EHTİYAT DƏRSLİKLƏRİN EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Gənc nəslin təlim və tərbiyəsində əsas bilik mənbəyi olan dərsliklər demək olar ki, bütün dövrlərdə təhsil sisteminin inkişafı üçün həyati
əhəmiyyət daşımışdır. Ölkəmizdə dərslik siyasəti dünya təcrübəsinə əsaslanaraq təkmilləşdirilmiş və müasirləşdirilmişdir. Buna baxmayaraq, dərsliklərin hazırlanması prosesində hələ də bəzi çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqların bəziləri keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsasən aşkar olunmuşdur. Müəyyən olunan çatışmazlıqları aradan qaldırmaq və təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə «Ehtiyat dərslik» ideyası gündəmə gətirilmişdir. Məqalədə ehtiyat dərslik komplektlərinin hazırlanması, onların tətbiqi və effektivliyinin qiymətləndirilmə prosesi əks olunmuşdur. Ehtiyat dərsliklərin tətbiq edildiyi birinci sinif şagirdlərinin qiymətləndirmə tədqiqatındakı göstəricilərinin yüksək olması həmin dərsliklərin kütləvi istifadəsinə zəmin yaratmışdır.
GİRİŞ
Təhsil müasir dövrdə insan həyatının ən önəmli mərhələsi hesab olunur. Tarix boyu təhsil müəssisələrinin fərdlərin akademik bilik və
bacarıqlar qazanmasındakı rolu danılmazdır. Müasir dünyanın tələblərini nəzərə alaraq, şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi
üçün təhsilin ən aşağı pillələrindən başlayaraq sistemli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin ən əhəmiyyətli hissələrindən biri də dərslik siyasətidir. Çünki dərslik və təhsil mediası tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında mühüm rol oynayır (Horsley & Mc-Call, 2007). Eyni zamanda, dərslik təhsil sisteminin ümumi məqsədlərini şagirdlərin sinifdəki fəaliyyətlərində əks etdirən əsas vasitələrdən biridir (Hoch, Reinhold, Werner, 2018).
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya təcrübəsinə əsaslanaraq təhsilin məzmununda sistemli islahatlar həyata keçirmişdir. 2008/2009-cu dərs ilindən I siniflərdə yeni təhsil proqramlarına (fənn kurikulumlarına) uyğun hazırlanmış dərslik komplektlərinin tətbiqi həmin istiqamətdə aparılan islahatlardan biridir. Müasir dövrün tələblərinə uyğun olaraq tam orta təhsil almış gəncin bilik və bacarıqlarına əmək bazarının tələbləri nəzərə alınmaqla dünyanın qabaqcıl təhsil sistemlərində vacib hesab olunan müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin formalaşdırılması da ölkəmizdə dərslik komplektlərinin hazırlanmasında əsas amillər kimi qəbul olunur. Buna baxmayaraq, dərsliklərlə bağlı hələ də bəzi problemlər öz aktuallığını saxlayır. Bunlardan biri təhsil proqramları ilə dərsliklər arasında uyğunsuzluğun olmasıdır. Yəni dərsliklər nə qədər təkmilləşdirilsə də, hələ təhsil proqramını tam əhatə etmir. Bu da təhsilin öz məqsədlərinə çatmasına maneə törədir. Dərsliklərlə bağlı meydana çıxan bu çətinliklər isə ardıcıl olaraq digər problemlərə səbəb olur. Dərslik təhsil proqramlarının məzmununu ehtiva edən əsas vasitə hesab olunduğu üçün cəmiyyət şagirdlərin bütün nailiyyətlərini və uğursuzluqlarını birbaşa dərsliklərlə əlaqələndirir. Şagirdlərin nəticələrinə yalnız dərsliklər deyil, eyni zamanda müəllimlər, valideynlər, məktəb mühiti, sosial-psixoloji amillər də təsir edə bilər. Lakin cəmiyyətimiz təhsillə bağlı yaranan problemləri ilkin olaraq dərsliklərdə görür. Bu cür yanaşma isə təhsil sistemində yaranan digər problemlərdən biri hesab edilir. Bu vəziyyəti şagirdlərin milli və beynəlxalq qiymətləndirmə (PISA, PIRLS və TIMSS) tədqiqatlarındakı nəticələr təhlil edildiyi zaman daha aydın görmək mümkündür. Belə ki, analiz olunan nəticələrə əsasən dərsliklərdəki çatışmazlıqlar müəyyən edilir və yeni ehtiyat dərslik hazırlanmasına ehtiyac yaranır. Eyni zamanda dərsliklər bir nömrəli tədris resursu kimi qiymətləndirilir ki, bu da yenə bütün məsuliyyəti dərsliklərin üzərinə qoyur.
Yuxarıda qeyd olunduğu kimi, şagirdlərin təhsil nailiyyətlərinə təsir edən amillər çoxdur, lakin bu məqalədə dərsliklərin effektivliyi barədə danışıldığı üçün dərslik amili əsas götürülmüşdür. Son problem olaraq isə qeyd etmək olar ki, ölkəmizdə dərsliklər hazırlandıqdan sonra sınaqdan keçirilmir və birbaşa istifadəyə verilir. Dərsliklər Təhsil Nazirliyi tərəfindən xüsusi meyarlar əsasında qiymətləndirilir, lakin sinif mühitində sınaqdan keçirilməsi daha effektiv hesab olunur. Çünki bu halda istifadə zamanı yarana biləcək problemlər üzə çıxır. Beynəlxalq təcrübə də təsdiqləyir ki, dərsliklərin tətbiqindən öncə sınaqdan keçirilməsi onların təkmilləşdirilməsi
baxımından böyük əhəmiyyət daşıyır.
Yuxarıda qeyd olunan problemlər ehtiyat dərsliklərin tətbiqinə zərurəti artırıb, nəticədə ehtiyat dərslik komplektləri hazırlanıb və 2 il müddətində sınaqdan keçirilib. Ehtiyat dərsliklər adından da göründüyü kimi müşahidə olunmuş problemləri nəzərə alaraq ehtiyat məqsədi ilə hazırlanıb. Bu məqalədə ehtiyat dərslik komplektinin effektivliyinin qiymətləndirilməsi üzrə nəticələrdən bəhs edilir.
EHTİYAT DƏRSLİK
Nazirlər Kabinetinin 24.11.2016 tarixli 611s nömrəli Sərəncamına əsasən ibtidai siniflər üçün riyaziyyat və Azərbaycan dili fənləri üzrə ehtiyat dərslik komplektlərinin (dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait) hazırlanması prosesinə başlanılmış və effektivliyi qiymətləndirilmişdir. Ehtiyat dərslik komplektinin tətbiqinə ibtidai siniflərdən başlanılması təbiidir, çünki şagirdlərin digər fənləri mənimsəməsi üçün vacib olan nitq bacarıqları və riyazi təfəkkürün təməli məhz Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi ilə qoyulur. Bu dərsliklərdə tətbiq olunan yanaşmanın nəticələri müxtəlif fənn və siniflər üzrə ehtiyat dərsliklərin yaradılma hüdudlarını daha da genişləndirə bilər. Azərbaycan dili və riyaziyyat fənləri üzrə ehtiyat dərslik komplektləri aşağıdakı komponentlərdən ibarətdir:
- dərslik;
- iş dəftəri;
- müəllim üçün metodik vəsait;
- valideyn bələdçisi.
Ehtiyat dərslik komplekti Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş üç mərhələli müsabiqə əsasında seçilmiş müəllif heyəti tərəfindən hazırlanmışdır. Müsabiqəyə tədrisi xarici proqramlar əsasında aparılan bir çox beynəlxalq məktəblərdə çalışan müəllimlər də dəvət olunmuşdur. Məzmun hazırlandığı zaman dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilmiş, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və beynəlxalq qiymətləndirmə tədqiqatlarında istifadə olunan çərçivə sənədlər analiz edilmişdir. Dərslik komplektinin komponentlərindən öncə konsepsiya hazırlanmış və bütün mərhələlər xüsusi sənəddə əks olunmuşdur. Bu sənəddə məzmun standartları, beynəlxalq standartlar və digər amillər öz əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, ehtiyat dərsliklərin məzmunu hazırda tətbiq olunan ənənəvi dərsliklərdən bir qədər fərqlənsə də, onları inkar etmir. Yeni dərslik komplektlərinin dizayn baxımından fərqli tərəfi ondan ibarətdir ki, onlar oxunaqlılığı ilə şagirdlərin motivasiyasını artıra bilər. Eyni zamanda ehtiyat dərsliklərin məzmununun müəyyən olunmasında şagirdlərin məktəbəhazırlıq qruplarında iştirakı da nəzərə alınmışdır. Çünki ölkəmizdə I sinfə başlayacaq şagirdlərin əksəriyyəti artıq məktəbəhazırlıq dövründə ilkin oxu və riyazi bacarıqlara yiyələnirlər.
Ehtiyat dərslik komplektlərinin hazırlanması prosesində valideynlərin təhsildəki rolu da nəzərə alınmışdır. Beləliklə, əvvəlki dərsliklərdən fərqli olaraq, ehtiyat dərslik komplektlərinin tərkibinə valideyn bələdçisi əlavə edilmişdir. Araşdırmalar göstərir ki, valideynləri tədris prosesinə cəlb etmək həm məktəblər, həm də ümumi təhsil sistemi baxımından böyük qazancdır (Kaya & Bacanlı, 2016). Bunu digər ölkələrin təhsil sistemində də müşahidə etmək olar. Ehtiyat dərsliklərin hazırlanması prosesində valideynlərin müasir təhsillə bağlı maarifləndirilməsi və onların tədris prosesində iştirakı məsələsi də nəzərə alınmışdır. Valideyn bələdçisində tədris proqramının məzmununun qısaca izahı, şagirdlərin dərsdənkənar öyrənmə prosesinə aktiv cəlbolunma metodları və digər tövsiyələr qeyd olunmuşdur. Beləliklə, ehtiyat dərsliklərin hazırlanma prosesi başa çatdıqdan sonra 1-ci siniflər üzrə eksperiment aparılmış və dərs ilinin sonunda qiymətləndirmə tədqiqatı keçirilərək şagirdlərin nəticələri analiz edilmişdir.
ƏDƏBİYYAT ARAŞDIRMASI
Dərsliklər yalnız müəllim və şagirdlərə tədris prosesində bələdçilik edən vasitə deyil, həmçinin ölkənin daxili və xarici siyasəti, mədəniyyəti və incəsənəti haqqındakı məlumatları da şagirdlərə aşılayan vasitədir. Ona görə də dərsliklərin məzmununun necə müəyyənləşdirilməsi, kim tərəfindən istehsal edilməsi və təqdim olunması çox önəmli və daim mübahisə yaradan məsələlərdən olmuşdur (Mohammadi & Abdi, 2014). Bəzi Asiya ölkələrində dərsliklərin özəl nəşriyyatlar tərəfindən hazırlanması təhsil sisteminin başlıca məqsədlərinə çatma prosesini çətinləşdirir. Məsələn, Malayziya və İndoneziya kimi ölkələrdə dərslik siyasətinin tətbiqi qənaətbəxş olmadığına görə dərsliklərin hazırlanması prosesini Təhsil Nazirliyi öz üzərinə götürmüşdür. Çində isə dərsliklərin hazırlanması prosesi Təhsil Nazirliyi və özəl nəşriyyat qurumlarının rəqabəti ilə xarakterizə olunur. Bu rəqabət sayəsində dərsliklərin hazırlanmasında yeni fikirlər ortaya çıxır (Smart & Jagannathan, 2018). Digər bir təcrübə göstərir ki, Tayvanda ibtidai və orta məktəb dərsliklərin hazırlanması, seçilməsi və paylanması Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Sonra isə dövlət öz siyasətini dəyişdirərək dərsliklərin hazırlanmasını özəl nəşriyyatlara, seçilməsini isə məktəblərin öhdəliyinə verməyi qərarlaşdırdı. Bu isə müəllimlərə və məktəb heyətinə daha çox araşdırma və uyğun dərslik seçmə imkanı verdi. Araşdırmalara əsasən qeyd etmək olar ki, dərsliklərin kim tərəfindən və necə hazırlanması məsələsi çox vacibdir. Hər bir ölkə bu prosesi öz məqsədlərinə və təhsil sisteminə uyğun formada tənzimləyir (Hsu-fu & Ying-tsun, 2011). Amma yenə də ölkələr dərsliklərin keyfiyyətinə təsir edən çətinliklərlə qarşılaşır. Bu çətinliklərdən biri dərsliklərin beynəlxalq standartlara və meyarlara əsaslanmadan hazırlanmasıdır. Bu isə təhsilin dünyanın inkişaf sürətindən geri qalmasına səbəb ola bilər. Digər məsələ dərsliklərin istifadəyə verilmədən öncə sınaqdan keçirilməməsidir (Stein, Stuen, Carnine & Roger, 2001). Həmin dərs vəsaitlərinin üzərində işləmək üçün məhdud vaxt qaldığından düzəlişlər istənilən nəticəni vermir. Başqa bir araşdırmada dərsliklərin effektivliyinin qiymətləndirilməsi məqsədilə şagirdlər arasında müəllimlərin dəstəyi ilə sorğu keçirilmiş və istifadə etdikləri dərslik haqqında rəylər toplanılmışdır (Altman, Ericksen & Pena-Shaff, 2006). Durvin və Şermanın həyata keçirdikləri qiymətləndirmədə isə iki dərsliyin müqayisəsi üçün şagirdlərə test təqdim edilmişdir. Testin nəticəsinə uyğun olaraq, hansı dərsliyin daha effektiv olduğu müyyənləşdirilmişdir (Durwin & Sherman, 2008).
Göründüyü kimi, müxtəlif mənbələr və beynəlxalq təcrübələr də dərslik komplektinin hazırlanma prosesinin düzgün təşkil olunmasının əhəmiyyətini vurğulayır. Bunun təmin olunması üçün dərslik vəsaitinin hansı qurum tərəfindən hazırlanmasından asılı olmayaraq kütləvi tətbiqindən əvvəl sınaqdan keçirilməsi və nəticələrin müzakirə edilib müvafiq düzəlişlər edilməsi onların məzmun keyfiyyəti baxımından mühüm hesab olunur.
EHTİYAT DƏRSLİKLƏRİN SINAQ MƏRHƏLƏSİ
Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərinə nəzər saldıqda qiymətləndirmə tədqiqatının əhəmiyyətini daha aydın görmək olar. Lavrense vurğulayır ki, dərsliklərin qiymətləndirilməsi təhsil sisteminin məqsədlərinə çatması prosesini asanlaşdırır (Lawrence, 2011). Araşdırmalara əsasən dərsliklərin kommersiya marağı əsasında hazırlanması qlobal xarakter daşıyır (Tomlinson, 2010). Belə
olduqda onların keyfiyyət göstəriciləri ön planda olmur. Bu da təhsilin səviyyəsini aşağı salır. Şagirdlərin uğurlu olması isə birbaşa dərsliklərin keyfiyyətindən asılıdır (Mukundan, 2007). Ona görə də ölkəmizdə ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi prosesi həyata keçirilmişdir.
Ehtiyat dərslik vəsaitləri hazır olduqdan sonra respublika üzrə təsadüfi yolla seçilmiş məktəblərdə sınaq təşkil edilmişdir. Dərsliklərin effektivliyini qiymətləndirmək məqsədilə tədqiqatın aparılması üçün eyni məktəbin ənənəvi və ehtiyat dərsliklərin tədris olunduğu siniflərində eksperiment aparılmışdır. Sınaqda iştirak edən şagirdlər ölkənin bütün şagird kateqoriyalarını əhatə etməklə reprezentativ seçim əsasında müəyyən olunmuşdur. Ümumillikdə, ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə etməklə 97 məktəbin 123 birinci sinfində 3244 şagirdin təhsili ehtiyat dərslik komplekti əsasında təşkil edilmişdir (Cədvəl 1). Hər region üzrə koordinatorlar təyin olunmuş və prosesin gedişinə nəzarət edilmişdir.
Cədvəl 1 Ehtiyat dərslik vəsaitinin ölkə üzrə paylanması
Sınaq zamanı müxtəlif monitorinqlər keçirilmiş, müəllimlərin dərs müddətində rəyləri öyrənilmiş və nəticələrə əsasən dərslik vəsaitinə müvafiq düzəlişlər olunmuşdur. Tədris ilinin sonunda ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi üçün tədqiqat aparılmışdır.
TƏDQİQAT METODU
Ölkə üzrə təsadüfi seçimlə müəyyən edilmiş 97 məktəbdən 51-də ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi təşkil olunmuşdur. Tədqiqatda eyni məktəbin həm ehtiyat dərslik, həm də ənənəvi dərslik istifadə etmiş şagirdləri iştirak etmişdir. Bu məqsədlə şagirdlər kontrol və eksperiment qrupları üzrə bölünmüşdür. Kontrol qrupa ənənəvi dərslik əsasında təhsil almış şagirdlər, eksperiment qrupa isə ehtiyat dərslik əsasında təhsil almış şagirdlər daxil edilmişdir. Tədqiqatda ehtiyat dərslikdən istifadə üzrə 53%
oğlan, 47% qızlardan ibarət, ümumilikdə 1266, ənənəvi dərslikdən istifadə üzrə isə 53% oğlan və 47% qız olmaqla 1272 şagird iştirak etmişdir (Diaqram 1). Tədqiqat məktəbin bütün siniflərində deyil, təsadüfi seçilmiş konkret siniflərində həyata keçirilmişdir.
Diaqram 1 Cins tərkibi
MƏLUMATLARIN TOPLANMASI VƏ ANALİZİ
Məlumatların toplanması üçün Azərbaycan dili və riyaziyyatın müəyyən edilmiş məzmun xətləri üzrə müvafiq kitabçalar hazırlanmışdır. Tədqiqat alətləri – Azərbaycan dili fənni üzrə 2 kitabça (Oxu və yazı; Dil qaydaları) və riyaziyyat fənni üzrə 5 kitabça (Ədədlər və əməllər; Cəbr və funksiyalar; Həndəsə və ölçmə; Statistika və ehtimal; eləcə də yalnız ehtiyat dərslik üzrə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuş bir kitabça) şəklində hazırlanmışdır.
Qeyd edildiyi kimi, riyaziyyat fənninə aid beşinci kitabça yalnız ehtiyat dərslik üzrə təhsil alan şagirdlərə təqdim olunmuşdur. Hazırlanan 6 kitabçada (2 Azərbaycan dili və 4 riyaziyyat) şagirdlərin cavablandırılması üçün 15 sual qeyd olunmuş və hər bir sualın növündən asılı olaraq maksimum ballar müəyyən edilmişdir. Riyaziyyat üzrə beşinci sual kitabçası üçün isə 11 sual hazırlanmışdır.
Alətlər Azərbaycan dili və riyaziyyatın məzmun standartları üzrə şagirdlərin bilik və bacarığını ölçür. Həmin suallar ölkənin təcrübəli müəllif və müəllim heyəti tərəfindən birinci sinif şagirdləri üçün standart və alt standartlarına əsasən hazırlanmış, onların etibarlılığı prosesdə iştirak etməyən müəllim və müəlliflərin rəyləri əsasında yoxlanılmışdır.
Tədqiqatdan əldə edilən məlumatlar üzrə təsviri statistikalar çıxarılmış, ehtiyat dərslik və ənənəvi dərslikdən istifadə etmiş şagirdlərin orta bal göstəricilərini müqayisə etmək məqsədilə t-statistik testindən istifadə edilmişdir. Bununla da, ehtiyat dərslik və ənənəvi dərslikdən istifadə etmiş şagirdlərin mənimsəmə göstəricisi arasındakı fərqin statistik cəhətdən əhəmiyyətli olub-olmadığı müəyyən olunmuşdur.
TƏDQİQATIN NƏTİCƏLƏRİ
Aparılan tədqiqat göstərir ki, ehtiyat dərsliklərdən istifadə etmiş şagirdlərin riyaziyyat və Azərbaycan dili fənləri üzrə topladıqları orta bal göstəricisi ənənəvi dərsliklərdən istifadə etmiş şagirdlərin topladıqları orta bal göstəricisindən yüksəkdir. Hər kitabçanın nümunə suallarına və standartlar üzrə təhlilinə baxaq.
Azərbaycan dili üzrə nəticələr
Diaqram 2 Azərbaycan dili fənnindən şagirdlərin nəticələrini əks etdirir.
Diaqram 2 Azərbaycan dilinin məzmun xətləri üzrə göstəricilər
“Oxu və yazı” məzmun xətti üzrə sual kitabçasında bəzi orta və çətin hesab olunan suallar üzrə şagirdlərin orta bal göstəricisinə nəzər salsaq görərik ki, onların bəzi suallarda ehtiyat və ənənəvi dərslik üzrə nəticələri arasındakı fərq statistika baxımından əhəmiyyətlidir. Yəni, ehtiyat dərslik istifadə etmiş məktəblilərin həmin sualların aid olduğu standartlara uyğun bacarıqları daha çox inkişaf etmişdir. Məsələn, eyni məzmun xətti üzrə kitabçanın 7-ci sualına nəzər salaq:
7. Hansı ad mətnə uyğundur?
A) Çətin seçim; B) Maraqlı oyun; C) Marketdə görüş.
Yuxarıdakı sual şagirdlərdə mətndəki əsas fikri müəyyənləşdirmə və sadə formada ifadəetmə qabiliyyətini ölçür. Yəni şagirdlər öz biliklərindən və mənəvi dəyərlər haqqında təsəvvürlərindən çıxış edərək mətndəki əsas fikri şərh edə bilirlər. Ehtiyat dərslik istifadəçilərində müvafiq bacarıq daha çox inkişaf etmişdir (Diaqram 3).
Diaqram 3. 1-ci sual üzrə nəticə Diaqram 4. 4-cü sual üzrə nəticə
Eyni kitabçanın çətin hesab olunan digər sualına nəzər salaq:
4. Təsəvvür et ki, Arif Turalla marketə getməyə razılaşdı. Səncə, bu zaman Tural dostuna nə deyər?
Şagirdlərdən mövzu ilə bağlı bir neçə cümlə yazmaq tələb edilir. Bu sual şagirdlərin öz fikir və duyğularını yazıda əksetdirmə bacarığını ölçür. Yenə diaqrama əsasən, ehtiyat dərslikdən istifadə etmiş məktəblilərdə sözü gedən bacarıq daha çox inkişaf etmişdir. Başqa sözlə, iki dərslik üzrə nəticələr arasındakı fərq yenə də statistik baxımdan əhəmiyyətlidir (Diaqram 4).
Ümumi nəticələrdə də qeyd olunduğu kimi, dil qaydaları məzmun xətti üzrə nəticələr də ehtiyat dərsliyin effektiv olduğunu göstərir. Yenə müvafiq olaraq orta dərəcə, çətin və daha çətin hesab olunan suallar nümunəsində şagirdlərin orta bal göstəricilərinə baxaq. Hər iki nümunə sual üzrə ehtiyat dərslik və ənənəvi dərslik arasındakı fərq statistik baxımdan əhəmiyyətlidir. Dil qaydaları məzmun xətti əsas götürülərək hazırlanmış kitabçanın 12-ci sualına diqqət yetirək.
Diaqram 5 12-ci sual üzrə nəticə
12. Qarışıq verilmiş sözlərdən istifadə edərək cümlə qur: qaçdı, arxasınca, Pişik, siçanın.
Bu sual sözləri və cümlələri tanıma bacarığını qiymətləndirir. Ehtiyat dərsliklərdə bu bölmə şagirdlərin verilmiş sözlər arasında əlaqəni müəyyənləşdirərək cümlə qurmaq bacarığını daha effektiv inkişaf etdirmişdir (Diaqram 5).
Eyni sual kitabçasının 15-ci sualı isə şagirdlərin yazıda sadə orfoqrafik qaydalara əməl etməsini qiymətləndirmək məqsədi daşıyır.
15. Nöqtələrin yerinə buraxılmış hərfləri uyğun olaraq böyük və ya kiçik hərflə yaz.
...oplan ...ğac
...aşın
...ərid
Ehtiyat dərslik istifadə edən şagirdlərin bu sual üzrə orta balı ənənəvi dərslik istifadə edən şagirdlərin orta balından yüksəkdir (Diaqram 6).
Diaqram 6 15-ci sual üzrə nəticə
Diaqram 7-də Azərbaycan dili fənni üzrə tədqiqatın regional göstəriciləri əks olunmuşdur. Belə ki, ümumi respublika üzrə Azərbaycan dili fənnindən ehtiyat dərslik komplektindən istifadə etmiş şagirdlərin topladığı orta bal 68.9 olduğu halda, ənənəvi dərslik komplektindən istifadə etmiş şagirdlərin orta göstəriciləri bir qədər az, 59.3-dür. Bakı və regionlardakı məktəblərdə ayrı-ayrılıqda da Azərbaycan dili fənnindən şagirdlərin topladığı orta bal ehtiyat dərsliklər üzrə daha çoxdur. Bakıda təhsil alan şagirdlərin ehtiyat dərslik və ənənəvi dərslik üzrə topladıqları orta bal müvafiq olaraq 76.6 və 70, regionlarda isə müvafiq olaraq 58.5 və 44-dür. Şagirdlərin Bakı və digər regionlarda ehtiyat dərsliklər və ənənəvi dərsliklər üzrə topladıqları bal fərqinin statistik cəhətdən əhəmiyyətli olduğunu qeyd etmək lazımdır. Ona görə də bu nəticəyə gəlmək olar ki, Azərbaycan dili fənni üzrə hazırlanmış ehtiyat dərsliklər ölkə üzrə 1-ci sinif şagirdlərinin istifadəsi üçün uyğundur.
Diaqram 7 Azərbaycan dili üzrə regional göstəricilər
Riyaziyyat üzrə nəticələr
Ehtiyat dərslikdən istifadə edən şagirdlərin riyaziyyat üzrə orta bal göstəriciləri ənənəvi dərslik istifadə edənlərdən yüksək olmuşdur. Bu fənnin məzmun xətləri və standartları üzrə nəticələrə nəzər salaq. Cəbr və funksiyalar, statistika və ehtimal bölmələri üzrə şagirdlərin nəticəsi göstərir ki, ehtiyat dərslik komplektindən istifadə zamanı şagirdlərin bu bölmələri mənimsəməsi daha yüksəkdir. Yuxarıda qeyd olunan məlumatlar 8-ci diaqramda əks olunmuşdur.
Diaqram 8 Riyaziyyatın məzmun xətləri üzrə göstəricilər
Riyaziyyat fənninin nümunə sualları üzrə də ehtiyat və ənənəvi dərsliklərdən istifadə edən şagirdlərin göstəriciləri arasındakı fərq statistik baxımdan əhəmiyyətlidir. Bütün məzmun xətləri istiqamətində hazırlanmış suallara nəzər salaq.
Ədədlər və əməllər məzmun xətti üzrə hazırlanmış kitabçada 10-cu sualın hər iki dərsliyə nəticələri aşağıdakı diaqramda əks olunmuşdur.
10. 4-dən başlayıb iki-iki irəli saysanız, üçüncü ədəd neçə olar?
A) 10; B) 8; C) 6
Qeyd olunan sual şagirdin say və ədəd anlayışlarını başa düşdüyünü ölçmək üçün hazırlanmışdır. Nəticəyə və riyaziyyatın bu bölmə üzrə məzmun standartlarına əsasən demək olar ki, ehtiyat dərslik istifadə edən şagirdlərin 20 dairəsində iki-iki ritmik saymaq bacarığının daha çox inkişaf etməsi müşahidə olunmuşdur (Diaqram 9).
Diaqram 9 10-cu sual üzrə nəticə Diaqram 10 1-ci sual üzrə nəticə
Cəbr və funksiyalar məzmun xətti üzrə hazırlanmış kitabçanın 1-ci sualı şagirdlərin şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadəetmə bacarığını qiymətləndirir:
1. Uyğun ifadələri xətlərlə birləşdirin.
səkkiz ilə ikinin cəmi 9-3
doqquz ilə üçün fərqi 8-5
üçün ikiqatı ilə birin cəmi 8+2
səkkiz ilə beşin fərqi 6+1
Bu sual üzrə şagirdlərin orta bal göstəriciləri Diaqram 10-dakı kimidir.
Diaqramdakı nəticə şifahi söylənmiş məsələlərdəki toplama, çıxma əməllərini uyğun işarələrlə təsvir edənlərin sayının ehtiyat dərslik üzrə daha çox olduğunu nümayiş etdirir. Nəticənin izahı üçün 1-ci sinfin riyaziyyat fənni üzrə məzmun standartlarına istinad edilmişdir.
Həndəsə və ölçmə üzrə sual kitabçasında yer alan 4-cü sual şagirdlərin sadə məsələlərdə qabların tutumunu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını qiymətləndirir. Sual aşağıda qeyd olunmuşdur:
4. Verilmiş şəklə hansı fikir uyğun gələr?
A) Üç bidonda südün tutumu 16 litrdən çoxdur.
B) Üç bidonda cəmi 15 litr süd var.
C) İki bidon 12 litr süd tutur.
4-cü sualın nəticəsi göstərir ki, ehtiyat dərslik istifadə edən şagirdlər sadə məsələlərdə qabların tutumunu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını daha yaxşı tətbiq edirlər (Diaqram11).
Diaqram 11 4-cü sual üzrə nəticə
Statistika və ehtimal məzmun xətti üzrə 4-cü kitabçanın ilk sualı şagirdlərin topladığı məlumatları təqdimetmə bacarığını göstərir. Suala əsasən şagirdlərin siyahı, cədvəl, piktoqram və sütunlu diaqramları fərqləndirmə bacarığı qiymətləndirilir. Sual aşağıdakı kimidir:
1. Leyla sinif yoldaşları arasında “Ən çox sevdiyim bir idman növü” adlı sorğu keçirdi. O, sorğunun nəticəsini barqrafda (diaqramda)
göstərdi. Barqrafa (diaqrama) əsasən aşağıdakı sualları cavablandırın.
Şagirdlər ehtiyat dərslik sayəsində cədvəl və diaqramları daha yaxşı fərqləndirir və analiz edir (Diaqram 12).
Diaqram 12 1-ci sual üzrə nəticə
Riyaziyyatın 5-ci sual kitabçası isə müqayisə xarakteri daşımır, yalnız ehtiyat dərsliyin effektivliyinin qiymətləndirilməsi üçün nəzərdə tutulub. 5-ci sual kitabçasında riyaziyyat fənninin müxtəlif standartlarında qeyd olunan bacarıqları ölçmək üçün hazırlanmış suallar əks olunmuşdur. Kitabçada qeyd olunan suallar şagirdlər tərəfindən eyni dərəcədə cavablandırılmayıb. Bunu Cədvəl 2-də müşahidə etmək olar:
Riyaziyyat fənninin regionlar üzrə nəticələrinə nəzər saldıqda aydın olur ki, respublikada ehtiyat və ənənəvi dərsliklərdən istifadə edən şagirdlərin orta balları müvafiq olaraq 72.7 və 71.1 bal təşkil edir (Diaqram 13). Ehtiyat və ənənəvi dərsliklər üzrə təhsil alan Bakı məktəblilərinin tədqiqat zamanı topladıqları ballar arasındakı fərq 5.68 təşkil edir. Digər regionlardakı şagirdlərin ehtiyat və ənənəvi dərsliklər üzrə topladıqları orta bal da Bakı şəhəri üzrə əldə edilən nəticəni inkar etmir. Belə ki, ehtiyat dərslik üzrə orta bal 53.8 olduğu halda, ənənəvi dərslik üzrə toplanan orta bal 44.8-dir.
Cədvəl 2 5-ci sual kitabçası üzrə şagirdlərin göstəriciləri
Diaqram 13 Riyaziyyat üzrə göstəricilər
Tədqiqat göstərir ki, ehtiyat dərslik komplektlərinin tədris prosesindəki effektivliyi ənənəvi dərslik komplektləri ilə müqayisədə daha yüksəkdir. Qiymətləndirilmə tədqiqatı başa çatdıqdan və kütləvi istifadəyə qərar verildikdən sonra, artıq digər siniflər üzrə də ehtiyat dərslik komplektinin hazırlanması prosesinə başlanılmışdır.
NƏTİCƏ VƏ TÖVSİYƏLƏR
Təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirməkdə ən önəmli vasitə olan dərslik komplektləri ilə məktəblərin təminatı ən ciddi problemlərdən biri kimi dövlətin daim diqqət mərkəzindədir. Ehtiyat dərslik komplektlərinin hazırlanması dərsliklərdə müşahidə olunan çatışmazlıqların aradan qaldırılmasında mühüm hadisə hesab oluna bilər. Ehtiyat dərsliklərin effektivliyini qiymətləndirmək üçün aparılan tədqiqatın nəticələrindən məlum olur ki, qeyd olunan dərsliklərdən istifadə edən şagirdlərin mənimsəmə göstəriciləri daha yüksəkdir. Bu isə həmin komplektlərin kütləvi istifadəsinə şərait yaradır. Ehtiyat dərsliklərdən istifadə müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə, şagirdlərin milli və beynəlxalq tədqiqatlarda uğurlu nəticələr göstərməsinə əhəmiyyətli təsir göstərir. Bu komplektə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynaya və onları tədris prosesinə cəlb edə bilər.
Lakin qeyd etmək lazımdır ki, məzmun standartları üzrə nəticələrdəki fərq bütün suallar üzrə statistik cəhətdən əhəmiyyətli deyil. Bu, yalnız dərslik komplektinin məzmunu ilə deyil, həmçinin tədris prosesində müəllimlərin qarşılaşdıqları çətinliklərlə və şagirdlərin sosial-iqtisadi vəziyyəti ilə əlaqəli ola bilir. Həmin istiqamətdə müvafiq tədbirlər görülməsi də ehtiyat dərslik komplektinin tətbiqi zamanı qarşıya qoyulan məqsədə çatılması prosesini sürətləndirəcək. Beləliklə, ölkəmizdə dərslik siyasəti ilə bağlı atılan bu yeni addım təhsil sistemi qarşısında qoyulmuş məqsədlərə çatmaqda və bu sahədə yaranmış vacib problemlərin həll edilməsində mühüm hesab oluna bilər.
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Qiymətləndirmə. Götürülüb: http://www.arti.edu.az/az/page/17-qiymatlandirma.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Dərsliklərin hazırlanması: mövcud durum və problemlər. (2016). Götürülüb: http://www.edu.gov.az/upload/file/teqdimat/2016/11.pdf.
3. Azərbaycan Respublikasının ümumi təhsil sistemində dərslik siyasəti. (2016). Bakı.
4. Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək. (2019). Aztəhsil, 17 mart. Götürülüb: https://aztehsil.com/news/8381-
ehtiyat-derslikler-tehsilin-keyfiyyetini-daha-dayukseldecek.html
5. Altman, W.S., Ericksen, K., & Pena-Shaff, J.B. (2006). An inclusive process for department textbook selection. Sage journals, 33(4). DOI: https://doi.org/10.1207/s15328023top3304_2
6. DOI: 10.1080/105735601455710
7. DOI: http://dx.doi.org/10.22617/TCS189651-2
8. DOI: https://doi.org/10.1007/s11858-018-0971-z
9. DOI: 10.13140/RG.2.2.22405.65769
10. Durwin, C.C., & Sherman, W.M. (2008). Does choice of college textbook make a difference in students’ comprehension? College teaching, 56 (1). DOI: https://doi.org/10.3200/CTCH.56.1.28-34
11. Hoch, S., Reinhold, F., Werner, B. et al. (2018). Design and research potential of interactive textbooks: the case of fractions. ZDM
Mathematics Education 50, 839–848.
12. Horsley, M., & McCall, J. (2007). Peace, democratization and reconciliation in textbooks and educational media: Ninth International Conference on Textbooks and Educational Media. http://repository.gei.de/handle/11428/62
13. Hsu-fu, H., & Ying-tsun, H. (2011). Improving the Textbook Adoption Process in Taiwan. International Education studies. 4(4), 93-95. Taiwan. DOI:10.5539/ies.v4n4p92
14. https://sisaljournal.org/archives/sep10/tomlinson/
15. Kaya, Ö., & Bacanlı, H. (2016). Eğitim Yaşantısına Ebeveyn Katılım Algısını Açıklamaya Yönelik Bir Model Geliştirme. Journal of Education. 31(2): 410-423. Türkiye, 410- 423. DOI:10.16986/HUJE.2015014092
16. Lawrence, V. (2011). Textbook Evaluation: A framework for evaluating the fitness of the Hong Kong new secondary school (NSS) curriculum. Research gate. Hong Kong.
17. Mohammadi, M., & Abdi, H. (2014). Textbook Evaluation: A Case Study. Procedia – Social and Behavioral Sciences. 98 (2014 ) 1148 – 1155 Iran. https://bit.ly/3itcwFo
18. Mukundan, J. (2007). Evaluation of English Language Textbooks: Some Important Issues for Consideration. Contemporary Issues In Education Research. 4(6). London https://bit.ly/3mc3Jd4
19. Smart, A., & Jagannathan, S. (2018). Textbook policies of Asia. Philippines
20. Stein, M., Stuen, C., Carnine D., & Roger, M. (2001) Textbook evaluation and adoption, Reading & Writing Quarterly, 17:1, 5-23.
21. Tomlinson, B. (2010). Principles and procedures for self-access materials. Studies in Self-Access Learning Journal, 1(2), 72-86. NewYork.