PEŞƏ TƏHSİLİ ALİ TƏHSİLLƏ RƏQABƏTƏ GİRİR




Futuroloqlar gələcəyin əmək bazarında robotlaşdırma və ağıllı texnologiyanın təsirindən uzaq qalan peşələrin də olacağını vurğulayırlar. Mütəxəssislər bunun əsasən sosial xidmət, sənətkarlıq, kənd təsərrüfatının müəyyən sahələri, təhsil və iaşə sektoru ilə bağlı olacağını bildirirlər.

Bu baxımdan Azərbaycanın gələcək əmək bazarında  özünü reallaşdırmaq, rəqabətqabiliyyətli peşələrə yiyələnmək üçün böyük fürsətlər açıldığını söyləyə bilərik. Belə fürsətlərdən biri Elm və Təhsil Nazirliyi  Dövlət Peşə Agentliyi nəzdində yaradılmış Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzidir. 2017-ci ildə yaradılmış Mərkəz təkcə Bakı şəhəri üçün deyil, eyni zamanda ölkənin bütün regionlarından olan tələbələrə xidmət göstərir.

Mərkəzin nəzdində 3 pilləli təhsil sistemi yaradılıb. Burada 3 aylıq qısa müddətli ilkin kurs, texniki və 4 illik yüksək peşə təhsilinə qədər fərqli seçimlər var.

Mərkəzdə interyer və eksteryerin bədii tərtibatçısı, zərgər, xalçaçı, aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, geyim üzrə dizayner ixtisasları ilə yanaşı, işıq operatoru, kinomontajçı, səs operatoru, video çəkilişi üzrə operator, qrimçi-pastijor, ağac nəqqaşı, florist, tikiş avadanlıqlarının operatoru və bir sıra başqa ixtisaslara yiyələnmək mümkündür.

Dünya İqtisadi Forumunun hər il keçirilən sammitlərində yaxın gələcəyin ixtisas və peşələri ilə bağlı müxtəlif proqnozlar verilir. Burada “soft və hard skills” bacarıqlarının formalaşdırılması,  texnoloji yeniliklərlə ayaqlaşmağın vacibliyi xüsusi vurğulanır.

Gələcəyin əmək bazarını proqnozlaşdıran futuroloqların fikrincə, yaxın 30 ildə təcrübəsi, bacarıqları və təhsili cəmiyyətdə tamamilə yararsız hala düşəcək insanlar təbəqəsi meydana çıxacaq.

Həmin futuroloqlardan biri, məşhur alim Yual Novah Harari “Homo Deus” adlı son kitabında yazır ki, “iqtisadi, siyasi, hətta bədii dəyərdən məhrum olanları, cəmiyyətin çiçəklənməsinə töhfə verməyənləri” belə bir perspektiv gözləyir.

ABŞ biznes strategiyası araşdırmaçılarının  “Gələcəkdə işləmək: 2030-cu ildə reallığı hansı qüvvələr formalaşdıracaq” adlı sorğusuna əsasən Çin, Almaniya, Hindistan, Britaniya və ABŞ-da respondentlərin 74%-i yeni bacarıqlar əldə etməyə, ixtisaslarını dəyişdirməyə hazırdır.

Haqqında söhbət açdığımız təhsil ocağında tələbələrin gələcək perspektivi olan müxtəlif peşələr qazanmaq imkanı var. Burada proqramlaşdırma dili də öyrənmək mümkündür.

Mədəniyyət və Sənətkarlıq Mərkəzini ölkənin müxtəlif sahə üzrə fəaliyyət göstərən obyektləri üçün kadr hazırlayan təhsil ocağı və yaradıcılıq emalatxanası kimi də dəyərləndirmək olar. Mərkəz ölkə teatrlarını təkcə qrimçi, kostyum və fərqli aksesuarlarla təmin etmir, həm də istehsal prosesi ilə məşğuldur.  Bu emalatxanadakı ustaların dediyinə görə, vaxtilə teatrlar saqqal, bığ, parik kimi vacib detalları qonşu ölkələrdən alırdısa, bu gün  Mərkəzin emalatxanası həmin ehtiyacı ödəyir.

Bu sahə üzrə Qafqazda yeganə Mərkəz sayılan məktəbə gənclərin marağını ölkənin ən nüfuzlu ali məktəbləri ilə müqayisə etmək olar. Məsələn, 20 yerlik aşpaz ixtisasına müraciət edənlərin sayı 500-dən çox olur. Seçim isə attestat balının yüksəkliyinə görə həyata keçirilir.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyevin verdiyi məlumata görə, mərkəzin nəzdindəki 3 peşə məktəbində 25 ixtisas üzrə 1350 şagird təhsil alır.

Məktəbin pedaqoji heyətinin əksəriyyəti birbaşa istehsalat sahəsində çalışanlardan ibarətdir. Burada nəzəri biliklərdən başqa işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələbələrə praktiki bacarıqlar da öyrədilir. Mərkəz həm dövlət, həm də özəl müəssisələrlə əməkdaşlıq edir. Tədris prosesi yekunlaşdıqdan sonra tələbələr 3 ay işəgötürənlərin bazasında təcrübə keçirlər. İşlə təmin olunma faizinin çox yüksək olduğunu söyləyən Mərkəz rəhbəri məzunların ölkənin bir çox telekanalları, teatr və studiyaları, otellər və restoranlarında özlərini təsdiqlədiyini vurğuladı. Onun dediyinə görə, hətta floristika peşəsinə yiyələnmiş gənclərdən biri hazırda Ekvadorda xüsusi gülçülük plantasiyalarına rəhbərlik edir.

P.Həmzəyevin sözlərinə görə, Mərkəzin tələbələri  öz əl işləri ilə yerli və beynəlxalq səviyyəli sərgilərdə, festivallarda iştirak edir və xüsusi mükafatlar qazanırlar. Vitraj, ağac üzərində oyma, dulusçuluq kimi ixtisasları öyrənən gənclər ayrı-ayrı mərkəzlərdə master-klasslar keçməklə öyrəndiklərinin tətbiqi ilə də məşğuldurlar.

Məktəbin müəllimləri artıq xarici ölkələrdə də tanınır. Az qala bütün ixtisaslar üzrə müəllimlər Türkiyə, Almaniya, Slovakiya kimi ölkələrə təlimçi kimi dəvət olunurlar.

Məktəbdə xüsusi pavilyonlar, professional səsyazma studiyaları və çəkiliş meydançaları da quraşdırılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsinə BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı da yardım göstərib.

Bu qədər yaradıcı insanın bir tədris ocağında birləşməsinin nəticəsi məktəbin özfəaliyyət sahəsində də sözünü deyib. Burada  tez-tez tamaşa və konsertlərin təşkilindən başqa Mərkəzin yaradıcı heyəti müəllim və tələbələrin iştirakı ilə Xocalı soyqırımından bəhs edən “Sonsuzluğa uzanmış gecə” filmini  də ərsəyə gətiriblər.

Mərkəzi başqa təhsil ocaqlarından fərqləndirən bir amil də inklüzivliyə xüsusi diqqət yetirilməsidir. İndiyədək burada 3 inklüziv qrupda 171 müxtəlif problemli tələbə peşəyə yiyələnib. Mərkəz rəhbərliyinin təşəbbüsü ilə əlil və xüsusi qayğıya möhtac gənclərin məktəbdə hərəkətini asanlaşdırmaq üçün lift və lazımi infrastruktur da quraşdırılıb.

Pərviz Həmzəyevin sözlərinə görə, “bu qrupların açılması bir tərəfdən əlilliyi olan gənclərə məşğulluq imkanı yaradırsa, digər tərəfdən başqa tələbələrə mənəvi keyfiyyət və dəyərlər aşılayır. Məktəbin digər tələbələrinin onlara qarşı diqqəti, mərhəməti, yardımlaşma, bölüşmə, empatiya hisslərini müşahidə etmək bizi olduqca duyğulandırır. Tələbələrimiz fərqliliklərə qarşı olduqca dözümlüdür və bu bizi sevindirir”.

Direktorun açıqladığı  başqa bir maraqlı fakt isə peşə təhsili üçün müraciət edənlər üçün yuxarı yaş həddinin olmaması ilə bağlıdır. “Qırxında öyrənən gorunda çalar” kimi zərərli məsəli unudub “öyrənməyin yaşı yoxdur” devizinə sarılmaq vaxtıdır.  Yeri gəlmişkən onu da vurğulayaq ki, əgər əvvəllər orta ixtisas məktəbi məzunları ali təhsil almağa çalışırdılarsa, indi ali təhsilli məzunlar Mərkəzə peşə öyrənmək üçün müraciət edirlər. Məktəbdə olduğumuz zaman orada  “Bərbər” ixtisası üzrə ixtisasartırma təlimlərinin keçirilməsinin də şahidi olduq.

Yay tətili dövründə də məktəbin müəllimləri xüsusi master-klas və təlimlərlə öyrətməyə davam edəcəklər.  Öyrənmək istəyənlərin sayının artması isə Y. Hararinin  dediklərinin əksinə olaraq  “cəmiyyətin çiçəklənməsinə töhfə” verəcək insanların çoxluğu perspektivini göstərir.

 

Zemfira Məmmədqızı