TƏDQİQATÇILIQ MƏDƏNİYYƏTİ SƏRİŞTƏ ƏSASLI TƏHSİLİN YENİ MƏZMUNUNUN MÜHÜM KOMPONENTİ KİMİ


İNTİQAM CƏBRAYILOV




Məqalədə tədqiqatçılıq mədəniyyəti anlayışının mahiyyəti izah olunur, səriştə əsaslı təhsilin yeni məzmununun yaradılmasında onun rolu əsaslandırılır. Tədqiqatçılıq açar səriştələrdən biri kimi qəbul edilə bilər. Təcrübə və araşdırmalar göstərir ki, tədqiqatçılıq mədəniyyəti səriştə əsaslı təhsilin yeni məzmununun yaradılmasının komponenti kimi mühüm əhəmiyyət kəsb edir. Yəni təhsil standartlarında şagirdlərin, tələbələrin tədqiqatçılıq mədəniyyətinə xüsusi diqqət yetirilməsi, təhsilalanlarda belə bir mədəniyyətin formalaşdırılmasının ön plana çəkilməsi, problemin həlli, imkanları və yollarının konseptual ideyalarla, konkret müddəalarla əsaslandırılması olduqca vacibdir. Məqalədə tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması prinsipləri, problem baxımından işin təşkili imkanları və yolları haqqında elmi təhlillər və ümumiləşdirmələr aparılır. Nəzəri və praktik məsələləri şərh edən müəllifin qənaətincə, tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasında zəruri prinsiplərdən biri kimi onların elmi düşüncə tərzinin, yaxud yaradıcı-tədqiqatçılıq təfəkkürünün olması müddəası əsas götürülə bilər. Çünki hər hansı bir məsələnin obyektiv təhlili, düzgün elmi nəticənin əldə olunması, ilk növbədə yaradıcı təfəkkürlə bilavasitə bağlıdır. Araşdırmalar göstərir ki, tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasına fərqli yanaşmalar olsa da, problem baxımından işin mahiyyəti, əsasən, eynilik təşkil edir. Burada başlıca məqsəd ondan ibarətdir ki, tələbələr tədqiqatçılıq keyfiyyətlərinə, dəyərlərə yiyələnməklə yüksək səriştəlilik qabiliyyətinə malik olsunlar. Beləliklə,
müxtəlif mənbələrlə işləməyi, təhlil, müqayisə etməyi, ümumiləşdirmə aparmağı, nəticə çıxarmağı və digər mənəvi dəyərləri qiymətləndirməyi bacaran şəxsdə, əslində, tədqiqatçılıq mədəniyyətinin formalaşdığını qeyd etmək olar.

GİRİŞ

Müasir dövrdə təhsil sistemində innovativ yanaşmalar cəmiyyətin inkişaf tendensiyası, inteqrasiya prosesləri, bəşəriyyətin gələcək təhlükəsizliyinin təmin edilməsi zərurəti, təhsilalanların yaradıcı, rəqabətəqabil, ədalətli şəxsiyyət kimi formalaşdırılması və digər məsələlərlə sıx bağlıdır. Bu baxımdan, səriştə əsaslı təhsilin yeni məzmunu problemi xüsusilə diqqəti cəlb edir. Ona görə ki, şəxsiyyətin formalaşdırılması, ilk növbədə təhsilin məzmununun müasir tələblərə nə dərəcədə cavab verməsindən asılıdır. Təhsilin məzmunu nəticə etibarilə sonda hansı şəxsiyyətin, hansı keyfiyyətlərə malik vətəndaşın yetişdirilməsini ifadə etməlidir. Yəni müvafiq təhsil pillələri və səviyyələrinin sonunda təhsilalanlarda hansı səriştələr formalaşdırılmalıdır?

Ümumi təhsildən fərqli olaraq ali təhsil pilləsində tələbə-lərdə formalaşdırılan səriştələr daha genişdir. Belə ki, bu və ya digər ixtisas üzrə təhsil alan tələbə gələcək mütəxəssis, peşə sahibi, məsələn, müəllim kimi bir neçə istiqamət üzrə səriştələrə yiyələnməlidir. Müəllim fəaliyyəti ilə bağlı səriş-tələri şərti olaraq üç hissəyə bölmək olar:

1) ən başlıca (ümumi) səriştələr; 2) fənn üzrə səriştələr; 3) xüsusi səriştələr (Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri, 2015).

Ümumi səriştələri, yəni ən başlıca hesab edilən açar səriştələr adlandırmaq olar. Bu səriştələr universal xarakterli olduğu üçün konkret bir fənlə məhdudlaşmır və müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyində əsas rol oynayır. Fənn üzrə səriştələr konkret fənnə aid olduğundan onun tədrisi keyfiyyətinə təminat verir. Xüsusi səriştələr isə ən çətin məqamlarda, müxtəlif situasiyalarda təhsilalanlarla aparılan işlərlə bağlıdır. Buraya inklüziv təhsilə cəlb olunmuş öyrənənlərlə, istedadlı uşaqlarla, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işləri aid etmək olar. Tədqiqatçılıq, informasiya texnologiyalarının tələb etdiyi axtarıcılıq və liderlik səriştələri isə açar səriştələri kimi qəbul edilə bilər. Göründüyü kimi, tədqiqatçılıq bu gün təhsilin səmərəli təşkili üçün əsas məzmun komponenti funksiyasında çıxış edir. Bu, həm də yeni texnologiyaların tətbiqi məsələsinin məzmunla bağlı olduğunu söyləməyə əsas verir.

TƏDQİQATÇILIQ MƏDƏNİYYƏTİ

Təcrübə və araşdırmalar göstərir ki, tədqiqatçılıq mədəniyyəti səriştə əsaslı təhsilin yeni məzmununun yaradılmasının komponenti kimi mühüm əhəmiyyət kəsb edir. Yəni təhsil standartlarında şagirdlərin, tələbələrin tədqiqatçılıq mədəniyyətinə xüsusi diqqət yetirilməsi, təhsilalanlarda belə bir mədəniyyətin formalaşdırılmasının ön plana çəkilməsi, problemin həlli, imkanları və yollarının konseptual ideyalarla, konkret müddəalarla əsaslandırılması olduqca vacibdir.

Bu gün tədqiqatçılıq mədəniyyəti, əslində, bir dəyəryönlü səriştədir. Qeyd edək ki, ənənəvi yanaşmaya görə mədəniyyət dedikdə, insanların həyatda əldə etdikləri maddi və mənəvi nailiyyətlərin məcmusu başa düşülür. Müasir yanaşmaya görə isə mədəniyyətə baxış bir qədər fərqlidir. Kulturoloq alim, prof. F.T.Məmmədov yazır: “Mədəniyyət ikinci süni təbiətdir, insanın ağlı, hisləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir. Bununla yanaşı, o tarixi yaradıcı prosesdir, xaos və cahillikdən – biliyə, nizama, inkişafa və rifaha doğru yoldur” (Məmmədov, 2016).

Buradan belə bir nəticə alınır ki, insan həyatının qorunub saxlanması və yaxşılaşdırılması ideyası mədəniyyətin inkişafının əsasını təşkil edir.

Prof. F.T.Məmmədov mədəniyyət anlayışını izah edərkən ona 3 istiqamətdən yanaşır:

1) elmi anlamda mədəniyyət;
2) kontekstual anlamda mədəniyyət;
3) məhdud və adi anlamda mədəniyyət.

Elmi anlamda mədəniyyət dedikdə, təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi və dəyişdirilməsi prosesi başa düşülür. Kontekstual anlamda mədəniyyət isə hər hansı bir hadisənin, fəaliyyət sahəsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviyyəsinin keyfiyyət xarakteristikası kimi izah edilir. Üçüncü bir istiqamət kimi qeyd edilən məhdud və adi anlamda mədəniyyət anlayışına dil, ədəbiyyat, incəsənət, folklor, ənənələr, mədəni irs, etik normalar daxil edilir (Məmmədov, 2016).

Təcrübə göstərir ki, hər bir tədqiqatçı üçün vacib olan mənəvi keyfiyyətlər sırasında onun tədqiqatçılıq mədəniyyətinə yiyələnməsi mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılıq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi olmaqla bir sıra spesifik xüsusiyyətləri özündə əks etdirir. İlk növbədə onu qeyd etməliyik ki, tədqiqatçılıqla məşğul olan hər bir şəxs tədqiqat nədir? sualına düzgün cavab verməli, tədqiqatçılığa, tədqiqatçıya verilən tələblərlə tanış olmalı, tədqiqatın aparılma texnologiyasını bilməlidir.

Tədqiqat dedikdə, elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması məqsədilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyət başa düşülür. Nəzərə almalıyıq ki, tədqiqatçılıq təhsilin müxtəlif pillə və səviyyələrində aparıla bilər. Tədqiqatçı qismində şagird, tələbə, müəllim, doktorant və digər şəxslər ola bilər. Şagirdin tədqiqatçılığına əvvəlcə sadə tələblər (verilmiş mətn üzərində işləmək, nəticə çıxarmaq və s.) qoyulursa, sonrakı mərhələlərdə bu tələblər daha da mürəkkəbləşir və daha ciddi elmi nəticələrin çıxarılmasına yönəlir. 

Tədqiqatçı tələbədə, ilk növbədə aşağıdakı xüsusiyyətlərin olması vacibdir:

  • cümlə qurmaq bacarıqları;
  • fikir bütövlüyü;
  • əsaslandırma;
  • məntiqi ardıcıllıq;
  • nəticə çıxarmaq.

Aydındır ki, cümlə qurmağı bacarmayan tələbə fikrini ifadə edə bilməyəcək. Bu isə sonda tədqiqatın obyektivliyinə, orijinallığına xələl gətirəcək. Burada başqalarının fikirləri təkrarlanacaq, mənbələrdə verilənlər olduğu kimi əksini tapacaq, yaradıcı yanaşma olmayacaq. Ona görə cümlə qurmaq bacarıqları olduqca zəruridir.

Fikir bütövlüyünün olması tədqiqatçıda ən vacib xüsusiyyətlərdən biridir. Bu, araşdırılan problemin mahiyyətini, tədqiqat prosesini, əldə olunan nəticələri daha aydın dərk etməyə imkan verir, reallıqları əks etdirməyə, gələcək perspektivləri müəyyənləşdirməyə əlverişli zəmin yaradır.

Tədqiqatçı tələbə araşdırma prosesində bu və ya digər məsələlərlə bağlı əsaslandırma aparmağı bacarmalı, görəcəyi işi, yaxud əldə etdiyi nəticəni, irəli sürdüyü ideyanı əsaslandırmağa çalışmalıdır. Bu, problemin, tədqiqatın aktuallığı, məqsəd və vəzifələri, məzmunu, gözlənilən nəticələr və bütövlükdə tədqiqatda əksini tapmış bu və ya digər ideyanın izahı, konseptual şərhi ilə bağlıdır. İrəli sürülən hər hansı bir fikir, ideya əsaslandırılmırsa, o zaman tədqiqatın keyfiyyət göstəricilərində müəyyən çatışmazlıq özünü aydın göstərir.

Vacib xüsusiyyətlərdən biri də məntiqi ardıcıllığı nəzərə almağı bacarmaqdır. Bu, həm araşdırma prosesinin bilavasitə özü ilə, həm də araşdırma əsasında yazdığı tədqiqat işi ilə, meydana çıxardığı əsərin məzmunu ilə bağlıdır. 

Tədqiqat əsərində (bu, təkcə buraxılış işi, magistr dissertasiyası ilə bağlı deyil, buraya məqalələrin, tezisin, referatın, konfrans üçün məruzənin məzmunu da aiddir) qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq məsələlərin məntiqi ardıcıllıqla verilməsi vacibdir. Məsələn, hadisə və proseslərə yanaşma tərzindən (ümumidən xüsusiyə, yaxud xüsusidən ümumiyə) asılı olaraq səbəb-nəticə əlaqələrinin ardıcıl nəzərə alınması tədqiqatın keyfiyyətini artırır.

Bəzən tələbələrin təqdim etdikləri referat işlərində, bəzən də araşdırma nəticəsində konfrans üçün hazırladıqları məruzədə, yaxud məqalədə (buraxılış işləri, magistrlik dissertasiyalarında da rast gəlinir) hər hansı bir məsələnin elmi şərhində məntiqi ardıcıllıq nəzərə alınmır. Məsələn, eksperimentin müəyyənedici, öyrədici və yoxlayıcı mərhələlərindən bəhs edərkən burada ardıcıllığı gözləməmək tədqiqatın elmi əhəmiyyətinə xələl gətirən cəhətlərdəndir. Bəzi tələbələrin bu sahədə çətinlikləri aydın şəkildə hiss olunur. Tədqiqat əsərində məntiqi ardıcıllığın gözlənilməməsi işin məzmunu, sistemliliyi, həlli tələb olunan problemin obyektiv araşdırılması, elmi nəticələrin tamlığı ilə bağlı oxucuda mənfi təsəvvürlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də söylənilən fikir tədqiqat gedişində aparılan işin məntiqli olaraq davamlılığını, hadisə və proseslər arasında möhkəm əlaqəni, inkişafetdiricilik funksiyasının reallaşdırılmasını təmin etməlidir.

Tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması üçün hər bir təhsilalanın tədqiqatın keyfiyyətinə aşağıda verilən tələbləri bilməsi və onun əsasında fəaliyyət göstərməsi vacibdir:

  • Tədqiqatın məzmun tamlığına nail olunması. Bu tələb tədqiqat mövzusunun, araşdırılacaq problemin düzgün müəyyənləşdirilməsi, həcmi, genişliyi və zənginliyinin nəzərə alınmasını ifadə edir.
  • Tədqiqatın dəqiqliyinin nəzərə alınması. Bu tələbə görə tədqiqatçı heç bir səhvə yol vermədən nəticəyə yaxınlaşmaqla bərabər, tədqiqat mövzusunun baza anlayışlarını təşkil edən faktları, mühüm müddəaları dərk edərək seçməyi bacarmalıdır.
  • Tədqiqatın ədalətliliyi. Bu tələb tədqiqatda iştirak edən müxtəlif tərəflərlə ünsiyyətin yaradılması, bütün məsələlərin həllində düzgün mövqedə olmaq bacarığı ilə bağlıdır. Ədalətlilik tələbi həm də əldə olunacaq elmi nəticələrin obyektivliyinin təminatı üçün vacibdir.
  • Tədqiqatın dərinliyi. Bu, tədqiqatçı üçün ən vacib tələblərdən biridir. Belə ki, tədqiqatda daha səmərəli, ciddi elmi nəticəyə gəlmək üçün araşdırılan problemin mahiyyətinin səbəb-nəticə əlaqələrinin daha dərindən tədqiqinə ehtiyac vardır. Bu zaman obyektiv elmi nəticəyə gəlmək imkanları genişlənir, tədqiqatın nəzəri və praktik əhəmiyyəti xeyli artır.
  • Tədqiqatın şüurluluğu. Bu tələbə görə tədqiqatçı araşdırma prosesində istifadə etdiyi faktların, müddəaların düzgünlüyünə əmin olmalı, onları arqumentləşdirməyi bacarmalıdır. Təcrübə göstərir ki, bəzən gənc tədqiqatçılar, xüsusilə tələbələr araşdırdıqları bu və ya digər problemlə bağlı fakt və müddəaların düzgünlüyünə əmin olmadan ondan istifadə edir və beləliklə, doğru nəticəyə gəlməkdə çətinliklər yaranır. Ona görə hər hansı bir fakta, müddəaya ciddi yanaşılmalı, onun kim tərəfindən, harada nəşr olunduğuna, faktın təhrif olunub-olunmadığına xüsusi diqqət yetirilməlidir.
  • Tədqiqatın elmiliyi. Bu tələb də tədqiqat işinin daha keyfiyyətli hazırlanmasına əhəmiyyətli təsir göstərən şərtlərdən biridir. Belə ki, tədqiqat işində problemlə bağlı ciddi təhlillər olmalı, qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi nəticəsində hansı yeni müddəaların irəli sürüldüyü əsaslandırılmalıdır. Ona görə də tədqiqat elmi əsaslarla aparılmalı və tətbiqi istiqamətləri də müəyyən olunmalıdır.
  • Tədqiqatın ümumləşdirilməsi. Bu tələb aparılan tədqiqatda ardıcıl və sistemliliyin nəzərə alınması vacibliyini göstərir. Belə ki, tədqiqat işində problemin öyrənilmə dinamikası, nəticəyə doğru inkişaf prosesi aydın şəkildə verilməlidir.
  • Tədqiqatın nəticələrinin praktikada istifadə olunması. Tədqiqatçı bu tələbə görə əldə etdiyi elmi nəticələrə uyğun olaraq təcrübədə, istifadə üçün müəyyən tövsiyələr hazırlamağı, praktikada ondan bəhrələnmək üsullarını da bacarmalıdır.

Tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması prinsipləri

Tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması səriştə əsaslı müasir təhsilin ən mühüm problemlərindən biridir. Bugünkü tələbələrdə belə bir mədəniyyətin formalaşdırılması onların yüksəkixtisaslı mütəxəssis kimi həyata hazırlığının vacib şərtlərindəndir. Ona görə ali təhsil müəssisələrində tədris prosesində və auditoriyadankənar vaxtlarda bu məsələnin həllinə ciddi əhəmiyyət verilməsi vacibdir. Lakin tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması elmi əsaslarla həyata keçirilməlidir. Bu baxımdan, ilk növbədə müəyyən prinsipləri rəhbər tutmaqla belə bir işi məqsədəuyğun şəkildə reallaşdırmaq mümkündür.

Qeyd edək ki, elmi ədəbiyyatda tədqiqatçılıq mədəniyyəti ilə yanaşı, tədqiqatçılıq səriştələri, (yaxud kompetensiyaları) tədqiqatçılıq bacarıqları anlayışlarına da rast gəlinir (Belyalova, 2016; Bustanov, Aminova, 2017; Nosayeva, 2001; Ponomarçyuk, 2011). Bu anlayışların hər birinin ana xəttini “bacarıqlar”, “bacarıqların formalaşması” və “tədqiqatçılıq bacarıqlarının formalaşdırılması” təşkil edir. Tədqiqatçılıq mədəniyəti isə bacarıqlarla bərabər, mənəvi münasibətləri də əks etdirdiyindən onun əhatə dairəsi daha genişdir. Elmi ədəbiyyatda tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması prinsiplərinə yanaşmalar fərqlidir (Anisimova & Nayn, 2012; Serdeyenko, 2011). Məsələn, V.A.Anisimova və A.A.Naynın araşdırmalarında problem baxımından prinsiplər belə ifadə olunmuşdur:

  • tələbənin gələcəkdə müstəqil və yaradıcı mütəxəssis kimi fəaliyyət göstərməsi üçün, ilk növbədə onun özünü və daha sonra başqalarını idarəetmə bacarıqlarının formalaşdırılması prinsipi;
  • tələbənin tərəddüdlü və icraçılıq mövqeyindən aktiv fəaliyyət subyektinə çevrilməsi prinsipi;
  • tədqiqatçılıq proseslərinin stimullaşdırılması prinsipi;
  • pedaqoji refleksiya prinsipi;
  • elmi tədqiqatların modelləşdirilməsi prinsipi (Anisimova & Nayn, 2012).

V.İ.Andreyev və P.N.Ponomarçuk isə problem baxımından aşağıdakı prinsiplərə üstünlük verməyi məqsədəuyğun sayırlar:

  • tamlıq prinsipi;
  • modul;
  • peşəkarcasına istqamətləndirmə prinsipi;
  • yaradıcılıq prinsipi (Andreyev, 2003).

Müəllif tamlıq prinsipi dedikdə, tədris materialının tələbələrdə tədqiqatçılıq kompetensiyalarının formalaşdırılması üçün tələb edilən həcmdə olmasını nəzərdə tutur. Modul prinsipinə görə isə tədqiqatçılıq kompetensiyalarının müəyyən struktur əsasında bloklar-mərhələlər üzrə formalaşdırılması başa düşülür.

Peşəkarcasına istiqamətləndirmə prinsipi dedikdə tələbənin gələcək mütəxəssis kimi fəaliyyətində faydalı olan zəruri məsələlərin öyrənilməsinə yönələn tədqiqatların aparılması – zəruri məzmunun seçilməsi başa düşülür. Yaradıcılıq prinsipinə görə tədris materialının məzmunu tələbələr tərəfindən fəal mənimsənilməyə, onların müstəqil işinə, yaradıcı təfəkkürünü inkişaf etdirməyə şərait yaratmalıdır (Andreyev, 2003).

Tədqiqatçı M.A.Belyalova “pedaqoji mövqe” anlayışını işlədir. O, elmi tədqiqat işinin aşağıdakı pedaqoji mövqeyə (prinsiplərə – İ.H.Cəbrayılov) əsaslanmasını əhəmiyyətli hesab edir: 

  • tədris və elmi-tədqiqat fəaliyyətinə vahid yanaşma;
  • tələbələrin özünütəyini, özünüinkişafı probleminin reallaşmasında vahid pedaqoji mədəniyyət;
  • tələbələrin tədqiqatçılıq keyfiyyətlərinin formalaşma və inkişafında məqsədyönlülük;
  • yaradıcı, tədqiqatçılıq işinin həyata keçirilməsi prosesində humanist və şəxsiyyətyönlü qarşılıqlı münasibətlər;
  • tələbələrin yaradıcı potensialının sistematik inkişafı: birgə innovativ layihələrdə, elmi-praktik konfranslarda və digər tədbirlərdə iştirak;
  • demokratiklik, kollegiallıq, açıqlıq (aşkarlıq), əməkdaşlığa hazırlıq (Belyalova, 2016).

Elmi araşdırmalarda tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasına fərqli yanaşmalar olsa da, ümumi istiqamət, mahiyyət, əsasən, eynilik təşkil edir. Məqsəd ondan ibarətdir ki, tələbələr tədqiqatçılıq keyfiyyətlərinə, dəyərlərə yiyələnməklə yüksək səriştəlilik qabiliyyətinə malik olsunlar. Beləliklə, müxtəlif mənbələrlə işləməyi, təhlil, müqayisə etməyi, ümumiləşdirmə aparmağı, nəticə çıxarmağı, müvafiq təkliflər verməyi bacaran, eyni zamanda tədqiq etdiyi problemə, digər mütəxəssislərin fikirlərinə tənqidi yanaşan, özünün müəllif mövqeyini əsaslandıran və yaradıcı şəkildə inkişaf etdirən, mövcud elmi ideyalara, onların müəlliflərinə hörmət edən və digər mənəvi dəyərləri qiymətləndirməyi bacaran şəxsdə, əslində, tədqiqatçılıq mədəniyyətinin formalaşdığını qeyd etmək olar.

Təhsilalanlarda tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasında zəruri prinsiplərdən biri kimi onların elmi düşüncə tərzinin, yaxud yaradıcıtədqiqatçılıq təfəkkürünün olması müddəasını qeyd edə bilərik. Çünki hər hansı bir məsələnin obyektiv təhlili, düzgün elmi nəticənin əldə olunması, ilk növbədə elmi düşüncə, yaradıcı təfəkkürlə bilavasitə bağlıdır. Nə qədər zəngin material əldə olunsa, nə qədər çoxsaylı mənbələr olsa belə, elmi düşüncə, yaradıcı təfəkkür yoxdursa, o zaman aparılan tədqiqat elmi məzmundan uzaq olacaq, təhlil və ümumiləşdirmələr, məsələlərə məntiqi, tənqidi və yaradıcı təfəkkür baxımından yanaşılmaması doğru nəticələrə gətirib çıxarmayacaq. Ona görə də tələbə elmi təfəkkürünü inkişaf etdirməli, məsələlərə fəlsəfi, tarixi, pedaqoji, psixoloji və s. baxımdan yanaşmağı bacarmalı, tədqiqatın metodologiyasını bilməlidir.

Tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasının digər bir prinsipi fəaliyyət mexanizminin müəyyənləşdirilməsidir. Tələbələrin fəaliyyət mexanizminin müəyyənləşdirilməsi prinsipi dedikdə, nə başa düşülür? Bir qayda olaraq, hər hansı bir işi görməzdən əvvəl, ümumi plan tutulur, işin ardıcıllığı qeyd edilir, mərhələ-mərhələ görüləcək işlər müəyyənləşdirilir. Fəaliyyət mexanizmi qısaca desək, nə? necə? hansı şəraitdə öyrənilir? suallarına geniş cavab verir, tədqiqatın istiqaməti və problemin mahiyyətini müəyyən edir. 

Tələbələrin müstəqilliyi prinsipi dedikdə, ilk növbədə onların şəxsi müstəqilliyinin təmin olunması nəzərdə tutulur. O, müəllimdən müəyyən tövsiyələr alsa da, problemin həlli istiqamətində tək çalışmalı, yalnız öz düşüncəsinin hesabına müəyyən nəticəyə gəlməli, özü axtarış aparmalı, aldığı nəticə özünün şəxsi-müəllif mövqeyi kimi əsaslandırılmalıdır. Təcrübə göstərir ki, bəzi hallarda gənc tədqiqatçılar araşdırdıqları problemlə bağlı fikirlərini əsaslandırarkən yalnız başqa müəllifin, yaxud müəlliflərin fikirlərini ön plana çəkir və burada şəxsi-müəllif mövqeyi aydın olmur. Yaxud həmin fikirlər elə müəllif mövqeyi kimi təqdim olunur. Halbuki, tədqiqatçı problemlə bağlı fikir və ideyaları təhlil etməli, onlara yaradıcı münasibət bildirməli və sonda öz qənaətini ümumiləşdirməlidir.

Digər bir prinsip kimi tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasında müəllim amili də qəbul oluna bilər. Belə ki, tədqiqat prosesində tələbə sərbəst işləsə də müəllimin – elmi rəhbərin ona istiqamət verməsi, bütövlükdə tədqiqatın gedişini, əldə olunan nəticələrin əhəmiyyətini dəyərləndirməsi vacibdir. Bu prosesdə tələbə-müəllim əməkdaşlığında ədalətliliyin, qarşılıqlı hörmətin, obyektivliyin nəzərə alınması tədqiqat nəticələrinin elmi dəyərinin artırılmasına müsbət təsir göstərir. Lakin təcrübə göstərir ki, bəzən müəllim öz tələbəsinin tədqiqatına lazımi istiqaməti, məsləhəti vermədiyinə görə tədqiqat prosesində çətinliklər yaranır, təhlillər, alınan nəticələr düzgün ümumiləşdirilmir. Bu da nəticə etibarilə tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasına mənfi təsir göstərir. Ona görə müəllim-elmi rəhbər faktoru tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasında vacib prinsip kimi göstərilir.

Müəllim, tələbələrin yaradıcı potensialının özünü reallaşdırmasına əlverişli şərait yaratmalıdır. Məsələn, tədris ili ərzində təhsilalanların müəllimlərlə birgə elmi-praktik konfranslarda, seminarlarda, elmi müzakirələrdə iştirakı yaxşı nəticələr verir. Bu zaman tələbədə elmi təfəkkür, polemika mədəniyyəti, təhlil və ümumiləşdirmə qabiliyyəti, öz ideyalarını müdafiə etmək və digər zəruri keyfiyyətlər inkişaf edir. Bunlar isə tədqiqatçılıq mədəniyyətinin mühüm komponentləridir.

Tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasının imkan və yolları

Müasir dövrdə təhsil sahəsində dövlət siyasəti, o cümlədən yeni təhsil proqramları tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması üçün geniş imkanlar açır. Bu gün ali məktəblərdə kadr hazırlığının keyfiyyəti tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması səviyyəsindən də xeyli dərəcədə asılıdır. Təcrübə göstərir ki, bəzən tələbələrin müstəqil işinin təşkilinə, onlarla tədqiqatyönlü işlərin aparılmasına lazımi səviyyədə diqqət yetirilmir, bu da mütəxəssis hazırlığında keyfiyyətin təminatına mənfi təsir göstərir. Halbuki  ali məktəblər üçün hazırlanmış fənn proqramları və dərsliklərin məzmunu tələbələrin tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar yaradır. Mühazirə və seminar məşğələlərində, auditoriyadankənar tədbirlərdə problem baxımından işin səmərəli təşkili tələbələrin tədqiqatçılıq səriştəliliyinin inkişafına müsbət təsir göstərir.

Tədqiqatçılıq mədəniyətinin formalaşdırılması davamlı prosesdir. İlk növbədə nədən başlamağın vacibliyi bilinməlidir. Bundan ötrü tələbə öz qarşısında belə suallar qoya bilər: Nə araşdırılacaq? Nə məqsədlə araşdırılacaq? Necə araşdırılacaq? Gözlənilən nəticə nə ola bilər? Araşdırılacaq problemin əhəmiyyəti nədir? Tədqiqatdan gözlənilən nəticələr nə ola bilər? və s. Bu sualların qoyulması və onlar üzərində düşünülməsi tədqiqatın açar elementlərinin tapılmasına və tədqiqatın düzgün istiqamətdə aparılmasına kömək edir.

Təlim prosesində tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasında seminar dərsləri mühüm rol oynayır. Seminarlar fənnə aid konkret bir mövzunun tədrisinə həsr olunmaqla tədqiqatçılıq üçün geniş imkanlar açır. Məsələn, ali məktəbdə Azərbaycan tarixinin tədrisi prosesində dərslik mətni, ilk mənbələr, tarixşünaslıq materialları, ədəbi-bədii sənədlər üzərində müxtəlif aspektli tədqiqatlar aparmaq mümkündür.

Tədqiqatçılıq nəticəsində əldə edilmiş biliklər öyrənilən hadisə və ya proseslərin daha möhkəm yadda qalmasına, eyni zamanda obyektiv olmasına imkanlar yaradır. Təcrübə göstərir ki, istənilən mövzunu dərslikdən, yaxud konkret bir müəllifin araşdırma materialından öyrənmək, bəhs olunan hadisə və proseslər haqqında məlumat əldə etmək mümkündür. Lakin tələbə öyrəndiyi mövzuya tədqiqatçı nəzəri ilə baxdıqda o zaman problemin daha dərinliklərinə diqqət yetirə bilir. Məsələn, “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusu öyrənilərkən tələbənin bu mövzu ilə bağlı, ilk növbədə ilkin mənbələri araşdırması, cümhuriyyət tarixilə əlaqədar çap olunmuş materialları tədqiq etməsi vacibdir. Mənbələri araşdırmaqla tələbə bir sıra suallara cavab tapır:

  • 1918-ci ilin əvvəlində Cənubi Qafqazda siyasi vəziyyət necə idi?
  • Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şəraitin səciyyəvi xüsusiyyətləri hansılardır?
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillər hansılardır?
  • Ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımın məqsədi nə idi?
  • Nə üçün Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq mümkün olmadı?
  • AXC qonşu dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurmağa üstünlük verirdi?
  • AXC-nin qurucuları M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov, N.Yusifbəyli və başqalarının Azərbaycanın dövlətçilik tarixinə verdikləri töhfələri necə dəyərləndirirsiniz?
  • Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarına böyük əhəmiyyət verməsini hansı faktlarla izah edə bilərsiniz?
  • Məhəmməd Həsən Hacınskinin AXC parlamentindəki fəaliyyətini mənbələr əsasında necə dəyərləndirirsiniz?

Qeyd olunan suallara cavab tapmaq üçün çoxsaylı mənbələrdən, ədəbiyyatlardan istifadə edilə bilər. Bu sualların mənbələr əsasında cavablandırılması, problemin tədqiqi seminar dərslərində və auditoriyadankənar vaxtlarda mümkündür.

Problemin dərindən araşdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid aşağıdakı mənbələrin təhlili mühüm əhəmiyyət kəsb edir:

1. AXC dövrünün qanunvericilik sənədləri;

  • 28 May 1918-ci il İstiqlal Bəyannaməsi;
  • Milli Şuranın 1918-ci il 17 iyun qətnamələri;
  • Milli Şuranın “Azərbaycan parlamentinin yaradılması haqqında qanunu”;
  • Azərbaycan vətəndaşlığı haqqında qanun;
  • Mətbuat haqqında Nizamnamə:
  • Bakı Universitetinin təsis edilməsi haqqında qanun;
  • Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya, ABŞ, Rusiya və Polşada Azərbaycan dövlətinin diplomatik missiyalarının yaradılması haqqında qanun.

2. Xarici siyasət aktları;
3. Kargüzarlıq sənədləri: Milli Şura, Parlament və Nazirlər Kabinetinin sənədləri. Parlamentin iclaslarının protokolları;
4. Statistik mənbələr;
5. Siyasi partiyaların və ictimai təşkilatların sənədləri;
6. AXC dövrünün mətbuatı;
7. Şəxsi mənşəli sənədlər: memuarlar, gündəliklər, yazışma sənədləri və s.

Bu mənbələrlə bərabər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasından, ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından, onların müvafiq fərman və sərəncamlarından, bu dövrlə bağlı tədqiqat aparan alimlərin əsərlərindən faydalanmaq vacibdir (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004; 2005).

Təcrübə göstərir ki, öyrənilən mövzuya, yaxud araşdırılan müxtəlif aspektli araşdırma materiallarından kitab və məqalələrdən problemə belə yanaşma məsələnin mahiyyətinin obyektiv üzə çıxarılmasında böyük rol oynayır. Bu zaman hadisə və proseslərin düzgün izlənilməsi, ardıcıllıq əlaqələrinin nəzərə alınması, zaman, məkan, şəxsiyyət məsələlərinə tarixi baxımdan məntiqli yanaşılması üçün geniş imkanlar açılır. Tədqiqatçı bu və ya digər məsələ ilə bağlı müqayisə aparmaq, faktları tutuşdurmaq, səbəb-nəticə əlaqələrini öyrənmək, nəticə etibarilə elmi qənaətini düzgün dəyərləndirmək üçün qarşıya qoyduğu məqsədi reallaşdırmağı bacarır. O, araşdırdığı materiallar əsasında belə qənaətə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə tarixi şərait olduqca mürəkkəb olmuşdur. Bu dövrdə Sovet Rusiyasının Cənubi Qafqazda cərəyan edən hadisələrə təsiri, Azərbaycanda bolşevik, daşnak və digər antiazərbaycan qüvvələrinin türkmüsəlman əhalisinə qarşı soyqırımı, azərbaycanlıların doğma yurdlarından tamamilə çıxarılması, məhv edilməsi siyasəti bölgədə vəziyyəti gündən-günə ağırlaşdırdı. Məhz belə bir dövrdə milli düşüncəli Vətən övladlarının fədakarlığı nəticəsində xalq bir bayraq altında, milli müstəqillik ideyası ətrafında birləşdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. AXC hökuməti belə bir mürəkkəb, ağır şəraitdə olduqca mühüm əhəmiyyət kəsb edən vəzifələri şərəflə yerinə yetirə bildi. Azərbaycanın dövlət atributları yaradıldı, Azərbaycan türk dili dövlət dili kimi rəsmiləşdi, dünya ölkələri üçün örnək ola biləcək demokratik parlament formalaşdı, milli ordu yaradıldı, ərazi bütövlüyünün təmin olunması üçün müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda dövlətçilik tarixinin yeni mərhələsi – respublika mərhələsinin əsası qoyuldu.

Araşdırmalardan aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid təlim materiallarının zənginliyi mövzunun dərindən tədqiqi
və öyrənilməsi, faktların təhlili, müqayisəsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan tələbələrin həmin təlim materialları ilə hərtərəfli tanışlığı, onların verilmiş tapşırıq üzrə müvafiq tarixi mənbələr üzərində müstəqil işləmələri vacibdir. Təcrübə göstərir ki, problemə belə elmi-metodik yanaşma tələbələrin fəallığını artırır, mövzu ilə bağlı onlarda zəruri səriştələrin formalaşmasını təmin edir.

NƏTİCƏ

Elmi araşdırmaların nəticələrinə istinadən qeyd edə bilərik ki, səriştə əsaslı təhsilin yeni məzmununun komponenti kimi tədqiqatçılıq mədəniyyəti mühüm əhəmiyyət daşıyır. Bu həm də dəyəryönlü səriştə kimi səciyyələndirilir və təlim keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. Müasir təhsil proqramları tələbələrdə tədqiqatçılıq mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar yaradır. Tədqiqatçılıq mədəniyyətinin təhsilin, həm də məzmun komponenti kimi çıxış etməsi fənn müəllimlərinin bu və ya digər problemə, tədris materiallarına nəzəri və praktik baxımdan yaradıcı yanaşmalarına, yetkin şəxsiyyətin formalaşdırılmasında məqsədyönlülüyün
təmin olunmasına əlverişli zəmin yaradır. Ali təhsil müəssisələrində müəllimlərin bu məsələyə xüsusi diqqət yetirmələri, problemin metodoloji əhəmiyyətini nəzərə alaraq təhsil standartları, tədris planı və proqramları hazırlanarkən innovasiyalara üstünlük vermələri, təlimtərbiyənin keyfiyyətini yüksəltməyə çalışmaları, tələbələri yaradıcı işə, müstəqilliyə alışdırmaları vacibdir.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2004). İki cilddə. 1-ci cild. Bakı, “Lider”, 440 s.
2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2005). İki cilddə. 2-ci cild. Bakı, “Lider”, 472 s.
3 Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat. http://heydaraliyev.preslib.az/musteq.html 
4 Əliyev, İ.H. İnkişaf – məqsədimizdir. Elektron külliyat http://ilhamaliyev.preslib.az/
5 Məmmədov, F.T. (2016). Kulturologiya, mədəniyyət və sivilizasiya. Bakı, “OL MMC”, (s.31), 260 s.
6 Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri (nəşrə haz.İ.H.Cəbrayılov). (2015). Bakı, “Mütərcim”, (s.43), 452 s.
7 Andreyev, V.İ. (2003). Pedaqogika: uçebnıy kurs dlya tvorçeskoqo samorazvitiya. 3-e izd. Kazan: Tsentr innovatsionnıx texnologiy, 608 s.
8 Anisimova, V.A., Nayn, A.A. (2012). Formirovaniye issledovatelskix umeniy studentov VUZA. Vestnik Yujno-Uralskoqo Qosudarstvennoqo Universiteta, №14, (Seriya: “Obrazovaniye: Pedaqoqiçeskiye nauki”, vıpusk 16) https://сiберленiнка.ru/article/n/formirovanie-issledovatelskih-umeniystudentov-vuza 
9 Belyalova, M.A. (2016). Razvitiye issledovatelskoy kulturı studentov. Mejdunarodniy jurnal prikladnıx i fundamentalnıx issledovaniy. Nauçnıy jurnal, №4-1, s.57-58, http://appliedresearche.ru/ru/article/view?id=8797 
10 Bustanov, X.A., Aminova, N.İ. (2017). Formirovaniye issledovatelskoy umeniy studentov na osnove informatsionnıx texnologiy. Molodoy uçenıy, №17, s.597-599 // moluch.ru/archive/148/41781
11 Nosayeva, İ.V. (2001). Pedaqoqiçeskiye usloviya formirovaniya issledovatelskoy kulturı uçaşixsya na naçalnom etape obrazovaniya. Avtoreferat diss.k.p.n. // İ.V.Nosayeva, SPb., 20 s.
12 Ponomarçyuk, P.N. (2011). Formirovaniye issledovatelskoy kompetentsii u studentov yuridiçeskix spetsialnostey. Sovremenniye problemı nauki i obrazovaniya. №5, s. 24-31. Elektronnıy nauçnıy jurnal, https://www.scienceeducation.ru/article/view?id=4906
13 Serdeyenko, P.V. (2011). Formirovaniye issledovatelskoy kompetentsii u studentov pedaqoqiçeskoqo vuza. Psixologiya obuçeniya, №3, s.24-31.