AZƏRBAYCANDA ELMİ-PEDAQOJİ KADR HAZIRLIĞININ TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ




Məqalədə Təhsil İnstitutunun yaranması zərurəti haqqında məlumat verilir. Milli elmi kadr hazırlığı, aspiranturanın yaradılması tarixi, onun inkişaf yolu və müasir mərhələdə nailiyyətləri göstərilir. İnstitutun keçdiyi tarixi inkişaf yolu araşdırılır, məktəb və pedaqoji fikir tarixinə verdiyi töhfələrdən bəhs edilir. Müasir qloballaşma prosesi insanların təfəkkürünün yeni reallıqlara uyğunlaşmasını, genişmiqyaslı informasiyanı təhlil etməklə operativ qərarlar verməyi bacaran yeni nəsil kadrların hazırlanmasını tələb edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir. Ölkədə təhsil siyasətinin informasiyatexnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan kreativ düşüncəli mütəxəssislər hazırlanması prioritet məsələ kimi qabardılır. İnstituta müxtəlif illərdə rəhbərlik edən şəxslər haqqında məlumat verilir. Aspiranturanın təşkil edildiyi vaxtdan bu günədək burada təhsil almış, onlara rəhbərlik etmiş alimlər barədə qısa məlumat verilir. İnstitutda aspirant, doktorant və dissertant hazırlığı probleminə nəzər salınır və bu sahədə yeniliklər diqqətə çatdırılır.

TƏHSİLİN İNKİşAFINDA ELMİN YERİ

Azərbaycan Respublikasının Təhsil İnstitutu 1931-ci ildə yaradılmışdır. Həmin institutun 1932-ci ildə Aspirantura şöbəsi kimi yaradılan hazırkı Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi (EPKH) öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa (2009), “Elm haqqında” Azərbaycan Respublikası Qanununa (2016), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarlarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə, Təhsil İnstitutun nizamnaməsinə, EPKH şöbəsinin əsasnaməsinə, onun fəaliyyət planına və digər normativ-hüquqi aktlara əsasən qurur.

Qloballaşma prosesi insanların təfəkkürünün yeni reallıqlara uyğunlaşmasını, genişmiqyaslı informasiyanı təhlil etməklə operativ qərarlar verməyi bacaran yeni nəsil kadrların hazırlanmasını tələb edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir. Belə ki, təhsil siyasəti elə qurulmalıdır ki, informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan kreativ düşüncəli mütəxəssislər hazırlana bilsin.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı keçmişə münasibətdə hadisələrin başvermə sürətinin yüksək səviyyədə artması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hələ 1970-1980-ci illərdə informasiya texnologiyalarının inkişafı sahəsinə xüsusi diqqət yetirmiş, müvafiq mütəxəssislərin hazırlanmasına qayğı göstərmiş, bugünkü inkişafın təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğundan danışarkən demişdir: “...Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar...” (Əhmədov, 2021).

XXI əsrin başlanğıcında siyasi və iqtisadi sahələrdə Azərbaycanın potensial imkanlarının genişlənməsi əhalinin rifahının yüksəlməsinin əsas şərtlərindən biri oldu. Qloballaşma yolu ilə gedən müasir dünyanın qarşısında duran beynəlxalq rəqabətə tez uyğunlaşmaq bacarığı, onun uğurlu və davamlı inkişafı da müstəsna əhəmiyyət kəsb edən amillərdən biri kimi özünü göstərdi. Yüksək səviyyədə  inkişaf etmiş ölkələrin rəqabətlilik indeksi üzrə üstünlüyü təhsilin səviyyəsilə müəyyənləşən insan potensialının inkişafı ilə birbaşa bağlıdır. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Lakin hələ həll olunmalı bir sıra problemlər də qalmaqdadır. Onların həlli yollarını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki əldə olunan bilik sürətli dəyişikliklərə görə tez bir zamanda köhnəlir. Bu səbəbdən də bilik və təhsilin paradiqması dəyişilir. Məhz buna görə deyə bilərik ki, insanların ali təhsil pilləsində əldə etdikləri biliklər də müəyyən dəyişikliklərə uğrayır. Aktual məsələlərdən biri də indiki dövrdə universitetlərdə müasir tələblərə uyğun yeniliklər və beynəlxalq rəqabətə davamlılıq yaratmaqdır. Dövlətimiz bunu nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ali təhsil sahəsinə daima diqqəti artırır.

Azərbaycanın vahid Avropa ali təhsil məkanına inteqrasiyası bir tərəfdən tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən isə formalaşmış ənənəvi təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun saxlanmasını bir zərurət kimi irəli sürür. Bu məqsədlə təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm amillərin nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinin əsas təməli oldu.

Yeni minilliyin əvvəllərində ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatın müxtəlif sahələrində dünyada yaranmış mövcud situasiyanın bütün ciddi təhlilləri, bir çox aparıcı alimlərin fikrincə, dövrün əsas məzmununu təşkil edən qloballaşma kontekstində aparılmalıdır. Söhbət artıq sosial mövcudluğun ənənəvi milli dövlət qurumları çərçivələrinə sığmayan, keyfiyyətcə yeni ümumbəşəri ümumiliyindən gedir.

Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. BMT tərəfindən “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” (Əhmədov, 2017). 

Hazırda təhsil sistemində əsaslı islahatlar həyata keçirilir, müxtəlif istiqamətlər üzrə Dövlət Proqramları yerinə yetirilir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası” ilə bağlı bəzi tədbirlər haqqında 31 yanvar 2008-ci il tarixli Prezident Sərəncamı; 22 may 2009-cu il tarixli Prezident Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2012-ci illər)”, 4 may 2009-cu il tarixli Prezident Sərəncamı ilə təsdiq olunmuş “Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2009-2015-ci illər)” xüsusi yer tutur. 2 fevral 2021-ci ildə təsdiq olunmuş “Azərbaycan 2030: sosial inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun olaraq təhsilin inkişaf etdirilməsini nəzərdə tutur (Abbasov, 2021).

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətin aparılması, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tipdən olan təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət təhsil standartlarına uyğun olaraq monitorinq və qiymətləndirmələrin həyata keçirilməsi, təhsilin keyfiyyətinin qiymətləndirilməsi texnologiyasının təkmilləşdirilməsi təhsilin inkişafı proqramları sahəsi üzrə mühüm vəzifələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “...Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda, milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir” (Əhmədov, 2017).

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı sosial siyasət bunu təsdiq edir ki, yaxın zamanlarda bizim müəllimlərin sosial vəziyyəti ən müasir tələblər səviyyəsinə gətiriləcəkdir. Ölkəmizin dinamik və davamlı inkişaf edən iqtisadi potensialı bunu həyata keçirməyə real zəmin yaradır. Son illərdə hökumətimiz tərəfindən pedaqoji işçilərin əmək haqlarının sistemli və mütəmadi şəkildə artırılması dediklərimizi bir daha təsdiq edir. 

Bu bir reallıqdır ki, təhsilin modernləşdirilməsi milli ənənələr kontekstində müstəqil düşüncə predmeti idisə, yeni mərhələdə islahatların parametrləri müəyyən dərəcədə Avropa təhsil sistemi tərəfindən təyin olunur. Ali təhsilin modernləşdirilməsinin əsas məqsədi ölkənin ali təhsil sisteminin milli-mənəvi ənənələrinə xas olan dəyərlərini yaşadaraq, Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbediciliyin və rəqabət qabiliyyətinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsindən ibarətdir. İnformasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının
təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli sistemin formalaşdırılması da bu sahədə xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.

Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən əsas amillərdən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi təhsil işçilərinə pedaqogika, didaktika, psixologiya, inklüziv təhsil, bütövlükdə təhsilşünaslıq üzrə yenilikləri çatdırmaqla, təhsilin elmi əsaslar üzrə təşkili və idarə olunmasını təmin etmək, ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsinin keyfiyyəti elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır, professor-müəllim heyətinin yenilənməsinə və gəncləşməsinə diqqət yetirilir. Nəticədə, təhsil sahəsində çalışan professormüəllim heyətinin peşəkarlıq səviyyəsi yüksəlir. Ali pedaqoji məktəblərin pedaqogika kafedralarını, sabiq Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil İnstitutu) müvafiq şöbələrini zəruri səriştəyə malik elmi və elmi-pedaqoji kadrlarla təmin etmək yüksəkixtisaslı kadr hazırlığının mühüm tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur.

Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci illərinin ikinci yarısına təsadüf edir. O dövrdə elmi-pedaqoji kadr hazırlığının qaydasını, formalarını və müddətini dəqiq müəyyən edən normativ sənədlər olmadığından “elmi əməkdaş”, “elmi işçi”, “aspirant” kimi nomenklatur anlayışlar arasında dəqiq fərq qoyulmamış, onların hüquq və vəzifələri müəyyən edilməmişdir. O zamanlar elmi işçilərin hazırlanması üçün maliyyə vəsaiti də ayrılmırdı (Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu – 50, 1982).

1929-cu il mayın 18-də respublika Xalq Maarifi Komissarlığı nəzdində Dövlət Elm Şurası elmi işçilərin hazırlanması haqqında Əsasnaməni təsdiq etdi. Əsasnamədə göstərilirdi ki, aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir. Aspirant elmi işlə yanaşı, təhsil illərində rus dilini, azərbaycanlı olmadığı təqdirdə Azərbaycan dilini, həm də milliyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməli idi. 30-cu illərə kimi Azərbaycanda pedaqoji elmlər üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan elmi müəssisə olmadığından, müəllim kadrları hazırlayan ali məktəblər pedaqogika elminin qarşısında duran vəzifələri yerinə yetirə bilmirdi (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu – 75, 2006). Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan qabaqcıl müəllimlərin təcrübəsini ümumiləşdirməyə, pedaqogikanın elmi-nəzəri problemlərini, tərbiyə nəzəriyyəsini və didaktikanın mühüm problemlərini araşdırmağa ciddi ehtiyac duyulurdu. Bunun üçün həmin problemlə məşğul olan xüsusi elmi-tədqiqat müəssisəsinin yaradılması vacib idi.

TARİXƏ BAXIŞ

Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 1930-cu il 30 iyun tarixli 30 nömrəli və Azərbaycan SSR Xalq Maarifi Komissarlığının 1931-ci il 29 iyun tarixli 87 nömrəli əmrinə əsasən, 1931-ci il iyulun 1-də Azərbaycan SSR Xalq Maarifi Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı şəhəri Xalq Maarifi Şöbəsinin laboratoriyası əsasında, təhsil sahəsində ilk elmi tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı, onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu – 80, 2011):

  • 1931-ci il iyulun 1-dən 1932-ci ilin oktyabrınadək Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu;
  • 1932-ci ilin oktyabrından 1934-cü ilin oktyabrınadək Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;
  • 1934-cü ilin oktyabrından 1934-cü ilin dekabrınadək Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
  • 1934-cü ildən 1936-cı ilin avqustunadək Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;
  • 1936-cı ilin avqustundan 1937-ci ilin dekabrınadək V.İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
  • 1938-ci ilin yanvarından 1938-ci ilin iyununadək Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
  • 1938-ci ilin iyunundan 1946-cı ilin yanvarınadək Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər
    İnstitutu;
  • 1946-cı ilin yanvarından 1951-ci ilin yanvarınadək Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
  • 1951-ci ildən 1977-ci ilin martınadək Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
  • 1977-ci ilin martından 2000-ci ilin iyununadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu;
  • Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli Fərmanı, həmçinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. Bütün bu illər ərzində institutda aspirantura (indiki elmi-pedaqoji kadr hazırlığı) şöbəsi fəaliyyətini davam etdirmişdir. 10 elmi işçi və 6 laborantla işə başlayan institutda hazırda 350 nəfərədək yüksəkixtisaslı pedaqoq, psixoloq və metodist alimlər elmi-tədqiqat fəaliyyəti ilə ölkə təhsilinin inkişafına öz töhfələrini verirlər.

1933-cü ildə Naxçıvan MSSR-də İnstitutun filialı mərkəzi institutun əməkdaşlarının iştirakı ilə formalaşmışdır. 1934-cü ildə İnstitutun “Elmi” əsərləri nəşrə başlamış və bu gün də öz işini uğurla davam etdirməkdədir. 1935-ci ildə İnstitutun Elmi şurasının təşkili mühüm hadisə olmaqla yanaşı, kollegial elmi idarəetmənin imkanlarını genişləndirdi. Elmi şurada aparılan tədqiqatların müzakirələrinin təşkili keyfiyyətin yüksəlməsinə əhəmiyyətli təsir göstərdi.

Müxtəlif dövrlərdə instituta Azərbaycanın görkəmli pedaqoqları və psixoloqları rəhbərlik etmişdir. İnstitutun ilk direktoru psixologiya elmləri namizədi Surxay Hacıyev (01.07.1931– 10.01.1934) olmuşdur. Növbəti illərdə isə Qulam Məmmədov (10.01.1934 – 20.04.1935), Yunis Hacıyev (20.04.1935 – 17.06.1935), İsrafil Şeyxzaman (17.06.1935 – 08.08.1936), Davud Rəsulzadə (08.08.1936 – 25.01.1937), İlyas Musayev (25.01.1937 – 15.10.1937), Abdulla Salayev (15.10.1937 – 17.06.1938), İsrafil Şeyxzaman (17.06.1938 – 20.02.1940), Teymur Cabbarlı (20.02.1940 – 10.03.1941), Calal Əfəndiyev (10.03.1941 – 21.07.1944), Məmməd İsaxov (21.07.1944 – 22.05.1946), Cəmo Cəbrayılbəyli (22.05.1946 – 16.09.1950), Mərdan Muradxanov (16.09.1950 – 08.01.1951), Bəylər Ağayev (08.01.1951 – 26.07.1952), Əsədulla Əbdürrəhimov (26.07.1952 – 13.04.1955), Məmməd Ələkbərov (13.04.1955 – 14.10.1959), Mirzə Məmmədov (14.10.1959 – 26.09.1974), Nurəddin Kazımov (26.09.1974 – 20.05.1976), Zahid Qaralov (20.05.1976 – 21.11.1984), Yəhya Kərimov (21.11.1984 – 29.04.1987), Zahid Qaralov (29.04.1987 – 02.02.1996), Şəmistan Mikayılov (31.02.1996-14.07.2000), Asəf Zamanov (18.09.2000-28.03.2001), Abdulla Mehrabov (29.03.2001-13.08.2013), Qulu Novruzov (13.08.2013-06.04.2016), Emin Əmrullayev (06.04.2016-27.07.2020), Anar Nağıyev (27.07.2020-05.01.2021) instituta rəhbərlik etmişlər. Hazırda (06.01.2021-ci ildən) İnstituta Moskva Dövlət Universitetinin aspiranturasının məzunu, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov rəhbərlik edir.

ASPİRANTURA TƏHSİLİ

İlk dövrdən aspiranturaya ən bacarıqlı, istedadlı gənclər (Əhməd Seyidov, Mehdi Mehdizadə, Məmmədsəlim Tahirli, Zümrüd Axundova, Qulam Hüseynov, Səməd Vurğun və b.) qəbul olunmuşdular. Sonralar (məsələn, 1935-ci ildə) aspiranturaya, əsasən, bir neçə il institutda fəaliyyət göstərmiş şəxslər (Mərdan Muradxanov, Vəlixan Mustafazadə, Əliş Həsənov, Əmir Tağıyev, İsmayıl Mərdəliyev, Surxay Hacıyev, Mirzəağa Quluzadə və b.) qəbul edilmişlər. Həmin şəxslər alimlik dərəcəsi aldıqdan sonra pedaqoji elmlərin, ədəbiyyatşünaslığın inkişafında böyük xidmət göstərmişlər. Elə həmin ildə institut əməkdaşlarından Qulam Məmmədov, İsgəndər Novruzov, Aleksey Loqinov və başqaları qiyabi aspiranturaya qəbul olunmuşlar. 

İlk aspirantlardan Əhməd Seyidov, Mehdi Mehdizadə və başqalarına Moskva alimləri rəhbərlik edirdilər. 1935-ci ildə Əli Abdullayev Moskva Elmi-Tədqiqat Fiziologiya İnstitutunun aspi-ranturasına göndərildi. 1936-cı ildə aspirant O.M.Çeqlakova Moskvada psixologiya üzrə namizədlik dissertasiyası müdafiə etdi.

XX əsrin 30-40-cı illərində pedaqogika ixtisası üzrə aspirantura xətti ilə elmi və elmi-pedaqoji kadr hazırlığında obyektiv və subyektiv xarakterli çətinliklər mövcud idi. Belə ki, aspirantların bəzilərinin təhsil hazırlığının kifayət qədər olmaması, rus və xarici dilləri zəif bilməsi, başqa dillərdəki ədəbiyyatlardan istifadəni çətinləşdirir, onların ixtisas səviyyələrinə mənfi təsir göstərməklə fərdi hazırlıq planlarının yerinə yetirilməməsi ilə nəticələnirdi. Başqa bir çətinlik isə pedaqoji elmlər üzrə respublikada yüksək ixtisaslı elmi rəhbərlərin – elmlər doktorlarının, professorların yoxluğu ilə bağlı idi.

1939-cu ildə aspirantura xətti ilə elmi kadrların hazırlanmasına diqqət daha da artırıldı. Aspirantların bəziləri (M.Muradxanov, V.Mustafazadə, Ə.Tağıyev, Ə.Həsənov və b.) bir il müddətinə Leninqrada, A.İ.Gertsen adına Pedaqoji İnstitutun aspiranturasına göndərildilər. Onların yüksək ixtisaslı alimlərin rəhbərliyi altında yetişdirilmələri üçün hər cür şərait yaradılmışdı. Leninqradın (hazırda Sankt-Peterburq -red.)görkəmli pedaqoqlarından Ş.İ.Qanelin, Y.Y.Qolant, L.Y.Raskin, İ.V.Svadkovski və M.M.Rubinşteynin rəhbərliyi və yaxından köməyi həmin aspirantların bacarıqlı tədqiqatçı kimi yetişmələrinə güclü təsir göstərdi. Onlar Leninqraddan qayıtdıqdan sonra ciddi tədqiqatla məşğul oldular və ilk növbədə pedaqogikanın nəzəri problemlərini, o cümlədən kommunist tərbiyəsi və Azərbaycanda pedaqoji fikrin tarixi məsələlərini araşdırmağa başladılar. 1932-1981-ci illər ərzində aspiranturada 231 nəfər təhsil almışdır. Onlardan 199 nəfəri vaxtında və müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmiş, 16 nəfər isə elmlər doktoru alimlik dərəcəsi almışdır.

Yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında dissertanturanın rolu danılmazdır. 1932-1981-ci illər ərzində 117 nəfər qabaqcıl müəllim, tərbiyəçi, elmi işçi institutun dissertantı olub. Bu dövrdə 130-dan artıq maarif fədaisi namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dövrlərdə sovet rus alimlərinin köməyi ilə yanaşı, milli elmi-pedaqoji kadrlardan da istifadə edilmişdir. İnstitut 1932-2011-ci illər ərzində 750 nəfər alim yetişdirmişdir. Onlardan 75 nəfəri elmlər doktoru idi. İnstitutda digər elm və təhsil müəssisələri üçün yüsək ixtisaslı elmi kadrlar da hazırlanmışdır. Bu illərdə həmçinin SSRİ-nin aparıcı elmi və ali təhsil müəssisələrində sifarişli yolla milli kadr hazılığı da həyata keçirilmişdir.

Aspiranturaya, bir qayda olaraq, ən azı iki il maarif sahəsində iş stajına malik olan, elmi axtarışlara böyük həvəs göstərən, səriştəli müəllimlər, ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssislər qəbul edilirdi. Onlar pedaqogikanın tarixi və nəzəriyyəsi, psixologiya, defektologiya, sosiologiya və xüsusi metodikaların aktual problemləri üzrə tədqiqat aparırdılar. Aspirantlara rəhbərlik işinə institutun bir sıra təcrübəli əməkdaşları ilə yanaşı Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin görkəmli alimləri də cəlb edilirdi.

II Dünya müharibəsindən sonra respublikamızda getdikcə inkişaf edən pedaqoji institutların və pedaqoji elmin tələbatını təmin etmək məqsədilə pedaqoji elmlər sahəsində yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlanması sürətlə genişləndi, pedaqoji elmlər namizədlərinin sayı ildən-ilə artdı, pedaqoji elmlər doktorlarının yetişməsinə şərait yarandı. Dövlət və hökumət orqanları elmi və elmi-pedaqoji kadr hazırlığını genişləndirmək məqsədilə müvafiq qərar və sərəncamlar qəbul etdi. 1944-cü il yanvarın 2-də SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin “Ali məktəblərdə aspirantlar hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqında” qərarında aspirantların müsabiqə yolu ilə seçilməsi, müttəfiq və muxtar respublikaların ali məktəblərinin aspiranturasına yerli millətdən olan şəxslərin qəbuluna üstünlük verilməsi məqsədəuyğun hesab olundu.

İNKİŞAF MƏRHƏLƏSİ

1960-cı illərin ikinci yarısında respublikada pedaqoji elmlər üzrə elmi-pedaqoji kadr hazırlığında ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması və Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) müdafiə şurasına pedaqoji elmlərin müvafiq problemləri üzrə doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək hüququnun verilməsi pedaqoji elmlərin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilməklə, respublikanın elmi-pedaqoji həyatında böyük canlanma yaratdı, elmi-pedaqoji kadr hazırlığının yeni sistemi formalaşmağa başladı. 1960-1970-ci illərin birinci yarısında elmi və elmi-pedaqoji kadrların hazırlanmasının müxtəlif problemləri ilə əlaqədar rəsmi dövlət orqanlarının diqqət və qayğısını ifadə edən mühüm qərarlar qəbul edildi. Bu qərarların məntiqi nəticəsi olaraq elmi və elmi-pedaqoji kadr hazırlamağın əsas vasitəsi olan aspiranturada təhsil alanların sayı artdı, kadr hazırlığı respublikanın ali pedaqoji məktəblərinin tələbatına uyğun davam etdirildi.

DİSSERTASİYA MÖVZULARININ ƏLAQƏLƏNDİRMƏ ŞURASI

Doktorant və dissertant hazırlığında mühüm mərhələ dissertasiya mövzularının düzgün seçilməsi ilə bağlıdır. Düzgün tərtib olunan plan dissertasiya işinin vacib tərkib hissəsidir. Tədqiqat mövzularında təkrarçılığa yol verilməməsi məqsədi ilə 1974-cü ildə Azərbaycan ETPEİ-də pedaqoji və psixoloji elmlər üzrə Elmi-Tədqiqatları Əlaqələndirmə Şurası yaradıldı. Həmin Şuranın ilk sədri professor Nurəddin
Kazımov, sonra isə professor Zahid Qaralov olmuşdur. Müxtəlif illərdə şuraya Yəhya Kərimov, Şəmistan Mikayılov, Abdulla Mehrabov, Qulu Novruzov və İntiqam Cəbrayılov rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şura
bələdlik səviyyəsinə əsaslanan faydalı işlər görmüş, müntəzəm olaraq hər il respublikanın ali pedaqoji məktəbləri, universitetləri, sabiq Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırkı Təhsil İnstitutu), sabiq Azərbaycan Müəllimlər İnstitutu (hazırda ADPU) və digər müəssisələrdə işlənilən yüzlərlə elmi-tədqiqat mövzularını əlaqələndirərək onların vahid planını tərtib etmiş, mövzu seçmək işində tez-tez müşahidə olunan təsadüfiliyə, paralelçiliyə, təkrarçılığa yol verilməməsinə çalışmış, namizədlik və doktorluq dissertasiyalarının mövzularının aktuallığına, nəzəri və praktik əhəmiyyətinə nəzarət etmiş, kollektiv və kompleks tədqiqatlar şəbəkəsini genişləndirmişdir.

Təəssüflər olsun ki, son iki ildə Əlaqələndirmə Şurası institutdan alınmış, tərkibində pedaqogika     və psixologiya institutu, şöbəsi və ya bölməsi belə olmayan AMEA-nın nəzdinə verilmişdir.

MÜSTƏQİLLİK İLLƏRİ

Azərbaycanın ali məktəb və elmi-tədqiqat institutları elmi şuralarının qərarına əsasən alimlik dərəcələrini 1992-ci ilə kimi SSRİ Ali Attestasiya Komissiyası (AAK) təsdiq etmiş, respublikamızda yaradılan şuralara doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmək hüququ vermiş, onların tərkibini təsdiq etmişdir. Hazırda bu funksiyanı Azərbaycan Respublikasının Prezidenti yanında AAK həyata keçirir.

Aspirant və dissertantlar üçün institutda Gənc Alimlər Şurası fəaliyyət göstərir. Bu Şuranın məşğələlərində elmi-tədqiqatın metodoloji əsasları, pedaqoji tədqiqatın metodları, təcrübi materialların işlənməsi, alınmış nəticələrin təcrübədə sınaqdan keçirilməsi və s. məsələlər üzrə mühazirələr oxunur, həmçinin işgüzar söhbətlər təşkil edilir. Bu mühazirə və məsləhətlərə respublikanın görkəmli pedaqoq, psixoloq və metodistləri cəlb olunurlar. 

Aspirant, doktorant və dissertantların səmərəli fəaliyyət göstərmələrinə elmi rəhbərlər faydalı məsləhətləri ilə elmi-metodik istiqamət
verirlər. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasından akademik R.M. Əliquliyev, M.M. Abbasov; Rusiya Təhsil Akademiyasının
akademikləri Ş.A.Amonaşvili və H.M.Əhmədov, N.M.Kazımov, H.H.Əhmədov; institutun professorlarından Y.Ş.Kərimov, Ş.A.Mikayılov, Ə.Ə.Ağayev, V.C.Xəlilov, A.N.Abbasov, F.B.Sadıqov, R.İ.Əliyev, A.N.Rəhimov, P.B.Əliyev, İ.H.Cəbrayılov, H.H.Əhmədov, dosentlərindən Ə.M.Abbasov, A.X.Hacyev, İ.A.Cavadov; Bakı Dövlət Universitetinin professorlarından H.Ə.Əlizadə, Ə.S.Bayramov, C.M.Əhmədov, M.Ş.Babayev, Ə.Ə.Əliyev, K.İ.Xudaverdiyev, A.C.Hacıyev, L.N.Qasımova; Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarından Ə.Ə. Əlizadə, F.A. Rüstəmov, M.S.Cəbrayılov, Ə.T.Baxşəliyev, S.M.Quliyev, S.S.Həmidov, A.S.Adıgözəlov, Q.E.Əzimov, M.M.Əmirov, M.İ.İlyasov, R.L.Hüseynzadə, Ə.M.Hüseynov, R.L.Sultanov; Azərbaycan Dillər Universitetindən professorlar N.M.Kazımov, M.Ə.Həmzəyev, G.C.Hüseynzadə, D.A.İsmayılova; Bakı Slavyan Universitetindən professor Ç.Ə.Bədəlov; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından professor Y.R.Talıbov, D.Q.Quliyev və başqalarının yetirmələri dissertasiyalarını vaxtında və uğurla müdafiə etmiş, digərləri isə tədqiqatlarını müvəffəqiyyətlə davam etdirirlər.

Alim nüfuzunu, şəxsiyyətini daha parlaq şəkildə nəzərə çatdırmaq üçün böyük ədibimiz Seyid Əzim Şirvaninin (1835-1888) “Rəbiül–
ətfal” əsərindən bir neçə ibratamiz beytə nəzər salaq:

                                                                                       Üləma həqqini rəayət qıl,
                                                                                       Əhli-elmə həmişə hörmət qıl.

                                                                                       Elm bir nur, cəhl zülmətdir,
                                                                                       Cəhl düzəxdir, elm cənnətdir.

                                                                                      Sənə hər kimsə elm edər təlim,
                                                                                      Ona vacibdir eyləmək təzim.

                                                                                      Harda görsən, ona səlam eylə,
                                                                                      Baş əyib qul tək ehtiram eylə.

Hazırda institutda çalışan elmi işçilərin bir çoxu bu institutun aspirantura, doktorantura və dissertanturasının yetirmələridirlər. İnstitutun hazırladığı yüksək ixtisaslı elmi kadrlar, eyni zamanda respublikamızın müxtəlif pedaqoji və elmi müəssisələrində, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyində və AMEA-da fəaliyyət göstərirlər. 

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə yaradılan Təhsil Problemləri İnstitutunun (hazırkı Azərbaycan Respublikasının Təhsil İnstitutunun) keçmiş aspirantura şöbəsinin bazasında yeni yaradılmış Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi öz işini Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-ci il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri əsasında həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu şöbə Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidi kimi işini digər şöbələrin müvafiq əməkdaşları, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir. Şöbə Azərbaycan Respublikasının ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri, qurumları həmçinin yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlığa əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir (Abbasov, 2021).

DOKTORANTURANIN TƏŞKİLİ

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 2-ci, 4-cü və 38-ci bəndlərinə əsasən, fəlsəfə doktoru elmi dərəcəsi iddiaçılarına dissertasiyalarının müdafiəsindən sonra Dissertasiya Şuralarının təqdim etdiyi vəsadət əsasında, 4-6 ay ərzində baxılaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə diplom verilir.

YENİ NƏŞRLƏR

Doktorant və dissertant hazırlığı üçün şöbə tərəfindən üç vəsait hazırlanıb sahə mütəxəssislərinin və oxucuların istifadəsinə təqdim edilib:

1) “Pedaqogika və psixologiya problemləri: dissertasiya mövzuları” (Ə.P.Zeynalov, S.H.Həsənova, A.H.Nəzərova, Bakı, 2017, 189 s.);
2) “Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri” monoqrafiyasında (A.N.Abbasov, M.S.Kazımov ilə birlikdə) II elmi-pedaqoji kadr hazırlığı üçün yol xəritəsi (H.H.Əhmədov, Bakı, 2018, s. 43-280);
3) “Elmi kadr hazırlığı məsələləri”. (H.Əhmədov, Ə.P.Zeynalov, A.Əlimuradova, İ.Nağdəlipur Nəccari, Bakı, 2019, 364 s.). Şöbədə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru, 2 doktorant və dissertant fəaliyyət göstərir.

ELMİ-PEDAQOJİ KADR HAZIRLIĞINDA QAZANILAN UĞURLAR

Elmi-pedaqoji kadr hazırlığında, aspirant və dissertantların elmi hazırlıq səviyyəsinin yüksəldilməsində 1978-ci ildən başlayaraq hər il keçirilən ali məktəb aspirantlarının respublika elmi konfransları da böyük rol oynamışdır. Gənc tədqiqatçıların elmi yaradıcılıqlarının hesabatına çevrilən belə ənənəvi konfranslar elmin başqa sahələri ilə yanaşı, pedaqogikanın nəzəriyyəsi və tarixinin müxtəlif istiqamətləri və problemləri üzrə geniş elmi fikir mübadiləsinə meydan açır. İnstitutun aspirant (doktorant) və dissertantları həmişə həmin tədbirlərdə fəal iştirakları ilə seçilirlər. Məsələn, şöbənin əməkdaşı, institutun pedaqoji-psixologiya ixtisasından fəlsəfə doktoru
proqramı üzrə əyani doktorantı Aynur Əlimuradovanın elmi məqaləsi Web of Science platformasına daxil olan “Revista Universidad y
Sociedad” jurnalında nəşr olunub (Features of the psychological and pedagogical adaptation of students1st grade to study in a comprehensive school.12/6, pp.404-410) və RF TEA-nın “Za novatorskuyu rabotu v oblasti vısşeqo obrazovaniya” qızıl medalına layiq görülüb. Son illərdə dissertasiya işini vaxtından əvvəl bitirən gənclərimizin sayı getdikcə artır.

Alimlərin diqqətini cəlb edən iş təcrübəsi qazanmış, elmi axtarışlara ciddi maraq göstərən qabaqcıl müəllimlər, məktəb rəhbərləri beş il müddətinə institutun müvafiq şöbələrinə təhkim olunur, elmi məsləhətçilərin köməyi ilə müəyyən problem üzrə tədqiqat aparır və müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edirlər. İndiyə qədər bu yolla namizədlik dissertasiyası müdafiə edənlərin sayı 1000-i keçmişdir. İndi 100 nəfərə qədər qabaqcıl təhsil işçisi, əməkdar müəllim, təhsil müəssisəsi rəhbəri, tərbiyəçi, elmi işçi institutun dissertantıdır (Abbasov, 2021).

İnstitut yarandığı vaxtdan etibarən onun fəaliyyətinin əsas istiqamətlərindən elmi-pedaqoji kadr hazırlığının səviyyəsini yetirmələrinin
keyfiyyət və kəmiyyət əmsalı ilə müəyyən etmək olar: mərhum professorlar – Aleksandr Makavelski, Boris Komorovski, Bəkir Çobanzadə, Əhməd Seyidov, Mehdi Mehdizadə, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Əhməd Kərədi Zəkuzadə, Fuad İbrahimbəyov, Abbasqulu Abbaszadə, Ağamməd Abdullayev, Məmmədli Məhərrəmov, Əliyar Qarabağlı, Əziz Əfəndizadə, Camal Əhmədov, Əkbər Bayramov, Əbdül Əlizadə, Muxtar Həmzəyev, Zəkəriyyə Mehdizadə, Mirabbas Aslanov, Abren Kərimov, Bəşir Əhmədov, Əliheydər Həşimov, Yusif Talıbov, Şahin Səfərov, Əjdər Ağayev, İsa Məmmədov, Zahid Qaralov, Yəhya Kərimov, Səməd Qasımov, Ələddin Qədirov, Abdulla Nuruşov, Nazim Əhmədov, İbrahim Mollayev, Ağahüseyn Həsənov, Oruc Həsənli, Ziyyədin Orucov, Rəfiqə Mustafayeva Yusif Zeynalov və başqaları. Müasirlərimiz olan professorlar – Vidadi Xəlilov, Akif Abbasov, Ramiz Əliyev, Sərdar Quliyev, Oqtay Rəcəbov, İsmayıl Əliyev, Rüfət Hüseynzadə, Hikmət Əlizadə, Ağarəhim Rəhimov, Şahin Tağıyev, İntiqam Cəbrayılov, Elxan Bəylərov, Piralı Əliyev, Hümeyir Əhmədov, Dilqəm Quliyev, Akif Əliyev və b.; dosentlər – Ənvər Abbasov, Bibixanım İbadova, Natiq Axundov, Asif Hacıyev, Mahirə İbadova, Səadət Həsənova, Asya Bəkirova, Əlişah Gərayev, Nailə Bədəlova, Yaşar Əliyev, Vidadi Bəşirov, Afaq Sadıqova, Talıb Paşayev, Dilarə Dostuzadə, Nazim Abbasov, Məmməd Kazımov, Şikar Hüseynov, İlham Cavadov və başqaları. Bu alimlərin bir çoxu yüksək dövlət mükafatlarına – orden, medal və fəxri adlara layiq görülmüşlər (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu – 80, 2011).

NƏTİCƏ

Hazırda doktorantlarımız öz tədqiqatlarını internet vasitəsilə dünya ölkələrinə təqdim edə bilirlər. Son iki ildə onlarla doktorant və dissertant təhsil müddətindən xeyli əvvəl dissertasiyalarını tamamlayaraq Dissertasiya Şuralarına təqdim etmiş, müdafiə etmiş və diplomlarını almışlar. Təqdirəlayiq haldır ki, elmi əsərlərini eyni zamanda xarici dillər vasitəsi ilə dünyanın elmi ictimaiyyətinə çatdırırlar. Doktorant və dissertantlarımız inkişaf etmiş yaxın və uzaq xarici ölkələrdə Azərbaycan elminin nailiyyətlərini-xalqın milli-mənəvi, tolerantlıq və multikultural dəyərlərini, adətənənələrinin bəşəri xüsusiyyətlərini şərəflə təqdim və təbliğ edirlər. Gənc tədqiqatçılarımızın elmi məqalələri dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləşmə bazalarına aid mətbu orqanlarda nəşr olunur.

Problemin aktuallığı: Təhsil İnstitutunun elmi-pedaqoji kadr hazılığı tarixinə bir nəzər salsaq aspirant-doktorant və dissertant hazırlığı sahəsində olan yeniliklər diqqət çəkir.

Problemin yeniliyi: Elmi-pedaqoji kadr hazırlığı səlnaməsini, pedaqogika, psixologiya və metodika sahəsində görülmüş işləri təlqin və təbliğ edir.

Problemin təcrübi əhəmiyyəti: İnstitutun 90 illiyi ərəfəsində onun elmi kadr hazırlığı təcrübəsinin öyrənilməsi, qarşıda duran  perspektiv tədqiqatların təhsilə cəlb olunması baxımından əhəmiyyətlidir.

İstifadə edilmiş ədəbiyyat

1 Abbasov, A.N. (2021). Azərbaycan Respublikasının Təhsil İnstitutunun elm və təhsil müəssisələri ilə əlaqəsi. Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi əsərlər cild 88, № 3, s.12-114.
2 Abbasov, Ə.M. (2021). Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafına onun təsiri. Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi əsərlər cild 88, № 3, s.4-11.
3 Abbasov, Ə.M. (2021). Təhsil İnstitutu: tarixilik və müasirlik müstəvisində. “Azərbaycan müəllimi” qazeti. 16 və 23 aprel 2021-ci il.
4 Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu – 50. (1931-1981). Tərtib edən Y.Kərimov. Bakı: Maarif, 1982. 168 s.
5 Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu – 75. A.O.Mehrabovun elmi redaktəsi ilə. Bakı: TTM. 2006, 308 s.
6 Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu – 80. Tərtib edən və elmi redaktor Y.Ş. Kərimov. Bakı: Kövsər, 2011, 310 s.
7 Əhmədov, H.H. (2017). Elmi zirvəyə aparan yol. Azərbaycan müəllimi qəzeti, 31 dekabr.
8 Əhmədov, H.H. (2018). Elmi-pedaqoji kadr hazırlığı üçün yol xəritəsi (elmi dərəcəyə aparan yol) (s.43-279). Abbasov A.N.;  Əhmədov H.H.; Kazımov M.S. Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri. Monoqrafiya. Bakı: “VAHİD-M” MMC, 344 s.
9 Əhmədov, H.H. (2021). Elmi-pedaqoji kadr hazırlığı mühüm trend kimi. Azərbaycan müəllimi. 25 iyun 2021-ci il.
10 Əhmədov, H.H., Zeynalov, Ə.Ə., Əlimuradova, A.F., Nəccari, N.İ.E. (2019). Elmi kadr hazırlığı məsələləri. Metodiki vəsait. Bakı: Mütərcim, 356 s.