OYUN ZAMANI GƏLDİ...
Məktəblilərin yay tətili ilə birlikdə valideynlərin qayğılarının yeni mərhələsi başlayıb. Valideynlərdən dərs ili boyu “ev tapşırıqlarını bitir, sonra oyna” kimi xəbərdarlıqlar eşidən uşaqları tətillərdə kompüter və başqa ağıllı cihazlardan uzaq tutmaq cəhdləri indi nəticə vermir. Bəs valideynlər uşaq dünyasının əsas hissəsinə çevrilmiş oyun platformalarını necə seçməlidirlər?
Hazırda uşaqlar və valideynlər arasında ən məşhur oyun platformalarından biri “Roblox”- dur. Platformanın qurucusu Devid Bazuki ilk oyununu 1989-cu ildə - Stenford Universitetində kompüter elmləri ixtisası üzrə oxuyarkən yaradıb. Bu proqramda bloklardan və başqa alətlərdən istifadə etməklə partlayış və ya qəza kimi müxtəlif təhlükəli vəziyyətləri simulyasiya etmək mümkün idi. Daha sonra Bazuki yeni oyunlar yaratmağa başlayıb. Onun yaratdığı bugünkü “Roblox” auditoriyasının əsas hissəsini 9 yaşdan yuxarı uşaqlar və yeniyetmələr təşkil edir. 2022-ci ilin statistikasına görə, burada qeydiyyatdan keçənlərin böyük əksəriyyəti 9-12 yaşlı istifadəçilərdir. Lakin tərtibatçılar bu yaxınlarda platformada 17-24 yaşlı istifadəçilərin sayının getdikcə artdığını açıqlayıblar. “Roblox” komandası etiraf edir ki, indi onların əsas hədəflərindən biri daha böyük yaşlı auditoriyanı platformaya cəlb etməkdir.
Kompüter oyunlarına və “Roblox”- a münasibəti birmənalı olmayanlar üçün deyək ki, mütəxəssislərin fikrincə, bu platformada uşaqlar üçün faydalı oyunlar az deyil.
Bu oyunlar internetdə uşaqların təhlükəsiz vaxt keçirmələrini təmin etməklə yanaşı, başqa üstünlüklərə də malikdir. “Roblox” oyunları uşaqlara yaradıcılıq vərdişləri aşılayır. Burada uşaq sadəcə oynamaqla kifayətlənmir, eyni zamanda özü də nələrsə yaradır. Yaratdığı fermanın, köşkün və ya fabrikin idarə olunması onda idarəetmə bacarıqları formalaşdırır. Amma burada bir nəfərin bacarıqları kifayət etmədiyindən onların komandaya ehtiyacı yaranır. Bu isə uşaqlarda həm sosiallaşmaq, həm də komandada işləmək xüsusiyyətləri formalaşdırır. Bu komandanın yaratdığı məhsulun marketinqi ilə də uşaqlar məşğul olmalıdırlar. Bu da biznes bacarıqlarının formalaşmasına imkan yaradır.
Theme Park
Burada məqsəd dostlarla və ya formalaşdırılan komanda ilə birlikdə əyləncəli Lunapark yaratmaqdır. Saysız-hesabsız seçimlərlə onlar parklarının infrastrukturunu inkişaf etdirə, ziyarətçi və dostlarını dəvət edə və parkda birlikdə əylənə bilərlər. Burada uşaqların qurduqları parkdan gəlir götürmək imkanları da var.
Adopt me
“Roblox Opportunities”-də ən populyar oyundur. Siz ev qura, heyvanları sahiblənə, “pul” qazana, geyinib-kecinə bilərsiniz. Siz dirijablda, içinə qum doldurulmuş qutularda, qonaq getdiyiniz və ya qonaq qəbul etdiyiniz evlərdə əylənə, ev heyvanınıza, dostlarınıza qulluq etməklə “pul” qazana və xərcləyə bilərsiniz.
Pizza Factory Tycoon
Və ya sadə dildə desək “Pizzaçı”- da hər şey real həyatda olduğu kimidir. Burada hər bir oyunçu kafedə öz istəyinə uyğun iş tapa bilər. İşlər çətinlik səviyyəsinə görə bölünüb. Məsələn, kassir olmaq asan, aşpaz və ya təchizatçı olmaq çox çətindir. Çətin işləri seçənləri stimullaşdırmaq üçün onlara daha çox “pul” verilir.
Sizə verilən adada qəsəbənizi qurursunuz və təsərrüfatınızda yetişdirdiyiniz məhsulları satırsınız. Pul qazandıqca adanızı inkişaf etdirə bilərsiniz. Dostlarınızla oynaya, onların adalarına baş çəkə, məhsul mübadiləsi edə bilərsiniz.
Avtomobil simulyatoru
Əgər avtomobil yarışını sevirsinizsə, bu oyun sizə görədir. Bu oyunda istədiyiniz kimi komplektasiya edə biləcəyiniz nəqliyyat vasitələri ilə şəhərin küçələrində yarışmaq mümkündür.
Beləliklə, bu oyunlar vasitəsilə həm övladınızın vaxtının səmərəli keçməsinə, həm də yeni bacarıq və vərdişlər qazanmasına təkan verə bilərsiniz.
Bununla belə, azyaşlılara İnternetdən istifadə qaydalarını izah etmək, burada onları gözləyən təhlükələrdən əvvəlcədən xəbərdar etmək, şəbəkədə olduqları zaman onları nəzarətdə saxlamaq vacibdir. Yay tətili həm rəqəmsal savadlılığın qazanılması, həm də övladlarınızın digər sahələrdə şəxsi inkişafı üçün əlverişli vaxtdır.
Vəfa Əlibəyova
ELTE Kompüter elmləri fakültəsinin tələbəsi