MƏKTƏBLİ GEYİMİ, YOXSA PLASTİK TORBA?




Yeni dərs ili ərəfəsində valideynlərin əsas qayğılarından biri məktəbli formasının seçilməsidir. Mövcud standartlara görə məktəbli forması işgüzar üsluba cavab verməli və dünyəvi xarakterlə səsləşməlidir. Hər bir bölgə və məktəb öz uniformasını tətbiq edə bilər, lakin əsas tələblər rahatlıq, təhlükəsizlik və gigiyena standartlarına uyğunluqdur. Geyim dizaynerləri bildirir ki, uniforma seçərkən geyim kodunun bütün tələblərinə riayət etməklə yanaşı, həm də uşaq üçün rahat və cəlbedici paltar seçilməlidir.

Qızlar və oğlanlar üçün məktəbli formalarının əsas variantlarına, eləcə də görünüşlərini tamamlaya biləcək aksesuarlara nəzər salaq:

  • Kofta və ətəklər: ağ koftalar və adətən dizə qədər ya da dizdən bir qədər aşağı ətəklər uyğun hesab olunur. Geyimlər qırışmayan və formasını yaxşı saxlayan materiallardan hazırlanır, çox vaxt mavi, boz və ya qara rənglərdə olur.

Oğlanlar üçün klassik forma:

  • Şalvar - sadə üslubda, qalın parçadan tikilmiş olmalıdır;
  • Jilet və ya sviterlər - formasını saxlayan və gün ərzində eleqant görünən materiallardan hazırlanır, adətən açıq rəngli köynək (ağ və ya mavi) ilə dəst geyinilir.

Məktəb formasını aşağıdakı aksesuarlarla tamamlaya bilərsiniz:

  • Kəmərlər - oğlanlar üçün şalvar və gödəkçənin rənginə uyğun;
  • Qalstuklar - adətən köynək və ya kostyuma uyğun;
  • Saç aksesesurları, kəmərlər, broşlar - ciddi üslubu qorumaq üçün qızların əsas geyimlərinə uyğun seçilir.

Məktəbli forması təkcə geyim qaydaları və standartlarına deyil, həm də müxtəlif hava şəraitinə uyğunlaşdırılmalıdır.

Payız və yaz aylarında havaların dəyişkən olduğu vaxtlarda yağışdan və küləkdən qoruya bilən, lakin uşağı tərlətməyən paltar seçmək vacibdir. İlin bu fəsli üçün əsas məktəb geyimi əşyalarına aşağıdakılar daxildir:

  • Klassik pencəklər, yüngül gödəkçələr - lazım olduqda çıxarmaq və ya geyinmək asandır.
  • Orta sıxlıqda ətəklər və paltarlar - qızlar üçün temperaturdan asılı olaraq taytlarla birlikdə geyinilə bilər.
  • Yüngül parçalardan şalvar - oğlan və qızlar üçün dəyişkən havalarda rahatlığı təmin edir.
  • Şərf və yüngül beretlər - zəruri hallarda soyuq küləklərdən qorunmaq üçündür.

Qış məktəb paltarları istiliyi daha çox təmin etməlidir ki, uşaq hətta soyuq günlərdə də özünü rahat hiss etsin. Məktəblilərin qış geyimlərinin əsas elementləri bunlardır:

  • Yun sviterlər - köynək və ya koftalarla uyğunlaşdırılır;
  • İsti gödəkçələr - istiliyi saxlayan sıx materiallardan hazırlanır, onlar məktəbli formasının üzərinə geyinilir.
  • Oğlanlar və qızlar üçün qalın parçalardan tikilmiş şalvarlar - soyuqdan qorunmanı təmin edir.
  • İsti taytlar (kolqotka) - qışda qızların ətəklərini və paltarlarını tamamlayır.
  • Qalın şərf, papaq və əlcəklər.

Məktəbli forması həm də uşağın yaşına uyğun olmalı, onun boyu, aktivliyi və rahatlıq baxımından üslub tələbləri nəzərə alınmalıdır.

Məktəbli forması üçün təbii materiallardan geniş istifadə olunur:

  • Pambıq: dərinin nəfəs almasını təmin edir, bu da isti mövsümlərdə xüsusilə vacibdir. Onları yumaq asandır və düzgün qulluq etdikdə formasını saxlayır.
  • Yun: məktəb geyimi üçün idealdır. Yun parçalar aşınmaya davamlıdır, təkrar yuyulduqdan sonra da gözəl görünüşünü saxlayır. Təbii lif allergiyaya səbəb olmur.
  • Poliester: qırışmayan və formasını saxlayan davamlı materialdır. Tərkibi 70 faizdən çox sintetik liflərdən ibarətdir. Asan təmizlənməsi və tez quruması gündəlik istifadə üçün əlverişlidir.
  • Viskoz: təbii maddələrdən hazırlanmış yumşaq və hamar materialdır.

Geyim dizaynerlərinin qənaətinə görə, tərkibində 70 faizdən çox sintetik liflər olan məktəbli formasında uşaq özünü rahat hiss etmir. Parçanın tərkibindəki sintetik maddələrin çoxluğu onu plastik torbaya bənzədir. Parçada müəyyən miqdarda sintetikliyin olması onun bir sıra xüsusiyyətlərini yaxşılaşdırır: parça daha güclü olur, daha az qırışır və daha yaxşı uyğunlaşır. Sintetik liflər əsasən neft məhsullarından hazırlanır. Bura poliester və akril daxildir. Ancaq süni liflər (məsələn, viskoz) təbii mənşəli məhsullardan - selülozdan istehsal olunur. Bu cür parçalar öz xüsusiyyətlərinə görə təbii materiallara yaxındır, havanın yaxşı keçməsinə imkan verir və bədən üçün rahatdır. Şalvar və ya ətək seçərkən, yalnız parçanın deyil, həm də astarın tərkibinə diqqət yetirilməlidir. Astar - sintetik liflərin əlavə edilməsi ilə viskoz və ya pambıqdan hazırlansa, daha yaxşıdır.

Mütəxəssislər məktəbli forması seçərkən bütün detallara diqqət yetirməyi məsləhət görürlər: düyməsindən tutmuş tikişlərə qədər heç nə uşağı narahat etməməlidir.

Hər uşağa iki köynək və iki şalvar almaq məsləhət görülür. Bu həmin paltarların çirklənməsi və ya cırılması kimi hallarda lazım olur.

Bəs məktəbli formasına necə düzgün qulluq etmək olar?

  • Yuma. Parçaların rəngini və materialını qorumaq üçün məktəbli formaları aşağı temperaturlu rejimdə yuyulmalı, liflərə zərər verməmək üçün yumşaq yuyucu vasitələrdən istifadə edilməlidir.
  • Qurutma. Parçaların rənginin solmaması və uzun müddət orijinal görünüşünü saxlaması üçün birbaşa günəş şüaları altında qurudulmamalıdır.
  • Ütüləmə. Paltarlar liflərə zərər verməmək üçün aşağı temperaturda, xüsusən də sintetik materiallar üçün nəzərdə tutulmuş istilikdə ütülənməlidir. Zərif parçaları korlamamaq üçün üzərinə nazik parça və ya cuna salıb ütüləmək daha məsləhətdir.

Valideynlər unutmamalıdırlar ki, övladlarının məmnunluğuna və aldıqları təhsilin keyfiyyətinə bir sıra başqa amillərlə yanaşı, gündəlik rahat geyim də təsir edir.