TƏHSİLİN NƏZƏRİYYƏSİ VƏ TARİXİ: FƏALİYYƏTİN TRAYEKTORİYASI
İNTİQAM CƏBRAYILOV
Məqalə Azərbaycan Respublikasının Təhsil İnstitutunun 90 illik yubileyinə həsr olunub. Burada institutda, o cümlədən onun aparıcı şöbələrindən biri olan Təhsilin nəzəriyyəsi və tarixi şöbəsində aparılan elmi tədqiqatlara münasibət bildirilir. Şöbənin keçdiyi tarixi yol elmi-pedaqoji baxımdan təhlil edilir və indiki dövrdə aparılmış tədqiqatların nəticələri xülasə şəklində verilir. Məqalədə Aleksandr Makovelski, Boris Komarovski, Bəkir Çobanzadə, Mərdan Muradxanlı, Zəkəriyyə Mehdizadə, Mehdi Mehdizadə və başqa görkəmli elm xadimlərinin pedaqogika elminə verdiyi böyük töhfələrdən bəhs olunur. Araşdırmalardan aydın olur ki, təhsilin nəzəriyyəsinə və tarixinə dair tədqiqat mövzuları son dərəcə aktual pedaqoji problemlərə həsr olunmuşdur. Həmin problemlər bu cür qruplaşdırılır: təlim prosesində inkişafyönlülük prinsipinin tətbiqi; təhsilin modernləşdirilməsinin elmi-nəzəri əsasları; təlim prosesinin optimallaşdırılması; innovasiyaların yeni pedaqoji texnologiyalar və İKT-nin tətbiqi ilə reallaşması imkanları; təhsilalanlarda əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması; ehtiyat dərsliklərin hazırlanmasının ümumpedaqoji məsələləri; şagird nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji əsasları; ümumtəhsil məktəblərində öyrənmə mühitinin təkmilləşdirilməsi; şagirdlərdə iqtisadi bilik və bacarıqların formalaşdırılması; şagirdlərlə tərbiyə işinin təşkili mexanizmləri və s. Aparılan tədqiqatlar cəmiyyətin real ehtiyac və tələbatlarından irəli gələn innovativ yanaşmaları əks etdirdiyi də məqalədə öz əksini tapır.
GİRİŞ
Azərbaycanın təhsil tarixi zəngin ənənələr əsasında formalaşmışdır. Həmin ənənələr dövrün tələblərinə, çağırışlarına uyğun yenilənir, modernləşir və inkişaf edir. Tədqiqatlar göstərir ki, təhsilin inkişafında şərti olaraq, əsasən, iki istiqaməti fərqləndirə bilərik:
1) təhsilin bilavasitə praktik fəaliyyət əsasında inkişafı (tarixən məktəblərin yaranması, müəllimlərin təlim-tərbiyə fəaliyyəti və s.);
2) təhsilin elmi-tədqiqatlar, pedaqoji araşdırmalar əsasında inkişafı, təhsilin nəzəriyyəsi və tarixinə aid tədqiqatların aparılması nəticəsində təhsil problemlərinin elmi yanaşmalar əsasında həll edilməsi, elmi pedaqogikanın təhsilin inkişafında mənbə rolunu oynaması, bu mənbəyə əsaslanaraq inkişafın təmin olunması və s.
Müasir dövrdə Azərbaycan Respublikasında təhsil cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatında, həqiqətən, çox mühüm rol oynayır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev təhsilə cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahə kimi çox həssas yanaşmağın vacibliyini əsaslandırmışdır (Əliyev, 2006). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsilin cəmiyyət həyatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir, təhsilin inkişafına daim diqqət və qayğı ilə yanaşır. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dövlət sənədində deyilir: “ Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir” (Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, 2021).
Göründüyü kimi, təhsilin inkişaf etdirilməsi ilə bağlı çox ciddi, konseptual xarakterli müddəalar irəli sürülmüşdür. Bu müddəaların yerinə yetirilməsi cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni baxımdan harmonik inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, təhsil sahəsində təkcə praktik fəaliyyətdə deyil, həm də elmitədqiqatlar qarşısında ciddi vəzifələr qoyur. Təhsilin inkişafında praktik fəaliyyətlə bərabər, nəzəri və tarixi aspektdə aparılan tədqiqatların da xüsusi rolu vardır. Çünki məhz praktik fəaliyyət elmi-pedaqoji tədqiqatların nəticələrinə əsaslandıqda daha böyük uğurlar əldə etmək mümkün olur. Bu baxımdan təhsil tədqiqatları, o cümlədən təhsilin nəzəriyyəsi və tarixi ilə bağlı araşdırmalar aktuallığı ilə diqqəti cəlb edir. Respublikamızın müxtəlif ali məktəblərində bu istiqamətlərdə tədqiqat işləri aparılır. Lakin ölkəmizin pedaqoji-psixoloji tədqiqatlarla bağlı yeganə elm-təhsil müəssisəsi Azərbaycan
Respublikasının Təhsil İnstitutudur ki, onun ən başlıca funksiyalarından biri məhz elmitədqiqatlar aparmaq, fundamental və tətbiqi xarakterli elmi-pedaqoji araşdırmalarla təhsilin inkişafına töhfələr verməkdir. Bu institutda tədqiqatların aparıldığı istiqamətlər üzrə müxtəlif adda elmi şöbələr fəaliyyət göstərir. Bunlardan da biri institutda yaranma tarixi etibarilə ilkin olan Təhsilin nəzəriyyəsi və tarixi şöbəsidir.
TƏHSİLİN NƏZƏRİYYƏSİ VƏ TARİXİ: ƏNƏNƏLƏR VƏ MÜASİRLİK
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi institutun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Əvvəllər müxtəlif adlarla: Pedologiya, Pedaqogika, Pedaqogika-psixologiya, Pedaqogikanın nəzəriyyəsi və tarixi, Təhsilin konseptual problemləri, Təhsil nəzəriyyəsi adları ilə fəaliyyət göstərmişdir. Vaxtilə müxtəlif adlar daşısa da, onun əsas məqsədi Azərbaycanda təhsilin pedaqoji, psixoloji, sosial və iqtisadi problemləri sahəsində tədqiqatlar aparmaq, onun elmi əsaslar üzrə idarə edilməsini həyata keçirmək olmuş və bu gün də öz hədəflərini həmin məsələlər üzərində formalaşdırır (Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu – 80, 2011). Öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil İnstitutunun Nizamnaməsini, rəhbərliyin qərar və göstərişlərini, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarları, sərəncamları, hüquqi-normativ sənədlərini rəhbər tutan bu struktur bölmə, eyni zamanda ölkə səviyyəsində dövlət sənədlərinin hazırlanmasında fəal iştirak edir.
Şöbədə təhsilin müxtəlif pillələrində təlim-tərbiyə prosesinin təşkili və inkişafına istiqamət verən fundamental nəzəri-pedaqoji tədqiqatlar aparılır. Yeni pedaqoji texnologiyaların, interaktiv təlim və tərbiyə metodları, priyomları və vasitələrinin nəzəri, pedaqoji-psixoloji əsaslarının; təlim və tərbiyənin şəxsiyyətə istiqamətlənmiş, nəticəyönlü məzmununun işlənməsi və təkmilləşdirilməsinin; tədris prosesinin metodoloji və nəzəri problemləri, gənc nəslin şəxsiyyət kimi formalaşmasına xidmət edən milli-mənəvi və ümumbəşəri dəyərlərin elmi əsaslarının tədqiqinə xüsusi diqqət yetirilir.
Pedaqoji-psixoloji tədqiqatlar sahəsində dünya təcrübəsini öyrənmək, Avropa təhsil məkanına inteqrasiya üzrə axtarışları genişləndirmək; təhsil sisteminin strateji məqsəd və vəzifələrinə uyğun innovasiyaların yeni pedaqoji əsaslarını işləmək; təhsilin Avropada və dünyada sınaqdan keçirilmiş nəzəri problemləri üzrə mövzuları yerli şəraitə uyğun şəkildə tədqiqata cəlb etmək başlıca vəzifələrdəndir.
Bu gün zamanın tələblərindən biri də qlobal problemlər üzrə kompleks tədqiqatların aparılmasıdır. İnstitutun imkanlarından istifadə etməklə bu məsələlərə də xüsusi əhəmiyyət verilir.
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi həm də Azərbaycan pedaqoji fikir tarixini və xalq pedaqogikasını öyrənir, klassik pedaqoji irsin, pedaqoqların fikirlərinin təhlil edilməsi nəticəsində müasir məktəb üçün faydalı məsələləri müəyyənləşdirir və tədqiqata cəlb edir. Fəaliyyət istiqamətlərindən biri mütəmadi olaraq pedaqoji-psixoloji tədqiqatların mühüm problemləri üzrə “dəyirmi masalar”ın, seminarların və elmi konfransların keçirilməsidir. Bu da əməkdaşlıq şəraitində elmi fəaliyyətin tənzimlənməsi və inkişafında mühüm rol oynayır.
Digər fərqli bir istiqamət odur ki, göndərilmiş elmi əsərlər, dissertasiyalar, həmçinin respublikada pedaqogika, psixologiya və xüsusi metodikalar üzrə çap olunmuş ədəbiyyatlar məhz bu struktur bölmədə geniş müzakirə olunur və onlara müvafiq rəy verilir.
CƏMİYYƏTİN TƏLƏBATINDAN DOĞAN ELMİ TƏDQİQATLAR
Şöbədə aparılan elmi-tədqiqatlara əsasən qeyd etmək olar ki, müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər nəticəsində struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılmışdır. Bu məsələlər başlıca tələblər kimi
“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda1, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu”nda2,
“Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də3, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nda4 əksini tapmışdır. Qeyd edək ki, yeni təhsil standartları hər bir pillə üzrə təhsil fəaliyyətinin yeni modelinin tətbiqi üçün əlverişli zəmin yaratmışdır. Yeni standartlar təhsilin, tədris prosesinin nəticələrinin keyfiyyətinə təminat verir. Bu da, ilk növbədə təhsilə standartlar vasitəsilə sistemli yanaşmadan irəli gəlir.
Məlumdur ki, ənənəvi təhsil modelinə (assosiativ-reproduktiv model) görə təhsilalanlarda müasir standartlara uyğun keyfiyyətlərin formalaşdırılması mümkün deyil. Araşdırmalar göstərir ki, bu gün təhsil sistemində bilikyönlülükdən fəaliyyətyönlülüyə keçid mühüm əhəmiyyət kəsb edir. Ənənəvi təhsil sistemi cəmiyyətdə gedən proseslərdən mahiyyətcə geri qalır, müasir dövrün tələblərinə cavab vermir. Ənənəvilik, eyni zamanda səriştəli mütəxəssislərin formalaşdırılmasına, işçilərin ixtisasartırma səviyyəsinə qoyulan tələbləri də ödəmir. Bu da nəticə etibarilə hazırlanan mütəxəssislərin rəqabətqabilliyinə, onun peşə səriştəliliyinin inkişafına ciddi təsir göstərə
bilmir. Məhz buna görə hazırkı dövrdə təhsil müəssisələrinin fəaliyyət mexanizminin yeni tələblər əsasında qurulması üçün cəmiyyətin artan tələbatının nəzərə alınması, təhsildə innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönlülüyə xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə təfəkkür mədəniyyətinin formalaşdırılması vacibdir.
Təcrübə və araşdırmalar göstərir ki, cəmiyyətin siyasi-iqtisadi və mədəni inkişafında təhsilin böyük rolu vardır. Məhz təhsil vasitəsilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır və mövcud insan kapitalı inkişafın sürətlənməsinə, davamlı olmasına şərait yaradır. İnsan kapitalının, dərin biliyə, səriştəyə malik kadrların formalaşdırılması isə ilk növbədə təhsilin məzmunundan, nəyin və necə öyrənilməsindən, öyrənən-öyrədən münasibətlərinin düzgün tənzimlənməsindən xeyli dərəcədə asılıdır. Ona görə də təhsillə bağlı ciddi elmi araşdırmaların aparılması, nəzəri və praktik istiqamətlərdə problemlərin tədqiqi, cəmiyyətin inkişafına xidmət edən təkliflərin həyata keçirilməsi vacib cəhətlərdəndir (Cəbrayılov, 2017). Bu kimi məsələlərin uğurlu həlli də Təhsil İnstitutunun fəaliyyət dairəsinə aiddir.
ELMİ-PEDAQOJİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ
Elmi-pedaqoji tədqiqatların nəticələri təsdiq edir ki, şəxsiyyətyönlü yanaşma müasir dövrdə təhsilalanın inkişafını stimullaşdıran düzgün yanaşma kimi mühüm əhəmiyyət kəsb edir. Şəxsiyyətyönlü yanaşma modelinə görə, təhsilalanların emosional, sosial və idraki inkişafına eyni dərəcədə diqqət yetirilir. Bu yanaşma təhsilalanın təkcə dərs prosesində, təlim aldığı məqamlarda deyil, həm də gələcəkdə yaxşı nəticələr əldə etməsinə imkan yaradır. Məhz şəxsiyyətyönlü yanaşmanın nəticəsində təhsilalanlar, ilk növbədə təşəbbüskar olur, özünəinamlı, yaradıcı və müstəqil böyüyür, əsl şəxsiyyət kimi formalaşır və inkişaf edirlər.
Tədqiqatlar göstərir ki, müasir dövrdə dünyanın əksər ölkələrində müəllimlik peşəsinin nüfuzunun artırılması istiqamətində ciddi səylər göstərilir. Bu da nəticə etibarilə müəllimlik peşəsinin cəlbediciliyini artırır. Böyük Britaniyada, Finlandiyada və Sinqapurda pedaqoji kadrları işə cəlb edərkən, ilk növbədə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilir:
- Təşviqat proqramları;
- Seçim meyarlarının genişləndirilməsi (müsahibə, dərs planları və tədris bacarıqlarının nümayiş etdirilməsi və s);
- Pedaqoji kadrların mürəkkəb şəraiti olan məktəblərə təyinatı zamanı iş stajının nəzərə alınmaması (peşə səriştəliliyinə xüsusi əhəmiyyət verilməsi);
- Pedaqoji kadrların öz işinə, tərbiyə prosesinə-öyrənənlərin ehtiyaclarına həssas yanaşmaları.
Qeyd etdiyimiz məsələlər son illərdə şöbədə aparılan elmi-tədqiqatların əsas istiqamətlərindəndir. Hazırda şöbədə 8 əməkdaş fəaliyyət göstərir: şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İ.H.Cəbrayılov, aparıcı elmi işçi, pedaqogika üzrə elmlər doktoru Z.B.Muradova, aparıcı elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent N.Ş.Muradova, böyük elmi işçilər M.Q.Qurbanova, K.V.Mikayılova, elmi işçilər G.E.Hüseynzadə, G.V.Şahmuradova və baş laborant S.R.Hüseynova. Bunlardan əlavə institutun böyük elmi məsləhətçisi pedaqogika üzrə elmlər doktoru, professor V.C.Xəlilov da elmi-tədqiqat işlərinə cəlb olunmuş və fərdi plan əsasında elmi-tədqiqat işləri yerinə yetirir.
Respublikamızın təhsil tarixində xüsusi xidmətləri olan, pedaqoji elmlər sahəsində tanınmış alimlərin əksəriyyəti məhz bu şöbədə işləmiş, burada formalaşmış, bu şöbənin yetirməsi olmuşdur. Bu görkəmli elm adamlarının: professorlar Aleksandr Makovelski, Boris Komarovski, Bəkir Çobanzadə, Əhməd Seyidov, Mərdan Muradxanlı, Zəkəriyyə Mehdizadə, Mehdi Mehdizadə və başqalarının pedaqoji elmlərə töhfələri Azərbaycanın elm tarixində mühüm yer tutur (Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, 2006).
Son illərdə Təhsilin nəzəriyyəsi və tarixi şöbəsində cəmiyyətin ehtiyac və tələbatlarından irəli gələn, innovativ yanaşmaları özündə əks etdirən, bir sıra nəzəri və praktik xarakterli ciddi elmi tədqiqatlar aparılmış və bu gün də yeni elmi istiqamətlərə uyğun araşdırmalar davam etdirilir. Fəaliyyət planına əsasən 2020-ci ilin yanvar-dekabr aylarında şöbədə “Ümumi təhsilin nəzəri problemləri” elmi istiqamətində “Ümumtəhsilin təşkilinin optimallaşdırılması” problemi üzrə aşağıdakı mövzularda elmi-tədqiqat işləri yerinə yetirilmişdir:
1. Ehtiyat dərsliklərin hazırlanmasının ümumpedaqoji məsələləri.
2. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji əsasları.
3. Ümumtəhsil məktəblərində öyrənmə mühitinin təkmilləşdirilməsi.
4. Ümumtəhsil məktəblərində tərbiyə işinin təşkili.
Tədqiqat prosesində ehtiyat dərsliklərin konseptual məsələləri tədqiq olunmuşdur (İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat
fənləri üzrə ehtiyat dərslik konsepsiyası, 2016- 2018).
Təhsilin nəzəriyyəsi və tarixi ilə bağlı yerinə yetirilən tədqiqat işlərinin nəticələrini bu cür qruplaşdırmaq olar:
1. Ehtiyat dərsliklər təlim keyfiyyətinin yüksəldilməsi, şagirdlərin idraki, həyati bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Bu baxımdan, ehtiyat dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə daha çox yer ayrılması elmi-pedaqoji əhəmiyyət kəsb edir;
2. Ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklər hazırlanarkən onun ciddi pedaqoji problem kimi qəbul edilməsi, pedaqoji xüsusiyyətlərinin nəzərə alınması mükəmməl tədris vəsaiti olaraq təlim-tərbiyəvi təsir gücünü artırır;
3. Ehtiyat dərsliklər ənənəvi dərsliklərdən məzmun və metodologiya baxımından fərqlənir. Ənənəvi dərsliklərdən fərqli olaraq ehtiyat dərsliklərdə şagirdyönlülük daha qabarıq verilmişdir. Bu dərsliklərlə işləyən müəllim əvvəlki illərdə olduğu kimi dərslik məlumatlarının şagirdlərə ötürülməsinə deyil, onların müstəqil fəaliyyətinin genişlənməsinə daha çox diqqət yetirə bilir;
4. Ehtiyat dərsliklərlə işləyən bütün müəllimləri müasir innovasiyalarla tanış etmək, onların nəzəri və praktik hazırlığını, peşə səriştəliliyini ardıcıl və sistemli şəkildə daha da inkişaf etdirmək üçün ixtisasartırma təlimlərinə, elmi-pedaqoji seminarlara cəlb olunması, dərslərində müşahidələr aparılması, monitorinqlərin keçirilməsi vacibdir;
5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi şagirdlərin idrak fəallığını artırır, onların təlim marağını inkişaf etdirir;
6. Məktəblərdə aparılan monitorinq təlim-tərbiyə işinin, xüsusən şagird nailiyyətlərinin mövcud vəziyyətini məqsədəuyğun şəkildə müəyyən edir. Bu baxımdan, hər bir müəllimin öz fənni üzrə monitorinqdən tez-tez istifadə etməsi məsləhətdir. Bununla, o, fərdi qabiliyyətləri nəzərə alınmaqla şagird nailiyyətlərinin obyektiv dinamikasını izləmək imkanı qazanır və bu dinamikanın təhlilinə əsaslanaraq təhsilalanların uğurlarının inkişafı üçün tədris metodikasının keyfiyyət şərtlərini təyin edir. Həmçinin, fənn üzrə həm təlim, həm də öyrənmə səviyyəsini müəyyənləşdirir, bununla da şagirdin və ya bütövlükdə sinfin güclü-zəif cəhətlərini öyrənir, boşluqları doldurur, şagird nailiyyətlərinin inkişafı üzrə metodik materiallar hazırlayır;
7. Öyrənənləri fəal öyrənməyə və tənqidi düşünməyə stimullaşdıran siniflərin ortaq xüsusiyyətlərinin nəzərə alınması ümumtəhsil məktəblərində öyrənmə mühitinin təkmilləşdirilməsində mühüm rol oynayır;
8. Şagird davranışının monitorinqi və şagirdin yanlış davranışına verilən reaksiyalar vasitəsilə intizamsızlığın aradan qaldırılması mümkündür;
9. İntizam problemlərinin həllində ailə-məktəb-müəllim əməkdaşlığının yaradılması zəruridir;
10. Məktəb rəhbərliyi müəyyən dövrlərdə şagirdlərə və onların valideynlərinə seminar və konfranslar vasitəsilə nizam-intizam və yeniyetmə psixologiyası barədə məlumat verməlidir;
11. Dinamik proses olan tərbiyə həm də idarə olunan mürəkkəb sistemdir. Dinamik prosesdə bu sistemin komponentlərinin nəzərə
alınması məqsədəuyğun nəticənin əldə olunmasına zəmin yaradır;
12. Həm təlim prosesində, həm də dərsdənkənar vaxtlarda tərbiyə işinin elmi-pedaqoji tələblər əsasında təşkili şagirdlərin şəxsiyyət kimi formalaşdırılmasında, məktəbdə mənəvi mühitin inkişafında mühüm rol oynayır;
13. Sağlam həyat tərzinin formalaşdırılması tərbiyə işinin vacib komponentlərindən biridir. Çünki sağlam həyat tərzi bir insanın fiziki sağlamlığının təminatçısı olmaqla yanaşı, həm də onun mənəvi inkişafında mühüm əhəmiyyət kəsb edir.
Şöbənin təşkilatçılığı ilə doktorant və dissertantlar üçün mütəmadi olaraq “dəyirmi masa”lar, elmi seminarlar keçirilir, tədqiqatçılar elmi tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi ilə bağlı ciddi müzakirələrə qoşulur və onlara elmi tövsiyələr verilir. Onlar, eyni zamanda şöbənin fəaliyyət planı, dissertasiyalar, nəşrə təqdim olunan əsərlər (monoqrafiya, metodik vəsait, tövsiyə, məqalə və s.) və elmi-tədqiqat işlərinin müzakirəsinə də cəlb olunurlar.
Şöbə həm respublikanın bir sıra elm, təhsil müəssisələri ilə əlaqələrə, həm də beynəlxalq əlaqələrə xüsusi diqqət yetirir. Son illərdə şöbə əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası, Əhməd Yəsəvi adına Beynəlxalq Türkiyə-Qazaxıstan Universiteti, Türkiyənin Qazi Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və digər elm, ali təhsil müəssisələri ilə birgə keçirilən beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakçı olur, pedaqogikanın, təhsilin aktual problemləri ilə bağlı mövzularda çıxışlar edirlər.
NƏTİCƏ
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi tarixi ənənələri yaşatmaqla yanaşı, öz fəaliyyətində gələcəyə doğru istiqamətlənmiş yeni yanaşmaları prioritet kimi qəbul edir, pedaqoji elmlərin və təhsilin inkişafına, elmi kadrların hazırlanmasına mühüm töhfələr verir. Şöbədə aparılan araşdırmaların mövzusu və istiqamətləri Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinə uyğun müəyyənləşdirilir. Tədqiqatlarda Azərbaycanın təhsil və pedaqoji fikir tarixi də əhatə olunur, yeri gəldikcə pedaqogika tarixinə müraciət olunur, elmi pedaqogikada tarixən əksini tapmış məsələlər müasirlik baxımından dəyərləndirilir.
Azərbaycanın pedaqogika və təhsil tarixi milli sərvət kimi çox zəngin və əhəmiyyətlidir. Bu tarixin öyrənilməsi həm də bütövlükdə Vətən tarixi ilə bağlı bilik və bacarıqların mənimsənilməsinə xidmət edir. Ona görə də bu tarixin davamlı olaraq öyrənilməsi, müasirlik kontekstindən araşdırılması və gənc nəslə çatdırılması vacibdir. Bu məsələlərin elmi müstəvidə həlli təhlillər nəzəriyyəsi və tarixi şöbəsinin fəaliyyət sferasına daxildir. Bunlarla yanaşı, müasir təhsilin nəzəri problemlərinin öyrənilməsi və konseptual məsələlərin sistemli olaraq tədqiqat obyektinə çevrilməsi də daim diqqət mərkəzindədir. Burada innovasiyaların tətbiqi, şəxsiyyətin, həyati bacarıqların formalaşdırılması, təlim prosesinin optimallaşdırılması, təhsildə modernləşdirmə, inteqrasiya və interaktivlik, qiymətləndirmə, kompetensiyalı yanaşma, İKT-dən istifadə, milli və bəşəri dəyərlərin aşılanması, müasir şəxsiyyətin formalaşdırılması, vətəndaşlıq, sahibkarlıq tərbiyəsi, təlim keyfiyyətinin yüksəldilməsi və s. kimi problemlərin tədqiqi xüsusi əhəmiyyət daşıyır. Hesab edirik ki, elmi-pedaqoji tədqiqatların yeni yanaşmalar əsasında aparılması, ilk növbədə müasir təhsilin inkişafına xidmət edir, eyni zamanda pedaqogika və təhsil tarixində dəyərli mənbəyə çevrilir. Hər bir tədqiqat işinin nəticələrinin monoqrafiya, metodik vəsait, metodik tövsiyə kimi nəşr edilməsi onun mənbə kimi əlçatanlığına əlverişli şərait yaradır və istifadə imkanlarını artırır. Ona görə də bu istiqamətlərdə elmi-pedaqoji araşdırmaların daha da dərinləşdirilməsi və genişləndirilməsi vacibdir.
İstifadə edilmiş ədəbiyyat
1 “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”. 15 iyun 1999-cu ildə təsdiq edilmişdir. http://www.e-qanun.az/framework/5363
2 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”. 02 fevral 2021-ci ildə təsdiq edilmişdir. https://president.az/articles/50474
3 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. https://president.az/articles/9779; Azərbaycan məktəbi, 2013, №5, s.6-17.
4 Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (elmi redaktor A.O.Mehrabov). (2006). Bakı, TTM 308s. ( s.41-66).
5 Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu-80 (tərtib edən, elmi redaktor Y.Ş.Kərimov, buraxılışına məsul A.O.Mehrabov). (2011). Bakı, Kövsər, (s.47-69), 310 s.
6 Əliyev, H.Ə. (2006). Müstəqilliyimiz əbədidir. On doqquzuncu kitab. Yanvar, 1999-aprel, 1999. Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının iclasında giriş sözü. 17 mart 1999-cu il. Bakı, Azərnəşr, (s.131), 528 s.
7 İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə ehtiyat dərslik konsepsiyası. Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris Resursları Mərkəzi. (2016-2018), Bakı, TRM, 108 s.
8 Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər (nəşrə haz. İ.H.Cəbrayılov). (2017). Bakı, ARTİ, Vahid MMC, 448 s.
9 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu”. 5 sentyabr 2009-cu ildə qəbul edilmişdir (Qanuna edilmiş dəyişiklik və
əlavələrlə). http://www.eqanun.az/framework/18343