyişikliyin mahiyyəti Azərbaycanın peşə təhsili sistemində əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirən mühitin yaradılması, peşə standartlarının modernləşdirilməsi və müasir tələblərə cavab verən peşə təhsili sisteminin qurulmasıdır.
Azərbaycanın təhsil sistemində peşə təhsili olduqca mühüm mövqeyə sahibdir. Buna görə də dövlətimiz tərəfindən bu sahə daim inkişaf etdirilir və peşə təhsilinin dünya standartlarına inteqrasiyası proqramı müvəffəqiyyətlə həyata keçirilir. Respublikamızda ilk peşə-ixtisas təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafı demokratik Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır. Təsadüfi deyil ki, məhz ulu öndərin rəhbərliyi altında ölkəmizdə iri sənaye mərkəzləri, fabrik və zavodlar tikilmişdir. Düzgün idarəetmə nəticəsində təkcə istehsal iqtisadiyyatı deyil, peşə-ixtisas təhsili müəssisələri də inkişaf etmişdir. Bunun məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmişdir ki, bu da peşə təhsilinin dövlətin sosial-iqtisadi inkişafında rolunun və bu sahəyə dövlət dəstəyinin sübutudur. Dövlət tərəfindən aparılan bütün məqsədyönlü islahatların ən mühüm vəzifələrindən biri texniki profilli peşə məktəblərinin (və eləcə də digər profillər üzrə) səviyyəsini keyfiyyətcə yüksəltmək, fəaliyyət zamanı (həm tədris, həm də idarəetmə) yaranacaq nöqsanları aradan qaldırmaq, o cümlədən əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını təşkil etməkdən ibarətdir (Ağayev, Məmmədova, 2010; Qafarov, 2020). Əlbəttə, bu proqramların icrası zamanı peşə-ixtisas təhsili imkanını yaradan peşə təhsili müəssisələrinin rolu əhəmiyyətli dərəcədə böyükdür.
AZƏRBAYCANIN PEŞƏ TƏHSİLİNDƏ PROBLEMLƏR
Həyata keçirilmiş tədbirlərə baxmayaraq, təhsil sisteminin prioritet sahələrindən biri olan peşə təhsili və təlimi sistemində müəyyən problemlər mövcuddur. Belə ki, inkişaf etmiş ölkələrdə ümumi təhsil pilləsi məzunlarının 40-60 faizi məhz peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunduğu halda, Azərbaycanda bu rəqəmin 11 faizdən aşağı olması əhalinin bu təhsil pilləsinə marağının az olduğunu
göstərir1.
Ölkəmizdə mövcud peşə təhsili və təlimi sistemi aşağıdakı xarakterik problemlərlə səciyyələnir:
- İlk peşə-ixtisas təhsili üzrə normativ-hüquqi bazanın yenilənmiş və çevik olmaması;
- Maddi-texniki və tədris bazasının fiziki və mənəvi cəhətdən köhnələrək sıradan çıxması;
- Peşə-ixtisas təhsili sistemində istifadə olunan təhsil proqramlarının, dərslik və dərs vəsaitlərinin müasir tələblərə cavab verməməsi;
- Peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və monitorinqi üçün mütərəqqi mexanizmin olmaması;
- Peşə-ixtisas təhsili sistemində mövcud idarəetmənin bazar iqtisadiyyatı prinsipləri ilə tam uzlaşmaması və onun dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin kifayət qədər səmərəli olmaması;
- İşəgötürən təşkilatların peşə təhsili müəssisələrinin maliyyələşdirilməsində iştirak etməməsi və bunun üçün müvafiq qanunverici bazanın mövcud olmaması;
- Peşə-ixtisas təhsili sistemində çalışan kadrların hazırlıq səviyyəsinin və əməkhaqlarının qənaətbəxş olmaması;
- Müxtəlif mülkiyyət formalarına əsaslanan və peşə hazırlığı üzrə fəaliyyət göstərən qurumlar arasında əlaqənin zəif olması;
- Ümumtəhsil müəssisələrində peşəyönü işinin zəif aparılması;
- Məzunların əmək bazarının tələblərinə cavab verməməsi;
- Eyni peşə istiqamətləri üzrə paralel kadr hazırlığı həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcudluğu;
- Təhsil müəssisələrinin böyük əksəriyyətinin başqa təyinatlar üzrə istifadə edilməsi2.
TƏDQİQAT PROBLEMİNİN FORMALAŞDIRILMASI
Peşə təhsili – müəyyən peşə sahəsinə istiqamətlənmiş insan kapitalının, ticarət, sənaye və xidmət sektorlarında tələb olunan sahələr üzrə kifayət qədər bilik və bacarıqlara sahib olan kadrların yetişdirilməsidir. Bununla yanaşı, o, elmi araşdırmalar vasitəsilə məlumat istehsal etmək, onları cəmiyyətə çatdırmaq, məhsula və texnologiyaya çevirmək məqsədini də daşıyır.
Azərbaycanda peşə təhsilinə dair statistik göstəricilərə nəzər saldıqda görərik ki, son tədris illərində bu sahəyə olan maraq xeyli artmışdır. Buna səbəb əhalidə peşə təhsilinə maraq yaratmaq məqsədilə islahatların müvəffəqiyyətlə hazırlanması və həyata keçirilməsidir. Şagirdlərin peşə təhsilinə olan marağını nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən tələbata uyğun yeni peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması, mövcud peşə təhsili müəssisələrinin təmiri və maddi texniki baza ilə təchizatı müasir tələblərə cavab verən yeni tədris materiallarının tərtib olunması, peşə təhsili və təlimində iştirak edən mühəndis-pedaqoji heyətinin ixtisasartırma kurslarına cəlb olunması kimi tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən tədbirlər həmin islahatların tərkib hissəsidir. Təhsil Nazirliyinin son beş tədris ilinin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, Azərbaycanda son illərdə peşə liseylərinin sayı yaranan tələbata mütənasib olaraq artmış və uyğun ixtisaslar üzrə yenilənmişdir3 (cədvəl 1).
Cədvəl 1 Statistik göstəricilər
Peşə təhsili müəssisələri mövcud tələbə sayı etibarı ilə peşə-ixtisas təhsilinin çox vacib hissəsini təşkil edir. Son illərdə bu tipdən olan təhsil müəssisələrinin ölkəmizin sosial və iqtisadi inkişafındakı rolu daha da artmaqdadır. Bu inkişafa uyğun olaraq, peşə təhsili müəssisələrinin problemlərinin həllinə yönəlmiş yeni yanaşmaların zəruriliyi artır. Peşə təhsilində mövcud vəziyyətin qiymətləndirilməsində və problemlərin həll olunmasında təhsilalanların fikirlərinin öyrənilməsi qeyd olunan yanaşmalardan biri olmalıdır.
Peşə təhsili müəssisələrində, ümumiyyətlə, peşə-ixtisas təhsilində yaranan boşluqların və problemlərin müəyyənləşdirilməsi bir neçə faktorun analizi əsasında mümkündür. Bu məqalədə isə sadəcə, tədqiqat fəaliyyətinə uyğun olaraq, peşə liseylərində təhsilalanların fikirləri əsasında problemlərin müəyyənləşdirilməsi məsələsi araşdırılmışdır. Onu da nəzərə alaq ki, peşə təhsili müəssisələrinin əsas məqsədi sayılan ixtisaslı kadr hazırlığı məsələsi birbaşa təhsilalanlara istiqamətlənmişdir. Buna görə də təhsilalanların fikirlərinin və ümumilikdə təhsil aldıqları peşə təhsili müəssisəsinə baxış tərzlərinin araşdırılmasını məqsədəuyğun hesab etmək olar.
MATERİAL VƏ METOD
Təhsilalanlar tərəfindən qeyd olunan məqamların aşkara çıxarılması məqsədilə reallaşan tədqiqat Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzinin tabeliyində fəaliyyət göstərən 14 nömrəli Bakı Peşə Liseyində reallaşdırılmışdır. Tədqiqat prosesi liseydə iki fərqli ixtisas qrupu arasında aparılmış, burada 3 nəfəri qız, 33 nəfər isə oğlan olmaqla 36 nəfər təhsilalan iştirak etmişdir. Bununla da təhsil müəssisəsi barəsində daha çox informasiya toplamaq imkanına nail olunmuş, əldə olunan statistik göstəricilər əsasında təhsilalanların diqqətini cəlb edən problemlər aşkarlanmış və problemlərin aradan qaldırılması məqsədilə peşə təhsili müəssisəsinin fəaliyyətində dəyişikliklərin aparılması üçün təkliflər hazırlanmışdır.
TƏDQİQAT METODUNUN SEÇİLMƏSİ
Son zamanlarda beynəlxalq aləmdə pedaqoji sahə üzrə tədqiqatlar müqayisəli analiz xarakteri daşıyır. Artıq təhsil sahəsində ənənəvi tədqiqat formaları eksperimental tədqiqat formaları ilə əvəz olunur. Bu səbəbdən də məqalə eksperimental metod əsasında aparılan tədqiqata həsr edilmişdir. Eksperimental tədqiqatın səbəb amili kimi müxtəlif göstəricilər, nəticə amili kimi isə peşə təhsili müəssisələrinin keyfiyyət göstəricisi götürülmüşdür. Məqsədi peşə təhsili müəssisələrində pedaqoji prosesin keyfiyyətini təhsilanlanlar kontekstindən qiymətləndirməkdir. Qiymətləndirmənin müxtəlif formalarda aparılması mümkündür. Tədqiqat işində təhsilalanlara ünvanlanmış, müxtəlif cavab variantları mümkün olan suallardan istifadə edilmişdir. Sorğu anketləri tədqiqatın reallaşmasında xüsusi rol oynayır. Məzmun etibarı ilə anketlər faktları, davranışı və fəaliyyət məhsullarını, eləcə də fərdin motivlərini, qiymətlərini və rəylərini əhatə edir, forma etibarı ilə açıq, qapalı, birbaşa, dolayı olur, funksiya etibarilə isə süzgəc və yoxlama məqsədini daşıyır. Bir sözlə, sorğu anketləri mövzunun tədqiqi zamanı yaranan problemlərin başvermə səbəblərini, eləcə də qabaqcıl təcrübələri öyrənmək üçün bu vasitədən istifadə etmək üçün əlverişlidir (Müasir təhsilin nəzəri və praktiki problemləri, 2016).
STATİSTİK GöSTƏRİCİLƏRİN TOPLANMASI
Problemlərin müəyyənləşdirilməsi məqsədilə xüsusi sorğu blankı hazırlanmışdır. Sorğu anketində peşə təhsili müəssisələrinin mövcud vəziyyəti və imkanlarına dair suallar qeyd olunmuşdur. Anket 10 sualdan ibarət tərtib edilmiş, sualların formalaşdırılması peşə təhsili sistemində çalışan mühəndis-pedaqoji heyət ilə müzakirə əsasında mümkün olmuşdur.
Sorğu anketində yer alan suallar və suallar əsasında əldə olunan qrafiki nəticələrə diqqət yetirək:
Sual 1.Təhsil aldığınız peşə təhsili müəssisəsi faktiki yaşayış ünvanınıza yaxındırmı?
1) Xeyr; 2) Çox yaxındır; 3) Yaşayış yeri uzaqdır, lakin ixtisas yalnız bu təhsil müəssisəsində olduğu üçün gəlirəm.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 25%-i (9 nəfər) “xeyr”, 33.3%-i (12 nəfər) “çox yaxındır” cavabını, 41.7%-i (15 nəfər) isə yaşayış yerinin uzaq olmasının ixtisasa yiyələnmək baxımından problem olmadığını qeyd etmişdir (diaqram 1).
Diaqram 1 Məsafə probleminin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 2. Peşə təhsili müəssisəsində aldığınız təhsil, sizcə, ixtisasa dair bacarıqların əldə olunmasına köməklik edirmi?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə; 4) İxtisasla tam uyğundur.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 2,7%-i (1 nəfər) “çox az”, 8.3%-i (3 nəfər) “az”, 22.3%-i (8 nəfər) “orta səviyyədə” cavabını, 66.7%-i (14 nəfər) isə keçirilən fənlərin ixtisasa uyğunluğunu bildirmişdir (diaqram 2).
Diaqram 2 İxtisas fənlərindən əldə olunan bacarıqların təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 3. Təhsil aldığınız peşə təhsili müəssisəsini bitirdikdən sonra öz peşə sahənizdə işləmək şansınız varmı?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə; 4) İş tapacağıma əminəm.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 30.6%-i (11 nəfər) öz sahəsində işləmək şansını “çox az”, 33.4%-i (12 nəfər) “az”, 19.4%-i (7 nəfər) “orta səviyyədə” qiymətləndirmiş, 16.6%-i (6 nəfər) isə təhsilini tamamladıqdan sonra iş tapmaqda çətinliklə qarşılaşmayacağını düşündüyünü qeyd etmişdir (diaqram 3).
Diaqram 3 Liseydə qazanılan kompetensiyalar sayəsində iş tapmaq imkanının təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 4. Peşə təhsili müəssisəsində tədris olunan ixtisas fənlərinin sayı sizi qane edirmi?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə; 4) Həddindən artıq.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 11.2%-i (4 nəfər) “çox az”, 19.4%-i (7 nəfər) “az”, 52.8% (19 nəfər) “orta səviyyədə”, 16.6%-i isə (6 nəfər) keçirilən ixtisas fənlərinin yetərincə olduğunu qeyd etmişdir (diaqram 4).
Diaqram 4 İxtisas fənlərinin ixtisası əhatə etməsinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 5. Tədris laboratoriyalarınızdakı mövcud şərait və təhsil müəssisəsinin maddi-texniki bazası ixtisasa dair kompetensiyalara yiyələnməkdə sizə kifayət edirmi?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə; 4) Əladır.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 19.4%-i (7 nəfər) “çox az” cavabını, 44.4%-i (16 nəfər) “az”, 25%-i (9 nəfər) “orta səviyyədə”, 11.2%-i isə (6 nəfər) laboratoriyaların vəziyyətinin əla olduğunu qeyd etmişdir (diaqram 5).
Diaqram 5 Tədris laboratoriyalarındakı mövcud şəraitin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 6. Təhsil aldığınız peşə təhsili müəssisəsində müasir texnologiyaları (İKT )özündə cəmləşdirən tədris mühiti təşkil olunurmu?
1) Mən rast gəlməmişəm; 2) Çox az; 3) Orta səviyyədə; 4) Demək olar ki, hər bir dərsdə.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 27.8%-i (10 nəfər) keçirilən dərslərdə İKT vasitələrinin istifadə edildiyinə rast gəlmədiyini, 38.9%-i (14 nəfər) “çox az”, 25%-i (9 nəfər) “orta səviyyədə” cavabını, 8.3%-i isə (3 nəfər) tədris mühitinin müasir pedaqoji texnologiyaların hər bir dərsdə tətbiq olunduğunu qeyd etmişdir (diaqram 6).
Diaqram 6 Tədrisdə müasir texnoloji vasitələrin tətbiqinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 7. Kurslararası keçid imtahanlarının təşkil olmasına razısınızmı?
1) Bəli; 2) Xeyr.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 77.8%-i (28 nəfər) keçid imtahanlarının təşkil edilməsinə etirazını bildirir, 22.2%-i (8 nəfər) isə keçid imtahanlarının təşkil edilməsi ilə razılaşır (diaqram 7).
Diaqram 7 Kurslararası keçid imtahanının təşkil edilməsi fikrinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Sual 8. İxtisasınızla əlaqəli olub-olmamasından asılı olmayaraq təhsilinizi tamamladıqdan sonra nə etmək istəyirsiniz?
1) Öz işimi quracam; 2) Dövlət sektorunda işləmək istəyərdim; 3) Özəl sektorda işləmək istəyərdim; 4) Ailə işimizi davam etdirmək istəyərdim (diaqram 8).
Diaqram 8 Təhsilalanların arzu etdikləri iş sahələrinin müəyyənləşdirilməsi
Sual 9. İxtisasa dair biliklərinizi təkmilləşdirmək üçün təhsilinizi bakalavriat səviyyəsində (və ya subbakalavr peşə-ixtisas dərəcəsində) davam etdirmək istəyərsinizmi?
1) İstəyərdim; 2) Məncə yox (qərarsızam); 3) Xeyr.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 31%-nin (11 nəfər) qəti olaraq təhsilini davam etdirmək istəyinin olduğu, 47%-nin (17 nəfər) qərarsız olduğu, 22%-nin (8 nəfər) isə davam etdirmək fikrində olmadığı müəyyənləşdirilmişdir (diaqram 9).
Diaqram 9 Təhsilalanlarda təhsilin növbəti pillələri üçün marağın olub-olmamasının müəyyənləşdirilməsi
Sual 10. Sizcə peşə təhsilində ən vacib problem hansıdır?
1) Tədris prosesində istifadə olunan vasitələrin və elementlərin əksikliyi/yoxluğu; 2) Tətbiqyönlü dərslərin azlığı; 3) Sinifdə təhsilalanların çox olması; 4) Sənaye ilə qənaətbəxş əlaqələrin olmaması.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 19,4%-i (7 nəfər) tədris prosesində istifadə olunan vasitələrin və elementlərin əksik olmasını, 38,9%-i (14 nəfər) ixtisas fənlərində tətbiqi dərslərin olmamasını, 8,3%-i (4 nəfər) sinifdə təhsilalanların sayının çox olmasını, 33,4%-i (12 nəfər) isə sənaye ilə əlaqələrin olmamasını peşə təhsilində ən vacib problemlər kimi düşünür (diaqram 10).
Diaqram 10 Peşə təhsilində əsas problemlərin müəyyənləşdirilməsi
NƏTİCƏ
Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən 14 nömrəli Bakı Peşə Liseyində təhsil alanların ixtisaslarına və təhsil aldıqları təhsil müəssisəsinə dair fikirlərinin qiymətləndirildiyi bu tədqiqat işində aşağıdakı nəticələrə gəlinmişdir:
- Təhsilalanların 41.7%-nin təhsilə marağının yaşayış yerinin peşə liseyinə uzaq və ya yaxın olmasından asılı olmadığını qeyd etməsi göstərir ki, peşə-ixtisas təhsilinə üz tutanların əksəriyyətinin məqsədi arzu etdikləri ixtisasa yiyələnməkdir. Buna baxmayaraq, ASAN xidmət vasitəsilə aparılan qəbul prosesində sənəd verən şəxslərin yaşayış ünvanları da nəzərə alınmalıdır;
- Təhsilalanların 64%-i peşə təhsilini tamamladıqdan sonra öz ixtisaslarına dair iş tapmaqda çətinliklə qarşılaşacaqlarını düşünürlər. Bir sözlə, onların çoxunu öz ixtisas sahəsinə uyğun iş tapmaq məsələsi narahat edir. Buna görə də işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və istehsalat təlimlərinin iş yerlərində intensiv təşkili təhsilalanlarda formalaşan bu fikrin əksinin sübut olunması üçün vacibdir;
- Təhsilalanların 63,8%-i peşə liseyinin laboratoriyalarındakı mövcud şəraitin, yəni maddi texniki baza və texnoloji imkanların onları qane etmədiyini düşünür. Bu statistik göstəricilər, ümumiyyətlə, peşə liseylərində tətbiqi məqsədlər üçün istifadə olunan emalatxanaların və fənn laboratoriyalarının dövrün tələblərinə uyğun hazırlanmasının vacibliyini sübut edir;
- Təhsilalanların 66,7%-i düşünür ki, ixtisas fənlərinin tədrisində müasir təlim texnologiyalarından demək olar ki, istifadə edilmir. Bu problemin həlli məqsədilə peşə təhsili müəssisələrində işləyən pedaqoji-mühəndis heyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ixtisasartırma kurslarına cəlb olunur. Lakin kursların geniş miqyaslı tətbiq edilməməsi səbəbi ilə mövcud problem hələ də həll olunmayıb. Onlayn tədris prosesinə keçid dövründə bu məsələ daha aydın hiss olunur;
- Təhsilalanların 78%-də təhsilin növbəti pillələri üçün marağın olmadığı müəyyən edilmişdir. Bu problemin aradan qaldırılması və elmə həvəsin yaradılması məqsədilə peşə liseyləri digər ali təhsil müəssisələri ilə əməkdaşlıq etməlidir;
- Liseydaxili kurslararası imtahanların təşkil edilməsinə etirazını bildirən 77.8% təhsilalanla sorğu əsasında müəyyən edilmişdir ki, bu onlarda qorxu, həyəcan və inamsızlıq səbəbindən yaranmışdır. Amma peşə-ixtisas təhsili üzrə məzun olanlara orta ixtisas, yəni subbakalavr dərəcəsinin verilməsi kurslararası keçid imtahanlarının təşkil olmasını zəruri edir.
- Peşə təhsilində əsas problemlərin (və ya problemin) müəyyənləşdirilməsi məqsədilə ünvanlanan son suala verilən cavablar əsasında bu qənaətə gəlmək olar ki, tədris prosesində əsas problem vasitə çatışmazlığıdır. Təhsilalanlar bu çatışmazlığı istər pedaqoji texnologiyaların əksikliyi və ya tam tətbiq olunmamasında, istərsə də ixtisas materialları ilə təchiz edilməyən fənn laboratoriyalarının mövcud olmasında görür. Peşə təhsilinin nəticəyönlü və səriştə əsaslı təhsil imkanını təqdim etməsini əsas götürsək, ən vacib problem kimi maddi texniki təchizatın qənaətbəxşliyinin formalaşmasına fokuslanmaq lazımdır.
Peşə təhsil müəssisələrində oxuyan təhsilalanları stimullaşdırmaq, onlara yeni hədəflər göstərmək və özlərini inkişaf etdirmək imkanını təmin etmək qarşıya qoyulan vacib istiqamətlərdir. Bu tip pedaqoji statistik tədqiqatların və müqayisəli analizlərin aparılması təhsil sistemimizdə formalaşan və getdikcə davam edən boşluqların müəyyənləşdirilməsi və problemin həll olunmasında əhəmiyyətli rol oynaya bilər.
Təklif: Peşə ixtisaslarına marağın artırılması, peşə təhsilinin nüfuzunun bərpa edilməsi və peşə liseylərində (ümumilikdə peşə təhsili müəssisələri) təhsilin keyfiyyətinin yüksəldilməsi üçün araşdırmaların elmi-pedaqoji əsaslarla aparılması çox vacibdir. Belə halda buraxılan səhvləri və gələcəkdə yeni islahatların istiqamətini asanlıqla müəyyən etmək olar. Aparılması tövsiyə olunan tədqiqat istiqamətlərinə bunları daxil etmək olar:
- Psixoloji cəhətdən problemli təhsilalanlarda ixtisasa maraq artıran amillərin müəyyənləşdirilməsi;
- Təhsilalanların akedemik göstəricilərinin İKT vasitələrindən asılılığının qiymətləndirilməsi;
- Modul qruplarda tədris planlarının üçillik və ikiillik ixtisas planları əsasında qiymətləndirilməsi;
- İxtisas fənlərinin tədrisində ənənəvi və interaktiv tədris metodikalarının təhsilalanların akademik göstəricilərinə təsirinin qiymətləndirilməsi;
Tədqiqatın kiçik qrup formasında aparılması əldə olunan nəticələrin dəqiqliyinin tam isbat olunmasında şübhə yarada bilər. Tövsiyə olunur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu işə təşəbbüs göstərməsi ilə köklü tədqiqatlar aparılsın. Artıq bu halda əldə olunan nəticələrin dəqiqliyi yüksək olar.
Məqalənin elmi yeniliyi: İlk dəfə olaraq peşə təhsilində problemlərin müəyyənləşdirilməsində təhsilalanlar kontekstindən çıxış edilmiş, onların fikirləri və təhsil müəssisəsindən gözləntilərinə əsaslanaraq tədqiqat aparılmış və peşə təhsili sistemindəki mövcud boşluqlar təlsilalanların fikirləri əsasında dəyərləndirilmişdir.
İstifadə edilmiş ədəbiyyat
1 Müasir təhsilin nəzəri və praktiki problemləri. (nəşrə haz. İ.H. Cəbrayılov). Bakı “ŞAHİN-MB”, 2016, 250 s.
2 Ağayev, Ş.O., Məmmədova, S.H. (2010). Texniki-peşə təhsili müəssisələrində təlimin təşkilinin didaktik məsələləri. Bakı, “Nasir” nəşriyyat, 204 s.
3 Əsgərov, R.B., Qurbanov, M.R. (2016). İlkin peşə-ixtisas təhsili: problemlər və perspektivlər. Bakı, “ŞAHİN-MB”, 250 s.
4 Gafarov, G. (2021).“The Current State Of Vocational Education In Azerbaijan: Identifying Problems. International Journal of Academic
Pedagogical Research (IJAPR) ISSN: 2643-9123 Vol. 5 Issue 8, August, pp: 41-43.
5 http://edu.gov.az/upload/file/serencamaelave/2016/peshe-tehsil-yol-xeritesi.pdf
6 https://edu.gov.az/az/page/418/7329
7 Qafarov, Q.A. (2020). Peşə təhsilində düzgün təlim strategiyasının müəyyənləşdirilməsi: anlayış xəritələrinin tətbiqi. Azərbaycan məktəbi, № 3 (688), s.79–90.
8 Qafarov, Q.A. (2021). Peşə təhsilində təlim nəzəriyyələri və müasir yanaşmalar. Elmi metodik vəsait. Bakı, səh. 113.
9 Qafarov, Q.A., Rzayeva, A.H. (2019). Peşə təhsilində fizika fənninin müasir tədris metodikası: PhET simulyasiya platformu. Azərbaycan məktəbi, № 2, s.117-125.
10 Nəzərov, A.M. (2012). Müasir təlim texnologiyaları. Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı. 103 s.