TƏBİƏT HƏMİŞƏ DİALOQA HAZIRDIR
Ətraf mühitin sağlamlığımıza təsiri haqqında çoxsaylı araşdırmalar var.
Nəfəs aldığımız hava, içdiyimiz su və yaşadığımız mühitin övladlarımızın sağlığına və bütövlükdə həyatımıza təsir ilə bağlı “Azərbaycan məktəbi”ndə dəfələrlə yazmışıq. Budəfəki məqalə isə təbiətin sağlığımıza birbaşa təsirini araşdıran son elmi tədqiqatların əsasında hazırlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, qlobal xəstəliklərin 24 faizi, ölüm hallarının isə 23 faizi ətraf mühit amilləri ilə bağlıdır. Planet üzrə ildə 12,6 milyon ölüm faktı var. Hər bir zonanın şəraiti (sanitariya, sənaye, iqtisadi, sosial və s.), insanların yaşadığı mühit əhaliyə fərqli təsir göstərir. ÜST hesab edir ki, Avropada hər il 1,4 milyon ölüm məhz ətraf mühitin təsirilə bağlıdır.
Qurum ətraf mühitin sağlamlığımıza təsirilə bağlı aşağıdakı risk amillərini müəyyən edir:
- Qapalı və açıq havanın çirklənməsi;
- Zəif su, kanalizasiya və gigiyena sistemi;
- Kimyəvi və bioloji səbəblər;
- Ultrabənövşəyi və ionlaşdırıcı şüalar;
- Ətrafdakı səs-küy;
- Kənd təsərrüfatında pestisidlərin və çirkab suların təkrar istifadəsi.
Qapalı və ya açıq havanın çirklənməsi tənəffüs xəstəlikləri - astma və allergiyaya, ağır metal, pestisid, dioksin kimi maddələr nevroloji inkişaf pozğunluqlarına səbəb olur.
Ultrabənövşəyi radiasiya immunitet reaksiyasının qarşısını almaqla dəri xərçənginə imkan yaradır.
2023-cü ildə İspaniya Təhsil Nazirliyinin apardığı tədqiqatlar göstərir ki, təhsil müəssisələrinin yaxınlığında yüksək və ya daimi səs-küy şagirdlərin öyrənməsinə mənfi təsir göstərir. Başqa bir problem isə məktəblərin çirklənmiş havası olan ərazilərdə yerləşməsidir. Bu - baş ağrısı; ürəkbulanma; zəiflik hissi; öyrənmə qabiliyyətinin azalması ilə nəticələnir.
Uşaqlar arasında oturaq həyat tərzinin artması vəziyyəti daha da ağırlaşdırır. Artıq 2010-cu ildə telefon və planşetlərdən istifadənin orta gündəlik müddəti 8 yaşa qədər uşaqlar üçün 1 saat 55, 8-18 yaşlı uşaqlar üçün isə 7 saat 38 dəqiqəyə çatıb. 2018-ci ildə böyüklərin ekran qarşısında keçirdiyi vaxt orta hesabla gündə 11 saata yaxın olub.
Alimlərin fikrincə, uşaqlar açıq havada oynamağa, böyüklər isə ova və balıq tutmağa, çadırla meşələrə və ya dağlara çıxmağa, hətta yaxınlıqdakı park ərazilərinə getməyə daha az meyilli olublar.
Halbuki ətraf mühitin insanların sağlamlığına təsirinin müsbət tərəfləri çoxdur:
Ümumi ölüm sayını azaldır, xoşbəxtlik hormonuna, yetkinlik yaşına çatmayanların psixi və emosional sağlamlığına təsir göstərir, ünsiyyətcilliyi artırır.
Təbiət həm də aqressiv davranışı, hiperaktivliyi, stressi azaldır, depressiyanı yüngülləşdirir, diqqəti gücləndirir, yuxunun keyfiyyətini yüksəldir.
Təmiz havası olan ərazilərdə yaşayanlar arasında ürək-damar xəstəlikləri riski azalır, motor və koqnitiv neyroinkişaf güclənir. Təbiət təhsilalanların göstəricilərinə təsir etməklə yanaşı, onlarda artıq çəki, piylənmə, diabet riskini də aşağı salır.
“Environmental Health Perspectives” jurnalındakı məqalədə göstərilir ki,
xəstəxananın pəncərəsindən ağaclara baxmaq belə xəstələrin sağalmasını sürətləndirir.
Təbiət təkcə bizim əhvalımıza deyil, həm də ətrafımızdakı dünyanı necə qəbul etdiyimizə təsir edir. 2003-cü ildən bəri aparılan araşdırmalar təbiətdəki səslərin və səssizliyin insan orqanizminə faydasını təsdiqləyib - "Quşlar oxuyursa, biz daxilən hiss edirik ki, dünyada hər şey qaydasındadır".
Kolumbiyalı və meksikalı alimlər düşünürlər ki, təbiətlə müxtəlif təmas formaları, məsələn, bağçılıq, heyvanlarla birgə yaşamaq, çəmənlərdə gəzmək və s. depressiyanın bəzi əlamətlərini aradan qaldırmaqla yanaşı, özünə inamı artırır, sosial əlaqələri möhkəmləndirir.
XXI əsrdə insanlar anlayıblar ki, yun xalça nə qədər bahalı olsa da, uşaqların qaçışı üçün yaşıl ot və ya kiçik çınqıllar əvəzedilməzdir. Axı biz təkcə gözümüzlə, ürəyimizlə deyil, ayaqlarımızla da hiss edirik. İndi dünyada insanları ayaqyalın gəzməyə həvəsləndirən layihələr getdikcə çoxalır. Artıq bütün ölkələrdə sağlamlıq üçün təbiətə böyük ehtiyac olduğunu anlayan şüurlu insanların sayı artır.
Təbiətlə təmasın faydalarını dəstəkləyən elmi sübutlar getdikcə çoxalır. “Environmental Health Perspectives” elmi jurnalındakı məqalədə ətraf mühitin uşaqlar üçün ən ciddi sağlamlıq problemlərindən biri olduğu vurğulanır.
İspaniya Pediatriya Assosiasiyası tərəfindən nəşr olunan Anales de Pediatría elmi jurnalında dərc olunan (Asociación Española de Pediatría, 2023) hesabatda deyilir ki, “Lazım olan hədəfə çatmaq üçün bizə ən azı 3-30-300 nisbətində sağlam şəhərlər lazımdır (pəncərədən 3 ağac görmək, ərazidə 30 faiz yaşıllığın olması, ağacların evdən 300 m-dən uzaqda olmaması). Buna nə qədər tez başlansa, faydası bir o qədər çox olar”.
Alimlər bu məsələdə yekdildir - təbiət sağlamlığımızı gücləndirir və özümüzü daha yaxşı hiss etməyimizə yardım edir. Ancaq hər bir yetkin insan həyatını və prioritetlərini özü müəyyənləşdirir. Özünüzün və övladlarınızın qayğısına qalmaq qərarına gəlsəniz, təbiət həmişə dialoqa hazırdır.