AĞAC GÜNÜNDƏN YER SAATINA
Planetimiz müxtəlif dövrlərin əks-sədasını, keçmişi, bu günü, gələcəyi görə biləcəyimiz unikal bir muzey kimidir. Beynəlxalq ekoloji təşkilatlar bu muzeyə və onun qiymətli eksponatı sayılan təbiətə insanların dağıdıcı təsirinin inanılmaz ölçülərə çatdığını bildirir. Qətiyyətli tədbirlər görülməsə problemlər dünya miqyasında fəlakətə və bu gözəlliklərin yox olmasına səbəb ola bilər.
22 apreldə qeyd olunan Beynəlxalq Yer Gününün məqsədi də planetimizə qayğı göstərməyin vacibliyini xatırlatmaqdır.
Beynəlxalq Yer Günü ətraf mühitin qorunmasına, planetin yaşıllaşdırılmasına və təbiətə diqqətli münasibətin təşviqinə həsr olunan ən faydalı bayram sayıla bilər.
Bu bayramın yaradıcısı sonralar ABŞ-ın Nebraska ştatında kənd təsərrüfatı naziri olmuş Corc Morton adlı bir mühacir idi. O, 1840-cı ildə həmin ştata köçəndə yaşayış binalarının tikintisi və qızdırılması məqsədilə ağacların kütləvi kəsildiyinin şahidi olub. Bu mənzərə ona o qədər kədərli və dəhşətli görünüb ki, C.Morton ətrafdakı insanlara ərazinin abadlaşdırılmasını və yaşıllaşdırılmasını təklif edib.
O, ən çox ağac əkən şəxsin mükafatlandırılacağı tədbir təşkil edib. Bu bayram ilk dəfə 1872-ci ildə “Ağac günü” adı altında keçirilib. Həmin gün ştat sakinləri bir milyona yaxın ting əkiblər. Hər kəs bayramı bəyəndiyindən 1882-ci ildən 22 aprel (C.Mortonun doğum günü) “Ağac günü” kimi qeyd olunmağa başlayıb.
1970-ci ildən bayrama başqa ölkələr də qoşulmağa başlayıb. İndiyədək ətraf mühitin mühafizəsinə həsr olunan aksiyalarda dünyada bir milyarddan çox insan iştirak edib. 1990-cı ildə bu gün daha əhəmiyyətli sayılan “Beynəlxalq Yer Günü” adı ilə planetin müxtəlif yerlərində qeyd olunur.
Bayram ənənələri
www.earthday.org saytının məlumatına görə, 2024-cü ilin Beynəlxalq Yer Günü ictimai təmizlik aksiyaları ilə müşayiət olunur, ağac tingləri, kol və güllər əkilir, ətraf ərazilər təmizlənir. Dünyanın müxtəlif ölkələrində könüllülər zibil toplamaq və su hövzələrini təmizləmək üçün şəhər çimərliklərinə və meşələrə gedirlər. Bu günlə bağlı bayram tədbirləri, ətraf mühitin mühafizəsi kampaniyaları, rəsm müsabiqələri təşkil olunur. Bir çox böyük şəhərlərdə yürüş və ya velosiped marafonları keçirilir.
Yer Günü ilə bağlı keçirilən maraqlı ənənələrdən biri də Sülh zənginin çalınmasıdır. Bu, xalqların həmrəyliyinin və dostluğunun rəmzi sayılır. Zəngin səsi bizə planetimizin gözəlliyini və kövrəkliyini, onu qoruyub saxlamağın zəruriliyini xatırladır.
İlk Sülh zəngi 1954-cü ildə BMT-nin mənzil-qərargahına yaxın ərazidə eşidilib. O vaxt şüar “Yaşasın bütün dünyada ümumbəşəri sülh!” idi.
Yer Günü simvolları
Yer Gününün rəsmi simvolu yunan hərfi olan tetadır. O, ağ fonda yaşıl rəngdə təsvir edilib. Vizual olaraq bu simvol yuxarıdan və aşağıdan bir az sıxılmış ortadan ekvator xətti keçən planetə bənzəyir. Bu şəkil 1971-ci ildə dizayn edilib.
Bayramın başqa bir simvolu Yer kürəsinin qeyri-rəsmi bayrağı adlanan bayraqdır. Bunun üçün planetimizin mavi fonda kosmosdan çəkilən fotosundan istifadə edilir. Bu obrazın seçilməsi təsadüfi deyil. Çünki bu Yerin ilk fotoşəkili sayılır və hazırda ən populyar şəkil olaraq qalır.
Planetimizin müxtəlif yerlərində Yer kürəsinə dəstək üçün maraqlı aksiyalar keçirilir. Onlardan bəziləri xüsusilə maraqlıdır:
Parkların marşı - 1997-ci ildə bir çox ölkələrin milli parkları və qoruqları bu aksiyaya qoşulub. Tədbirin məqsədi insanların diqqətini həmin yerlərin canlılarının daha ciddi mühafizəsinə cəlb etməkdir.
Yer saatı aksiyasının mahiyyəti ondan ibarətdir ki, bir saat ərzində planetin bütün sakinləri olduqları yerin işıqlarını və elektrik cihazlarını söndürürlər. Dünya üzrə hər kəs üçün eyni vaxt təyin olunur.
Avtomobilsiz bir gün. Yer kürəsinin problemləri ilə maraqlanan hər kəs həmin gün avtomobillə səyahətdən imtina edərək velosiped sürməli və ya piyada gəzməlidir. Bununla da insanlar işlənmiş qazların havanın çirklənməsindəki roluna diqqət çəkməyə çalışırlar.
“Yaşıl Dünya Naminə Həmrəylik İli”çərçivəsində bu ilin martında “Yer saatı 2024” beynəlxalq kampaniyası ölkəmizdə də qeyd edilib. İqlim dəyişikliyinə, ekoloji stabilliyin və ekosistemin qorunmasına yönəlmiş dünyanın ən böyük beynəlxalq konfransı sayılan COP-29-un da Azərbaycanda keçirilməsi ətraf mühitin qorunmasına, planetin problemlərinə olan diqqətin nümunəsidir.