YENİYETMƏLƏRDƏ OXUYUB-ANLAMA BACARIQLARI VƏ PSİXOLOJİ PROSESLƏR ARASINDA ƏLAQƏ
Məktəbli həyatı bir neçə mühüm yaş dövrünə təsadüf edir ki, ən böhranlı hesab olunan onun yeniyetməlik dövrüdür. Yeniyetmələr məktəb yaşı dövründə bir sıra problemlərlə qarşılaşır. Onların təlim nailiyyətinə emosional keyfiyyətləri təsir göstərir. Məlumdur ki, fikirlər və emosiyaların birlikdə fəaliyyəti insan psixologiyasında müxtəlifliklər yaradır. İnsan davranışı emosiyalardan kənarda hərəkət etmir. Effektiv həyatın şərtləri psixoloji komponentlərdən asılıdır. Psixologiyada məntiqi və emosional zəka olmaqla iki əsas komponentin xüsusiyyətləri diqqəti cəlb edir. Məntiqi təfəkkür əhəmiyyətlidir, belə ki, qərarvermə prosesi bu təfəkkür vasitəsi ilə həyata keçirilir. Lakin insan davranışında önəmli yerə sahib olan digər faktor da emosional zəkadır. Effektiv davranışın mexanizmləri bu iki tip təfəkkür xüsusiyyətindən təşkil olunub. Məktəblər uşaqların psixoloji inkişafı baxımından aktiv rol oynayır. Məqalədə emosional və məntiqi təfəkkür göstəricilərinin əhəmiyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin iki məktəbinin 8-ci sinif şagirdləri arasında aparılmış tədqiqatdan bəhs olunur. Tədqiqat materialları içərisində 2 tip tapşırıq yer alır. Onlardan biri verbal məntiqi təfəkkürü yoxlamağa imkan verən və yeniyetmələrdə oxuyubanlama bacarıqlarını müəyyənləşdirən tapşırıqlardır. Digər tapşırıq tədqiqatın psixoloji hissəsini təşkil edir. Burada yeniyetmələrə psixoloji vəziyyəti yoxlamaq məqsədilə 40 sual təqdim olunub. Yeniyetmələrə hər vəziyyət üçün “doğrudur”, “doğru deyil”, “qismən doğrudur” cavablarından birini seçmək imkanı verilib. Tədqiqatın sonunda maraqlı nəticələr əldə olunub.
GİRİŞ
İnsan həyatını məntiqi və emosional xüsusiyyətlərsiz təsəvvür etmək mümkün deyil. O, bütün əməliyyatları bu iki keyfiyyətin iştirakı ilə həyata keçirir. İstənilən prosesin baş verməsi emosional və məntiqi əməliyyatların qarşılıqlı iştirakı nəticəsində olur. İnsan davranışı özünə və ətrafa münasibəti haqqında informasiya daşıyıcısıdır (EİİM UNİVERSİTY General psychology, Principles of learning page: 49). Ətrafa göstərilən hər reaksiya insan təbiəti haqqında məlumat ötürür. İnsan həyatının ən əhəmiyyətli dövrü onun məktəb illərinə təsadüf edir. Bu illərdə baş verən psixi-emosional inkişaf sosial münasibətləri ilə yanaşı təlim münasibətlərini də təsiri altına alır. Özünə və ətrafa münasibətini inkişaf etdirən məktəbli təlim nailiyyətlərinin vəziyyətini də müəyyənləşdirir.1 Təlim nailiyyəti dedikdə, şagirdin təlim münasibətlərindəki rolu və gəldiyi nəticə başa düşülür. Riyazi, təbiət və humanitar fənlərin bir-birini izləməsi ilə həyata keçirilən təlim prosesində istiqamətlərin fərqli olmasına baxmayaraq, oxuyub-anlama bacarığı olduqca əhəmiyyətli hesab edilir. Yəni oxuyub-anlama bacarığının inkişafı tək humanitar istiqamətli sahələrin deyil, digər fənlərin inkişafı üçün də önəmlidir. Oxuyub-anlama bacarığının inkişafı istiqamətində əhəmiyyətli beynəlxalq layihələr işlənməkdədir. Bunlardan biri də oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-dir (Progress in International Reading Literacy Study). PIRLS Beynəlxalq qiymətləndirməsi 2001-ci ildən başlayaraq hər 5 ildən bir keçirilməkdədir.2 Oxuyub-anlama bacarığını qiymətləndirməyə istiqamətlənən tapşırıqlar, eyni zamanda şagirdlərin sosial bacarıqlarının da öyrənilməsində istifadə oluna bilər. Dördüncü siniflər arasında keçirilən beynəlxalq qiymətləndirmədə Azərbaycan da iştirak edir. Ölkəmiz bu layihəyə ilk dəfə 2011-ci ildə qoşulub.3
İştirakçılar:
Bakı şəhəri Binəqədi rayonu 297 nömrəli və 157 nömrəli tam orta məktəblərin 8-ci sinif şagirdlərinin iştirakı ilə aparılan tədqiqat google forms platforması4 vasitəsi ilə oxuyub-anlama bacarıqlarını qiymətləndirməyə xidmət edən mətn və tapşırıqlardan (Əlavə 1), habelə psixoloji vəziyyətin qiymətləndirilməsi istiqamətində 40 sualdan ibarət Ayzenq sorğusundan ibarətdir (Əlavə 2). Tədqiqatda 161 nəfər 8-ci sinif şagirdi iştirak edirdi. 82 nəfər (41 oğlan, 41 qız) 297 nömrəli tam orta məktəbin, 79 nəfər isə (34 oğlan, 45 qız) 157 nömrəli tam orta məktəbin şagirdləridir (Cədvəl 1). Tədqiqat suallarının hesablanması, nəticələrin çıxarılması SPSS Statistics proqramı5 vasitəsi ilə aparılıb.
Cədvəl 1 İştirakçılar
Oxuyub-anlamaq bacarığı istiqamətində mətn əsasında şagirdlərə 10 sual təqdim olunub. Hər sual 1 balla qiymətləndirilib (Cədvəl 2).
Cədvəl 2 Oxuyub-anlama bacarığı
Şagirdlər bu tapşırığı cavablandırarkən 0 baldan (heç bir suala düzgün cavab verməyərək) 10 bala qədər qiymətlər ala bilərdilər. Yuxarıdakı cədvəldə məktəblər üzrə cavablandırılan doğru cavabların sayı qeyd olunub.
Tədqiqatın 2-ci hissəsini təşkil edən Ayzenq sorğusu 40 sualdan ibarətdir. Bu tapşırığın hər 10 sualı bir psixoloji bölməni əhatə etməklə 4 emosional sahəni araşdırmağa xidmət edir.
Belə ki, ilk 10 suala göstərilən münasibət təlaş vəziyyətini, 11-20-ci suallara verilən cavab frustrasiyanı6, 21-30-cu suallar aqressivliyi, 31-40-cı suallar isə rigidlik7 dərəcəsini müəyyənləşdirməyə xidmət edir.
Cədvəl 3 Oxuyub-anlama göstəriciləri ilə təlaş vəziyyəti arasında əlaqə
SPSS Statistics proqramı vasitəsi ilə şagirdlərdə oxuyub-anlama və psixi vəziyyətin qiymətləndirilməsi sorğusu8 arasında əlaqə
parametrik olmayan Kruskal-Vallis H testi9 ilə yoxlanılıb. Alınan nəticəyə görə, emosional vəziyyətin qiymətləndirilməsində istifadə olunan keyfiyyətlərlə oxuyub-anlama bacarığı arasında əlaqə olması aşkarlanıb (Cədvəl 3-6).
Cədvəl 4 Oxuyub-anlama göstəriciləri ilə frustrasiya vəziyyəti arasında əlaqə
Cədvəl 3 və 4-də göstərildiyi kimi, Kruskal Vallis testinin nəticəsi P<0.05-ə uyğun gəldiyinə görə10 təlaş və frustrasiya münasibətləri baxımından şagirdlərin oxuyub-anlama göstəricilərində fərq var.
Cədvəl 5 Oxuyub-anlama göstəriciləri ilə aqressivlik arasında əlaqə
Aqressivlik və rigidlik göstəricilərində isə bu belə dəyişmir. Onların oxuyub-anlama göstəriciləri ilə təlaş və frustrasiya vəziyyəti
arasında əlaqə var.
Cədvəl 6 Oxuyub-anlama göstəriciləri ilə rigidlik arasında əlaqə
Şagirdlərin oxuyub-anlama nəticələri ilə psixi vəziyyətin qiymətləndirilməsi üçün istifadə olunan 40 sual arasında önəmli əlaqələri nəzərdən keçirək.
Cədvəl 7 Sorğuda iştirak edən şagirdlərin oxuyub-anlama nəticələri ilə “Özümü arxayın, əmin hiss etmirəm” vəziyyətinə verdikləri cavablar arasında əlaqə
Cədvəl 7-də şagirdlərin oxuyub-anlama üzrə göstəriciləri ilə “Özümü arxayın, əmin hiss etmirəm” vəziyyətinə verdikləri cavab qeyd olunub. Bu vəziyyət özünəinam hissini müəyyənləşdirməyə xidmət edir. Burada diqqət edilməli olan versiyalar “heç uyğun deyil” versiyası ilə “uyğundur” versiyasıdır. Belə ki, “heç uyğun deyil” versiyasını seçənlərin özünəinam hissi “uyğundur” versiyası seçənlərin özünəinam hissindən yüksəkdir. Cədvəldə iki versiya üzrə oxuyub-anlama tapşırığı arasında əlaqəni nəzərdən keçirdikdə görünür ki, “heç uyğun deyil” versiyasında oxuyub-anlama tapşırığı üzrə zəif nəticə göstərən şagirdlərin sayı, “uyğundur” versiyasında oxuyub-anlama tapşırığı üzrə zəif nəticə göstərən şagirdlərin sayından aşağıdır. Eyni zamanda “heç uyğun deyil” versiyasına oxuyub-anlama tapşırığında yüksək nəticə göstərənlər “uyğundur” versiyasında oxuyub-anlama tapşırığında yüksək nəticə göstərənlərin sayından çoxdur.
Cədvəl 8 Sorğuda iştirak edən şagirdlərin oxuyub-anlama nəticələri ilə “Ümidsizliyə asanlıqla qapılıram” vəziyyətinə verdikləri cavablar arasında əlaqə
Cədvəl 8-də şagirdlərin oxuyub-anlama üzrə göstəriciləri ilə “Ümidsizliyə asanlıqla qapılıram” vəziyyətinə verdikləri cavab qeyd olunub. Göründüyü kimi, “heç uyğun deyil” cavabı seçənlərin oxuyub-anlama üzrə göstəriciləri digər versiyalarla müqayisədə yüksəkdir.
Cədvəl 9 Sorğuda iştirak edən şagirdlərin oxuyub-anlama nəticələri ilə “İnsanlarla asanlıqla yaxınlıq qura bilirəm” vəziyyətinə verdikləri cavablar arasında əlaqə
Cədvəl 9-da şagirdlərin oxuyub-anlama üzrə göstəriciləri ilə “İnsanlarla asanlıqla yaxınlıq qura bilirəm” vəziyyətinə verdikləri cavab qeyd olunub. Göründüyü kimi, “uyğundur” cavabı seçənlərin oxuyub-anlama üzrə göstəriciləri digər versiyalarla müqayisədə yüksəkdir.
Burada daha bir maraqlı məqam diqqəti cəlb etməkdədir. Belə ki, bu vəziyyətə heç uyğun deyil” cavabı verənlərin oxuyub-anlama tapşırığında zəif nəticə göstərənlərin sayı ilə “uyğundur” versiyasında zəif nəticələr göstərənlərin sayında müxtəliflik müşahidə olunmaqdadır. “Uyğundur” versiyasında yüksək nəticələrdə olduğu kimi zəif nəticə göstərənlərin sayında da çoxluq izlənilir. Bu barədə belə fikir bildirmək olar ki, insanlarla asanlıqla yaxınlıq ( ünsiyyət) qura bilmə bacarığı yüksək intellektual keyfiyyətlərlə yanaşı aşağı göstəricilər olanlarda da müşahidə olunur. Bu zaman artıq sosial münasibətlərin keyfiyyətli qurulmasına diqqət göstərmək lazımdır. Yuxarı intellektual göstəricilərə sahib olanların belə münasibətlərdə iştirakı digər versiyanı seçənlərdən yüksəkdir.
Cədvəl 10 Sorğuda iştirak edən şagirdlərin oxuyub-anlama nəticələri ilə “Başqalarına irad tutmağı xoşlayıram” vəziyyətinə verdikləri cavablar arasında əlaqə
Cədvəl 10-da şagirdlərin oxuyub-anlama üzrə göstəriciləri ilə “Başqalarına irad tutmağı xoşlayıram” vəziyyətinə verdikləri cavab qeyd
olunub. Göründüyü kimi, “heç uyğun deyil” cavabı seçənlərin oxuyub-anlama üzrə göstəriciləri digər versiyalarla müqayisədə yüksəkdir.
Bu cədvəldə də yuxarıda qeyd olunan müxtəlifliklər mövcuddur. Burada başqalarına irad tutmaq vəziyyətini, eyni zamanda tənqidi bacarıqlar kimi düşünsək, görərik ki, “heç uyğun deyil “versiyası üzrə zəif nəticə göstərənlərin sayı “uyğundur” versiyası üzrə zəif nəticə göstərənlərin sayından çoxdur. Məntiqi tapşırığı zəif icra edənlərin bu vəziyyəti seçməsinin üstünlük təşkil etməsini onların fikir mübadilələrindən, müzakirələrdən uzaq gəzmə göstəriciləri kimi də başa düşmək olar.
Cədvəl 11 Sorğuda iştirak edən şagirdlərin oxuyub-anlama nəticələri ilə “Mən tez-tez özümü müdafiəsiz hiss edirəm” vəziyyətinə verdikləri cavablar arasında əlaqə
Cədvəl 11-də şagirdlərin oxuyub-anlama üzrə göstəriciləri ilə “Mən tez-tez özümü müdafiəsiz hiss edirəm” vəziyyətinə verdikləri cavab qeyd olunub. Göründüyü kimi,“heç uyğun deyil” cavabı seçənlərin oxuyub-anlama üzrə göstəriciləri digər versiyalarla müqayisədə yüksəkdir.
NƏTİCƏ
Səkkizinci sinif şagirdləri ilə aparılan sorğunun nəticələri yeniyetməlik yaşı dövründə müşahidə olunan keyfiyyətlərin artırılması üçün
məntiqi təfəkkür imkanlarının inkişaf etdirilməsinin zəruri olduğunu deməyə əsas verir11. Oxuyub-anlama tapşırığının nəticələri yüksək olan həmin şagirdlərdə müşahidə edilən müsbət emosional keyfiyyətlər daha çoxdur12. Bu da həqiqətdir ki, oxuduğunu anlamaq və düzgün nəticə çıxara bilmək yeniyetmə şəxsiyyətindən yüksək emosional keyfiyyətlər tələb edir. Şagirdlərdə oxuyub-anlama bacarığının artırılması üçün oxu vərdişlərinin müntəzəm olaraq inkişaf etdirilməsi, mütaliə günlərinin təşkili effektiv nəticələr verəcəkdir. Xüsusilə məktəbin ədəbiyyat dərslərində maraqlı proqramların təşkil olunması, şagirdlərə sistemli olaraq sinifdənxaric oxu işlərinin tapşırılmasını bu istiqamətdə aparılacaq mühüm əhəmiyyətli tədbirlərdən hesab etmək olar. Şagird təfəkkürünün inkişafı üçün müntəzəm oxu vərdişinin, oxu təcrübəsinin formalaşması zəruridir. Çox sistemli, ardıcıl mütaliə şagird şəxsiyyətində öncədən mülahizə yürütmək və düşdüyü problemli situasiyanın həlli yollarını əvvəlcədən görə bilmə bacarığını inkişaf etdirir. Bu xüsusiyyət şagirdlərin psixi-emosional rahatlığının da təminatçısıdır. Şiddətli həyəcan halı, təşviş yaradan hadisələr insan şəxsiyyətindən yüksək iradi keyfiyyətlər tələb edir. İradi imkanların genişlənməsi isə savadlılığın artırılması ilə mümkündür13.
Təhsilalanlarda oxuyub-anlama bacarığının formalaşdırılması istiqamətində ümumtəhsil məktəblərində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiqdir.
- Rəqabət meyilli müsabiqələrin keçirilməsi: Rəqabətliliyin yeniyetmələrin psixologiyasında əsas keyfiyyət olmasını nəzərə alaraq, onlarda rəqabət ruhunu artıracaq oxu müsabiqələrini təşkil etmək14.
- Oxu vərdişinin inkişaf etdirilməsi üçün yazı həvəsinin yaradılması: Hekayə danışmaq, yeniyetmə şəxsiyyətində ən çox arzulanan xüsusiyyətlərdəndir. Hər yeniyetmə zəngin həyat təcrübəsinə sahib olduğunu iddia edir. Onlara ürəyindən keçən, başına gələn hadisələrin kağıza nəql edilməsi tapşırıla bilər. Birinin hekayəsini digərinin tamamlamasını tapşırmaqla yeniyetmələrdə ardıcıllıq, məntiqi əlaqəni qura bilmək bacarığını formalaşdırmaq mümkündür.
- Əsər başlıqlarından ibarət müsabiqə: Yerli və ya xarici ədəbiyyat nümunələrindən tamamlanmamış hissələr təqdim etməklə bu tapşırıqları müsabiqə formatında həyata keçirmək.
Bu tapşırıqların yerinə yetirilməsi münasibəti ilə yeniyetmələrin həvəsləndirici mükafatlarla təltif edilməsi də motivasiya gücləndirilməsi kimi qəbul oluna bilər.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan PIRLS beynəlxalq qiymətləndirmədə https://edu.gov.az/az/tedqiqatlar
2 EİİM UNİVERSİTY General psychology, Principles of learning page: 49.
3 Emosional və intellektual zəka arasında əlaqə: https://keydifferences.com/difference-between-iq-andeq.html#:~:text=EQ%20measures%20an%20individual’s%20social,academic%20competency%20and%20reasonin%20ability.
4 Emosional zəkanın insan həyatında əhəmiyyəti: https://www.frontiersin.org/articles/10.3389/fpsyg.2019.00195/full
5 Progress in International Reading Literacy Study (PIRLS) https://nces.ed.gov/surveys/pirls/
6 Rəqabət psixologiyasının insan nailiyyətində yeri: https://www.goodtherapy.org/blog/psychpedia/competitiveness#:~:text=Competitiveness%20is%20a%20measure%20of,no%20explicit%20winner%20or%20loser.
7 Seyidov, S.İ., Həmzəyev, M.Ə. (2007). Psixologiya. Bakı. səh. 309.
8 Teenagers, parents and family relationships https://raisingchildren.net.au/pre-teens/communicatingrelationships/family-relationships/relationships-with-parents-teens
9 Yeniyetmə psixologiyasının əsas xüsusiyyətləri: https://www.verywellmind.com/what-is-adolescentpsychology-5201894#:~:text=Adolescent%20psychology%20refers%20to%20the,looks%20like%20with%20young%20children.
10 SPSS Statistika-da P dəyəri deyilən anlayış var. Bu yuxarıda qeyd olunan 3,4,5 və 6-cı cədvəllərdə Asymp. Sig. (asimptotik əhəmiyyətlilik qiyməti olaraq qeyd olunub. Belə ki P<0.05 olduğu təqdirdə adları çəkilən vəziyyətlər arasında əlaqə var mənasına gəlir.Əks təqdirdə isə belə əlaqə olmadığını göstərir.
11 Yeniyetmə psixologiyasının əsas xüsusiyyətləri https://www.verywellmind.com/what-is-adolescent-psychology-5201894
#:~:text=Adolescent%20psychology%20refers%20to%20the,looks%20like%20with%20young%20children.
12 Emosional zəka və intellektual zəka arasında əlaqə https://keydifferences.com/difference-between-iq-and-eq.html#:~:text=EQ%20measures%20an%20individual's%20social,academic%20competency%20and%20reasoning%20ability.
13 Emosional zəkanın insan həyatında əhəmiyyəti: https://www.frontiersin.org/articles/10.3389/fpsyg.2019.00195/full
14 Rəqabət psixologiyası, insan nailiyyətində yeri https://www.goodtherapy.org/blog/psychpedia/competitiveness#:~:text=
Competitiveness%20is%20a%20measure%20of,no%20explicit%20winner%20or%20loser.