HELİKOPTER VALİDEYNLİK NƏDİR?




Tanınmış ingilis yazıçısı Devid Herbert Lourens uşaq tərbiyəsi ilə bağlı yazırdı: “Birinci qayda: onu tək buraxın. İkinci qayda: onu tək buraxın. Üçüncü qayda: onu tək buraxın. Bu, uşaq tərbiyəsində başlanğıcdır”.

Müasir pedaqoq və psixoloqlar da yazıçının bir əsr əvvəl söylədiyi fikrə qatılırlar.

Övladlarının həyatına həddən artıq müdaxilə edən, onları hər vəchlə qorumağa və mükəmməlləşdirməyə çalışan valideyn davranışlarını araşdıran psixoloqlar bu tendensiyanı “helikopter valideynlik” adlandırıblar.

“Helikopter valideyn” övladına son dərəcə diqqət yetirən, onu fiziki və psixoloji olaraq bütün zərərlərdən qorumağa çalışan ata-analara verilən addır.

Bu valideynlər övladlarının uğur qazanması üçün yol açmaqla kifayətlənmir, bu yolda gördükləri bütün maneələri dəf edirlər.

Bu sətirləri oxuyan valideynlərin əksəriyyəti düşünəcək ki, bunlar mənə aid deyil. Odur ki, “helikopter valideynlər”i daha yaxından tanımaq üçün bir neçə nümunəyə baxaq:

  • “Helikopter”lər övladlarının öz qabiliyyət və bacarıqlarını kəşf etməsinə, yeni bacarıqlar qazanmasına və genişləndirməsinə mane olurlar (məsələn, uşaq ağaca, divara dırmaşırsa, dərhal onun qarşısını alırlar).
  • İbtidai məktəbdə onun dost, fəaliyyət və hobbi seçiminə müdaxilə edirlər.
  • Uşaqların ev tapşırıqlarına nəzarət etməkdən əlavə, məktəb layihələrinin yerinə yetirilməsini də öz üzərlərinə götürürlər.
  • Bu valideynlər uşaqları hər bir uğursuzluqdan qorumağa çalışır, buna nail ola bilmədikdə isə əzab çəkirlər.
  • Uşaqların görməli olduqları işlərin çoxunu özləri yerinə yetirirlər.
  • Övladlarının onların ambisiya və planlarına uyğun çalışmasına nail olurlar.
  • Övladlarının müəllim və təlimçilərinə belə hər şeyi necə etmək lazım olduğunu söyləyirlər.
  • Uşaqların öz problemlərini həll etməsinə icazə vermirlər.
  • Uşaqların yaşına uyğun seçimlər etməsinə imkan yaratmırlar.

Psixoloqların yanaşmasına görə, övladınızın ev tapşırığı ilə çətinliyi varsa və kömək üçün sizə müraciət edirsə, ona yardım etmək normaldır. Bununla belə, əgər uşaq ev tapşırığını özü yerinə yetirirsə və siz ardıcıl olaraq bu tapşırıqları yoxlayırsınızsa bu, “helikopter valideynliyə” doğru addımdır. Araşdırmalara görə, həddindən artıq qoruyucu valideynliyin uşaqların psixi inkişafına ciddi təsirləri var:

  1. Beyinin inkişaf etməməsi

“Helikopter”lik uşaqların özünün qərar vermək, problem həll etmək ehtiyaclarının azalmasına təsir edir. Beyinin bu problemlərlə məşğul olan sahəsi onun prefrontal hissəsində yerləşir. Tibb elmi beyinin bu hissəsinin yalnız 25 yaşında tam inkişaf etdiyini bildirir. O, bədən əzələsi kimidir, məşq etmək şansı verilməsə, bu bacarıqlar inkişafdan qalacaq. Bu isə onlara həyatlarının bütün sahələrində ən yaxşı qərarlar qəbul etməsi üçün çox vacibdir. Beləliklə, valideynlər onların növbəti dəfə yıxılıb-qalxmasına, öyrənməsinə imkan verməməklə, əslində beyinin inkişafına mane olurlar.

  1. Emosional reaksiya

Valideynlər vəziyyəti həmişə nəzarətdə saxlamağa cəhd etmək, uşaqların problemin öhdəsindən təkbaşına gəlməsinə imkan verməməklə onlarda özünütənzimləmə qabiliyyətlərinin inkişafını ləngidirlər. “İnkişaf Psixologiyası” jurnalında dərc olunmuş araşdırmaya görə, bu cür valideynə məruz qalan 2 yaşlı uşaqların 5 yaşına qədər öz duyğu və davranışlarını daha az tənzimlədiyi müəyyən edilib. Bu isə 10 yaşına çatdıqda emosional problemlərin yaşanması riskini yaradır.

  1. Özünə hörmətin aşağı olması və özünə inamsızlıq

Valideynlərin həddən artıq müdaxiləsi uşaqda belə bir inam yaradır ki, valideynləri onun müstəqil gördüyü işləri bəyənməyəcək və qəbul etməyəcək. Belə valideynlik əslində uşaqları yaradıcı olmaq, ardıcıllıq, dözümlülük və mübarizə aparmaq bacarıqlarını inkişaf etdirməkdən çəkindirir. Uşaqlar kim olduqlarını və onları nəyin xoşbəxt etdiyini anlaya bilmirlər. Valideynlər uşaqları qorumaq istəklərinin əslində onların ruhunu sarsıda biləcəyindən xəbərsizdirlər.

  1. Formalaşmamış mübarizə bacarıqları, məyusluq

Valideyn hansısa problemin qarşısını almaqla əslində uşaqların etdiyi səhvlərdən həyat dərsləri çıxarmaq fürsətini əllərindən alır. Halbuki, bu dərslər onların emosional intellektinin inkişafına töhfə verə bilər.

Psixoloqlar deyir ki, belə uşaqlar tamamilə sağlam görünsə də, daha yuxarı yaşlarda qarşılaşa biləcəkləri vəziyyətlərdən çıxmaqda çətinlik çəkirlər. Həddən artıq qorunma onların problem həlletmə bacarıqlarının, məyusluğa dözümlülüyünün inkişafına imkan vermir. Emosional zəkanın bu mühüm psixoloji atributları olmadıqda gənclər arzuolunmaz işçi qüvvəsinə çevrilirlər.

  1. Psixi sağlamlıq problemləri

“Helikopter valideynlik” uşağın depressiya və narahatlıq səviyyələrini də artırır. Onlar həmişə başlarının üstündə nəzarətə ehtiyac duyur, tək qalanda isə çox əsəbi olurlar. Son onillikdə aparılan çoxsaylı araşdırmalar “helikopter valideyn”in övladı olmağın sosial və psixoloji risklərini ümumiləşdirib. Bu uşaqlar yeni ideyalara və fəaliyyətlərə daha az açıq, daha həssas, narahat və özlərinə inamsızdırlar.

  1. Aqressiv gələcək

Tədqiqatlar göstərir ki, belə valideynlərin böyütdüyü uşaqlar başqalarına qarşı aqressivlik göstərirlər. Onlar yaşıdları ilə yaxşı münasibət qurmaq məcburiyyətində qaldıqda əsəbi və səbirsiz olurlar.

Bəs bu valideynlik necə yaranır?

Həddindən artıq qayğılı valideynlik standartı bir neçə onilliklər ərzində formalaşsa da, əslində daha çox cəmiyyətdəki qorxulara söykənir: övladlarının yaralana və ya qaçırıla biləcəyi qorxusu, yaxşı təhsil almadıqları halda gələcək uğursuzluqları ilə bağlı narahatlıq. Bəs mütəxəssislər bunun qarşısını almaq üçün nə təklif edirlər?

Onların fikrincə, indini deyil, uzunmüddətli hədəfləri düşünmək çıxış yollarından biridir. Bunun üçün bir neçə suala cavab vermək lazımdır. Övladınızın nəyə nail olmasını istəyirsiniz? Sizin müdaxilə və qorumanızla o buna nail ola bilərmi? Övladınıza hansı üstüörtülü mesajı ötürürsünüz? Unutmayın ki, uşaqlar sözləri deyil, mesajları yadda saxlayırlar.

Sizi nəsə narahat edirsə, özünüzdən bunun kimin problemi olduğunu soruşun. Əgər bu həqiqətən uşağın problemidirsə, bizim işimiz onu həll etmək deyil. Biz uşağa onun həllində kömək etməliyik.

Təbii ki, uşaqların təkbaşına həll edə bilməyəcəyi bəzi problemlər də var. Əgər məktəbdə zorakılığa məruz qalırlarsa, böyüklər mütləq işə qarışmalıdır. Amma bu uşaqların mübarizə bacarığının inkişafına mane olmamalıdır. Uşağa yol göstərməklə onun problemlərini həll etməyə çalışmaq arasında böyük fərq var. Uşaqları istiqamətləndirməyi, planlaşdırmağı dayandırmalı, onlara güvənməli, ağıllı, bacarıqlı, özlərinə təsəvvür etdiyimizdən daha yaxşı baxa bilən gənclər olduğunu başa düşməliyik. Unutmamalıyıq ki, uşaqların bir-biri ilə oynayıb əylənməsi, dostları və sinif yoldaşları ilə birlikdə vaxt keçirməsi onlarda liderlik də daxil olmaqla bir çox vacib həyati bacarıqların formalaşmasına təkan verir.