TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİN OLUNMASININ PEDAQOJİ ƏSASLARI


NƏRMİN HÜSEYNOVA




Müasir təhsilin keyfiyyət göstəricisi tədris prosesinin səmərəli idarə olunmasıdır. Təhsilin keyfiyyətli idarəolunması yüksək standartlara doğru istiqamətlənən bir inkişaf sistemi kimi cərəyan edir və dinamik şəkildə izlənilir. Tədrisin keyfiyyət göstəricilərindən biri də öyrənənlərin bilik və bacarıqlarının əvvəlcədən müəyyən edilmiş gözləntilərə, təlim nəticələri və qiymətləndirmə meyarlarına uyğun gəlməsidir. Müasir pedaqoji prosesdə təhsilalanların sosial-mədəni və kommunikativ bacarıqlara malik olması təlimdə mühüm keyfiyyət göstəricisi kimi dəyərləndirilmişdir. Pedaqoji təhsildə tədrisin keyfiyyətli idarəolunması onun dayanıqlı və effektli təsirini zəruri edir. Bu baxımdan, tədris prosesinin tələbəyönlü təşkili və fəaliyyətlərin qiymətləndirilməsi müasir təhsilin paradiqmalarından hesab edilir. Məqalənin məqsədi səmərəli tədrisin təşkilini təşviq etmək üçün təlimin əsas keyfiyyət göstəricilərinə və standartlarına uyğun tətbiqi qaydalarını araşdırmaqdır. Məlumdur ki, tələbələrin keyfiyyətli təhsil almaları üçün savadlılıq, məlumatlılıq və səriştəlilik ən zəruri komponentlər kimi vurğulanır. Məqalədə tədris prosesinin keyfiyyətli təşkilinə nail olmaq üçün müasir mexanizmlər, tədris proqramının keyfiyyət göstəriciləri, təlim nəticələrinə uyğunluğu, keyfiyyət metodları, tələbə nailiyyətlərinin və öyrənmə prosesinin qiymətləndirilməsi haqqında fikir və ideyalar açıqlanır.

GİRİŞ

Tədrisin keyfiyyəti müəllimin səriştəsi, müasir pedaqoji yanaşmaların tətbiqi, əlverişli, çevik təlim mühitinin yaradılması, müasir texnologiyaların istifadəsi və qiymətləndirmənin aparılması ilə ölçülür. Bununla bərabər, tədrisdə mövcud olan problemlər onun dayanıqlığını təmin edə bilmir, tələbə maraqlarını qarşılamır və təlim nəticələrinin qazanılmasında məhdudiyyətlər yaradır. Elmi araşdırmalar göstərir ki, pedaqoji prosesdə yeni biliklərin və səriştələrin praktiki şəkildə qazanılması məhz keyfiyyət strategiyaları əsasında baş verir (Corbett & Anderson, 1995; Lewis, 1993).

Bir çox hallarda təlim gözlənilən yüksək keyfiyyətə zəmanət verə bilmədiyinə görə tədris prosesinin peşəkar səviyyədə təşkili əsas hədəf olmalıdır. Müəllimin peşəkarlığı, təlimin təşkili prinsiplərindən xəbərdar olması tələbələr üçün effektiv bir göstəricidir. Çünki təlimin səmərəli təşkili tələbə nailiyyətlərinin sistemli şəkildə əldə olunmasına imkan yaradır və yeni biliklərin qazanılmasına səbəb olur. Bu baxımdan, ali təhsildə “keyfiyyət” termini çox vaxt birmənalı qarşılanmır.

A.Mehrabov pedaqoji təhsilin keyfiyyəti və onun idarə olunmasında müasir yanaşmalardan istifadənin əsas istiqamətlərini araşdıraraq yazır: “Tədris prosesinin əsas keyfiyyət parametrləri bilik, bacarıq və vərdişlərin səviyyəsi, təhsilalanların fərdi inkişaf dinamikası, müəllimin səriştəliliyi və təhsil prosesində baş verən digər effektiv elementlərin nəzərə alınması kimi müəyyən edilməlidir” (Mehrabov, 2014).

R.Karmişel, J.Palermo, K.Valens və J. Levis öz pedaqoji tədqiqatlarında təlimin məzmunlu və iyerarxik ardıcıllıqla baş verməməsinin sonda uğurlu nəticənin əldə olunmamasına səbəb olacağını qeyd edirlər. Bu iyerarxiya, ilkin idraki fəaliyyətlərdən başlayaraq, tələbələrin mövzu haqqında ilkin təcrübələrini yeni biliklərlə əlaqələndirməsi, fəaliyyətlərdə və tapşırıqlarda tətbiqi, problemi araşdırması, faktlarla əsaslandırması, dəyərləndirməsi və yaradıcı fəaliyyəti təqdim etməsi kimi izah olunur (Carmichael, Palermo, Reeve & Vallence, 2001; Lewis, 1993).

Digər tədqiqatçı müəlliflər S.Blömke, L.Paine, R.Honq, F.Hisey, V.Şmit, M.Tatto, K.Bankov, A.Qobert və J.Anderson bu fikirlərin müəyyən qədər əksinə olaraq qeyd edirlər ki, təlimin iyerarxik ardıcıllığı təlim prosesində vaxt məhdudiyyəti yaradır, tənqidi təfəkkür və yaradıcı işə çox az vaxt qalır. Bu baxımdan, tədqiqatçılar tələbələrin təlimdənkənar mühitdə planlaşdırılmış təlimat üzrə öz təcrübələri əsasında araşdırma aparmasına daha çox vaxt verilməsinin əhəmiyyətini vurğulayır, təlim zamanı araşdırıb əldə etdikləri nəticələrin təqdim olunmasını və müəllim tərəfindən rəy verilməsini keyfiyyət istiqaməti kimi məqsədəuyğun hesab edirlər (Blömeke, Paine, Houang, Hsieh, Schmidt, Tatto, Bankov, 2008; Corbett & Anderson, 1995).

Beləliklə, tədrisdə effektiv planlaşdırma, faydalı resurslardan istifadə, aydın təlimatlar və təlim məqsədlərinin müəyyən edilməsi gözlənilən təlim şəraitində baş verdikdə keyfiyyət uyğun bir mühitdə reallaşır və sistemlilik pozulmur. Məlumdur ki, müəllim nə qədər maraqlı təlimat və tapşırıqlar hazırlasa da, onu səmərəli strategiya əsasında tətbiq etmirsə, sonda gözlənilən uğurlara çatmaq olmur. Təlimin yeni məzmuna malik tədris proqramı (kurikulum) əsasında həyata keçirilməsi, faydalı tədris resurslarının seçilməsi, effektiv idarəetmə, müəllimlərin bacarıqlarının inkişafı, monitorinq və qiymətləndirmə isə keyfiyyətin tam təmin olunmasına gətirib çıxara bilir.

KEYFİYYƏTİN ƏLDƏ OLUNMASINDA TƏLİM NƏTİCƏLƏRİNİN ROLU

Pedaqoji prosesdə keyfiyyətin əldə olunmasının ən uğurlu tərəfi onun səriştə əsaslı təlim nəticələri və yeni məzmunlu tədris proqramı
əsasında aparılmasıdır. Ali pedaqoji təhsildə təlim nəticələrinin yeni pedaqoji yanaşmalar əsasında qazanılması ən vacib şərtdir. Buna görə də təlim nəticələri bir sıra pedaqoji məqsədlərin əldə olunmasına xidmət etməlidir. Təlim nəticələri və məqsədlərinin keyfiyyət göstəricisi onun koqnitiv, sosial-emosional, tənqidi təfəkkür və yaradıcı qabiliyyətlərini reallaşdırmasıdır.

Ali təhsildə tədrisin keyfiyyəti ilə bağlı tədqiqatlarında Levis tədrisə aid keyfiyyətləri, əsasən, təlim məqsədinin seçilməsi, təlimə hazırlıq, yaxşı əhval-ruhiyyə, effektiv təlimat və uğurlu performans göstərməklə müəyyən etmişdir. O, təlim keyfiyyətlərini üç əsas kateqoriya üzrə dəyərləndirir (Lewis, 1993):

Sxem 1 Təlimin keyfiyyət sahələri

Sxemdən göründüyü kimi, müvafiq təlim mövzusunun məzmunu, fiziki öyrənmə mühitinin və təlimdə tələbələrin iştirakının təmin olunması onun keyfiyyət şərtlərini müəyyən edir. R.Karmakel, J.Palermo, L.Riv, K.Valense öz mülahizələrində keyfiyyətli tədrisi öyrətmənin kontesktual vəziyyətində və tədrisdə istifadə olunan texnologiyaların mənimsənilməsində görür (Carmichael, Palermo, Reeve & Vallence, 2001).

Buna oxşar olaraq, tədqiqatçı alimlər H.Əhmədov və N.Əhmədov təlim mövzularının sillabuslar əsasında planlaşdırılmasını, uyğun mənbə və resursların müəyyən edilməsini, təlim saatlarının və təlim məqsədlərinin fənnin mövzusuna uyğun təyin edilməsini keyfiyyətin təmin olunmasında vacib sahələr kimi qeyd edirlər. (Əhmədov, 2000; Əhmədov, 2001). Müxtəlif mənbələrdə təlimdə effektiv fiziki mühitin təmin olunması tədrisdə keyfiyyət təminatının ən dəstəkverici amillərindən biri kimi vurğulanır. Təlimin rahat mebellərlə təmin olunmuş işıqlı, geniş otaqlarda təşkili tələbə nailiyyətlərinin əldə olunmasına birbaşa təsir edir. Otaqların müasir texnologiya ilə təmin olunması məzmunun mənimsənilməsini asanlaşdırır və keyfiyyətli təsir gücünə malik olur. Bəzən oyunlar, fəaliyyətlər zamanı otaqlarda tələbələrin hərəkətli olması və əyləncəli bir mühit yaratması təlim keyfiyyətinin mənzərəsini təşkil edir (Lewis, 1993; OECD, 2005).

Pedaqoji ali təhsildə tələbələri təlimə cəlb etmək müəyyən qədər çətin olduğundan burada keyfiyyətli təlim prosesini təşkil etmək problemin həllində ən vacib amil hesab olunur. Bu məqsədlə, tələbələrin cəlb olunmasında iki əsas kateqoriyanı nəzərə almaq vacib sayılır: birinci kateqoriya tələbələrin maraqları və ehtiyaclarını nəzərə alan interaktiv fəaliyyətlər, qrup və fərdi təqdimatlar, elektron vasitələrdən istifadə etməklə təlimə çevik adaptasiya yaratmaqdır; ikinci kateqoriya isə biliklərin ötürülməsi zamanı uyğun metodların
seçilməsidir. Müxtəlif yaradıcı tədris metodları tələbə cəlbini gücləndirən ən uğurlu seçimdir. Burada fəaliyyətlərin müxtəlifliyi və müəllimlərin buna çox əmək sərf etməsi nəticədə tələbələr tərəfindən qiymətləndirilir.

TƏDRİS PROQRAMININ MƏZMUN KEYFİYYƏTİ

Tədrisin keyfiyyətli təşkili və məzmunu tədris proqramında (kurikulum) necə müəyyən edilir?

Müasir tədris proqramlarının yeni məzmununu təyin edən göstəricilər, əsasən, proqramın tələbə maraqlarını ifadə etməsi, onların yaş xüsusiyyətləri və səviyyələrə uyğun olması, yeni təlim strategiyalarını və inteqrativliyi əks etdirməsi ilə xarakterizə olunur. Tədrisin keyfiyyətini yüksəldən digər element tələbələrin praktiki təcrübələrinin tətbiqi, nümayişi və nailiyyətlərin ölçülməsi mexanizminin proqram məzmununda əks olunmasıdır. Corbett və Anderson pedaqoji ali təhsildə keyfiyyətin sistemli şəkildə təmin olunmasında uyğun tədris proqramının tərtib olunmasını sübut edərək göstərirlər ki, tədris proqramı təlimin keyfiyyətli şəkildə qazanılmasında əsas istiqamətverici bir sənəddir (Corbett & Anderson, 1995).

Məlumdur ki, keyfiyyət nisbi bir müddətə əldə edilir. Pedaqoji sahədə çalışan hər bir peşəkar mütəxəssis başa düşür ki, proqram təlim nəticələri, öyrənmə və nailiyyətlərə təsir edən çərçivə sənədidir. Hər bir fənn proqramında qeyd olunan sahələr mövzular üzrə yeni bilik və fəaliyyətlərin məntiqi ardıcıllığını tələb edir.

Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının (OECD) hesabatında tədris proqramlarının məzmununun aşağıdakı komponentlərdən ibarət olması təklif edilir:

  • Fənnin məzmununda yeni tələblərə uyğun nəticələrin olması;
  • Mövzularda koqnitiv, sosial-emosional və praqmatik bacarıqların təsvir edilməsi; 
  • Mövzuların orijinal nümunələrdən götürülməsi;
  • Mövzuların inteqrativ tədrisi;
  • Mövzular üzrə fəaliyyətlərin müəyyən edilməsi;
  • Mövzuların tədrisi metodikasının seçilməsi;
  • Mövzuların qiymətləndirilməsi (OECD, 2005).

Tədris mövzusunun məzmunu tələbə maraqlarına və yeni gözləntilərə uyğun olduqda mövzu ətrafında yeni fikirlər tez formalaşır. Mövzuların keyfiyyəti onun real həyatla əlaqəsi, inteqrativ elementlərə məxsus olması, daha çox innovativ meyillərə istiqamətlənməsi ilə təyin edilir. Pedaqoji mövzuların keyfiyyətli məzmunu onun tələblərə uyğunluğu, şəxsi inkişafa həsr olunması, insani keyfiyyətlər, qlobal problemlər, sağlam həyat tərzi, ətraf mühit və milli-mənəvi dəyərləri əks etdirməsi ilə zərurət kəsb edir.

TƏDRİS PROSESİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

M.Çenq qeyd edir ki, tədrisin keyfiyyət göstəriciləri onun pedaqoji və psixoloji komponentlərinin bir-birini tamamlaması şəraitində reallaşır (Cheng, 2010). Bu göstəriciləri diqqətlə nəzərdən keçirmək və onları praktiki olaraq reallaşdırmaq lazımdır.

Cədvəl 1 Təlimdə keyfiyyət komponentləri (Cheng, 2010)

Cədvəl 1-dən göründüyü kimi, keyfiyyətli təlim bir-birini izləyən ardıcıl komponentlərin pedaqoji və psixoloji tərəflərinin tətbiqinə əsaslanır. S.Blomke, L.Peyne, R.T.Honq, F.J.Hişe, V.H.Çmit, M.T.Tatto, K.Bankov qeyd edirlər ki, tədris uyğun prinsiplərə əsaslandığı zaman təlim sistemli idarə olunur və dinamik bir modelə bənzəyir (Carmichael, Palermo, Reeve & Vallence, 200; Blömeke, Paine, Houang, Hsieh, Schmidt, Tatto, Bankov, 2008).

Pedaqoji tədrisin keyfiyyətli idarə olunması iki kateqoriya əsasında anlaşılır:

  • ümumi pedaqoji biliklər (idarəetmə prinsipləri və strategiyaları);
  • pedaqoji məzmunla bağlı biliklər (müəyyən bir mövzunun məzmunu ilə bağlı biliklərlə bu mövzunun tədrisi üçün zəruri olan pedaqoji biliklərin məcmusu).

MÜƏLLİM-TƏLƏBƏ ƏLAQƏLƏRİNİN TƏŞKİLİ

H.Əhmədov və N.Əhmədov pedaqoji prosesdə müəllim tərəfindən tətbiq olunan peşəkarlığın və səriştəliyin tədrisdə tələbələrlə əlaqələrin düzgün qurulmasında əhəmiyyətli olduğunu vurğulayırlar (Mehrabov, 2014; Əhmədov və b., 2000). Müşahidələr göstərir ki, öz işində keyfiyyət axtaran müəllim tələbənin ehtiyaclarını və istəklərini müəyyənləşdirməlidir.

Müəllim-tələbə əlaqələrinin yaradıcı bir sahədə birləşməsi, sosial əlaqələrə çevrilərək maraqlı diskussiyalar, müzakirələr kontekstində formalaşması keyfiyyətin əldə olunmasında psixoloji cəhətləri müsbət istiqamətdə reallaşdırır. Bu məqsədlə müəllim-tələbə münasibətlərini aşağıdakı qaydada qurmaq təklif edilir (OECD, 2005):

  • uğurlu təlim nəticələrinin əldə edilməsində tələbələrin təkliflərini dinləmək;
  • tələbələrin bütün ehtiyaclarını (texnoloji, didaktik, metodik) təyin etmək;
  • tələbə nailiyyətlərinin qiymətləndirilməsini və davamlı inkişaf strategiyalarını müəyyənləşdirmək;
  • tələbələrlə dərsdənkənar tədbirlər, layihələr təşkil etmək və onların şəxsi inkişafına nail olmaq;
  • sosial şəbəkələrdə müəllim-tələbə ünsiyyətini təşkil etmək;
  • tələbələri yeni biliklərə və yaradıcı işlərə həvəsləndirmək;
  • tələbələrin fərdi işlərinə və təqdimatlarına yazılı rəylər vermək.

NƏTİCƏ

Beləliklə, ali pedaqoji təhsil kontekstində tədrisin keyfiyyət komponentlərinin müəyyən edilməsi tələbə nailiyyətlərinin əldə olunması ilə nəticələnir. Pedaqoji proses müəyyən bir auditoriyada baş verdiyindən burada müəllim peşəkarlığı, proqram effekti, uyğun təlim nəticələrinin olması təşkilati-baza rolunu oynayır. Hər bir tələbənin öyrənmə prosesinin effektiv tədris yolu müəllim tərəfindən planlaşdırılan, dəstəklənən və dəyərləndirilən harmonik bir model təəssüratı yaradır.

Tədris keyfiyyətinin əsas komponenti kimi müsbət təlim mühiti anlayışı müəllimin motivasiya və həvəsləndirmə metodları əsasında qurulur və burada müəllimin şəxsi keyfiyyətləri nəzərə alınır. Keyfiyyətin təmin olunmasında qeyd olunan fikirlərin kompleks şəkildə təşkili tədrisin uğurlu nəticələnməsi və tələbə məmnunluğunun ən yüksək göstəricisi kimi dəyərləndirilir.

İstifadə edilmiş ədəbiyyat

1 Əhmədov, H. (2001). “Azərbaycan məktəbi və pedaqoji fikir tarixi”. Bakı, “Təhsil”. 
2 Əhmədov, N. və b. (2000). “İdarəetmənin pedaqogikası və psixologiyası”. Bakı.
3 Blömeke, S., Paine, L., Houang, R.T., Hsieh F.J., Schmidt, W.H., Tatto, M.T., Bankov, K. (2008). Future teachers’ competence to plan a lesson: First results of a six-country study on the efficiency of teacher education. ZDM Mathematics Education, 40, 749–762.
4 Carmichael, R., Palermo, J., Reeve, L. & Vallence, K. (2001). Student learning: “The heart of quality” in education and training. Assessment & Evaluation in Higher Education, 26(5), 449–463.
5 Cheng, M. (2010). Audit cultures and quality assurance mechanisms in England: A study of their perceived impact on the work of academics. Teaching in Higher Education, 15(3) 259–271. 
6 Corbett, A.T., & Anderson, J.R. (1995). Knowledge tracing: Modeling the acquisition of procedural knowledge. User Modeling and User-Adapted Interaction, 4, 253-278.
7 Lewis, J.M. (1993). Teaching styles of awardwinning professors. In R. Ellis, quality assurance for university teaching. Buckingham: The Society for Research in Higher Education. pp.149–164.
8 Mehrabov, A. (2014). Pedaqoji təhsilin keyfiyyəti və onun idarə olunmasında müasir yanaşmalardan istifadənin əsas istiqamətləri. “Azərbaycan məktəbi”, №4.
9 OECD. (2005). Teachers Matter: Attracting, Developing and Retaining Effective Teachers. Paris: OECD Publishing.