“Yeni məktəb” kimi yaranıb “Müəllimə kömək” edən “AZƏRBAYCAN MƏKTƏBİ”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji “Azərbaycan Məktəbi” jurnalı bu il özünün 100 yaşını qeyd edir.
Azərbaycan pedaqoji fikir tarixini araşdıran tədqiqatçılar “Azərbaycan Məktəbi” jurnalının sələfi, ölkənin ilk pedaqoji nəşrləri kimi daha çox “Dəbistan” və “Rəhbər” jurnallarının adlarını çəkirlər. Əslində doğru yanaşma olsa da, biz daha uzağa gedərək ötən əsrdəki bir çox mətbu orqanlar kimi “Azərbaycan Məktəbi”nin də “Əkinçi”nin toxumlarından cücərdiyini söyləyə bilərik. “Əkinçinin” işıqlandırdığı yeni məktəblərin yaranması, kütləvi savadsızlıq və cəhalətlə mübarizə, yeni təlim və tərbiyə üsullarının tətbiqi 1924-cü ildə nəşrə başlayan “Yeni məktəb”in əsas prioriteti idi.
Qocaman pedaqoji tribuna sayılan “Azərbaycan Məktəbi” öz fəaliyyəti dövründə 3 müxtəlif adla nəşr olunub. Jurnalın tarixinə nəzər salsaq, həmin adların hər birinin jurnalın çap olunduğu dövr və zamanın tələblərini əks etdirdiyini görərik.
“Yeni məktəb”
“Yeni məktəb” adı ilə nəşrə başlayan jurnal əslində XIX əsr maarifçilərinin arzuladığı və uğrunda mübarizə apardığı təhsil, maarif, məktəb, şagird-müəllim münasibəti, təlim-tərbiyə məsələlərini işıqlandırırdı. Jurnalın ilk nömrəsində onun missiyası barədə yazılırdı: “Jurnal hər bir müəllimin yaxın köməkçisi, maarif işlərini birləşdirən mərkəz, müəllim heyətinin yenilənməsi ilə bağlı görülən tədbirləri ardıcıl izləyən və yayan sanballı bir orqan vəzifəsini yerinə yetirməlidir”. Burada məktəblərin üzərinə düşən məsuliyyət də vurğulanırdı: “Məktəbin ən mühüm, ən ümdə vəzifəsi budur: azad, fədakar və müşfiq (şəfqətli) insan yetişdirmək”, “Məktəbin qayəsi şagirdi həyata hazırlamaqdır”. Jurnalın meyarları bütün dövrlər üçün aktualdır. Azadfikirli, mərhəmətli, empatiya duyğusu formalaşmış nəslə bu gün də ehtiyac var.
“Yeni məktəb”in 1924-30-cu illər arasında çap olunan məqalələrində müəllimlərə dərslərin təşkili, mövzuların izahı, şagirdlərlə qurulan düzgün əks-əlaqə ilə bağlı verdiyi tövsiyələr əhəmiyyətini itirməyib. “Əgər müəllim həmişə özü danışırsa, şagirdlər də heç bir söz söyləmədən, heç bir sual sormadan dinləyirlərsə, əmin olmalıyıq ki, şagirdlər dərsdə sıxılırlar, dərsi ya başa düşmürlər və yaxud sevmirlər. Müəllim dərs verərkən onu dinləyir kimi görünür, fəqət daima dərsin bitməyini xəbər verən zəngin səsini gözləyirlər”. 100 il öncə də jurnal şagirdlərin dərsi mexaniki əzbərləməsinə qarşı çıxır, “Dərs zamanı cocuqları işlətməli” yanaşmasını təbliğ edirdi.
Həyatın bütün sahələrində sovetləşmənin təsirinə baxmayaraq, jurnal təlim-tərbiyə işlərində Avropa və Amerika məktəblərini nümunə göstərirdi. Müəllimləri mütaliə mədəniyyətinə yiyələnməyə, yeni pedaqoji ədəbiyyat və trendlərlə tanış olmağa çağırırdı. Jurnalın 30-cu illərə qədərki fəaliyyətində savadsızlığın ləğvi, şagird özünüidarə təşkilatlarının yaradılması, təhsilin məzmununun təkmilləşdirilməsi, yeni təlim üsullarının tətbiqi ilə bağlı yazılara geniş yer verilib. Həmin dövrdə jurnalla əməkdaşlıq edən müəlliflər sırasında Azərbaycan uşaq ədəbiyyatının banisi A.Şaiq, publisist Ö.F.Nemanzadə, pedaqoqlar İ.Hikmət, Ə.Seyidov, M.Rəhimli, P.A.Fridolin kimi tanınmışların adları var idi.
“Müəllimə kömək”
1930-cu idə jurnalın adı dəyişsə də missiyası olduğu kimi qaldı.
“Müəllimə kömək” adı ilə fəaliyyətinə davam edən məcmuənin məqsədi metodik işçilər, məktəb şuraları, təlim prosesində qarşıya çıxan məsələlərin izahı, pedaqoji yeniliklər, yeni çıxan tədris materialları və s. haqqında yenilənən məlumatları çatdırmaq idi.
“Müəllimə kömək” ayrı-ayrı fənləri əhatə etməklə hər nömrədə düşündürücü və öyrədici xarakterli materiallara üstünlük verirdi. Sonralar Azərbaycan elmində parlaq iz qoyan Ə.Dəmirçizadə, F.Qasımzadə, Ə.Sultanlı, C.Cəbrayılbəyli, A.Abdullayev jurnalın fəal əməkdaşlıq etdiyi müəlliflər sırasında idi. Pedaqogika tarixini araşdıran tədqiqatçılar jurnalda riyaziyyat, biologiya, fizika, kimya, tarix və dilçiliklə bağlı çap olunan məqalələrin bu gün də aktual olduğunu vurğulayırlar.
1930-cu illərin əvvəllərindəki saylarında jurnalda dərc edilən məqalələrin əksəriyyəti tədrisdə yenilik sayılan “proje metodu” ilə bağlı idi. Məqalələrdə yeni yanaşma belə izah olunurdu: “Bu metodun ən xarakterik momentləri məktəbi ictimai mühitə bağlamaq, uşaqların təşəbbüsünə istinad etmək, onların aktivliyinə geniş imkan vermək, onlarda kollektiv və planlı işləmək vərdişləri yaratmaq, hər bir fəaliyyətdə hesabat aparmaq təşkil edir”.
Elə buradaca qeyd etmək yerinə düşər ki, jurnal bu yanaşması ilə qərb maarifçilərinin izi ilə getdiyini göstərirdi. Məlumat üçün bildirək ki, tarixi Sokrat dövründən başlayan proyekt əsaslı öyrənmə (“project based learning”) XXI əsrdə də Avropa və Amerika təhsil sistemində əsas təlim metodlarından sayılır.
İkinci Dünya Müharibəsinin başlanması ilə məcmuənin fəaliyyətində fasilə yaranıb.
Jurnalın həyatında yeni mərhələ 1943-cü ilə təsadüf edir.
“Azərbaycan Məktəbi”
80 ildən artıqdır ki, bu adla çıxan jurnal Azərbaycan pedaqoji mühitinin flaqmanı funksiyasını yerinə yetirib. Jurnalın 1947-72-ci illər arasında çap olunan məcmuələri onun təhsilin gələcəyi ilə bağlı uzaqgörən yanaşmasını təsdiqləyir. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” , “Fizika, riyaziyyat, informatika”, “Kimya və biologiya tədrisi”, “Əmək və politexnik təlim” və ayrı-ayrı fənləri əhatə edən məcmuələr bu gün də təhsil siyasətində ən çox diqqət yetirilən sahələri əhatə edir. Əminliklə demək olar ki, ötən əsrin 50-ci illərindən jurnal məktəbəqədər hazırlığın, STEM, peşə təhsilinin aktual olacağı günə öz töhfəsini verib.
Jurnalla əməkdaşlıq edən məşhur pedaqoqlar hələ yarım əsr öncədən XXI əsrdə PISA sorğularının tədqiqat obyekti olan “oxuduğunu anlamağın” vacibliyi, şagirdlərdə müstəqillik və sərbəst düşünmə bacarığının, yaradıcılıq qabiliyyətinin, mütaliə vərdişlərinin formalaşması metodlarını əhatə və inkişaf etdirən məqalələrlə çıxış ediblər.
Uzun illər jurnal təkcə tanınmış pedaqoq və alimlər üçün deyil, həm də ölkənin kənd rayonlarında çalışan müəllimlər üçün uğurlu platforma sayılıb. Əminliklə demək olar ki, “Azərbaycan Məktəbi” ölkənin pedaqoji kadrları üçün yaradıcılıq laboratoriyası rolunu oynayıb.
Pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Məmmədovanın ““Azərbaycan Məktəbi” jurnalının nəşri tarixindən (1924-1991-ci illər)” kitabında qeyd edildiyi kimi tanınmış pedaqoqlar jurnalın Azərbaycan təhsilində gördüyü işləri yüksək qiymətləndiriblər: Onun fəaliyyəti “pedaqoji irsimizin güzgüsü”, “maarif işçilərinin yaxın məsləhətçisi”, “Azərbaycan maarifinin əvəzsiz təbliğatçısı” və s. kimi epitetlərlə təsvir olunub.
Bir əsrlik tarixə malik pedaqoji mətbu orqan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi jurnallar içərisində özünəməxsus yer tutur. Jurnal dövlətin elmin və təhsilin inkişaf strategiyasına, təhsilin beynəlxalq standartlara inteqrasiyasına yardım edir.
Hazırda “Azərbaycan Məktəbi” ildə 4 dəfə olmaqla 5 minə yaxın tirajla çap olunur. Jurnalda təhsil, onun nəzəri və praktiki problemləri, ölkədə yürüdülən təhsil siyasəti, aparılan islahatlarla bağlı məqalələrə geniş yer verilir. Bura təkcə tanınmış alimlər deyil, eyni zamanda gənc magistr və doktorların da tribunasıdır. “Azərbaycan Məktəbi” ölkənin pedaqoji kadrlarının maariflənməsinə təkcə çap versiyası ilə deyil, saytı ilə də xidmət edir.
Jurnalın saytındakı “Aktual” bölməsində dünya pedaqoji mətbuatında çap edilən məqalələrin tərcüməsi, yeni yanaşma və trendlər, inkişaf etmiş ölkələrin uğurlu təhsil təcrübəsi, müəllim və şagirdlərin mütaliəsi üçün ədəbiyyat, şagirdlərin bədii zövqlərinin formalaşmasına xidmət edən film və tamaşalar haqqında yazılara yer ayrılır. Bölmənin “Ekovətəndaş” rubrikasında ölkəmizdə BMT-nin COP29 sammitinin keçirildiyi bu il ərzində ekoloji maarifçiliyin gücləndirilməsi, şagirdlərə təbii sərvətlərdən qənaətli istifadəni, planetin qorunmasını aşılayan, məktəb və təhsil ocaqlarında yaşıl enerjinin tətbiqini təbliğ edən məqalələr yerləşdirilib.
Ölkənin Zəfər tarixini yaşadığı bir dövrdə pedaqoji jurnalistikanın bayraqdarı olan “Azərbaycan Məktəbi” 100 il əvvəl olduğu kimi yenə də maarifçiliyin keşiyindədir.
Zemfira Məmmədqızı
"Azərbaycan müəllimi" qəzeti, 07.12.2024.