Kimin sualı var?




Elm, təhsil, innovasiya ilə bağlı yüzlərlə məqalənin müəllifi, tanınmış jurnalist Uorren Berger həm də “Daha gözəl sual: narahat fikirləri qığılcıma çevirmək üçün sorğunun gücü” adlı kitab yazıb.  Kitab uşaqlara kiçik yaşlarından düzgün sual vermək bacarıqlarının öyrədilməsinin vacibliyindən bəhs edir.

 

Müəllif deyir ki, Albert Eynşteyn üçün sual vermək bacarığı vacib idi: “Əsas məsələ sual verməkdən əl çəkməməkdir. Müqəddəs marağı heç vaxt itirməməliyik. Bu bizi hər şeylə bağlı sorğu-sual etməyə sövq edir.

Sual verməyin, məsələləri sorğu-sual etməkə öyrənməyin və həll etməyin vacibliyini hamıya çatdırmağa çalışan Eynşteyn bu gün sağ olsaydı, sual verməyin əvvəlkindən daha vacib olduğu bir dünya görərdi. Və yəqin ki, uşaqlarımıza sual verməyi öyrətməməyimizin səbəbini soruşardı”.

Sorğu-sualın artan əhəmiyyətindən danışan müəllif qeyd edir ki, bu günün yüksək texnologiyalarla zəngin dünyasına daha yaxından nəzər salsaq, sualın nəyə yaradığını görəcəyik. Facebook, Amazon, Google və bir çox başqa aparıcı texnoloji şirkətlərin liderləri, daim suallar verən və hər şeyi mükəmməl şəkildə soruşan insanlardır. Onların hər zaman sualları var: nə üçün bununla kifayətlənməliyik? Daha fərqli bir şey sınasaq nə olacaq? Silikon Vadisindəki yüksək səviyyəli menecerlərin bir çoxu uşaqlıqda Montessori məktəblərində təhsil alıblar və onlar heyrət hissini yaşamağı, təəccüblü əşya və hadisələrlə bağlı suallar verməyi vərdişə çeviriblər.

U.Bergerin sözlərinə görə, bu vərdiş  onlara bugünkü dinamik texnologiya bazarında çox böyük üstünlüklər verib. Çünki sorğu-sual bacarıqları onları başçılıq etdikləri şirkətlərdəki problemlərin analizində, dəyişikliklərə uyğunlaşmasında, yeni imkanları müəyyənləşdirməyə və yeni istiqamətlərdə hərəkətə sövq edir. Əslində düzgün sual vermək çox vaxt yenilik üçün başlanğıc nöqtəsidir. “Daha gözəl sual” adlı kitabında Berger bir çox yenilikçi ixtiraların mənşəyini və sürətlə böyüyən bizneslərin başlanğıcını araşdırıb. Müəllif yazır ki, “Mobil telefonların ixtirası, internetin yaranması, Netflix, Nest və Dropbox kimi çoxsaylı nümunələri yaratmaq üçün mütləq ortaya suallar qoymaq və onun həllini axtarmaq bacarıqları formalaşmalıdır. Mən kəşf etdim ki, hər bir nümunənin başlanğıc nöqtəsində o vaxt heç kimin soruşmağı ağlına belə gətirmədiyi  sualları araşdıran bir adam var. Onun suallarının cavabı - milyardlarla dollar qazancdır. Buna görə də bu gün Silikon Vadisində “Suallar yeni cavablardır” fikri hakimdir”.

 

Sizcə, məktəblərimiz şagirdləri sual və sorğu-sualın həyati bacarıq olduğu bir dünyada yaşamağa kifayət qədər hazırlaya bilirmi?

Zəruri və tənqidi suallar vermək bacarığı gələcəkdə daha vacib olacaq. Dəyişikliklər sürətlə davam etdikcə, sabahın liderləri və işçi qüvvəsi davamlı araşdırmalar vasitəsilə öyrənməyə, bildiklərini yeniləməyə və uyğunlaşdırmağa, öz peşə və karyeralarını yenidən təkmilləşdirməyə davam etməli olacaq.

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalara  görə, uşaqların sual vermək həvəsi və bacarığında illərdir ki davamlı azalma müşahidə olunur.  

Sualların verilməsində bu azalmaya bir çox amillər səbəb ola bilər. Uşaqların yetkinləşdikcə və daha çox “bildikcə” daha az sual vermək ehtiyacı hiss etməsi anlaşılandır. Lakin Harvard Universitetinin professoru Paul Harris qeyd edir ki, kiçik yaşlı uşaqlar evdə valideynləri ilə birlikdə olduqda özlərini sinifdəkindən daha təhlükəsiz hiss edərək daha çox sual verirlər.

U.Berger qeyd edir ki, bir çox siniflərdə sorğu-sualın təşviq edilməməsi və ya ümumiyyətlə öyrədilməməsi vəziyyəti daha da çətinləşdirir. Keçmiş sinif müəllimi, Harvard İnnovasiya Laboratoriyasının eksperti Toni Vaqner deyir ki, o, sinifdə apardığı müşahidələr zamanı müəllimlərin şagirdlərə mesajının yanlış olduğunu başa düşüb: “Bizim şagird suallarına ayıracaq vaxtımız yoxdur. Çünki bu cavablara sərf etdiyim vaxt mənim zamanımı alacaq”. Təbii ki, bu o demək deyil ki, müəllimlərin hamısnının yanaşması belədir. Kaliforniyalı bir müəllim bir çox müəllimlər adından hisslərini belə ifadə edir: “Şagirdlərə öyrətməli olduğum o qədər mövzular var ki... amma ən dəyərli hesab etdiyim şeyə bütün vaxtımı sərf edirəm -  bu şagirdlərimin dünyanı sorğu-sual etmək və araşdırmaq bacarığının formalaşdırlmasıdır”.

 

Şagirdlərin sual verməsinə mane olan amillərdən biri də yaşıdlarının təzyiqi ola bilər. Müəllif bunu nümunələrlə göstərməyə çalışıb: xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması üçün yeni üsul tapan 16 yaşlı Cak Andraka inanılmaz dərəcədə maraqlı gəncdir, lakin o da sinifdə çox sual vermədiyini deyir. Andrakanın fikrincə, onun liseyindəki müəllimlər sualları o qədər də yaxşı qarşılamırlar və bundan əlavə, əksər gənclər arasında sinifdə sual vermək  təqdir olunmur.

Daha çox sual vermək

Bu çoxşaxəli problemi həll etmək asan deyil, lakin biz uşaqların daha çox sual verməsini istəyiriksə, o zaman sorğunun "etibarlı" və  “təqdir olunan” olmasını təmin etmək üçün yollar tapmalıyıq. Eynşteynin bizə dediyi kimi, “Daha yaxşı cavablar əldə etməyin yolu daha çox suallar verməkdir”.

Doğru Sual İnstitutu adlı qeyri-hökümət təşkilatı məktəblərdə sorğu-sual etmə  vərdişlərinin öyrədilməsi istiqamətində çalışır və müəllimləri yalnız sualların formalaşmasına yönəlmiş qrup işində iştiraka təşviq edir. İnstitutdan verilən məlumata görə, sorğu-sual üçün uyğun imkanlar yaradılanda tələbələr özlərini daha rahat hiss edir və sual vermək istəyirlər. Bəziləri hətta verdikləri suallarla fəxr edirlər.

 

Uorren Berger yazır ki,  “sual verməyin təqdir olunan hərəkətə çevrilməsinə gəlincə… burada belə bir fikir var: müəllimlər yaxşı suallar verən şagirdləri alqışlaya və sorğu-sualdan irəli gələn bütün maraqlı cavabları vurğulaya bilərlər. Uşaqların sevimli mobil telefonları və telefonlardakı tətbiqlərin çoxu hazırkı vəziyyət şübhə altına alındığı üçün ortaya çıxıb. Hətta  incəsənətdə, musiqidə və idmanda həqiqətən yeniliklər  edən insanlar - Beyonsdan tutmuş olimpiya idmançılarına qədər hər kəs - "niyə də olmasın?" və ya "olarsa, necə olar?" sualına cavab axtaranlardır. Soruşmaq və sual vermək bacarığının olduqca gözəl olduğunu və araşdırılmağa dəydiyini  başa düşmək həyatımızı asanlaşdırar”.

Mövzu sosial mediada da aktualdır. Məsələn, təhsil bloggeri Toğrul Ələkbər yazır: “Volter deyirdi ki, insanı onun cavabları ilə yox, verdiyi sualları ilə qiymətləndirin.

Doğurdan da elədir. Keyfiyyətli sual verənlər böyük fərq yaradır.

Ona görə də uşaqlara düzgün cavab verməyi yox, düz sual verməyi öyrətməliyik”.