DAVOSDA ƏSAS MÖVZU: İŞ YERLƏRİNİN GƏLƏCƏYİ
Texnoloji irəliləyişlər, demoqrafik dəyişikliklər, geoiqtisadi gərginliklər və iqtisadi təzyiqlərin təsiri altında 2030-cu ilə qədər dünyada 78 milyon yeni iş yerinin yaradılacağı, 92 milyon mövcud iş yerinin qorunub saxlanacağı gözlənilir.
Yanvarın 20-24-də (2025) İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (World Economic Forum) illik toplantısının materiallarında da iki mövzu xüsusilə diqqəti cəlb edir: süni intellekt (AI) və iş yerlərinin gələcəyi. Builki forum “İntellekt əsri üçün əməkdaşlıq” adı altında keçirilir.
Tədbirdə 130-dan çox ölkəni təmsil edən 3000-ə yaxın liderin iştirakı gözlənilir. Azərbaycan nümayəndə heyəti də tədbirin iştirakçıları arasındadır.
Forum haqqında yayılan rəsmi məlumatda qeyd olunur ki, “Davos 2025-də geoiqtisadi qeyri-müəyyənlik, ticarət gərginliyi, mədəni qütbləşmə və iqlim dəyişikliyi narahatlıq yaradır. Lakin süni intellekt (AI), kvant hesablamaları və biotexnologiya – məhsuldarlığı və yaşayış standartlarını artırmaq üçün sürətli innovasiya vədləri də var”. Forum bildirir ki, süni intellekt, data və kibertəhlükəsizlik sahələrində texnologiya bacarıqlarına tələbatın sürətlə artması gözlənilir. Bu sahələrlə yanaşı, yaradıcı düşüncə, çeviklik və adaptasiya kimi bacarıqlar da vacib sayılacaq. Hesabata görə, yaxın 5 ildə ən çox ehtiyac duyulacaq peşələrdən bəziləri bunlardır: təsərrüfat işçisi, yüngül yük maşını və ya çatdırılma sürücüsü, proqram təminatı və tərtibatçısı, inşaatçı və dekorator, mağaza işçisi, qida emalı və bununla əlaqəli işçilər, avtomobil, furqon və motosiklet sürücüsü, tibb bacısı, iaşə sahəsinin işçiləri.
Sürətlə azalan peşələr arasında kassir və nəzarətçilər, rəhbər şəxslərin köməkçi və katibləri, təmizlik və təsərrüfat işçiləri, anbardarlar, mətbəə əməkdaşları, mühasiblər, auditorlar, nəqliyyat, təhlükəsizlik və bank sektoru işçiləri var. Davos-2025-in hesabatında yaxın perspektivdə qlobal əmək bazarında rəqabət qabiliyyətli 10 populyar sahə açıqlanıb. Bu sahələrdə təhsilin gənclərə daha böyük karyera imkanları açacağı proqnozlaşdırılır:
- Süni intellekt və maşın öyrənməsi: süni intellekt (AI) və maşın öyrənməsi (ML) bir çox müasir texnologiyaların əsasında dayanır. Bu sahələr üzrə mütəxəssislər müxtəlif sənayelərdə prosesləri avtomatlaşdıraraq öyrənməyə və öz-özünə öyrənməyə qadir olan alqoritmlər yaradacaqlar. Müvafiq təhsil alanlar aşağıdakı ixtisaslara yiyələnə bilərlər: süni intellekt tərtibatçısı, maşın öyrənmə mühəndisi, data analitiki, böyük data mütəxəssisi.
- Kibertəhlükəsizlik və məlumatların qorunması: rəqəmsal məlumatların həcmi və qoşulmuş cihazların sayı artdıqca, məlumatın qorunması vacib məsələyə çevrilir. Kibertəhlükəsizlik üzrə kadrlara korporativ şəbəkələrin qorunmasından tutmuş məlumat sızmasının qarşısını almaq yollarının hazırlanmasına qədər bütün səviyyələrdə tələbat olacaq. Bu sahədə kibertəhlükəsizlik mütəxəssisi, data təhlükəsizliyi mühəndisi, məlumatların qorunması üzrə tərtibatçı, informasiya təhlükəsizliyi üzrə analitik və s. ixtisaslara ehtiyac olacaq.
- Maliyyə texnologiyaları (FinTech): maliyyə sənayesi blokçeyn, kriptovalyutalar və rəqəmsal banklar kimi yeni texnologiyalar sayəsində əhəmiyyətli dəyişikliklərə məruz qalır. Bu sahədə ixtisaslar bundan sonra da artacaq və mütəxəssislər üçün yeni üfüqlər açacaq. Əsas peşələr - maliyyə texnologiyaları mühəndisi (FinTech), maliyyə texnologiyası həlləri tərtibçisi, kriptovalyuta və blokçeyn mütəxəssisidir.
- Tibb və biotexnologiyanın inkişafı sağlamlıqda yeni üfüqlər açır. Müasir biotexnologiya və tibb yeni müalicə üsulları, tibbi cihazlar və hətta genomların redaktəsi ilə məşğul olan mütəxəssislər üçün böyük imkanlar təklif edir. Genetik, biotexnoloq, tibbi cihaz tərtibatçısı kimi peşələr rəqabətədavamlı sayılacaq.
- İnformasiya texnologiyaları bulud hesablamaları, blokçeyn, virtual və əlavə reallıq kimi sahələri əhatə edir. Mütəxəssislər biznesin müxtəlif sahələrində istifadə olunan yeni texnoloji həllər hazırlayacaqlar. Burada əsas peşələr - blokçeyn sistemlərinin inkişaf etdiricisi, bulud mühəndisi, VR/AR tərtibatçısı, proqramçılardır.
- Yaşıl enerji və ekologiya: dünyadakı ekoloji vəziyyət davamlı enerji mənbələrinə və ətraf mühitin mühafizəsinə diqqət yetirməyi tələb edir. Ekoloqlar, mühəndislər və bərpa olunan enerji üzrə mütəxəssislər karbon izlərini və dayanıqlı enerjini azaltmağa yönəlmiş texnologiyalar hazırlayacaqlar. Bu sahədə ehtiyac duyulan peşələr bərpa olunan enerji mühəndisi, ətraf mühit üzrə məsləhətçi, davamlılıq mütəxəssisi olacaq.
- Kreativ iqtisadiyyat və məzmun. Burada rəqəmsal incəsənət və marketinqin vəhdətindən söhbət gedir. Rəqəmsal inqilab yaradıcı sənayelər üçün yeni imkanlar açır. Gələcəkdə virtual dünyalar, rəqəmsal incəsənət və süni intellektlə işləyən marketinq üçün məzmun yaradan peşəkarlara bazarda tələbat artacaq: rəqəmsal məzmun yaradıcısı (metaavers, AR/VR), rəqəmsal incəsənət kuratoru, AI marketoloqu bu peşələr arasındadır.
- Logistika və avtomatlaşdırmadakı dəyişikliklər nəqliyyat və daşımada yeni dövrdən xəbər verir. Logistika texnologiyalarının avtomatlaşdırılması və inkişafı təchizat zəncirinin idarə edilməsində yeni peşələrin, özüidarə olunan nəqliyyatın yaradılmasına və anbar proseslərinin robotlaşdırılmasına gətirib çıxaracaq. Burada avtomatlaşdırma mühəndisi, sürücüsüz nəqliyyat üzrə mütəxəssis, təchizat zənciri analitikinə ehtiyac yaranacaq.
- Aqrar-sənaye sektorunda texnologiyaların inkişafı ilə şaquli istixanalar, qida istehsalının yeni üsulları kənd təsərrüfatında innovativ həllərin tətbiqi ilə bağlı yeni peşələr meydana çıxacaq. Bura şaquli əkinçilik texnologiyası üzrə mütəxəssis, kənd təsərrüfatı texnologiyası tərtibçisi, kənd təsərrüfatı üzrə biomühəndis kimi ixtisaslar daxil olacaq.
- İdarəetmə və sahibkarlıq. Müasir menecerlər və sahibkarlar dəyişən dünyada çevik qərarlar qəbul etmək bacarıqlarına malik olmalıdırlar. Bu sahədə işləmək üçün biznes təhlili və davamlı idarəetmə bilikləri tələb olunacaq. Dəyişiklik idarəetmə meneceri, biznes analitikası mütəxəssisi, davamlı idarəetmə məsləhətçisi gələcəyin prestijli peşələri sırasında olacaq.
Mütəxəssislər qeyd edir ki, əmək bazarında rəqabətədavamlı peşəyə sahib olmaq üçün bu və digər perspektivli sahələrdə bacarıqların inkişaf etdirilməsi vacibdir. Gələcəyin işləri fənlərarası bilik, yeni texnologiyalarla işləmək bacarığı və sürətlə dəyişən mühitlərə uyğunlaşma bacarığı tələb edəcək. Ən sürətlə böyüyən işlərdən bəziləri texnologiya, məlumat və süni intellekt sahəsindədir, eyni zamanda gəmiçilik, xidmət, təhsil və kənd təsərrüfatı kimi əsas iqtisadi rollarda da artım gözlənilir.
Zemfira Məmmədqızı