TƏHSİLDƏ MOTİVASİYA VƏ ÖZÜNƏİNAMIN FORMALAŞDIRILMASI




Təhsil sahəsində kifayət qədər elmi-nəzəri bilik və təcrübi bacarıqların formalaşması ümumtəhsil sistemində kurikulum islahatının həyata keçirilməsi istiqamətində mühüm və qəti addımların atılmasına səbəb olur. Kurikulum islahatının əsasında təlimin təkcə məzmununun deyil,
metod və vasitələrinin də əsaslı şəkildə yeniləşdirilməsi dayanır. Başqa sözlə, yeni texnologiyaların tətbiqi zərurətə çevrilir. Kiçik yaşlı şagirdlər qiymətləndirməyə xüsusi önəm verirlər. Belə ki, təlim uğurlarının yüksək qiymətləndirilməsi onları daha da həvəsləndirir. Nəzərə alınması ən vacib şərtlərdən biri də cəzaların tətbiqi ilə bağlıdır. Unutmaq olmaz ki, şagirdləri (ümumiyyətlə, uşaqları) sinif yoldaşlarının yanında və ya digər kənar şəxslərin yanında cəzalandırmaq, tənbeh etmək olmaz. Bu onların təlim motivasiyalarına mənfi təsir göstərməklə yanaşı, həm də özünüqiymətləndirmənin zəifləməsinə, utancaqlıq hissinin formalaşmasına və digər ciddi xarakterli psixoloji gərginliyə səbəb ola bilər.

GİRİŞ

“Fəal təlim” istilahında olan “interaktivlik”, yəni daxili fəallıq “ənənəvi” adlandırdığımız dərslərdə də vardır. Dərsdə şagirdlərin təfəkkürünün fəallığı məsələsi, yəni öyrənənlərin təfəkkürünün inkişaf etdirilməsi tələbi həmişə əsas məqsəd olmuşdur. Lakin “ənənəvi” adlandırdığımız dərslərdə “quru didaktizm”, elmiliyə daha çox diqqət ayrılması, motivasiyanın yaradılmaması, frontallıq, emosionallığın zəifliyi, tədqiqatçılığa, fikir müstəqilliyinə yer verilməməsi kimi faktorlar həmin tələbin bugünkü müstəvidə reallaşmasına imkan verməmişdir (İlyasov, 2018).

Təcrübə göstərir ki, pedaqoji dəstəyin müəllimin şagirdə, şagirdin özü-özünə inamı və etibarı zəminində təşkili təhsilalanlarda fəallığın yaranmasına, özünütəhrikə və motivlərə yol açır. Buna görə də müəllimin vaxtında və məzmunlu şəkildə belə metoddan istifadəsi olduqca faydalıdır. Peşəkarlıq və səriştəlilik müəllimin peşə fəaliyyətinin əsas atributlarındandır. Onun formalaşmasının əsası müəllim hazırlığı prosesində qoyulur. Buna görə də müəllimin pedaqoji peşəkarlığının və səriştəliliyinin formalaşmasına pedaqoji təhsil illərindən, yəni peşə biliklərinin aşılanması prosesindən başlanılmalıdır.

Peşə bilikləri peşə fəaliyyətinin nəzəri və praktiki əsaslarının mənimsənilməsindən ibarət olduğundan pedaqoji fəaliyyətin səviyyəsinə də ciddi təsir göstərir. Onun formalaşdırılması prosesinin müasir tələblər səviyyəsində təşkil edilməsi, məzmunlu və ustalıqla aparılması tələbələrdə peşəkarlıq və səriştəliliyin ilk elementlərinin yaranmasında əsaslı rol oynayır. Buna görə də gələcək müəllimlərdə peşəkarlıq və səriştəliliyin yüksək səviyyədə təşkilinə nail olmaq üçün onlarla, ilk növbədə, psixoloji-pedaqoji hazırlığın aparılmasına böyük ehtiyac vardır. Bu hazırlıq içərisində motivlərin formalaşdırılması xüsusi yer tutur (İlyasov, 2018).

MOTİVASİYANIN ANLAMI

Motivasiya insanın daxili və xarici amillərin təsiri altında müəyyən bir davranışa və fəaliyyətə cəlb edilməsinin mürəkkəb prosesidir. O, uşağın daxili dünyasının çoxmərhələli qarşılıqlı əlaqəsinin, onun ehtiyaclarını ödəyə biləcək stimulların nəticəsidir.

Motivlərin başqalarının təsiri ilə yaranan xarici, yaxud tələbələrin özünün daxilindən gələn, öz təşəbbüsü ilə yaranan daxili motivlər olması da, təhsilalanların peşəkarlığının artırılmasında və səriştəyə yiyələnmələrində az rol oynamır. Təcrübə göstərir ki, xarici motivlər bu prosesdə müəyyən təsir gücünə malik olsalar da, əsas rol daha güclü, daha dərin və davamlı olan daxili motivlərə məxsusdur.

Müəllimin səriştəliliyi xarakterində özünü göstərir. İnklüziv təlim çərçivəsində onun motivasiyaedici xarakterini pedaqoji fəaliyyətini reallaşdırmağa xidmət edən şəxsi maraqları formalaşdırır. Motivasiyaedici xarakter ümumi dəyərlər, ehtiyaclar, inklüziv təhsilin adekvat məqsədləri və məsələləri, müəyyən pedaqoji fəaliyyətin yerinə yetirilməsi üçün özünü motivasiya etmək bacarıqları kimi müəyyənləşir. Bu səriştə üçün müəllimin şəxsi hədəfləri önəmlidir. Onun koqnitiv xarakterini, inklüziv təlimin həm nəzəri, həm də praktik məsələləri üçün zəruri olan informasiyaları qəbul etmək, mənimsəmək, istifadə etmək, refleksiv xarakter müəllimin inklüziv təlimə hazırlaşma və bu prosesin həyata keçirilməsi şərtləri daxilində refleksiya apara bilmək bacarığını formalaşdırır. Funksionallıq xarakteri isə inklüziv təlim şərtləri daxilində qeyd olunan əsas peşə bacarıqlarını əhatə edir:

  • Diaqnostik bacarıq-şagird kollektivinin, şəxsiyyətin təlim-tərbiyəsinin inkişaf səviyyəsinin, pedaqoji prosesin ümumilikdə və ayrı-ayrı mərhələsində vəziyyətinin doğru diaqnozunu qoya bilmək qabiliyyətini ifadə edir;
  • Proqnozlaşdırma bacarığı-hər hansı bir pedaqoji fəaliyyətin nəticələrini proqnozlaşdıra bilmə qabiliyyətini ehtiva edir;
  • Konstruktiv bacarıq – adekvat məqsədlər (ümumi, fərdi) müəyyənləşdirmək və şagirdlərin müxtəlifliyini nəzərə alaraq pedaqoji fəaliyyətin savadlı planlaşdırılması qabiliyyəti deməkdir;
  • Təşkilatçılıq bacarığı – pedaqoji fəaliyyətin təşkilini, fərdi yanaşmanın yaradıcı tətbiqini (məsələn, fərdi tədris planı üzrə təlim) özündə ehtiva edir;
  • Kommunikativ bacarıq – pedaqoji prosesin subyektləri ilə konstruktiv münasibətlərin qurulması qabiliyyətidir;
  • Texnoloji bacarıqlar – inklüziv təlimin metod və texnologiyalarının tətbiqi səriştəsidir;
  • Korreksiya bacarığı – aralıq və yekun diaqnostikanın nəticələrini nəzərə alaraq, istənilən mərhələdə pedaqoji prosesin gedişini korreksiya edə bilmək qabiliyyətidir;
  • Tədqiqatçılıq bacarığı – pedaqoji təzahürləri öyrənmək, analiz etmək, təcrübi-eksperimental işin aparılması səriştəsidir.

Uşaq şəxsiyyətinin inkişafında təlim həlledici rola malikdir. Çünki təlim-tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də istənilən keyfiyyət sürətlə inkişaf etdirilir. Kiçik məktəb yaşı dövründə uşaq sistematik fəaliyyət prosesinə cəlb olunur və cəmiyyət tərəfindən onun yeni məktəbli mövqeyi qarşısında ciddi tələblər qoyulur. Uşağın təlim-tərbiyədən kənar inkişafı kortəbii və pərakəndə olmaqla yanaşı, həm də bəşər cəmiyyətinin tələblərinə uyğun gəlmir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.

Görkəmli İsveçrə psixoloqu J.Piajenin fikrincə, inkişaf özünün daxili qanunlarına malikdir. Təlimin tənzimlənməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir (Zeynaloğlu, 2017). C.Brunerin fikrincə isə hər bir inkişafın əsasını yalnız təlim təşkil edir (Zeynaloğlu, 2017).

Təlim prosesində tələbatların ödənilməsi də vacib şərtlərdəndir. Belə ki, hər şeydən əvvəl, uşağın fəaliyyəti üçün zəruri olan məzmun düzgün seçilməlidir. Xüsusi təsir vasitəsi xarakteri daşıyan məzmun elə seçilməlidir ki, təlim prosesini həyata keçirən mütəxəssis uşaqdan istədiyi, lazımi cavabı ala bilsin. Bunun üçün təlimdə motivasiyanı inkişaf etdirən və kiçik məktəb yaşlı uşaqların yaş və fərdi-psixoloji xüsusiyyətlərinə uyğun olan müəyyən vasitələr (oyuncaqlar, kitablar, şəkilli jurnallar, söhbətlər və s.) seçilməlidir. Belə ki, bu cür təsirli vasitələrin seçimi, yerində və düzgün istifadəsi uşaqlarda nəinki təlim bacarıqlarını inkişaf etdirir, həmçinin onların xarakterini və iradəsini də tərbiyələndirir (Qədirov, 1969). Təlim materiallarının mənimsənilməsində geridə qalan şagirdlərin psixoloji xarakteristikası əsasında N.A.Mençinskaya və onun həmkarları “öyrənməyə qabillik” anlayışını irəli sürmüşlər. Həmin anlayış altında onlar şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini mənimsəməyə nə dərəcədə həssas, qabil olduqlarını nəzərdə tutmuşlar. Öyrənmə qabilliyini şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən öyrənmə qabilliyinin aşağı olduğunu müşahidə etmək mümkündür. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət az və ya çox dərəcədə öz sabitliyini saxlaya bilər. Deməli, öyrənmə qabiliyyəti insanın təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.

TƏLİM PROSESİ

Təlim prosesində fəaliyyətin psixoloji strukturu dəyişir və inkişaf edir. Hər bir fəaliyyət müxtəlif ünsürlərin vəhdətindən ibarətdir. Bu ünsürlərdən biri olan motiv insanı fəaliyyətə təhrik edir. Fəaliyyət prosesində şagirdlər özlərini müxtəlif şəkildə büruzə verirlər: onlar işi icra tərzində, məqsədə çatma əzmində, planlaşdırmada və s. özlərinəməxsusluq, rəngarənglik nümayiş etdirirlər. Onlarda fəaliyyətin hər hansı bir ünsürü və ya ünsürləri üstünlük təşkil edir, hansısa ünsürü isə unudulur və kölgədə qalır. Müəllimin rəhbərliyi altında isə qüsurlar aradan qaldırılır, bu da hər bir təhsilalanın səmərəli fəaliyyəti üçün şagird şəxsiyyətinin inkişafına, təkmilləşməsinə və motivasiyanın yüksəldilməsinə səbəb olur. Motivasiyanı bir neçə klassifikasiyaya uyğunlaşdırmaq olar:

  • Tələbatların ödənilməsinə yönələn birbaşa motivasiya;
  • Tərbiyəçinin şəxsiyyətindən və fəaliyyətindən asılı olan konkret metodlar;
  • Müsbət emosiyalara əsaslanan motivasiya;
  • Təzahür keyfiyyətlərinə görə perspektiv ehtiva edən motivasiya;
  • Tələbənin özünün məqsədinə, məqsədəmüvafiqliyinə, gələcək həyatına və planlarına yönələn motivasiya;
  • Hər hansı fəaliyyətə, məqsədə olan meyil və maraqdan doğan motivasiya (ətrafdakı insanların razılığı);
  • Neqativ təsirlərdən asılı olan motivlər (müəllimdən qorxmaq və s.).

Motivasiya öyrənmə, təlim prosesinin məhsuldarlığına, effektivliyinə müsbət təsir göstərən və öyrənmə fəaliyyətinin müvəffəqiyyətini müəyyən edən başlıca ünsürdür. Təlim prosesinin sistematikliyi üçün vacib olan şərtlərdən biri kimi qiymətləndirilən motivasiyanın olmaması təlim uğurlarının azalmasına səbəb ola bilər. Kifayət qədər geniş, ümumi anlayış olan motivasiyanı psixoloji fenomen adlandırmaq olar. Motivasiya həm də şagirdləri idraki fəaliyyətə, təhsilin məzmununun fəal mənimsənilməsinə sövq edən proseslərə, metodlara, vasitələrə verilən ümumi addır. Müasir psixoloji terminologiyada motivasiya, əsasən, iki mənada işlədilir: hərəkəti, davranışı, fəaliyyəti və tələbatın ödənilməsini stimullaşdıran prosesin xarakteristikası; davranışı müəyyən edən sistem (xüsusilə ehtiyaclar, motivlər, məqsədlər, niyyətlər kimi və s.).

Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, şagirdlərdə, xüsusən də kiçik məktəb yaşlı uşaqlarda təlim motivasiyalarının ölçülməsi mütləq xarakter daşıyır (Paşayev, Rüstəmov, 2007). Belə ki, təlim prosesində müsbət nəticə əldə etməyin başlıca yolu motivasiyanın yüksəldilməsi ilə müəyyən olunur. Yüksək motivasiya həm də düzgün inkişaf etmiş şəxsiyyət deməkdir. Problemə bu cür yanaşma olduqca aktual xarakter daşıyır. Çünki motiv insan davranışını tənzim edən enerji mənbəyi rolunu oynayır. O, eyni zamanda insanı müəyyən məqsəd, fəaliyyət üçün hərəkət etməyə sövq edən daxili potensial kimi qəbul edilir. Motivlər dedikdə, şəxsiyyəti fəaliyyətə istiqamətləndirən konkret niyyətlər, səbəblər başa düşülür. Fəaliyyətə dair motivlərin öyrənilməsi, onlardan düzgün istifadə edilməsi və şəxsiyyətin inkişafının lazımi tərəfə istiqamətləndirilməsi psixoloji əməyin özəyini təşkil edir. Motivasiya kiçik məktəblinin inkişaf zonasına uyğun tənzimlənərsə, bütünlükdə fəaliyyətini əhatə edərsə, intensiv və effektiv məna kəsb edərsə, pedaqoji proses də uğurlu alınar.

DAXİLİ VƏ XARİCİ MOTİV

Daxili və xarici motivlərin qaynaqlandığı müəyyən bir mənbə mövcuddur və onların tədqiqi kompleks yanaşma tələb edir. Şagirdin təlim motivlərinin aşkar olunması və inkişaf etdirilməsi daxili və xarici mənbələrdən asılıdır. Bu mənbələrə şagirdlərin fərdi-psixoloji keyfiyyətləri, qavrama xüsusiyyətləri və s. aid edilə bilər. Bəzi mənbələr vardır ki, onların meydana gəlməsi ixtiyari şəkildə təzahür edir. Şagirdin özündən asılı olan mənbələrə aiddir: 

  • Şəxsi keyfiyyətlər, hədəflər, məqsəd və niyyətlər;
  • Psixoloji, bioloji impulsiv keyfiyyətlər və insani ehtiyaclar;
  • Özünütanıma, özünəinam və özünəhörmət;
  • İnanclar, dəyərlər, gözləntilər, müvəffəqiyyət və ya müvəffəqiyyətsizlik hədəfləri;
  • Fərdi faktorlar, məsələn, stressə davamlılıq maraqlar, ətraf mühitə göstərilən cavab reaksiyaları və s.;
  • Valideyn, müəllim heyəti və yoldaşlarla münasibət.

Sadalananlardan məlum olur ki, şagirdlərin təlim motivlərinin inkişafı müəyyən səbəblərdən asılıdır. Bu səbəblər uşaqların fərdi-psixoloji
keyfiyyətlərindən asılı olaraq da dəyişə bilər: məsələn, bir şagirddə müəyyən fənnə olan maraq hissinə digər şagirddə təsadüf olunmaması. Buradan belə bir nəticəyə gəlmək olar ki, kiçik yaşlı uşaqların təlim motivlərinin inkişafında fərdi-psixoloji keyfiyyətlərinin və
fərdi fərqliliklərinin rolu böyükdür.

Etibarlılıq və ya inam şagirdlərdə təlim prosesində müvəffəqiyyət əldə edəcəklərinə dair pozitiv təfəkkürün formalaşdırılmasına xidmət edir. Şagirdlər onları əhatə edən bütün amillərdən (müəllim, məktəb rəhbərliyi, ailə və s.) təsirlənirlər. Bundan əlavə, dərs yükünün ağırlığı da təhsilalanların şəxsiyyətinə təsir edən faktorlardandır. Dərs yükünün həcmi haqqında fikirlər şagirdi əlavə qayğılarla əhatə edə və təlim motivlərini azalda da bilər. Ona görə də dərs yükü yaş xüsusiyyətlərinə uyğun təşkil edilməlidir. Etibarlılıq strategiyası da məhz bu məqsədə xidmət edir. 

Özünəinam isə ona görə vacibdir ki, o, təhsilalanlarda cəsarət, özünə hörmət və təşəbbüskarlıq xüsusiyyətlərinin güclənməsinə xidmət edir. Özünəinam hissi güclü olan öyrənənlər riskə getməkdən və oxuduqları haqqında tənqidi və təhlili xarakterli fikirlər söyləməkdən çəkinmirlər. Bu amillər öyrənilən biliklərin bacarığa və vərdişə çevrilməsinə imkan yaradan ən güclü təsir vasitələrindəndir.

Motivasiya insanların iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvə olduğundan o, öyrənənlərin davranışlarını istiqamətləndirməklə
onların fəaliyyətsizliyini aradan qaldırır. Təlim üçün nəzərdə tutulan müəyyən tapşırıqları yerinə yetirmək və ya xüsusi davranışlara təhrik etmək məqsədilə yaradılan motivasiya situativ motivasiya adlanır. Bəzən fəal təlimin təşkilində bunu “problemin qoyuluşu” da adlandırırlar. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onların təlim prosesində fəal iştirakını təmin edir. Fəaliyyətsizliklə, zəif motivasiya ilə müşayiət olunan təlim zamanı isə təhsilalanlar özlərini ruhlandırmaqda çətinlik çəkirlər. Yüksək motivasiya olunmuş öyrənənlərlə qoyulmuş məqsədlərə, səmərəli təlim nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş öyrənənlərlə buna nail olmaq çətinləşir. Deməli, fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur. 

Bütün öyrənənlər motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim təhsilalanların öyrənmə həvəsini tənzimləmə bacarığına malik olur. Ona görə də təhsilalanlarda motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir. 

Təlimdə öyrənənlərin verdiyi sualların keyfiyyəti və kəmiyyəti onların daxili motivasiyası, maraqları kimi dəyərləndirilməlidir. Daxili motivasiyanın əksi olaraq xarici motivasiya kənardan təsir edən faktorların nəticəsində yaranır. Xarici təsiredici qüvvələrə təhsilalanların yaşadıqları sosial həyatı, müəllimləri, təlim metodlarını və təlim mühitini aid etmək olar. Məsələn, cəmiyyətdə dilə olan münasibət təhsilalanların öyrənilən dilə münasibətinə təsir edir. Cəmiyyətin beynəlmiləlləşməsi, ölkənin dünyaya inteqrasiya, inkişaf etmiş əlaqələri,
əmək bazarının tələbləri bu münasibəti formalaşdıran amillərdəndir.

Görkəmli Amerika psixoloqu D.Karneginin tövsiyə etdiyi “Adamları təhqir etmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda” müəllim–şagird münasibətlərində də nəzərə alınması vacib olan qaydalar kimi faydalıdır:

1-ci qayda. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
2-ci qayda. Başqalarının səhvlərini birbaşa yox, dolayısı ilə göstərin.
3-cü qayda. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin. 
4-cü qayda. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
5-ci qayda. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
6-cı qayda. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
7-ci qayda. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
8-ci qayda. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
9-cu qayda. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar (Karnegi, 2015).

Güclü xarici motivasiya faktoru olan müəllim həm də ruhlandırıcıdır. Şagird və tələbənin yüksək və zəif motivasiyası müəllimdən çox asılıdır. O, təlim prosesinin təşkilini, tədris materiallarının rəngarəngliyini, maraqlı olmasını, sərbəst seçim şəraitinin yaradılmasını təmin edir. Bir çox hallarda şagird və tələbələr müəllimlərin onlara inandıqlarına görə daha həvəslə çalışırlar. 

Uyğun təlim metodlarının seçilməsi həm təlim prosesinin gedişinə, təlim nəticələrinin əldə olunmasına, həm də təhsilalanların motivasiyasına təsir edən xarici faktordur. Fəal təlimin təşkili prosesində pedaqoji mühitin təlim metodlarına, nail olunacaq məqsədlərə görə yaradılması öyrənənlərin motivasiyasının artırılmasına məsul olan mütəxəssislərin diqqətindən yayınmamalıdır.

Daha bir xarici faktor – valideyn də nəzərdən qaçmamalıdır. Bu faktoru bünövrə də adlandırmaq olar. Ailə (ev) şəraiti uşaqların öyrənmə həvəsinin ilkin bazasını formalaşdırır. Bu, ailələrdə uşaqlarla ünsiyyətin kifayət qədər məhsuldar olması nəticəsində yaranır. Ətraf aləmi öyrənməyə başladıqları andan onlar üçün yaradılan şərait, təşkil olunan materiallar olduqca böyük əhəmiyyətə malikdir. Danışmağa başladıqdan sonra ətraf aləmi dərk etmək üçün uşaqlarda saysız-hesabsız suallar yaranır və çox şey məhz bu sualların necə qarşılanacağından asılıdır. Özünə dəyər verən, öz bacarıqlarına inanan, müstəqillik hisləri ilə böyüyən uşaqlar təhsil müddətində öyrənmə prosesindəki riskləri qarşılamağa hazır olurlar.

Yaş da şagirdlərin motivasiyasına təsir edən amil kimi diqqəti cəlb edir. Bu faktor da valideyn faktoru kimi məktəbəqədər və ümumitəhsil pillələlərində özünü daha qabarıq göstərir. Aşağı sinif şagirdləri uğur qazanmaq üçün sərf etdikləri səylərin pozitiv nəticəsinə inandıqları halda, yuxarı sinif şagirdləri sanki neqativ nəticə gözləyir, bu zaman onlar artıq əvvəlcədən uğursuzluğu qəbul edir, heç bir səy göstərmir
və ya minimal səylərlə kifayətlənməyə üstünlük verirlər. Belə halların aradan qaldırılması və ya olmaması üçün valideyn faktoru, davamlı
valideyn-müəllim əməkdaşlığı diqqət mərkəzində saxlanılmalıdır. Öyrənmə həvəsini valideyn və müəllimin birgə fəaliyyəti nəticəsində əldə edilmiş ümumi “bacarıq” da adlandırmaq olar. 

Xarici motivasiya ilə müqayisədə daxili motivasiya daha təhrikedici, güclü və önəmli hesab edilir. Bəzi müəlliflər, hətta motivasiyaya insanı müəyyən nailiyyətlər əldə etməyə sövq edən daxili təhrikedici qüvvə kimi tərif verirlər. Daxili motivasiyası yüksək olan öyrənənlər ötürülən informasiyaya olan maraq sayəsində məlumatın daha da dərinliyinə gedərək, geniş biliyə yiyələnməklə uğurlu nəticələr əldə etdikləri halda, daxili motivasiyası olmayan və xarici motivasiyası zəif olanlar çətinlik dərəcəsi daha az olan tapşırıqlara meyilli olurlar. Daxili motivasiyalı öyrənənlərin fəallıq dərəcəsi yüksək olur, onlar xüsusi səylərlə qarşıya çıxan çoxsaylı maneələri dəf etməyə israrlı olur, tapşırıqlara daha çox vaxt sərf edir, onları həvəslə yerinə yetirir, nəticədə isə təlim prosesinin gedişi asanlaşır. Lakin xarici faktorların əhəmiyyətini də kifayət qədər yüksək dəyərləndirmək lazımdır. Bəzi müəlliflərin fikrinə görə, motivasiya akademik tapşırıqların əhəmiyyəti, miqdarı və təsir gücündən asılıdır. Daxili faktorların təsiri nəticəsində yaranan göstəricilər xarici faktorların təsiri ilə də yarana bilər. Fərq ondan ibarətdir ki, xarici motivasiya zamanı xüsusi səylər, fəaliyyət, strategiya tələb olunur.

Xarici motivasiyası zəif olan təhsilalanlar hər hansı bir mükafatı əldə etmək, müəyyən cəzalardan yayınmaq, müəllimdən təşəkkür, qiymət almaq naminə fəallıq göstərmək, təhsil pilləsini “birtəhər” başa vurmaq, yoldaşları ilə rəqabət aparmaq və s. kimi göstəricilərə – qısamüddətli motivasiyaya malik olurlar. Qısamüddətli motivasiyanı uzunmüddətli motivasiya ilə əvəz etmək, təhsilalanların təhsilə, öyrənməyə yanaşma tərzini dəyişmək üçün müəllimlər, təhsil ocaqları onların xarici motivasiyasını diqqət mərkəzində saxlamalıdırlar. 

Müəllim öyrənənlərin motivasiyasının inkişafı üçün xüsusi strategiyaya malik olmalıdır. Öyrədənin xüsusi strategiyasına öyrənənlərin maraqlarının davamlılığını təmin etmək üçün onların sosial həyatı ilə (reallıqla) uyğunluq təşkil edən təlim materiallarının maraqlı, müxtəlif olmasını təmin etməyi, təhsilalanların şəxsi məqsədləri ilə üst-üstə düşən xüsusi məqsədlərin qoyuluşunu, ötürücü təlim mühitinin yaradılmasını, uyğun, rəngarəng təlim üsullarının seçilməsini və s. aid etmək olar. 

Müəllim səriştəliliyinin müxtəlif parametrləri, göstəriciləri olduğu kimi, müasir dövrdə onun strukturunda da müxtəliflik özünü göstərir. Pedaqoji ədəbiyyatlarda məktəb müəlliminin səriştəlilik modelinin strukturunun – yeni səriştəliliyin və bu çərçivədə fəaliyyət növlərinin aşağıdakılardan ibarət olduğu göstərilir:

  • Texnoloji (tədris-təlim və tərbiyə prosesində pedaqoji texnologiyaların mənimsənilməsi və səmərəli istifadəsi);
  • Layihə-konstruktiv (tədris (işçi) proqramlarının layihələndirilməsi, təhsil müəssisəsinin əsas təhsil proqramlarının işlənməsində iştirak, universal tədris fəaliyyətinin və əsas səriştəliliklərin formalaşdırılmasını təmin edən tapşırıqların konstruksiya edilməsi);
  • Analitik (tədris-metodik komplekslərin dövlət standartlarına uyğunluğunun təhlili; əsas səriştəliliklərin və universal tədris fəaliyyətinin formalaşmasını təmin edən tapşırıqların seçilməsi);
  • Proqnostik (təklif olunan tədris-metodik komplekslərin təhlili əsasında əsas təhsil proqramlarının mənimsənilmə nəticələrinin proqnozlaşdırılması);
  • Qiymətləndirmə (əsas təhsil proqramlarının mənimsənilmə nəticələrinin qiymətləndirilməsi üçün yeni sistemin tətbiqi: bal-reytinq sistemi, təlim nəticələrinin portfeli və s.);
  • Monitorinq (tədris-təlim prosesinin və dərs vermənin keyfiyyətinin müəyyən edilməsi üçün texnoloji monitorinqin mənimsənilməsi və istifadə olunması) (Mehrabov, 2015).

İnteraktiv təlim prosesində motivasiya nə qədər yüksək olarsa, təlimin nəticələrinə bir o qədər asan yiyələnmək olar. Hər bir müəllimin, təhsil strukturunun qarşısında duran əsas vəzifələrdən biri motivasiyanı və onun təlimdəki rolunu düzgün dəyərləndirmək, onu təhsilalanlarda yaratmaq və inkişaf etdirməkdən ibarətdir. Tədrisdə motivasiya təhsilalanın öyrənmə məqsədini və vəzifələrini onun üçün vacib olduğu kimi qəbul etməsində ifadə olunur. Motivasiya müsbət və mənfi ola bilər. Məsələn, bir şagird öyrənmək istəyini ifadə edirsə, tədris fəaliyyətini mümkün qədər yaxşı yerinə yetirməyə çalışırsa, bu o deməkdir ki, öyrənməyə yönəlmiş müsbət motivasiyaya malikdir. Digər bir təhsilalan, oxumamaqda və məktəbdə çalışmamaqda israrlıdırsa, o, mənfi motivasiyalıdır. Şagirdin hərəkətlərini düzgün qiymətləndirmək üçün, hər şeydən əvvəl, həmin hərəkətlərin motivlərini başa düşmək lazımdır ki, bu da zahiri hərəkətləri yerinə yetirmək, eyni məqsədlərə nail olmaq baxımından fərqli ola bilər.

Qədim Roma filosofu Senekanın fikrincə, nəsihətlərlə tərbiyə çətin, nümunələrlə tərbiyə isə asandır. Tərbiyə prosesində nümunə təlim prosesindəki əyaniliyi əvəz edir. Heç bir söz yaxşı və pisin nə demək olduğu haqqında nümunə qədər əyani, konkret təsəvvür yarada bilməz. Nümunənin tərbiyəvi gücünün pixoloji əsasını uşaqların böyüklərə oxşamaq, onlar kimi olmaq meyli və qabiliyyəti təşkil edir. Onlar dərk etməzdən əvvəl təqlid etməyi öyrənirlər (Gənc ana və uşaqların maarifləndirilməsi, 2015).

Tədris nəticələri ilə əlaqəli iki növ motivasiya var:

1) Şərti olaraq adlandırılan mənfi motivasiya. Bu, şagirdin oxumadığı təqdirdə yarana biləcək müəyyən narahatlıq və çətinliklərdən xəbərdar olması səbəbindən yaranan motivasiyadır (valideynlərin, müəllimlərin, sinif yoldaşlarının ironiyası və s.). Bu cür motivasiya uğurlu nəticələrə səbəb olmur;
2) Təbiəti etibarı ilə müsbət olan motivasiya. Həvəsləndirmə növünü bilən müəllim müsbət motivasiyanın gücləndirilməsi üçün şərait yarada bilər. Bu, öyrənmənin nəticəsi ilə əlaqəli motivasiyadırsa, onda onu qorumaq üçün normal şərait təşviq etmək, əldə olunan biliklərin gələcək üçün faydalılığını göstərmək, müsbət ictimai rəy yaratmaq olar. Motivasiyanı gücləndirmək məqsədilə tədris prosesinin səmərəli təşkili, şagirdlərin fəallığı, müstəqilliyi, tədqiqat metodologiyası və bacarıqlarının təzahürü üçün şərait yaradılması vacibdir.

Məktəb dövründə öyrənmə motivasiyasının formalaşmasını müasir məktəbin sosial əhəmiyyət kəsb edən əsas vəzifələrindən biri adlandırmaq olar. Onun aktuallığı təhsilin məzmununun yenilənməsi, məktəblilərdə bilik və idraki maraqların müstəqil mənimsənilməsi metodlarının formalaşdırılması, məktəblilərin ideoloji, siyasi, əmək, mənəvi tərbiyəsinin vəhdəti şəklində həyata keçirilməsi, habelə onların aktiv həyat mövqeyinin formalaşması ilə əlaqədardır. Cəmiyyətimizin bu gün məktəbə verdiyi sosial sifariş tədris və tərbiyənin keyfiyyətini artırmaqdan, təhsilalanların işlərinin nəticələrini qiymətləndirərkən formalizmə yol verməməkdən ibarətdir.

NƏTİCƏ

Təhsildə motivasiya psixoloji cəhətdən, həm normal, həm də ekstremal şəraitdə, fəaliyyətin nisbi müddətini və yüksək məhsuldarlığını təmin edən dinamik prosesdir. Davamlılığın sistemli təmsilçiliyinə əsaslanaraq tədqiqatçılar bunu təlim motivasiyasının güc, şüur, effektivlik, fəaliyyətin məna verən motivinin formalaşması, prosesə istiqamətləndirmə və s. kimi xüsusiyyətləri ilə birlikdə nəzərdən keçirirlər.

Təhsil fəaliyyətinin müvəffəqiyyəti onun motivasiyasından – mənimsəmənin keyfiyyətini artıran daxili və xarici amillərdən asılıdır. Müxtəlif komponentlər:tələbənin ehtiyacları, başqalarının nümunəsi, möhkəmləndirmə və cəza sistemi və s. belə həvəsləndirici amillər kimi çıxış edə bilər.

Tədris üçün formalaşdırılmış motivasiyanın olmaması təkcə müəllimlər üçün deyil, həm də təhsilalanların özləri və valideynləri üçün də aktual olan problemdir. Təhsil fəaliyyəti şəxsiyyətin ən fəal şəkildə formalaşmasının bütün illərini, uşaq bağçasından tutmuş ümumi və ali təhsil müəssisələrindəki dövrünü əhatə edir. Buna görə də onun motivasiya problemi pedaqogika və təhsil psixologiyasında ən önəmli məsələlərdəndir.

Şagirdlərin məktəbdə aldığı bilik yalnız onun digər məqsədlərə çatması üçün bir vasitə ola bilər (sertifikat almaq, cəzadan qaçmaq, tərif qazanmaq və s.). Bu vəziyyətdə uşağa maraq, xüsusi bacarıqlara yiyələnmək istəyi, biliklərin mənimsənilməsi prosesinə həvəs deyil, öyrənmə nəticəsində nə əldə ediləcəyi motivasiya verir.

Motivasiyanın başqa bir forması dar düşüncəli motivlərlə müəyyən edilir: başqalarının razılığı, şəxsi rifaha aparan yol və s. Bundan əlavə, motivasiya öyrənmə fəaliyyətinin özündə, məsələn, öyrənmə məqsədləri ilə birbaşa əlaqəli də ola bilər. Bu kateqoriyanın motivlərinə maraqdan məmnunluq, müəyyən biliklərə yiyələnmək kimi xüsusiyyətlər aid edilir.

İstifadə edilmiş ədəbiyyat

1 Bayramov, Ə., Əlizadə, Ə. (2006). Psixologiya. Bakı, 602 s.
2 Gənc ana və uşaqların maarifləndirilməsi. (2015). Respublika uşaq kitabxanaları üçün tövsiyə biblioqrafiyası. Bakı.
3 İlyasov, M. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Bakı, Elm və təhsil, 208 s.
4 Karnegi, D. (2015). Dost qazanmaq və adamlara təsir göstərmək sənəti. Bakı, Qanun nəşriyyatı.
5 Qədirov, Ə. (1969). Uşaqlarda idrak proseslərinin inkişafı. Bakı, Maarif.
6 Mehrabov, A.O. (2015). Səriştəli müəllim hazırlığının problemləri. Bakı, Elm və təhsil.
7 Paşayev, Ə., Rüstəmov, F. (2007). Pedaqogika. Bakı, Nurlan.
8 Zeynaloğlu, C. (2017). Təlim fəaliyyətinin psixoloji prosesi (Azərbaycan dilində). Bakı, Ünsiyyət, 144 s.