“Rəqəmsal” qadınlar daha çox olmalıdır




Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan qadınlarının elm və texnoloji inkişafdakı yeri, onların İKT savadlılığının artırılması, bu sahədə gender bərabərliyinin qorunması üçün görülən işlər haqqında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbəri İnara Vəliyeva ilə söhbəti təqdim edirik.

 

  • Son illər təbiət və texnoloji elmlərin sürətli inkişafını müşahidə edirik. Rəhbərlik etdiyiniz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyət subyektlərinə İT, İKT, STEAM kimi sahələr də daxildir.  Sizin fikrinizcə, bu gün Azərbaycan qadınları bu seqmentdə hansı yeri tuturlar?

 

  • Müasir dövrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş imkanlar var. Təsadüfi deyil ki, bütün ölkələr bu istiqamətdə təşəbbüslər irəli sürür, proqramlar, strategiyalar qəbul edir və həyata keçirirlər.  Dünyanın hər yerində bu layihə və proqramlarda gender bərabərliyinin təmin olunması əsas şərtlərdən biridir. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Ölkənin İT sektorunda qadınların əhəmiyyətli rolu var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2022-ci ildə  ildə informasiya və rabitə sahəsində çalışan qadın əməkdaşların sayı 9 minə çatıb.  İldən-ilə texnologiyalardan istifadə edən qadınların sayı artır.  Məsələn, ölkədə internet istifadəçilərinin 47 faizi qadınlardır. Sosial şəbəkələrə gəlincə isə - “Facebook”da  istifadəçilərin 34, “Instagram”-da isə 36 faizini qadınlar təşkil edir.  Bizim üçün əsas prioritet ölkədə İKT sahəsində mütəxəssislərin sayının artmasıdır.  Dünya praktikasında belə bir tendensiya var ki, İKT sektoru inkişaf etmiş ölkələrin əmək qabiliyyətli əhalisinin ən azı 3 faizi bu sahədə çalışır. Daha uğurlu olması üçün bu göstərici 6 faizi aşmalıdır. Azərbaycanda bu göstərici 1 faizdən azdır. Ona görə də əsas hədəfimiz bu sahədə mütəxəssis hazırlığını artırmaqdır.

 

  • Bunun üçün İRİA hansı işləri görür?

 

  • Ötən ildən “Technest” Təqaüd Proqramına başlamışıq. Agentlik olaraq təhsil prosesinə müdaxilə etmədən təhsil mərkəzləri ilə əməkdaşlıq edirik. Ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı üçün kvota ayrılır. Müraciət edən müxtəlif yaş kateqoriyasından olan vətəndaşlar təhsil xərclərinin 70-100 faizi həcmində təqaüd qazanırlar. Ötən il 618 nəfərə təqaüd ayrılmışdı. Bu təhsil ilində layihədə 3000 nəfərin iştirakı nəzərdə tutulub. Biz keyfiyyətli və qısa müddətdə nəticə verən kurslara fokuslanmışıq. Bu kurslar 3-12 ay çəkir. Bu müddətdən sonra həmin insanlar əmək bazarına mütəxəssis kimi daxil olur. Burada təkcə İT təhsili nəzərdə tutulmur. Həmin insanların həm də “soft skill” ləri inkişaf etdirilir, müxtəlif tədbir və təlimlərə qatılmalarına şərait yaradılır. Əməkdaşlıq etdiyimiz tədris mərkəzləri qarşısında bir şərtimiz də var ki, kursu bitirən məzunlar 6 ay ərzində işlə təmin olunmalıdırlar.  Onlar həm yerli, həm də xaricdəki şirkətlərlə uzaqdan çalışa bilərlər. Bizim də məqsədimiz odur ki, böyük şirkətlərdə iş təcrübəsi toplayan məzunlar müəyyən mərhələdə öz startaplarını yaradıb sahibkarlıqla məşğul olsunlar. Onu da deyim ki, builki təlimlərə qatılacaq 3000 nəfərin 600-ə yaxını regionlarda yaşayan vətəndaşlar olacaq.

 

  • Bu proqrama insanlar hansı qaydada müraciət edə bilərlər?

 

 

  • Proqram başlayanda agentliyin saytında və sosial media hesablarında elanlar paylaşılır. Maraqlananlar müraciət etdikdən sonra aktiv olan kurslara qoşula bilərlər. İmtahan və müsahibənin nəticələrinə görə təqaüdlər ayrılır.

 

  • Bəs qadınlarn burada çəkisi nə qədərdir?

 

 

  • Ötən ilki proqramda 618 nəfərdən 43 fazi qadınlar idi. Bu ilin məlumatlarının təhlili başa çatmadığından hələ ki dəqiq rəqəm söyləmək mümkün deyil. Təkcə onu deyim ki, regionlarda qadınlar arasında aktivlik çox aşağıdır. Ötən il Quba və Lənkəranda hər birində 20 nəfər olmaqla iki qrupun İT sahəsində tədrisini dəstəklədik.  “Rəqəmsal Azərbaycan” adlı yeni bir layihəyə başlamışıq. Ölkənin 60 şəhər və rayonunda görüşlər keçiririk. Məqsəd odur ki, region sakinlərini “Technest”-in yaratdığı imkanlar ilə tanış edək. Onlara ixtisas seçimi, İKT, gələcəyin peşələri haqqında danışılır, tövsiyələr verilir. Bu layihələrdə Elm və Təhsil Nazirliyi,  Gənclər və İdman Nazirliyi,  Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edirik.    

Ölkədə xüsusi olaraq qadınlar üçün nəzərdə tutulan platformalar var. Bunlara misal olaraq, qadınların təşəbbüsü ilə yaradılan “Girls Code” platformasını göstərmək olar. Bu platforma Azərbaycanda qadınların İT sektorunda fəal iştirakını, onların uğurlu karyera qurmasını, İT sektorunda olan gender bərabərsizliyinin azaldılmasını qarşısına məqsəd qoyub. Hazırda mindən çox xanım platformaya üzv olub.

 

Agentlik olaraq əsas məqsədimiz bütövlükdə rəqəmsal mühitin daxili inkişafına şərait yaratmaqdır. Bu istiqamətdə hər bir layihənin gender əsaslı inkişaf xətti müəyyənləşib.

YUNESKO-nun dəstəyi ilə Azərbaycanda “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Rəqəmsal qızlar (“Digital Girls”) – Milli təlim proqramı” adlı layihə həyata keçirilib. Layihənin məqsədi genderarası rəqəmsal fərqliliyin azaldılması, qadınların rəqəmsal bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməsidir.

Layihə çərçivəsində 560 şagird və gənc qıza rəqəmsal biliklər üzrə təlimlərdə kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib.

“Tech Women Ambassadors” proqramı, “Tekwill” və “Tech Women Community” layihələri İT mütəxəssisləri arasında məlumat, motivasiya və təcrübə ötürülməsini artırmaq, asanlaşdırmaq, eyni zamanda bu sənayedə karyera qurmaq istəyən qadın və qızların istəklərinə təkan vermək və onları təşviq etmək üçün hazırlanıb.

 

  • Sizcə, qadınların təbiət elmləri sahələrində nisbətən az iştirakının hazırkı səbəbləri nələrdir?

 

  • Ölkənin 2022-ci il statistik göstəricilərinə əsasən, texniki elmlər üzrə tədqiqatçıların 15,1 faizi, ümumilikə tədqiqatçıların 8373 nəfəri qadınlardır. Onlardan 7 akademik, 9 müxbir üzv adına sahibdir. Ötən illərlə müqayisədə bu ciddi artımdır. Ətraf amillərin təsirindən danışarkən onu deyə bilərəm ki, Azərbaycanda uduzmaq və ya məğlub olmaq qəbul edilmir. İnsanların bununla bağlı çox böyük qorxuları var. Hətta bir məzunun ali məktəbə qəbul olunmaması belə az qala faciə kimi qiymətləndirilir. Uğurlu startaplar da o mühitdə inkişaf edir ki, orada məğlubiyyət qorxusu yoxdur. Çünki startaplarıın 90 faizi məğlubiyyətdən keçərək inkişaf edir. Biz də uşaqlarımıza məğlubiyyətdən qorxmamağı öyrətməliyik. “Məğlub olmaq” o demək deyil ki, hər dəfə eyni səhvi təkrarlayasan. Əsas səhvlərdən nəticə çıxarmaqdır.

 

 

  • Keçmiş sovet respublikalarından Ukraynanın, Estoniyanın, hətta Ermənistanın belə dünyaya çıxmış məşhur startapları var. Azərbaycanın dünya bazarına uğurlu bir startap çıxacağı gün nə qədər yaxındır?

 

  • Obyektiv olsaq, deməliyəm ki, indiyə qədər buna diqqət yetirilməyib. Ayrı-ayrı şəxslər bununla məşğul olublar, amma böyük nəticələr əldə olunmayıb. Ekosistem iştirakçılarından soruşsanız, onlar da təsdiqləyər ki, 2021-ci il Azərbaycan üçün böyük dəyişikliklər ili olub. Həm yeni akselerator, inkubatorlar, həm də Vençur Kapital Fondu yaradıldı. Biz ekosistemi inkişaf etdirənlərə maliyyə yardımı göstərməyə başladıq. Bizim fikrimizcə, yaxın 2-3 ildə böyük nəticələr əldə edəcəyik. Təbii ki, bunun üçün çoxlu İT mütəxəsissləri, menecerlər, maliyyə əlçatanlığı, komanda olmalıdır.  Startap xarici bazara fokuslanmalıdır. Yalnız daxili bazara fokuslanan startap uğurlu ola bilməz. İstənilən ideya regional və ya qlobal ölçüdə planlanlamalıdır. Xaricdə çalışan həmvətənlərimizlə əlaqə qurmağa çalışırıq. Qlobal bazarda uğurlu olmaq çətindir. Bu yolda onların dəstəyinə ehtiyacımız var.

 

  • “Z” adlandırılan yeni nəsil hər sahədə öz sözünü deməyə başlayır. Köhnə stereotiplərdən uzaq, bəşəri dəyərləri mənimsəmiş, özünü dünya vətəndaşı sayan bir nəsil yetişib. Sizcə Azərbaycanda bu nəslə rol model olacaq kimlər var?

 

  • Yeni nəsil həmişə fərqlənməyə can atır. Bu mövzuda innovativ ideyalar sağlam rəqabətə də səbəb olur. Azərbaycanda da belə gənc qızlar az deyil. Kodlaşdırma, proqramlaşdırma, yerli video oyun sənayesində öz sözünü demiş, hətta haqqında Avropada danışılan gənclərimiz var. Bizim bütün səylərimiz onların sayını artırmağa yönəlib.

 

  • Dünya kiçildikcə miqrasiya sürətlənir. Beyin axınının qarşısını almaq üçün hansı təklifləriniz var? Ya da xaricdə təhsil alan gənclərin ölkəyə qayıtması üçün onlara nə təkif olunur?

 

  • İnsanlar fərdi inkişafı səbəbindən xaricə üz tutaraq həm yenilik əldə edir, həm də əqli mülkiyyət hüququndan istifadə edir. Ölkəmizin innovasiya ekosisteminin və İKT sahəsində inkişafın daha da stimullaşdırılması məqsədilə İRİA tərəfindən 2022-ci ilin aprelindən başlayaraq xarici şirkətlərin ölkəmizdə yerləşdirilmə proqramına start verilib. Burada əsas məqsəd aşağıdakılardır:

 

  • Azərbaycanı innovativ şirkətlər və startaplar üçün relokasiya məntəqəsi kimi təqdim etmək və regionun nəhəng texnoloji sahibkarlıq meydanına çevirmək;

 

  • Xarici texnoloji şirkətləri ölkəmizə gətirərək, yerli innovativ mühiti dayanaqlı və sağlam rəqəbətə malik məkana çevirmək;

 

  • ÜDM-də İKT-nin payının artması və billiklərin səviyyəsinin qaldırılması.

 

Xaricdəki tələbələrlə bağlı deyə bilərəm ki, onlar buradakı təcrübə proqramlarına qoşula bilərlər. Burada daxili əmək bazarında rəqabət az olduğu üçün onların dəyəri daha yüksəkdir. Ölkədə rəqəmsallaşmaya diqqət artdığı üçün xaricdən mütəxəssislər cəlb olunur. Gözləntilər çox yüksəkdir. Rəqəmsal hökumətin ətrfaında o qədər layihələr var ki, o gənclər bu böyük layihələrin bir hissəsi ola bilərlər. Burada daha yüksək maaş, vergi güzəştləri və münbit şərait, maraqlı layihələrə cəlb olunma imkanları var.

 

Zemfira Məmmədqızı