PROFESSOR ƏHMƏD SEYİDOVUN PEDAQOJİ FİKRİN FORMALAŞMASINA DAİR ARAŞDIRMALARI “AZƏRBAYCAN MƏKTƏBİ” KONTEKSTİNDƏ




Azərbaycanda pedaqoji fikrin inkişaf tarixində xüsusi yeri olan pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Əhməd Seyidovun elmi-pedaqoji fəaliyyətində əsas məqsəd xalqımızın zəngin pedaqoji ideyalar tarixinin araşdırılması, onun sistemli şəkildə öyrənilməsi olmuşdur. O, pedaqoji fikrimizin bütöv bir mərhələsini tədqiq edərək milli-mənəvi xəzinəmizə əvəzsiz töhfələr vermişdir. Böyük alim Azərbaycan maarifçiləri A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.Zərdabi, M.Füzuli, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə haqqında fundamental tədqiqatlar aparmışdır. Ə.Seyidov pedaqogikanın tarixi ilə bərabər, nəzəriyyəsi ilə də məşğul olaraq bu problemlərə dair öz əhəmiyyətini itirməyən 100-dən artıq əsər və məqalə yazmışdır. Ə.Seyidovun elmi-pedaqoji fikirlərinin təbliğində “Azərbaycan məktəbi” jurnalı mərkəzi yerlərdən birini tutur. Azərbaycanın bir çox görkəmli alimləri kimi onun da ən yaxşı araşdırmaları məhz bu jurnalda çap olunmuşdur. Bu faktlar jurnalın pedaqogika elminin və pedaqoji fikrin formalaşmasındakı rolunun böyüklüyünü bir daha aydın göstərir.

XX əsrin 30-40-cı illərində Azərbaycanın tanınmış maarif xadimləri ictimai-pedaqoji hərəkatın yüksəlməsində pedaqoji mətbuatın rolunu yüksək qiymətləndirir, öz fikir və mülahizələrini məhz bu mətbuatda çap etdirirdilər. O dövrün pedaqoji mətbuatında çıxış edən qabaqcıl alim-pedaqoqlar sırasında Əhməd Seyidovun da adı çəkilir, bu gənc alimə böyük ümidlər bəslənilirdi. Hələ dəmir yolu məktəbində işləyəndə o, “Azərbaycan məktəbi” jurnalının sələfi olan “Yeni məktəb”də pedaqoji görüşlərini ifadə edən məqalələr yazırdı. Ə.Seyidov hələ yaradıcılığının ilk mərhələsində dünya pedaqoji- psixoloji elminin mütərəqqi yenilikləri ilə maraqlanmış, Qərbə istiqamətlənmiş meyilləri ilə həmkarlarından fərqlənmiş, hətta, ingilis pedaqoqu Con Lokk haqqında elmi iş yazmaq fikrinə düşmüşdü. Bu da təsadüfi deyildi. Con Lokk Amerika filosofu və pedaqoqudur, 30 kitabın, 300 elmi məqalənin müəllifidir. Onun dünyəvi xarakter daşıyan “Məktəb və cəmiyyət” əsərinin təsiri ilə məktəb cəmiyyətin ən mühüm qayğı obyekti hesab edilməyə layiq bilinib. Avropada Con Lokk çox məşhur olmuşdur. Oksford Universitetinin məzunu olan bu gənc ömrünü elmə həsr etməyi qərara almış və tərbiyənin təşkilinə dair rəğbətlə qarşılanan fikirlər söyləmişdir. Con Lokkun “Tərbiyə haqqında fikirlər” kitabında “yeni insan” tərbiyəsinin geniş proqramı verilmişdi. Qeyd etmək lazımdır ki, onun birinci olaraq dediklərinin bir çoxu öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır. 

İstedadlı, zəhmətkeş, erudisiyalı Əhməd Seyidovu cəlb edən də məhz bu cəhətlər idi. Axtarışlar çox maraqlı bir sonluqla nəticələnir. Prof. F.Rüstəmov yazır: “Əhməd Seyidov ingilis maarifçisi Con Lokkun pedaqoji fəaliyyəti ilə bağlı namizədlik dissertasiyası yazmağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, Con Lokkun pedaqoji irsi ilə bağlı 4 çap vərəqi həcmində maraqlı bir iş yazır, məsləhət almaq üçün Moskvaya gedir. Orada görkəmli rus alimi akademik Y.N.Medinski ilə görüşür və işi ona təqdim edir. İşlə tanış olan Y.N.Medinski deyir: “Axmed Yusifoviç, siz hansı millətdənsiniz”? Əhməd Seyidov: “Azərbaycanlıyam”, – deyir. O yenə də “Sən millətini sevirsənmi?”-deyə ona müraciət edir. Əhməd Seyidov: “bəli”, – deyərək onun üzünə təəccüblə baxır. Medinski söhbətinə davam edərək “Axmed, Con Lokkun sahibləri var, özü də çoxdur. Bir də ki, ingilislərin içərisində o qədər dərin elmi mülahizələrə malik olan alimlər bu mövzunu işləyiblər ki, bizə ancaq Con Lokk haqqında məqalə yazmağa yer qoyublar. Sual edirəm, bəs Azərbaycanın qabaqcıl adamlarının, onun digər nümayəndələrinin pedaqoji görüşlərini kim işləməlidir? Bəs sənin xalqına xidmətin nədən ibarət olacaqdır?” Yevgeni Nikolayeviç Medinski əlavə edir ki, Con Lokk haqqında yazıların çox yaxşıdır. Elmi işçinin gərək əsərləri olsun. Sənin üçün Azərbaycan mütəfəkkirlərini işləmək asan olacaq. İndi sənə məsləhətim budur: Get bax, gör hansı Azərbaycan klassiklərinin əsərlərində məktəblə bağlı, təlimlə əlaqədar fikirlər varsa, onlardan birini seç. Onun haqqında 10-15 səhifəlik referat yaz və mənə gətir. Ondan sonra səninlə danışa bilərəm (Rüstəmov, 2016).

Əhməd Seyidovun tədqiqat obyekti kimi Abbasqulu ağa Bakıxanovu seçməsi heç də təsadüfi deyildi. XIX əsrin çox mürəkkəb ictimai-siyasi şəraitində A.Bakıxanov Qərb və Şərq mədəniyyətinin mahiyyətinə bələd olan açıqgözlü ziyalı kimi tanınırdı. O, geniş mütaliəsi sayəsində dərin elmi-fəlsəfi biliklərə yiyələnmiş, ona dərindən bələd olmuş mütəfəkkirlərdəndir. O zaman üçün çox çətin olan problemləri A.Bakıxanov bir neçə dilə malik olması ilə öz xalqının mənafeyi nöqteyi-nəzərindən izah etməyə girişmişdi. O, gəncliyində ən azı kitablardan oxuduğu Avropa ilə gerçək Avropa arasındakı fərqi görür və daha dürüst nəticələr çıxara bilirdi. Öz müasirləri olan M.F.Axundovdan, Mirzə Kazımbəydən fərqli olaraq qurtuluş yolunu yenə də islam dininin özündə, müsəlmanlıqda, ümumiyyətlə, Şərq mədəniyyətində görürdü. A.Bakıxanov öz soykökündən qətiyyən ayrı düşmək fikrində olmamışdır. Bütün fəaliyyəti
təsdiq edir ki, o, Avropa əxlaqını, Avropa mədəniyyətini olduğu kimi qəbul etmirdi. Bir filosof kimi anlayır və dərk edirdi ki, yeni dövrlərdə Avropada meydana çıxan əxlaqi dəyərlərdə, insan azadlığında, qadın azadlığında, sevgi-məhəbbət məsələlərində, insanların həyat tərzində, bir sözlə, hamını özünə cəlb etməyə istiqamətlənən yeni mədəniyyətdə sünilik təbiiliyi üstələyirdi. Bütün bunlar isə onun düşüncəsində belə bir fikir oyadırdı ki, Şərq mədəniyyətindəki dəyərlər itirilməməlidir, bəlkə də yenidən dirçəldilməlidir, islam qayda-qanunları öz yerini tutmalıdır. Onun fikrincə, yalnız dini deyil, dünyəvi elmləri əxz etməklə islam dünyası əvvəlki əzəmətini yenidən bərpa edə bilər. Böyük filosof əminliklə qəbul edirdi ki, Qərb mədəniyyəti olduğu kimi islam ölkələrinə tətbiq edilə bilməz, çünki onun kökü, əsl mahiyyəti İslam-Şərq mədəniyyəti ilə üstüstə düşür. Bundan heç də belə nəticə çıxmır ki, Bakıxanov mədəniyyətin müsbət cəhətlərini tamamilə görə bilməmişdir. O, bu məsələyə daha geniş prizmadan yanaşırdı, milli özünəməxsusluğu unutmurdu. O, müsəlmanları Qərb mədəniyyətinə daha həssas olmağa çağırırdı. Aydındır ki, Ə.Seyidov tədqiqat obyekti kimi Bakıxanovu seçəndə onun Qərb və Şərq mədəniyyətinə dərindən bələd olmasını duymamış deyildi. Con Lokkdan sonra Bakıxanovu seçməsi Ə.Seyidovun araşdırma arealının hərtərəfli olması ilə izah edilməlidir.

Əhməd Seyidovun “Azərbaycan məktəbi” jurnalının sələfi olan “Müəllimə kömək”dəki ilk məqalələri onun dünya klassik pedaqoji fikrinə yaxından bələd olduğunun aydın göstəricisi idi. Akademik Y.N.Medinski onu “Öz inkişafının regional və milli özünəməxsusluğu ilə seçilən alim, Azərbaycan xalqının zəngin pedaqoji ideyalar tarixinin ilk sistemli tədqiqatçısı, Azərbaycan pedaqoji fikrinin pioneri” adlandırmışdır. Akademik N.K.Qonçarova görə o, “milli pedaqoji tariximizin bütöv bir mərhələsinin yaradıcıları haqqında zamanın tələblərinə uyğun aparılan fundamental tədqiqatların müəllifidir” (Rüstəmov, 2016).

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji kafedrasına rəhbərlik etdiyi illərdə də tədqiqatçılıq bacarığı ilə seçilən Ə.Seyidov çox məhsuldar işləyir, Azərbaycan və rus klassik pedaqoqları haqqında silsilə məqalələr yazır, gənc alimləri Azərbaycan pedaqoji fikir tarixinə dair tədqiqatlar aparmağa istiqamətləndirir. Ə.Seyidovun “Bakıxanovun təlim-tərbiyə görüşləri” haqqında məqaləsi (Seyidov, 1962) Azərbaycanda pedaqoji fikrin tədqiqi və təbliği cəhətdən çox əhəmiyyətli bir hadisə olur.

Qeyd etmək lazımdır ki, Ə.Seyidov sonrakı dövrlərdə də Qərb pedaqoji fikrinin korifeyləri ilə maraqlanmış və onlara həsr edilmiş məqalələr də yazmışdır. “Disterveqin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri (1799-1866)” adlı məqalə də bu qəbildəndir (Seyidov, 1962). Sonrakı dövrlərdə, əsasən, Azərbaycanda pedaqoji fikrin inkişaf yoluna nəzər salan müəllif onu da göstərirdi ki, Nizami, Füzuli, Vaqif, Bakıxanov, Mirzə Şəfi, Mirzə Fətəli, Seyid Əzim, Zərdabi, Cəlil Məmmədquluzadə və Sabirin pedaqoji fikirlərini dərindən öyrənmək işinə XX əsrin 20-ci illərindən sonra başlanmışdır. Alim onu da əlavə edirdi ki, Azərbaycanın pedaqoji fikir tarixini, mütərəqqi və maarifpərvər şəxslərin təlim-tərbiyə haqqındakı görüşlərini öyrənmək pedaqoji elmimizin qarşısında duran mühüm vəzifələrdən biridir.

Abbasqulu ağa Bakıxanovun 150 illik yubileyi ilə əlaqədar “Azərbaycan məktəbi”ndə prof. F.Qasımzadənin məqaləsi dərc olunmuşdur. Böyük mütəfəkkirin həyatı və yaradıcılığı haqqında filoloji səpkidə məlumat verən alim məqaləsini onun əsərlərini saymaqla qurtarır. O yazır: “Abbasqulu ağa Bakıxanovdan bizə yadigar olaraq: “Riyazül-Qüds”, “Kitabi-Əsgəriyyə”, “Müşkatül-Ənvar”, “Miratül-Cəmal” kimi bədii əsərləri, dağınıq halda olan şeirləri, “Nəsihətnamə”si, Krılovdan tərcüməsi, “Qanuni-Qüdsi”, “Eynül-Mizan”, “Kəşfül-Qəraib”, “Ümumi coğrafiya”, “Əsrarül-mələküt”, “Təhzibil-əxlaq” və “Gülüstani-İrəm”dən ibarət böyük elmi, tarixi, ictimai və bədii qiymətə malik olan əsərləri qalmışdır” (Seyidov, 1958). Əhməd Seyidovun məqaləsində isə F.Qasımzadənin məqaləsindən fərqli olaraq jurnalın profilinə daha uyğun olan məsələ – A.Bakıxanovun pedaqoji görüşləri ön plana çəkilmişdir.

XIX əsrdə Azərbaycan pedaqoji fikrinin ilk və görkəmli nümayəndələrindən biri olan böyük mütəfəkkir A.Bakıxanovun elmə və maarifə yüksək qiymət verdiyindən bəhs edən Ə.Seyidov onu böyük maarifpərvər kimi tanıdaraq yazır: o hər yerdə, hər zaman elmin insan üçün böyük faydalarından bəhs edir və deyir ki, elm insana başqa xilqətlər qarşısında böyük üstünlüklər verir. Böyük filosof nəzəriyyə ilə təcrübənin ayrılmaz bir vəhdət olduğunu deyir. O, “Təhzübil-əxlaq” da yazırdı ki, elm təcrübənin məhsuludur və təcrübə üçün də yoldur. Təcrübə nəzəriyyəsiz şor torpaqda əkilən toxuma bənzər. Bakıxanovun fikirləri sırasında qiymətli məsələlərdən biri də elmin tərbiyələndirici rolunu irəli sürməsidir. Bu nöqteyi-nəzərdən o, elmin sistemli və ardıcıl verilməsini tələb edirdi (Rüstəmov, 2010). Təlimin tərbiyələndirici rolunu dərindən dərk edən Bakıxanov təlimin uşağa verilməsini “daş üzərində nəqş” kimi qiymətləndirir (Seyidov, 1962). Onun əxlaq tərbiyəsinə dair “Hikmət qaydaları” da tədqiqatçıların diqqətini cəlb etmişdir. Ümumiyyətlə, o öz qiymətli əsərləri ilə milli maarifçiliyimizin təşəkkülündə misilsiz xidmətlər göstərmişdir.

İctimai fikrin inkişafı tarixində olduğu kimi Azərbaycanda pedaqoji fikir tarixində xüsusi yer tutan M.F.Axundova dair tədqiqləri də Ə.Seyidovun elmi fəaliyyətində əhəmiyyətli yer tutur. Onun “M.F.Axundovun pedaqoji görüşləri” adlı məqaləsi böyük mütəfəkkirin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Müəllifin təbirincə, M.F.Axundovun fikirlərində təlim və tərbiyənin bir sıra başlıca məsələləri öz əksini tapmış, əsas məqsəd insanları tərbiyə etmək, onlara düzgün yol göstərmək olmuşdur. M.F.Axundovun pedaqoji görüşlərinin metodoloji əsaslarını təşkil edən maarifə böyük qiymət verməsi, onu xalq kütlələrinin mənafeyinə tabe etməyə səy göstərməsi, ictimai mühitin dəyişməsində insanın rolunu nəzərə alması təşkil edir. Gənc nəslin tərbiyəsi deyəndə o, həm əqli tərbiyəni, həm də əxlaqi tərbiyəni nəzərdə tuturdu. Müəllif böyük mütəfəkkirin fəaliyyətini yüksək qiymətləndirərək yazırdı ki, M.F.Axundov təhsilin vacibliyini dönə-dönə qeyd etmiş və nəticədə ümumi icbari təhsil ideyasınadək yüksəlmişdir. Ə.Seyidov ədibin yeni əlifba uğrunda mübarizəsinə daha geniş yer vermiş, onun fikirlərini davam etdirən ardıcılları S.Ə.Şirvani və H.B.Zərdabiyə güclü təsir etdiyini də xatırlatmışdır. O, Axundovu cəsarətli ideyalarına görə Qaliley və Darvin kimi məşhur elm xadimləri ilə bir sırada görmüşdür. O, bir pedaqoq, psixoloq kimi uşaqlarla mehriban, nəzakətli, səmimi olmağı tələb edir, onları vətən üçün cəfalı şəxslər kimi yetişməyə çağırırdı (Seyidov, 1962).

1967-ci ildə Azərbaycan mətbuatında ilk milli qəzetimiz olan “Əkinçi”nin redaktoru, böyük ziyalı Həsən bəy Zərdabinin anadan olmasının 130 illiyi ilə əlaqədar çoxlu məqalələr dərc edilmişdi. Bu məqalələrin içərisində pedaqogika elmimizin korifeyi Ə.Seyidovun “Həsən bəy Zərdabinin maarifçilik-pedaqoji fəaliyyəti” məqaləsi (Seyidov, 1967) daha sanballı, daha mükəmməl idi. Özünün elmi-tədqiqat işində H.Zərdabiyə geniş yer ayıran alim bu məqalədə də onun fəaliyyətini hərtərəfli işıqlandırmağa çalışmışdır. Görkəmli maarifçinin həyatı və fəaliyyəti haqqında, həmçinin onun dünyagörüşü haqqında qısa məlumatdan sonra “Zərdabinin pedaqoji fəaliyyəti və pedaqoji mülahizələri” məsələlərinə geniş şərh verilmişdir.

Müəllif qeyd edir ki, Zərdabinin maarifçilik ideyası onun pedaqoji fəaliyyətinə gətirib çıxarmışdır. Onun əsas məqsədi xalqı maarifləndirmək idi. Bir pedaqoq kimi yüksək keyfiyyətlərə malik olan Zərdabi tədris işlərini elmlə əlaqələndirən və onu xalq arasında yayan alim-pedaqoq idi. Ə.Seyidov 1906-1907-ci illərdə keçirilən Azərbaycan müəllimləri qurultayının təşkilatçılarından biri olmuş Zərdabini Azərbaycan gənclərinin müəllimi və ən yaxın dostu kimi təqdim edirdi. Məqalədə qabaqcıl Azərbaycan ziyalılarına Zərdabinin müraciətindən bir parça misal gətirilmişdir: “Müvəqqəti ləzzət və şəxsi rahatlıq üçün qardaşlarınızı atmayın. ... qoy şairlər sizə həcv yazsınlar, qoy mollalar sizə lənətlər yağdırsınlar, qoy cahil güruh sizi daşa bassın. Unutmayın ki, siz xalq üçün çalışırsınız və şübhə yoxdur ki, gələcəkdə xalq maarifləndikdə sizi əzab çəkmiş mücahid kimi xatırlayacaqlar və sizə rəhmət oxuyacaqlar”. “Əkinçi” qəzetindən gətirilən bu sitat Zərdabinin ziyalılara tövsiyəsi idi.

H.Zərdabinin təbiət elmlərinə münasibətindən bəhs edərək Ə.Seyidov yazır: “Gənc nəslin ideya tərbiyəsində onun dünyabaxışı düzgün formalaşır. Azərbaycanın ilk təbiətşünas alimi olan Zərdabi ölkənin pedaqoji fikir nümayəndələri olan sələflərindən və hətta bu dövrün bütün müsəlman Şərqindəki pedaqoqlardan xüsusi olaraq fərqlənir. O “Əkinçi”də və digər jurnallarda bitki, heyvan aləminə dair çoxlu məqalələr dərc etdirmişdir”. Bunlarla yanaşı, Ə.Seyidov Həsən bəy Zərdabinin fiziki tərbiyəyə böyük əhəmiyyət verdiyindən bəhs edir və yazırdı: “Aşağı yaşlardan sağlamlıq qorunmalıdır ki, qocalanda ondan yaxşı istifadə etmək mümkün olsun” (Seyidov, 1967).

Seyid Əzim Şirvaninin müəllim haqqında fikirlərinə diqqəti cəlb edən alim onun Həsən bəy Zərdabi haqqında dediklərini xatırladırdı: “Seyid Əzim həqiqi və ləyaqətli müəllim idealını Həsən bəy Zərdabinin simasında görürdü. O, Zərdabini həmişə “Əmiri-alişan”, “Elmi-hikmətdə saniyi-loğman”, “Sərvəri-bülənd məqam” adlandırırdı. “Seyid Əzim bu təriflərin hamısında haqlı idi”, – deyən müəllif sonra fikrini bir qədər də gücləndirərək “Həsən bəy Zərdabi Azərbaycanın Pestalotsisi, Disterveqi olmuşdur” qənaətinə gəlmişdir. “Seyid Əzimin pedaqoji görüşləri” haqqında bu məqalədə böyük şairin müəllim haqqında olan fikirlərini də xülasə etmişdir (Seyidov, 1939). Sonra Ə.Seyidov onun fəaliyyətini dəyərləndirir və yazırdı ki, “İctimai fəaliyyətdə görkəmli mövqeyi olan Zərdabinin pedaqoji irsi lazımi qədər geniş və diqqətlə öyrənilməmişdir. Məktəb, təlim, tərbiyə sahəsində onun fikirlərinin bir çoxu öz aktuallığını indi də itirməmişdir. Əlbəttə, sonrakı illərdə bu sahədə geniş tədqiqat aparılmış, dissertasiyalar yazılmışdır.

Azərbaycanda ictimai fikrin inkişafında M.F.Axundovun ardıcılları olan H.Zərdabi, C.Məmmədquluzadə və F.Köçərli haqqında “Azərbaycan məktəbi”ndə dərc olunmuş məqalələri ilə Ə.Seyidov pedaqoji fikrimizin aktual məsələlərinə dair qiymətli fikirlər söyləmiş, onların elm, məktəb, tərbiyə haqqındakı düşüncələrini yüksək elmi-nəzəri-praktiki baxımdan şərh etmişdir. “Azərbaycan məktəbi” jurnalında Ə.Seyidovun pedaqoji sahədə zəngin irs buraxmış C.Məmmədquluzadə haqqında iki məqaləsi çap olunmuşdur. “C.Məmmədquluzadənin pedaqoji görüşləri” adlanan məqalədə onun yeni dünyəvi məktəb uğrunda mübarizəsi, yeni müəllim kadrları hazırlığı və dərsliklərin tərtibi, gənclərin tərbiyəsi kimi fikirləri öz izahını tapmışdır. Böyük mütəfəkkirin bu səpkidəki məqalələrinin əksəriyyəti “Molla Nəsrəddin”də çap olunmuşdur. Bu məqalədə isə Ə.Seyidov C.Məmmədquluzadənin həyat və fəaliyyəti, böyük ədibin ictimai-siyasi və fəlsəfi görüşləri məsələlərinə toxunmuş və əsasən onun təlim-tərbiyəyə dair fikirləri üzərində dayanmışdır (Seyidov, 1958).

XX əsrin əvvəllərində Azərbaycan xalqının ictimai-siyasi mübarizəsini, mənəvi inkişafını, özünütanıtma prosesini əks etdirən fikirləri ilə aparıcı mövqedə duran yazıçı və ictimai xadim, maarifpərvər pedaqoq C.Məmmədquluzadə təlim-tərbiyəyə aid xüsusi əsər yazmasa da, onun bütün əsərlərində təlim-tərbiyə məsələləri üstünlük təşkil etmişdir. Azərbaycan klassiklərinin pedaqoji fikirlərinin tədqiqi ilə ardıcıl məşğul olan Ə.Seyidov C.Məmmədquluzadənin dramlarını, felyetonlarını, hekayə və məqalələrini araşdırmış, onun təlim-tərbiyə haqqında fikirlərinin elmi-pedaqoji çalarlarını aşkara çıxarmışdır. O, C.Məmmədquluzadənin üsuli-cədid məktəblərinə münasibəti məsələsinə də işarə etmiş, bu məqsədlə “Danabaş kəndinin məktəbi”əsərini təhlil edərək, köhnəliklə yeniliyin mübarizəsini göstərmişdir. Ə.Seyidov onu da qeyd edir ki, C.Məmmədquluzadənin pedaqoji fikirləri içərisində ana dilində təlim məsələsinə xüsusi yer verilir. O, M.F.Axundovun fikrinə şərik olaraq ərəb əlifbasının nöqsanlarını kəskin tənqid edir, dilimizin saflığı uğrunda gedən mübarizəyə qoşulurdu. C.Məmmədquluzadə təlim-tərbiyə ilə əlaqədar olan bütün məsələlər kimi dərs kitabları, əxlaq tərbiyəsi, ailə tərbiyəsi və müəllim haqqında məsələlərə də toxunmuş, onların hər birini böyük məharətlə və hərtərəfli işıqlandırmışdır.

Ə.Seyidovun C.Məmmədquluzadənin pedaqoji görüşlərinə dair araşdırmaları böyük dramaturqun nüfuzunu bir daha artırırdı. Tədqiqatçı geniş təhlil apardıqdan sonra belə qənaətə gəlirdi ki, C.Məmmədquluzadə özünü böyük dramaturq yazıçı, ictimai xadim və böyük pedaqoq kimi göstərmişdir. O, Azərbaycan pedaqoji fikir sahəsində özünəməxsus görkəmli yer tutur.

C.Məmmədquluzadənin məslək dostu olan, mütərəqqi ideyalarında həmişə xalqı düşünən, görkəmli maarifpərvər şair M.Ə.Sabirin pedaqoji görüşləri də Ə.Seyidovun tədqiqatlarında mühüm yer tutur. O, “M.Ə.Sabirin təlim-tərbiyə haqqındakı fikirləri” adlı məqaləsində (Seyidov, 1958) qeyd edir ki, Sabir yaradıcılığında pedaqogikanın bütün nəzəri və praktiki məsələlərinə toxunmuş və müəyyən bir fikir sistemi yaratmışdır. Onun pedaqoji mülahizələrində özünəməxsus bir orijinallıq vardır. Sabir həm öz sələfləri olan N.Gəncəvinin, M.Füzulinin, A.A.Bakıxanovun, M.Ş.Vazehin, M.F.Axundovun, Q.B.Zakirin, S.Ə.Şirvaninin və başqalarının tərbiyə sahəsindəki bir sıra nəcib ənənələrini davam etdirmiş, həm də onları daha yüksək zirvəyə qaldırmışdır.

Sabirin bir sıra tədbirlərin nəinki təbliğatçısı, həmçinin fəal iştirakçısı olduğunu qeyd edən Ə.Seyidov onun S.Ə.Şirvani kimi Şamaxıda “Ümid məktəbi” açmasını, kitabxana və s. təşkil etməsini də təqdir edir. Gələcəyə böyük ümidlə yanaşan Sabirin fikrincə, gənc nəslin insan kimi formalaşmasında məktəb və müəllimin rolu mühüm yer tutacaqdır. Təsadüfi deyildir ki, Sabirin pedaqoji görüşlərində gənc nəslin əxlaq tərbiyəsinin xüsusi yeri vardır. Məqalə müəllifi haqlı olaraq bu nəticəyə gəlir ki, Sabirin əxlaq tərbiyəsi haqqında mülahizələrində həssas bir tərbiyəçinin, pedaqoqun, mühafizəkarlığa qarşı barışmaz mübarizin, mərd, cəsur vətəndaşın, ictimai xadimin ağıl və zəkasını, dühasını və parlaq simasını görmək olur. Sabir məktəbin rolunu yüksək qiymətləndirirdi. O, uşağın tərbiyəsinə məsuliyyətsiz münasibət bəsləyənləri ciddi tənqid etmişdir. Məqalə müəllifi bu məqsədlə Sabirin bir neçə şeirini nümunə gətirir. Müəllif sübut edirdi ki, Sabirin təlim-tərbiyə haqqındakı fikirləri öz aktuallığını indi də itirməmişdir. Biz onu diqqətlə tədqiq edərək, ondan çox şey öyrənməliyik (Seyidov, 1962).

Ə.Seyidov “Firidun bəy Köçərlinin pedaqoji görüşləri” adlı məqaləsində (Seyidov, 1976) Azərbaycan xalqının maarifpərvər oğlu, böyük və istedadlı pedaqoq F.Köçərlinin həyatı və pedaqoji fəaliyyətindən bəhs etmişdir. Bu fədakar maarifçi xalqın zəngin mədəni irsinin öyrənilməsi üçün çox böyük qüvvə sərf etmişdir. Firidun bəy Köçərlinin dünyagörüşü, qadın azadlığı, təhsil, əlifba islahatı, məktəb və təlim-tərbiyə haqqında, fikirlərindən ayrıca bəhs edən müəllif onun tərbiyə məsələsinə dair fikirləri üzərində daha çox dayanmışdır.

Məqalə müəllifi haqlı olaraq F.Köçərlinin bu fikirləri ilə razılaşır ki, tərbiyənin tərkib hissələrindən hər hansının zəifləməsi şəxsiyyətin ahəngdar inkişafına mənfi təsir göstərə bilər. Tərbiyəni mürəkkəb bir proses adlandıran F.Köçərli onun böyük məsuliyyətindən, dərin ağıla, geniş biliyə malik olmasından danışmış və onun nəcib məqsəd əsasında qurulmasını, uşaqların tərbiyəsi zamanı pedaqoji mərifətin gözlənilməsini, səbir və qayğıkeşlik göstərilməsini tövsiyə etmişdir. Buna görə də o özü Azərbaycanın adamların inkişafına həssas və qayğıkeş münasibət bəslənilməsinin vacibliyini vurğulayırdı. Prof. Ə.Seyidov onu da qeyd edirdi ki, F.Köçərli öz pedaqoji ixtisasını, şagirdlərini və ümumiyyətlə, gənc nəsli sevir, xalqa, onun dilinə, ədəbiyyatına, tarixinə, ən yaxşı adət-ənənələrinə böyük məhəbbət bəsləyirdi. O daim xalq haqqında düşünərək deyirdi ki, maarif xalqa çörək, su və hava kimi lazımdır. O, əsl müəllim kimi ömrü boyu bu dediklərinə sadiq qalmış və öz həyatını bu yolda qurban vermişdir.

Müasir ərəb əlifbasının islahatı haqqındakı ideyaların qızğın tərəfdarı olan Köçərlinin “Ərəb əlifbası və onun nöqsanları” adlı məqaləsində o dövr üçün aktual olan təkliflər irəli sürülmüşdür. Məqalədə o, rus klassik pedaqoji fikirlərinə də münasibət bildirmiş, bu məqalədə Belinski, Çernışevski və Uşinskinin adını çəkmişdir. F.Köçərli Azərbaycan məktəblərinin inkişafına formal münasibəti tənqid etmişdir. O, ibtidai məktəbdə ümumi icbari təhsilin həyata keçirilməsi, ümumtəhsil və peşə məktəblərinin, seminariya və universitetlərin açılması məsələsini tələb edirdi.

Ə.Seyidov F.Köçərlinin tərbiyə haqqında fikirləri üzərində daha çox dayanır və qeyd edirdi ki, F.Köçərli başqa pedaqoqlarımız kimi tərbiyəni təlimdən ayırmayaraq bu məsələləri vəhdətdə görür. Müəllif F.Köçərlinin 1904-cü ildə “Kaspi” qəzetində dərc olunan “Təlimin təbliğ metodu haqqında” adlı məqaləsinə əsaslanaraq, onun təlim metodlarına dair fikirlərini belə şərh edirdi: pedaqoqlar həyatla ayaqlaşmalı, pedaqogika elmi sahəsindəki yenilikləri izləməli, öz bilik və bacarıqlarını təkmilləşdirməlidirlər.

Ötən əsrin 20-ci illərindən başlayaraq rus pedaqoq alimləri ilə respublikamızda yaradıcılıq əlaqəsi başlanmış, bu əlaqələr getdikcə genişlənərək bir neçə istiqamətdə inkişaf etmişdir. 40-cı illərdən başlayaraq, pedaqoq alimlərimiz bu ənənələri ləyaqətlə davam etdirmiş, rus pedaqoji fikir klassiklərinin məktəb və pedaqogika tarixinə dair məqalələr yazmış, qarşılıqlı surətdə təcrübə mübadiləsi aparmışlar. Azərbaycanda fəaliyyət göstərən rus alimləri “Sovetskaya pedaqogika”, “Narodnoe obrazovaniye” jurnallarında Azərbaycan pedaqoji fikrini də təbliğ etmişlər. Onların məqalələrində ən çox Ə.Seyidov, M.Mehdizadə və M.Muradxanovun adı çəkilmişdir. Çünki 40-cı illərdə artıq pedaqoji mətbuatda, o cümlədən “Azərbaycan məktəbi” ndə (“Müəllimə kömək”də – E.M.) məhz Ə.Seyidovun rus klassik pedaqoji fikir tarixinə dair yazıları işıq üzü görmüşdür.

Rus pedaqoq-alimlərinin əsərlərinin – elmi məqalə və kitablarının, pedaqogikaya dair tədris proqramlarının və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri 20-ci illərdən başla-yaraq sistemli hal almışdır. İlk vaxtlar S.T.Şatskinin, A.P.Pinkeviçin, P.P.Blonskinin, Y.N.Medinskinin, M.N.Pokrovskinin, M.M.Pistrakın, V.N.Şulqinin, sonralar İ.A.Kairovun, F.F.Korolyovun, N.K.Qonçarovun, İ.F.Svadkovskinin, P.N.Qruzdevin, 50-ci illərdən sonra B.P.Yesipovun, M.A.Danilovun, M.N.Skatkinin, S.V.İvanovun, Y.Qolantın, 70-ci illərdən isə E.N.Monoszonun, İ.Y.Lernerin, Z.İ.Ravkinin və b. pedaqogikanın metodoloji problemlərinə, tərbiyə nəzəriyyəsinə və didaktikanın aktual problemlərinə dair “Yeni məktəb”, “Müəllimə kömək”, “Kommunist tərbiyəsi uğrunda”, “Azərbaycan məktəbi” jurnallarında və “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş məqalələri Azərbaycan pedaqoji ictimaiyyətinin marağına səbəb olmaqla yanaşı, yeni istiqamətli və yeni məzmunlu tədqiqatların yaranmasına kömək etmiş, respublikamızda pedaqoji elmin inkişafına təkan vermişdir. A.P.Pinkeviçin “Pedaqojiyə mədxəl” (1928), B.P.Yesipov və N.K.Qonçarovun “Pedaqogika” (1941) dərs vəsaitlərinin doğma dilimizə tərcüməsi və nəşri Azərbaycan pedaqoji və elmi-pedaqoji kadr hazırlığında müəyyən rol oynamışdır (Rüstəmov, 1998).

Qeyd etmək lazımdır ki, akademik Medinski ilə görüşünə qədər elmi dünyagörüşə və ensiklopedik biliyə malik olan Əhməd Seyidov dünyanın qabaqcıl pedaqoqlarının əsərləri ilə yaxşı tanış idi və onların haqqında xeyli materiallar toplamışdı. Bu sözlər, həmçinin rus
pedaqoji fikir klassiklərinə də şamil edilməlidir.

Professor Ə.Seyidov pedaqoji fikrimizin ardıcıl tədqiqatçılarındandır. Onun çoxcildlik “Pedaqogika tarixi” uzun müddət istifadə olunmuşdur. M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, F.B.Köçərli və başqalarının pedaqoji görüşlərinə dair əsərləri ilə yanaşı Dobrolyubov, Belinski, Uşinski, L.Tolstoy, Piraqov, Pisaryev, Lesqoft kimi şəxsiyyətlər haqqında sanballı məqalələri də təcrübəli alimin qələminin məhsuludur.

XIX əsrin sonu, XX əsrin birinci yarısında pedaqoji-metodik məzmuna malik ana dili dərsliklərinin tərtib olunması Azərbaycanda məktəb və təhsilin, pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan məsələlərdən biri olduğundan böyük rus pedaqoqu K.D.Uşinskinin pedaqoji fikirlərindən istifadə etməyə zərurət kimi baxılırdı. Azərbaycan pedaqoqları Uşinskiyə müraciət edir, öz məqalə və digər yazılarında alimin adını hörmətlə çəkirdilər. R.Əfəndiyev bu məsələyə münasibət bildirərək yazmışdı: “Pedaqogikanı öyrəndikdən sonra mən anladım ki, köhnə məktəb dağıdılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabı kimi öz məktəbimiz üçün ana dilində dərs kitabı tərtib  etməklə mümkündür. Məhz bu məqsədlə də “Uşaq bağçası” kitabını qiymətli bir zərrəyə bənzətmək üçün pedaqoq Uşinskinin məşhur və məhbub “Əlifba” kitabçasını özümə rəhbər qəbul etdim” (Seyidov, 1939). R.Əfəndiyev hələ seminarist olanda rus pedaqogikasının “atası” olan K.D.Uşinskinin qızğın tərəfdarı olmuşdur. Azərbaycan maarifçiləri A.O.Çernyayevski, F.Köçərli, S.M.Qənizadə də Uşinskinin xidmətlərini layiqincə dəyərləndirmişlər. 

Azərbaycan pedaqoji fikrinin inkişaf yoluna yaxşı bələd olan Ə.Seyidov Uşinskinin yaradıcılığını ayrıca tədqiqat obyekti kimi seçmiş və “Müəllimə kömək” jurnalında dərc etdiyi sanballı məqalələri ilə pedaqoqu geniş miqyasda tanıtdırmış, gənc azərbaycanlı tədqiqatçılara bu böyük pedaqoqun irsindən istifadə etməyə imkan yaratmışdır. “Uşinskinin pedaqoji görüşləri” adlanan bu məqalədə ilk dəfə “Müəllimə kömək” vasitəsilə onun geniş tərcümeyi-halı verilmiş, misilsiz xidmətləri göstərilmişdir. Tədqiqatçı alim onu da qeyd
edirdi ki, ümumiyyətlə, pedaqoqlar, xüsusən, Rusiya pedaqoqları arasında birinci olaraq psixologiyanın bu qədər böyük əhəmiyyətini məhz Uşinski irəli sürmüşdür. Müəllif bu məsələyə diqqəti cəlb etməklə gənc pedaqoqlara psixologiya ilə dərindən əlaqə saxlamağı arzu etmiş, bu pedaqoji sistemin daşıyıcısı olan böyük pedaqoqun “Pedaqoji ədəbiyyatın faydası”əsərinin adını çəkmişdir. Burada tərbiyənin nəzəri əsasları izah olunmuşdur. Uşinskinin pedaqoji sistemdə xüsusi yer tutan məsələlərdən biri də ana dilidir. O, ana dilini yüksək qiymətləndirmişdir. Məqalədə Uşinskinin əlifba təlimi haqqında ayrıca danışılmışdır. Müəllif Uşinskinin savad təliminin köhnə metodlarını kəskin tənqid etdiyini, həm də Rusiyada səs metodunu əsaslandıran və onu praktik cəhətdən geniş işləyənlərdən biri olduğunu da qeyd etmişdir. 

“Azərbaycan məktəbi” oxucularına Uşinskinin didaktik görüşləri haqqında çox ətraflı məlumat verən Ə.Seyidov “Uşinskinin didaktik görüşləri haqqında” məqaləsində böyük pedaqoqun müəllim haqqında fikirləri üzərində də dayanmışdır. O yazırdı: “Tərbiyə, təhsil işlərinin müvəffəqiyyəti artıq dərəcədə müəllimin şəxsi bacarığından, şəxsi keyfiyyətlərindən asılıdır. Müəllim uşaqların bütün işini sevməlidir”. Sonra Ə.Seyidov tədris materialını yadda saxlamaq haqqında əyani təlim, həmçinin məktəbəqədər tərbiyə haqqında Uşinskinin fikirlərini şərh edir və belə qənaətə gəlir ki, böyük rus pedaqoqu təlim-tərbiyə sahəsində çox qiymətli və zəngin fikirlər irəli sürmüşdür (Seyidov, 1939).

Ə.Seyidov “Belinskinin pedaqoji görüşləri” adlı yazısında onu “Azərbaycan məktəbi” oxucularına rus pedaqoji fikrinin ən görkəmli nümayəndəsi, qabaqcıl rus-ictimai fikrinin mənəvi rəhbəri kimi tanıtmışdır. O yazırdı: “Belinski Rusiyada maarif sahəsində çalışan mütərəqqi qüvvələri gözəl anlayır və qiymətləndirirdi. Belinskinin pedaqoji nəzəriyyəsi XIX əsrin 40-60-cı illəri rus inqilabi-demokratik pedaqogikasının inkişafında xüsusi mərhələ təşkil edir. O, orijinal rus pedaqogikasının bünövrəsini qoymaqla bərabər dünya pedaqoji fikrinin ən yaxşı nümunələrinə də biganə qalmamışdır. Uşaq kitabları haqqında 60-a, dərs kitabları haqqında 50-yə qədər məqaləsi olan Belinskinin yazıları ilə, əsasən, “Shkola i jizn” jurnalı maraqlanırdı. Ona görə də oxucular onu pedaqoji işdə böyük, müvəffəqiyyət qazana bilmiş bir pedaqoq kimi dəyərləndirmişdir. Məqalədə göstərilir ki, Belinskinin həyatında pedaqoji yaradıcılıq kiçik bir hal olmamışdır. Belinskinin özü isə pedaqoji fəaliyyətini ümumxalq əhəmiyyəti olan bir iş kimi qiymətləndirmiş, dövrünün bir çox qabaqcıl adamları kimi pedaqogikaya böyük maraq göstərmişdir (Seyidov, 1948).

Ə.Seyidov onu da nəzərə çatdırırdı ki, Belinski yüksək mənada insan tərbiyəsi haqqında özünün əsas pedaqoji ideyasına əsaslanan əxlaq tərbiyəsinə xüsusi əhəmiyyət vermişdir. Burada Belinskinin ədəbiyyatda tez-tez səslənən bir məşhur ifadəsi də xatırlanmışdır: “Kim öz vətəninə mənsub deyilsə, o, bəşəriyyətə də mənsub deyildir”. Belinski əxlaq tərbiyəsində quru nəsihətlərin də əleyhinə olmuşdur. Bu cəhət M.F.Axundovun dediyi “nəsihətlər dövrü qurtarmışdır” sözləri ilə tam həmahəng idi. Məqalədə o da qeyd edilir ki, Belinski əqli təhsil haqqında da bir sıra qiymətli və orijinal fikirlər irəli sürmüşdür. Onun mütaliəyə dair fikirləri də müasirləri ilə səsləşirdi. O deyirdi ki, uşağın oxuduğu kitab onun səviyyəsinə uyğun olmalıdır, kitab uşağı həyata bağlamalıdır. Başqa millətlərin təsirində qalmamağı tövsiyə edirdi: “Biz öz mədəniyyətimizi unutmamalıyıq. Biz öz millətimizlə fəxr etməliyik” (Seyidov, 1948). O, Qərbi Avropa qaydalarının mexaniki olaraq Rusiyaya gətirilməsinin əleyhinə idi. Böyük pedaqoqun bu fikirləri C.Məmmədquluzadənin
ideyalarında da öz əksini tapmışdır.

Əhməd Seyidova görə, Belinskinin pedaqoji görüşlərinin xüsusiyyəti, onun bu sahədə sələflərinin pedaqoji görüşlərinə nisbətən daha
şüurlu və hərtərəfli olmasındadır. O, dövrünün bir çox qabaqcıl adamları kimi pedaqogikaya böyük maraq və diqqətlə yanaşmışdır. Belinski pedaqoji fəaliyyəti dərin mənalı, ümumxalq əhəmiyyəti olan bir iş kimi qiymətləndirmişdir. Bütün bunlar sonrakı mütərəqqi pedaqoji fikrin əsasını təşkil edirdi. Bu da təsadüfi deyildir. Məqalədə deyildiyi kimi, onun çoxlu müəllim dostları ilə yaxınlığı və yazışması, ömrünün xeyli hissəsinin müəllimlik mühitində keçməsi, pedaqoji işdə şəxsən iştirakı, dərin biliyi və hərtərəfli pedaqoji müşahidəsi bu böyük mütəfəkkirin pedaqoji görüşlərinin bir sistem halına düşməsinə yardım etmişdir. Onun həyatında pedaqoji yaradıcılıq təsadüfi, keçici bir hal olmamışdır (Seyidov, 1948).

XIX əsrin 50-60-cı illərində Rusiyada yaranan bir sıra pedaqoji dərnəklər və cəmiyyətlər pedaqoji fikrin formalaşmasına kömək edirdi.
O zaman nəşr olunan “Zhurnal dlya vospitaniya” (“Tərbiyə üçün jurnal”), “Russkiy pedagogicheskiy vestnik” (“Rus pedaqoji əxbarı”), “Yasnaya Polyana”, “Pedagogicheskiy sbornik” (“Pedaqoji məcmuə”) və s. də, həmçinin pedaqoji profilli olmayan “Sovremennik”, “Morskoy sbornik” jurnallarında da pedaqoji yönlü məqalələr dərc olunurdu. Bu hərəkatda böyük rus pedaqoqu K.D.Uşinski və böyük rus alimi, maarifpərvər pedaqoq N.İ Piroqov da fəal iştirak edirdilər. Böyük rus pedaqoqu N.A.Dobrolyubov da bu hadisələrin mərkəzində dayanan şəxsiyyətlərdən idi. O öz məqalələri ilə bütöv bir pedaqoji sistem yaratmışdır. Dobrolyubov maarifə dərindən bələd olduğundan kəskin məqalələrlə də çıxış edir, köhnə məktəbdə hökm sürən nüfuzlu, sözsüz itaəti kəskin tənqid edirdi. Onun fikrincə, bütün tərbiyə tədbirləri elə şəkildə olmalıdır ki, onlar uşağın öz şüurunda tam və aydın haqq qazana bilsin. O tələb edirdi ki, müəllimlər insan təbiətinə daha artıq ehtiram göstərsin, öz şagirdlərinin daxili insan hislərinə baxsın, onun inkişafı üçün çalışsınlar.

Bu məsələlərə geniş şərh verən Ə.Seyidovun “Azərbaycan məktəbi”ndə dərc olunan “Dobrolyubovun pedaqoji fikirləri” adlı məqaləsində də göstərilir ki, Dobrolyubov XIX əsrin birinci yarısında yaşamış alman pedaqoqu Herbartın uşağa təsir etmək üçün təklif etdiyi kobud üsulları qəti rədd edərək, həmin dövrdə yaşamış İsveçrə pedaqoqu demokrat Pestalotsi ilə razılaşır və uşaq təbiətinə məxsus xarakterin ancaq insana mənsub olduğunu müdafiə edir.

Professor Ə.Seyidovun Dobrolyubovun pedaqoji görüşlərinə dair bu məqaləsində Azərbaycan pedaqoji fikrinin inkişafına təsir edən məsələlərə də toxunulmuşdur. O, məqaləsini yekunlaşdırarkən bu qənaətə gəlirdi ki, pedaqogika tarixində Dobrolyubov böyük mövqe tutur. Onun pedaqoji irsi mütərəqqi rus pedaqogikasına qiymətli bir hədiyyədir. Müəllimlərimiz Dobrolyubovun pedaqoji irsini diqqətlə və dərindən öyrənməli və ondan yaradıcı surətdə istifadə etməlidirlər (Seyidov, 1954).

“Gertsenin pedaqoji görüşləri” məqaləsi böyük alimin zəngin pedaqoji irsinə həsr olunmuşdur. Məqalə müəllifi Ə.Seyidov təəssüflənir ki, inqilaba qədərki mətbuatda Gertsen haqqında ancaq iki məqalə dərc olunmuşdur. Gertsen tərbiyə məsələlərində Radişşevin müsbət ənənələrini davam etdirmiş, İngiltərə, Fransa, Almaniya və s. Qərbi Avropa ölkələrindəki tərbiyə sistemlərini tənqid etmişdir. O, Pestalotsinin və Russonun tərbiyə nəzəriyyəsi ilə də razılaşmır, Russonun “Azad və təbii tərbiyə” nəzəriyyəsini kəskin tənqid edirdi. Həyatdan uzaq, sxolastik xarakterli klassik təhsilin və dar ixtisas verən real təhsilin əleyhinə idi. O, “Gənclərdə müsahibənin təcrübələri”, “Uşaqlarla söhbət”, “Təbiyyatı öyrənmək haqqında söhbətlər” əsərlərində uşaqları təbiəti öyrənməyə çağırırdı. Onun fikrincə, uşaqlara hazır bilik vermək lazım deyildir. Onlarda tədqiqatçılıq qabiliyyəti inkişaf etdirilməli, elmi məsələlərə maraq oyadılmalıdır. “Olmuşlar və düşüncələr”, “Kimdir müqəssir” əsərlərində müəllimə böyük hörmətdən, şagird-müəllim münasibətlərindən bəhs edilir. Fiziki cəza əleyhinə olan Gertsen, eyni zamanda möhkəm intizam tərəfdarı idi. O, uşağa müstəqillik tərbiyə etməyin tərəfdarı olmuşdur (Seyidov, 1955).

“P.F.Lesqaftın pedaqoji görüşləri” adlı məqaləsində Lesqaft “rus pedaqoji elmində mütərəqqi demokratik istiqamət götürmüş şəxslərdən biri kimi” təqdim olunur və onun dünyagörüşünün N.Çernişevskinin, N.A.Dobrolyubovun və D.İ.Pisaryevin təsiri ilə formalaşdığını qeyd edir. Burda onun fiziki tərbiyəyə dair fikirləri təhlil olunur. O, Lesqaftı tanınmış rus alim və pedaqoqları sırasında görür.

Ə.Seyidov L.N.Tolstoyun pedaqoji görüşlərini də qələmə almış, onun bir sıra Fransa yazıçılarının və Pestalotsinin pedaqoji ideyalarına münasibət bildirdiyinə də toxunmuşdur. Tolstoya həsr etdiyi məqalədə o da nəzərə çatdırılır ki, hələ vaxtı ilə “Pestalotsi tərəfindən irəli sürülmüş əyanilik prinsipinin Qərbi Avropa məktəblərinin təcrübəsində eybəcər bir hal aldığını ilk dəfə Tolstoy göstərmişdir. Çünki o həm nəzəriyyəçi, həm də təcrübəçi idi. Bu məqalədə Ə.Seyidov Tolstoyun təlim nəzəriyyəsi və əlifba kitabları haqqında olan məsələlər üzərində xüsusi dayanmışdır.

“N.İ.Piroqovun həyatı və pedaqoji fəaliyyəti” adlı məqaləsində professor Ə.Seyidov görkəmli xalq maarifi xadimi və pedaqoqu kimi təqdim etdiyi Piroqovun pedaqoji görüşlərindən geniş bəhs edir, onun müəllimə yüksək qiymət verdiyini xatırladır və deyir ki, Piroqovun fikrincə, müəllim tədris etdiyi fənni mükəmməl bilməsi ilə kifayətlənməməli, onun tədris yollarını bilməli, həm də rəftarı, davranışı ilə, örnək şəxsiyyətlərlə uşaqlara təsir etməyə səy göstərməlidir. Məqalə müəllifi onu da qeyd edir ki, Piroqovun bəzən ardıcıl olmayaraq buraxdığı səhvlər Dobrolyubov tərəfindən tənqid edilmişdir. Onun Piroqovun əleyhinə olması ilə pedaqoqlar heç vəchlə razılaşmırdı. Müəllif fikrini belə qurtarır: “Piroqovun pedaqoji fəaliyyətinə yekun vuraraq deməliyik ki, onun bir sıra fikirlərində məhdudluğa baxmayaraq, o öz dövrü üçün pedaqoji sahədə az iş görməmişdir” (Seyidov, 1954).

Professor Əhməd Seyidovun “Azərbaycan məktəbi”nin əlavəsi olan “Politexnik təlim” məcmuəsində (1959, №1) dərc olunan “A.S.Makarenkonun iş praktikası və fəaliyyətində əmək tərbiyəsi” məqaləsi cəmiyyətin qabaqcıl nümayəndələrini düşündürən bir problemə – gənc nəslin əməyi və əmək tərbiyəsi məsələsinə həsr olunmuşdur (Seyidov, 1962).

Ə.Seyidovun “Azərbaycan məktəbi” ilə sıx əlaqədə olduğu illərdə Azərbaycan pedaqoji fikri özünün yeni inkişaf dövrünü yaşayırdı. Azərbaycan pedaqoqları həmişə qədrbilənliklə qeyd etmişlər ki, Azərbaycanda pedaqoji fikrin inkişafına klassik Şərq mənbələri ilə yanaşı, klassik Avropa və rus pedaqoji elminin də əhəmiyyətli təsiri olmuş, onun dünya pedaqoji fikrinə daxil olmasına yollar açmışdır.

Beləliklə, Azərbaycan pedaqoji fikrinin “akademiki və canlı ensiklopediyası” (N.K.Qonçarov), “milli pedaqoji fikrimizin bütöv bir mərhələsinin yaradıcısı” (F.Rüstəmov) olan professor Əhməd Seyidov “Azərbaycan məktəbi” jurnalının fundamental və mötəbər tədqiqatların mənbəyi və məxəzinə çevrilməsində pedaqoji maarifləndirmənin genişlənməsində əvəzsiz rol oynamışdır. Ümumiyyətlə, “Azərbaycan məktəbi” Ə.Seyidovun elmi-pedaqoji fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. O, yaradıcı, yenilikçi bir alim kimi pedaqogika elminin inkişaf etdirilməsi üçün səylə çalışır, pedaqoji fikrin inkişafını diqqətlə izləyir, elmin bu sahəsində aparılan axtarışlara böyük əhəmiyyət verirdi. 

Göründüyü kimi, professor Ə.Seyidovun dünya klassik pedaqogikasının nümayəndələrinin pedaqoji görüşlərinin tədqiqi elmi-pedaqoji fikrimizdə əhəmiyyətli yer tutur. Azərbaycan oxucuları C.Lokk, J.J.Russo, H.Pestalotsi, İ.Herbart, həmçinin V.T.Velissin, A.İ.Gertsen, N.Q.Çerışvan, N.A.Dobrolyubov, rus pedaqoji elminin banisi K.D.Uşinskinin, həmçinin L.N.Tolstoy, P.F.Lesqaft, N.İ.Piroqov və başqalarının şəxsiyyəti haqqında məlumatlarla ilk dəfə Ə.Seyidovun tədqiqatları nəticəsində tanış olmuşlar. Rus oxucuları da M.Füzulinin, M.F.Axundovun, H.Zərdabinin, F.Köçərlinin pedaqoji görüşlərinə aid məlumatlarla tanışlığı da ilk dəfə onun “Sovetskaya pedagogika”da çap olunan məqalələri vasitəsilə olmuşdur. O bu məqalələri ilə dağınıq pedaqoji ideyaları sistemə salmış, pedaqogika elmini zənginləşdirmişdir. “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” üzrə sistemli xüsusi kurs da Ə.Seyidovun tədqiqatları əsasında hazlırlanmışdır.

Beləliklə, Azərbaycan maarifpərvərlərinin milli tərəqqi ideyalarından qaynaqlanan Azərbaycan pedaqoji fikrinin görkəmli tədqiqatçısı Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin formalaşmasında müstəsna rol oynamış, öz dəyərli məqalələri ilə “Azərbaycan məktəbi” jurnalına nüfuz qazandırmışdır. Əhməd Seyidovun Azərbaycan müəllimlərnin VI qurultayındakı sözləri onun simasını bir daha müəyyən edir: “Klassik pedaqoqların gözəl simaları, onların yazıb-yaratdıqları bizim üçün örnək olmuşdur. Ona görə də biz müəllimlərimizi klassik pedaqogika ilə tanış etməliyik” (Məruzələr ətrafında qurultay nümayəndələrinin çıxışlarından, 1946).

İstifadə edilmiş ədəbiyyat

1 Ağayev, Ə., Sadıqov, F. (1990). Pedaqogika: problemlər və mülahizələr. Azərbaycan məktəbi, №8.
2 Əhmədov, H. (1988). Pedaqogika elminin görkəmli tədqiqatçısı. Azərbaycan məktəbi, № 1.
3 Mehdizadə, M. (1958). Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, s.329.
4 Məruzələr ətrafında qurultay nümayəndələrinin çıxışlarından (1946). Azərbaycan məktəbi, № 6, s.28.
5 Rüstəmov, F. (1998). Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1920-1991). Bakı Universiteti nəşriyyatı, 486 s.
6 Rüstəmov, F. (2010). Pedaqoji oçerklər: sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 344 s.
7 Rüstəmov, F. (2016). Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 888 s.
8 Seyidov, Ə. (1939). Uşinskinin pedaqoji görüşləri. Müəllimə kömək, №7-8, s.17-28.
9 Seyidov, Ə. (1948). Uşinskinin didaktik görüşləri haqqında. Azərbaycan məktəbi, №3.
10 Seyidov, Ə. (1948). Belinskinin pedaqoji görüşləri. Azərbaycan məktəbi, №2.
11 Seyidov, Ə. (1948). Bakıxanovun təlim-tərbiyə görüşləri. Azərbaycan məktəbi, № 3, s.33-41.
12 Seyidov, Ə. (1954). Dobrolyubovun pedaqoji fikirləri haqqında. Azərbaycan məktəbi, № 1, s.32-40.
13 Seyidov, Ə. (1954). N.İ.Piroqovun həyatı və pedaqoji fəaliyyəti. Azərbaycan məktəbi, №5.
14 Seyidov, Ə. (1955). Gertsenin pedaqoji fikirləri. Azərbaycan məktəbi, № 7.
15 Seyidov, Ə. (1958). Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən. Bakı: Maarif, s.304.
16 Seyidov, Ə. (1958). C.Məmmədquluzadənin pedaqoji görüşləri. Azərbaycan məktəbi, № 10, s.46.
17 Seyidov, Ə. (1962). A.S.Makarenkonun iş praktikası və fəaliyyətində əmək tərbiyəsi. Əmək və politexnik təlim məcmuəsi.
18 Seyidov, Ə. (1962). M.F.Axundovun pedaqoji görüşləri. Azərbaycan məktəbi, № 10, s.16
19 Seyidov, Ə. (1962). M.Ə.Sabirin təlim-tərbiyə haqqındakı fikirləri. Azərbaycan məktəbi, № 5, s.41-49.
20 Seyidov, Ə. (1967). Həsən bəy Zərdabinin maarifçilik-pedaqoji fəaliyyəti. Azərbaycan məktəbi, № 12, s.39
21 Seyidov, Ə. (1968). Pedaqogika tarixi. Bakı: Maarif, s.420.
22 Seyidov, Ə. (1976). Firidun bəy Köçərlinin pedaqoji görüşləri. Azərbaycan məktəbi, № 1, s.65.