ÖVLADINIZIN KİNESTETİK ZƏKASINI DƏSTƏKLƏYİN




Oxuduğu, öyrəndiyi məlumatı qavramaq və yadda saxlamaq bacarıqlarına görə uşaqlar fərqli qruplara bölünürlər. Onlardan bəziləri məlumatı sadəcə görmək və ya oxumaq, digərləri isə dinləməklə daha asan mənimsəyirlər. Üçüncü qrupu təmsil edənlərə hər şeyə əl ilə toxunmaq, hiss etmək və bəzən də iyləmək lazım gəlir. Dördüncü qrupa daxil olanlar isə  faktları tək-tək təhlil edib nəyin nədən əmələ gəldiyini görməyənə qədər heç nə başa düşməyəcək və ya yadda saxlaya bilməyəcək.

İnsanların informasiyanı qəbul etmək və anlamaq keyfiyyətlərinə görə bölündüyü qrupların hər birinin öz adı var. İnformasiyanı görmək və oxumaqla qəbul edənlər – vizuallar, eşitməklə anlayanlar audiallar adlanır. Kinestetik deyilən üçüncü qrupdakılar informasiyanı toxunmaq və hiss etməklə mənimsəyirlər. Digitallar isə faktları təhlil yolu ilə anlamağa çalışanlardır.

Bəri başdan deyək ki, yalnız bir qrupa aid olan insanlara nadir rast gəlinir. Yəni audiallar həm vizual, həm də kinestetik ola bilər. Eyni qayda o biri tiplər üçün də keçərlidir. Bu onu göstərir ki, adətən insanlar informasiyanı bir neçə yolla qəbul edirlər.

Uşağın hansı qavrama tipinə aid olduğu məktəb illərində meydana çıxır. Pedaqoqların fikrincə, uşaqlıqda hamımız daha çox kinestetik bacarıqlarımızı göstəririk  - yəni hər şeyə toxunuruq, iyləyirik, sınaqdan keçiririk.  Biz yalnız yıxılandan və ağrı hiss edəndən sonra ağaca dırmaşmamalı olduğumuzu anlayırıq.

Bizim qavrama növlərimiz həyat tərzimizə, vərdişlərimizə və hətta öyrənmə prosesimizə də təsir edir.

1983-cü ildə amerikalı psixoloq və tədqiqatçı Hovard Qardnerin hazırladığı çoxsaylı intellekt nəzəriyyəsinə daxil olan bacarıqlardan biri də kinestetik zəka idi. Onun qənaətinə görə, kinestetiklərin bədən hərəkətləri və ya duruş tərzləri şüursuz olaraq ortaya çıxır. Qardner iddia edirdi ki, uşaqlar, hətta yemək yeyərkən və ya dərs oxuyarkən belə hərəkət edirlərsə, bu kinesteziyanın göstəricisidir.

Psixoloji və pedaqoji ədəbiyyatda göstərilir ki, “kinestetik”lər bu bacarıqlarından səmərəli və düzgün istifadə etməklə böyük uğur qazana bilərlər. Buna görə də rəqqas və idmançılarda kinestetik qavramanın yüksək olduğunu söyləmək olar. "Kinestetik zəka nədir?" sualının qısa cavabı da budur – zəka və bədənin birlikdə təsirli fiziki hərəkətlər etmək bacarığı.

Dünyada kinestetik zəkası ilə məşhurlaşan yüzlərlə insan var. Məsələn, 100 metri 9,2 saniyəyə qaça bilən Useyn Bolt, əfsanəvi basketbolçu Maykl Cordan, tennis ulduzları Serena və Venüs Uilyams, məşhur aktyorlar Çarli Çaplin, Cim Kerri, Tom Kruz və Brüs Li bu siyahıdakılardan yalnız bir neçəsidir. Kinestetiklər arasından rəqqas, idmançı, üzgüçülük üzrə təlimçi, xoreoqraf, cərrah, aktyor, heykəltəraş, bədən tərbiyəsi müəllimi, akrobat kimi peşələrdə şöhrət qazananlar olduqca çoxdur.

Kinestetik zəkanın inkişafı üçün ilk növbədə uşağın potensialını aşkarlamaq, reallaşdırmaq və dəstəkləmək lazımdır. Onun kinestetikliyini göstərən xüsusiyyətlər:

  • gimnastika və rəqs kimi fiziki fəaliyyətlərə meyillilik;
  • danışarkən tez-tez əl-qol hərəkətlərindən istifadə, qarşısındakına əllə toxunmaq istəyi;
  • fiziki fəaliyyətlərdə çeviklik;
  • hiss edərək və yaşayaraq öyrənmək meyilləri;
  • incə motor bacarıqları tələb edən fəaliyyətlərdə məharəti;
  • əl-göz diqqəti tələb edən oyunlardan həzz almaq.

Övladınızda bu xüsusiyyətlərdən hansınısa müşahidə edirsinizsə, onun kinestetik qavramasının daha da güclənməsinə yardım göstərə bilərsiniz.

Kinestetiklərin valideynləri onlarla vaxt keçirmək üçün fərqli oyun və fəaliyyət növləri tapmalıdırlar. Məsələn, səssiz kino oyunu, Lego və ya pazllar, təbiətə səyahətlər, açıq hava idmanları belə uşaqlar üçün çox faydalıdır. Nəhayət, dram dərnəklərində aktyorluq və təqlid etmək kinestetiklilərə maraqlı gələ bilər.

Əsas odur ki, onun aktivliyindən qorxmayın. Uşağın fiziki hərəkətləri ilə  özünü ifadə etməsinə yardım edin. Bunun üçün mütləq hər dəfə evdən kənarda məşğuliyyət axtarmağa dəyməz. Onları dəstəkləmək üçün evdə sınmış əşyaların bərpasına, öz otağında iplə müntəzəm məşqinə imkan yarada bilərsiniz. Uşağın musiqi sədaları altında təkbaşına, ailə üzvləri və ya dostları ilə birlikdə rəqs etməsi də belə fəaliyyətlərdən biridir.

 Kinestetiklərin tədris prosesində uğur qazana bilmələri üçün pedaqoqların da üzərinə çox böyük iş düşür. Sinifdə belə şagirdləri öncədən müəyyənləşdirmək müəllimlərin və şagirdin işini asanlaşdırır. Müəllimlər belə uşaqların qavrama tipinə uyğun tədris metodunun seçilməsinə çalışmalıdırlar.